Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-490/2023 16.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müəyyən hərəkətlər etmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müəyyən hərəkətlər etmə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikrini dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin nəticə hissəsi göründüyü kimi iddiaçı inzibati prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmənin keçirilməsi və haqqının təmin edilməsi formada olmaqla qeyri-dəqiq ifadələrdən istifadə etməklə tərtib edilmişdir. Tələbin mahiyyətindən aydın olur ki, iddia əlilliyin təyini ilə bağlı olsa da, əlilliyin hansı tarixdən təyin edilməli olması, müddətli və ya müddətsiz olması, hansı qrup, hansı səbəbli əlaqə vs barədə olması barədə hər hansı əsaslandırma aparılmamış, qeyri-dəqiq nəticə hissəsi əks edilməklə məhkəməyə iddia irəli sürülmüşdür. Məhkəmə bununla bağlı hüquqi yardım göstərsə də, iddiaçı nə ekspertizanın keçirilməsi, nə son 2 məhkəmə iclasında iştirak etməmiş, bildirişlər iddiaçı ərizəsində qeyd etdiyi ünvana göndərilsə də, iddiaçıya məhkəmə iclasında iştirakının zəruriliyi diqqətinə çatdırılsa da iddiaçı sonuncu məhkəmə iclasında da iştirakdan imtina etmiş, bu səbəbdən də iddianın nəticə hissəsinin dəqiqləşdirilməsi iddiaçının konkret hüquqi marağının nədən ibarət olması müəyyən edilə bilməmişdir. Doğrudur, AR İPM-nin 52-ci maddəsinin tələbinə əsasən Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Lakin, nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddianın nəticə hissəsinin ifadə tərzi işə mahiyyəti üzrə qiymətləndirilməsinə, iddiaçının hüquqi marağının konkret olaraq nədən ibarət olmasına imkan vermir. İşin faktiki halları ilə ehtimal olunur ki, iddiaçının hüquqi marağı ona əlilliyin müddəti bitdiyi vaxtdan davam etdirilməsi ilə bağlıdır. Lakin, təkcə ehtimal əsasında məhkəmə işə mahiyyəti üzrə baxmaq səlahiyyətində də olmamışdır. Belə ki, aydın deyildir ki, növbəti dəfə təyin edilməsi ehtimal olunan əlillik hansı müddətdə, hansı qrup üzrədir,əlillik dərəcəsinin dəyişdirilməli olması, səbəbli əlaqəsi ilə bağlı iddiaçının hüquqi marağı nə ilə bağlıdır. Bu səbəbdən də məhkəmə təkcə “əlililliyin təyin edilməsi” fomasında iddiaya qiymət verərək baxması nəinki iddianın rədd edilməsi, hətta iddianın təmin edilməsi halında belə onun hüquqi marağına uyğun olmayacaqdır. Nəzərə alınmalıdır ki, AR İPM-nin 81.2-ci maddəsinə görə İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi tələbin təmin olunduğu halda həmin qərardan şikayət verilməsi istisna edilir ki, tələbin tam təmin edilib-edilməməsi qiymət verilməsi üçün məhz tələbin nədən ibarət olması konkret müəyyən edilməlidir. Hazırkı halda isə tələb konkret nədən ibarətdir müəyyən edilmir, ehtimal edilir. Ehtimal nəticəsində iddiaçıya əlilliyin təyin edilməsi barədə iddianın təmin ediləcəyi halda belə prosessual pozuntu aşkardır. Odur ki, iddiaçıdan tələbin konkret olaraq nədən ibarət olması, qanuna uyğun məhkəmə keçirilməsi və haqqının təmin edilməsi dedikdə, “haqqının” ifadəsinin əlilliklə bağlı nədən ibarət olmasının aydınlaşdırılması zərurəti müəyyən edilmişdir. Məhkəmə iddiaçını dinləmədən bilmir və bilməli deyil ki, iddiaçının haqqı dedikdə əlillik hansı qaydada təyinindən söhbət gedir. Bu səbəbdən iddia tələbinin göstərilən formasına mahiyyəti üzrə qiymət verilməsi mümkün olmamışdır. Halbuki, iddiaçı məhkəmə iclasında özü və ya nümayəndəsinin iştirakını təmin edəcəyi təqdirdə tələbin dəqiqləşdirilməsini həyata keçirə bilərdi ki, işin faktiki hallarından göründüyü kimi iddiaçının zəruri prosessual hərəkətlərdə iştirakı natamam olmuş, iddiaçı əyani müayinəyə göndərilsə də ixtisaslaşmış dövlət səhiyyə müəssisəsində müayinəsinə dair Agentliyə müraciət etməmiş, təkcə əyani müayinənin keçirilməsi ilə kifayətlənmiş, cavabdeh əyani müayinəni iddiaçının ixtisaslaşmış dövlət səhiyyə müəssisəsinin nəticələrini Agentliyə vermədiyindən həmin əyani müayinəyə dair yekun qərar qəbul edilə bilməmiş, iddiaçı eyni zamanda ekspertizanın keçirilməsi üçün də Birliyə müraciət etməmiş, ekspertiza da onun iştirakı olmadığından keçirilə bilməmiş, 04 sentyabr 2023-cü il tarixdə baş tutmuş məhkəmə iclasında da heç bir üzrlü səbəb olmadan iştirak etməmiş, 16 oktyabr 2023-cü il tarixli məhkəmə iclası barədə məlumat verilmiş, eyni zamanda iddia ərizəsində qeyd etdiyi ünvan üzrə hüquqi yardım məktubu göndərilərək tələbin dəqiqləşdirilməsi təklif edilmiş, məktub ünvanın düzgün olmaması səbəbindən geri qayıtdığından, iddiaçı ilə telefon əlaqəsi saxlanılaraq mütləq iştirakı təklif edilsə də, yenə heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir ki, iddiaçının diqqətinə çatdırılmalıdır ki, məhkəmənin AR İPM-nin 13 və 48-ci maddəsində nəzərdə tutulmuş yardımetmə vəzifəsi qeyri-məhdud yardımetmə mənasını kəsb etmir. İddiaçı isə həmin halları nəzərə almamış, inzibati məhkəmə icraatı məhz onun iştirak etməli olduğu prosessual hərəkətlərdə iştirak etməməsi səbəbindən yubanmış, iddiaçı bəzi məhkəmə iclaslarında iştirakının kifayət etməsi qənaətinə gələrək, məhkəmənin iştirakının tələb olunduğu icraatdan yubanmaqla iddianın mümkünsüzlüyünə səbəb olmuşdur. Halbuki, hazırkı iş üzrə məhkəmənin tələbi onun hüquqi marağına uyğun iddia tələbinin konkret nədən ibarət olmasının dəqiqləşdirilməsi, eləcə də iş üzrə zəruri olan ekspertiza tətqiqatında və ümumilikdə məhkəmə icraatında tam iştirakının tələb edilməsi olmuşdur ki, iddiaçı həmin hallara əhəmiyyət vermədən məhkəmənin işə mahiyyəti üzrə qiymət verilməsini mümkünsüz etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya iddia tələbi dəqiqləşdirilməklə yenidən iddia qaldırmaq hüququ izah edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-490/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-490/2023
16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver