Məhkəmə qərarları › İş №2-1(112)-490/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-490/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-490/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu Donuzkökəltmə sovxozu üzrə xx.xx.1991-ci il tarixli 108 nömrəli əmrdən çıxarış ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 0,08 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə dair onun adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan məhkəməyə ərizə təqdim edərək, tələbinin həcmini azaltmış və qeyd edilən torpaq sahəsinin 640 kv.metr hissəsi üzərində iddiaçının hüquqlarının qeydə alınması və bu barədə çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu X4 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 №-li qərarına və Sovxoz həmkarlar ittifaqı Komitəsinin 7 nömrəli, 16.Vİİ.1991-ci il protokoluna uyğun olaraq fərdi yaşayış evi tikmək üçün Abşeron rayonu Donuzkökəltmə sovxozunda işləyən bir neçə şəxsə, o, cümlədən iddiaçıya Donuzkökəltmə sovxozunun balansında olan Bakı şəhəri Binə qəsəbəsində yerləşən torpaq sahəsindən 0,08 ha ayrılması ilə bağlı 19 avqust 1991-ci il tarixli 108 №-li əmr imzalanmışdır. İddiaçı yuxarıda qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə aid adına çıxarışın və texniki pasportun verilməsi xahişi ilə cavabdehə müraciət etsə də, cavabdeh orqan guya sözügedən torpaq sahəsinin Donuzkökəltmə sovxozuna ayrılmış ərazinin ayrıc aktından kənarda yerləşməsi, Abşeron rayon Donuzkökəltmə sovxozunun torpaq sahəsi ayrılmasına dair əmrin əsli ilə arxiv arayışında qeyd olunan verilmə tarixlərində uyğunsuzluğun mövcud olmasını və torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsini əsas gətirərək həmin torpaq sahəsi üzərindəki hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,08 hektar torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etməsi qanunvericilikdə təsbit olunmuş normaların tələblərinə ziddir. Ona görə də iddiaçı hesab edir ki, hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair öhdəlik cavabdehin üzərinə məhkəmə qərarı əsasında qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, elektron kadastr baza məlumatına əsasən qeyd olunan torpaq sahəsi Donuzkökəltmə sovxozuna ayrılmış ərazinin ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, təqdim edilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun torpaq sahəsi ayrılmasına dair əmrin əsli ilə arxiv arayışında qeyd olunan verilmə tarixlərində uyğunsuzluq mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********61 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin 11.5 metr məsafəsindən 110.0 kv-luq elektrik xətti keçir. Torpaq sahəsinin faktiki ölçüsü 640.0 kv.m təşkil edir. Göstərilənlərə əsasən, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (DƏDKR PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********61 saylı məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəmənin müvafiq sorğusu əsasında təqdim edilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmrindən çıxarışdan (arxiv çıxarışı) görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq fərdi ev tikdirmək üçün aşağıdakıların hər birinə 0,08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır - 1570… İddiaçı. Əsas: F.101, s.1a, s.v. 70, b.8. Əmrə ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir. -Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli məktubundan və əlavə edilmiş cizgidən görünür ki, Binə qəsəbəsində İddiaçı ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı tərtib edilmişdir. -"xxxx" ASC-nin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, qeyd olunan torpaq sahəsi "xxxx"ASC-nin balansında olan yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşmir. -Cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 27 aprel 2023-cü il tarixli məktubdan görünür ki, vahid elektron kadastr bazasında torpaq sahəsinin qeydiyyatı və ya üst-üstə düşmə halı ilə bağlı məlumatın aşkar edilməmişdir. İş üzrə mübahisəli halların araşdırılması üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 №-li əmri ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış və faktiki istifadəsində olan 0.08 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları müəyyən edilsin. 2.Göstərilən ünvanda yerləşən torpaq sahəsi Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci ildə tərtib edilmiş yerləşmə cizgisi daxilində yerləşirmi? Əgər fərq varsa, ölçüləri müəyyən edilsin. 3.Göstərilən torpaq sahəsinin Donuzkökəltmə sovxozuna ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyi müəyyənləşdirilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2096 №li ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir: Qərardadın 1, 2, 3-cü sualları üzrə bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 640.0 kv.m təşkil edir, (üzərində yaşayış evi və qeyri yaşayış tikilisi mövcuddur). Faktiki olaraq göstərilən 640.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur: X: 1)423387.4416, 2) 423418.6625, 3) 423420.4617, 4) 423419.1388, 5) 423411.3865, 6) 423411.5055, 7) 423396.7417, Y: 1) 4476440.3298, 2) 4476444.2457, 3) 4476425.8306, 4) 4476424.7723, 5)4476422.6292, 6) 4476421.4782, 7) 4476415.2473, vahid elektron kadastr baza məlumatlarına əsasən mövcud torpaq sahəsinin ölçüləri, konfiqurasiyası təqdim edilmiş yerləşmə cizgisinə uyğun gəlmir. Faktiki olaraq göstərilən 640.0 kv.m sahənin 255.0 kv.m hissəsi və üzərindəki tikili yüksək gərginlikli (110 kVt) elektrik xəttinin mühafizəsinə düşdüyü, bundan əlavə tikinti torpaq sahəsinin X2 ayrıc aktından kənarda dövlət mülkiyyəti torpağında yerləşir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış (2.5) da daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Hazırkı işdən görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmrinə əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə dair təqdim etdiyi hüquqmüəyyənedici sənədlər yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndindəki aktlara uyğun gəlir. Qeyd olunan əmrin arxiv çıxarışı mövcuddur, həmçinin torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanaraq təsdiq edilmişdir. Göstərilən torpaq sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair, həmçinin, istinad olunan əmr və sənədlərin həqiqətə uyğun olmamasına dair sübutlar təqdim edilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyatından imtina edilməsi üçün əsaslı saymır və aşağıdakıları bildirir: Məhkəməyə mübahisəli torpaq sahəsinin Abşeron rayon Donuzkökəltmə sovxozuna ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Halbuki, cavabdeh inzibati orqan mübahisələndirilən torpaq sahəsinin ayrıc aktına əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını, eləcə də ona əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Təqdim edilmiş ekspert rəyi isə tamamilə cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə istinadən tərtib olunduğundan məhkəmə iddiaçının istifadəsində olan torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi ilə bağlı ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qiymətləndirmir. Torpaq sahəsinin ölçülərinin, konfiqurasiyası ilə yerləşmə cizgisindəki uyğunsuzluq varsa, bu iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Abşeron rayon Donuzkökəltmə sovxozunun torpaq sahəsinin ayrılmasına dair əmrinin nömrəsində uyğunsuzluğun olmasına gəldikdə isə, həm arxiv əsasında, həm də əsli kimi təqdim edilmiş sənəddə əmrin xx.xx.1991-ci il tarixli, 108 nömrəli olduğu görünür. İddia olunan torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi isə "xxxx" ASC-nin sorğuya cavab məktubu ilə təsdiqini tapmır. Digər tərəfdən həmin torpaq sahəsi elektrik xəttinin mühafizə zonasına düşsə belə, qanunvericilikdə bu halın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını qadağan edən hər hansı norma nəzərdə tutulmamışdır. Torpaq sahəsinin faktiki sahəsinə gəlincə, iddianın dəqiqləşdirilməsinə dair ərizədən göründüyü kimi, iddiaçı hazırda 640 kv.metr torpaq sahəsi üzərində hüquqlarına qeydiyyatına iddi edir. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, göstərilən dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia təmin edilməli, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmrinə əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 640 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmrinə əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 640 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar