Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4903/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinə qarşı icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2021ci il tarixli qərarının ləğv edilməsi, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair və Azərbaycan Respublikasının Ali Məhkəməsində Vəkilov Həsən İsa oğlunun vərəsəlik üzrə verdiyi şikayətinə baxılıb həll olunanadək onların Bakı şəhəri Sabunçu rayon Maştağa qəsəbəsi Subtropik sovxozu, 150 C saylı fərdi yaşayış evindən çıxarılmamaqlarına dair inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizədə göstərmişlər ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-582/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu İcra şöbəsi tərəfindən İddiaçı1 və oğlu İddiaçı2 və digər şəxslərin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, 150 C saylı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması, ödənilmiş dövlət rüsumunun borclulardan alınaraq tələbkara ödənilməsi barədə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı1 bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, 150 C saylı fərdi yaşayış evi anası Vəkilova Aminə Yaqub qızının adına olmuşdur. Göstərilən yaşayış evi anası Vəkilova Aminə Yaqub qızının adından qardaşı Vəkilov Həsən İsa oğlunun xəbəri olmadan onun adına keçirilmişdir. Qardaşı Vəkilov Həsən İsa oğlu da həmin yaşayış evinə vərəsədir. Qardaşı Vəkilov Həsən İsa oğlu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, 150 C saylı fərdi yaşayış evindən ona vərəsəlik üzrə pay çatması üçün məhkəməyə müraciət etmişdir. Hal-hazırda həmin iş Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmaqdadır. İddiaçı1 və oğlu İddiaçı2 və digər ailə üzvləri icra sənədinin icrası zamanı evdə olmamışdır. Onlar evdə olmadan evin qapısı açılmış və sənəd icra edilmişdir. İcra sənədinin icrası zamanı onların iştirakı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-582/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər İddiaçı1, İddiaçı2 Sotan oğlunun və digər şəxslərin Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəs., Subtropik sovxozu, 150C saylı fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ilk iddia üzrə cavabdehlərdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin icrası ilə bağlı xx.xx.2020-ci il tarixdə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Samir Əzizovun xx.xx.2021ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-582/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçılar Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarını mübahisələndirmişlər. Məhkəmə iddiaçıların hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinə qarşı icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4903/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4903/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver