Məhkəmə qərarları › İş №2-1(112)-4904/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4904/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4904/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsiHəsənov Əli İbrahim oğlunun (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi H.Hacıyev küçəsi, ev 19, mənzil 23; ixtisası: ali; iş yeri: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr-ekspert cərrahı) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (3-cü şəxs - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi) qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı İddiaçı xx.xx.2019-cu il tarixdən əlilliyin təyin edilməsi və əlillik üçün müəyyən ediləcək müavinətin həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı xəstəliyi nəzərə alınaraq ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx xxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 2008-ci ilin əvvələrində səhhətində ciddi dəyişikliklər oldu. Valideynləri onu Bakıda müxtəlif tibbi klinikalara apardılar, lakin vəziyyəti heç cür yaxşılaşmadı və onu Moskva şəhərinə aparmalı oldular. xx.xx.2008-ci il tarixdə o, X4 Akademiyasının N.N.Bloxin adına X2 Uşaq Onkologiyası və Hematologiyasına (ETİ) yerləşdirildi. Ona sol böyrəyin bəd xasisəli şişi diaqnozu qoyuldu. Sitaloji müayinədə qeyd edilmişdir: “bəd xasisəli yenitörəmənin dağılmış şiş elementləri, tək-tək toplamalara görə nefroblastomaya uyğundur. Anamnez 2007-ci ilin iyul ayından uşağın qarnının ölçüsünün böyüməsi və deformasiyası qeyd edilməyə başlamışdı. 2008-ci ilin yanvar ayında həkimə mürüciət edildikdə sol böyrəyin yeni törəməsi aşkarlandı. Müayinə və müalicə üçün uşaq UOH ETİyə yatırıldı." O, təcili əməlliyyat olundu. Əməliyyat nəticəsində sol böyrəyini çıxartdılar. Sonra isə uzun və ağır müalicə yolu keçdi. Yenidən törəmənin əmələ gəlməməsi üçün dəfələrlə kimya-terapiyalar aldı. Aldığı kimya-terapiyalar nəticəsində sümüklərində əyilmələr əmələ gəldi, yeriyəndə tez-yez tarazlığı itirir, dişlərinin demək olar ki, hamısı xarab oldu. xx.xx.2008-ci il tarixdən müraciət əsasında "uşaqlıqdan əlil" adlı əlillik müəyyən edildi. Xəstəlik və müalicələr səbəbində o, həmyaşıdları kimi məktəb partaları arxasında otura bilmədi, fərdi qaydada ev şəraitində təhsil aldı. 2008-ci ilin sonlarından indiyə kimi ilk bir il hər ay sonrakı beş il isə üç ayda bir dəfə, 2014-cü ildən 2018-ci ilə qədər hər altı aydan bir, son iki ildir ki, ildə bir dəfə onkoloji xəstər üçün müəyyən edilən bütün müasir üsullarla müayinə olunur. Hal-hazırda 18 yaşı tamam olduğu üçün ona təyin edilən əlillik ləğv olunmuşdur. Əlillik müddətində hər ay dövlət tərəfindən təyin edilən müvinəti alırdı. Həmin məbləğ müəyyən qədər onun müalicə olumağına kömək edirdi. Bununla bağlı ona yenidən əlilliyn təyin ediməsi barədə ərizə ilə cavabdehə müraciət eldi və cavabdeh tərəfindən tərəfindən müraciətinə aşağıdakı məzmunda imtina cavabı aldım. Cavab olaraq bildirir: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş gödəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Xəstənin 2008-ci il kompleks müalicədən sonrakı vəziyyəti haqqında onkoloq tərəfindən müalicə yazılmayıb. MOM-də müayinə və müalicə qərarı verilir. Təkrar olaraq xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etdi və bu dəfə isə “Dövlət səhiyyə müəssisəsi tərəfində natamam doldurulmuşdur. Həkimin rəyi: Patoloji müəyinənin nəticəsi göstərilməyib. Əsas xəstəlik və ağırlaşmaların ardıcıllığı aydın tərtib olunmayıb" məzmunda yenidən imtina verildi.Hesab edir ki, cavabdeh əlilliyin təyin edilməsi üçün etdiyi müraciətinə imtina verməkdə haqlı olmamışdır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, müəyyən olunmuşdur ki, İddiaçı 2008-ci ildə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə olunmuş və iki il müddətinə sağlamlıq imkanları sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Sonrakı illərdə təkrar müayinələr zamanı iki il müddətinə SİM təyinatı qüvvədə saxlanılmış, sonuncu dəfə xx.xx.2015-ci ildə təkrar müayinə edilmiş və iki il müddətinə SİM uşaq hesab edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçının sağlamlıq imkanları məhdudluğunun müddəti, Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.3-cü bəndinə müvafiq olaraq Əlillik altsistemi tərəfindən üç il müddətinə uzadılmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçının 18 yaşı tamam olduqdan sonra sağlamlıq imkanları məhdudluğu müddəti başa çatmışdır. 18 yaşı tamam olduqdan sonra şəxsin əlillik vəziyyəti qanunvericiliyə uyğun olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilməli idi. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2019-cu il tarixli 0069003AACPJ saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0069003AACPJ saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2008-ci il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Birləşdirici və yumşaq toxumaların digər növlərinin bədxassəli yenitörəməsi, baş və üz boyun birləşdirici və yumşaq toxumaların bədxassəli törəməsi İİİ mərhələ” xəstəliyi, ağırlaşma kimi isə “Bədxassəli yenitörəmənin kimyəvi terapiyasından sonra müayinə, kimyəvi terapiyasından sonra müayinə, nefroektomiya əməliyyatından sonrakı vəziyyət 2008-ci il, Bədxassəli yenitörəmənin radioterapiyasından sonra müayinə, Bədxassəli yenitörəmənin radioterapiyasından sonra müayinə”, yanaşı xəstəlik kimi isə “Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi, sol böyrəyin nefroblastoması kompleks müalicədən sonrakı vəziyyət İİİ mərhələ” xəstəlikləri qeyd edilmişdir. Əsas xəstəliyi təsdiq edən əsas müayinə olan patohistoloji müayinə səthi yazılıb, diaqnozu əsaslandırmır. Belə ki, biopsiyanın cavabı kimi “karsinoma in siti” qeyd edilib ki, bu da xəstəliyin birinci mərhələsinə uyğun gəlir. Diaqnozda isə xəstəliyin adı "böyrəyin nefroblastomas” qeyd edilməklə xəstəliyin mərhələsi İİİ mərhələ qeyd edilmişdir.. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və ətraflı müayinələrin aparılması üçün əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 0069003AACSR saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0069003AACSR saylı göndərişin təhlili göstərdi ki, əvvəlki göndərişdə olduğu kimi əsas xəstəlik əsaslandırılmayıb, 2008-ci ildə aparılmış kombinə olunmuş müalicədən keçən müddət ərzində xəstəliyin dinamikası, xəstənin hazırkı vəziyyəti, residiv və ya ağırlaşmaların olub olmaması barədə heç bir məlumat göstərilməyib. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirmə, xx.xx.2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə” və hazırda qüvvədə olan Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan həyata keçirilir. Verilən qərar göndərişdə qeyd edilən məlumatlara əsaslanır. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır. İddiaçıya səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyininin aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarları verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, X4 Akademiyası N.N.Bloxin ad. X3 Mərkəz DM-in çıxarış epikrizinə əsasən İddiaçı klinik diaqnoz olaraq “Sol böyrəyin nefroblastoması. T2N1Mx. Kombinə olunmuş müalicədə sonrakı vəziyyət.” göstərilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Shiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Ambulator kartdan xx.xx.2020-ci il tarixli Arayışına əsasən İddiaçı “əsas diaqnoz: C64-Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi pT2N1Mx mərhələ lll. Diaqnoz qeydi: SOL BÖYRƏYİN nefroblastoma, pT2N1Mx mərhələ İİİ. komplex müalicədən sonraki vəziyyət.” Həmçinin, Arayışdan görünür ki, iddiaçıya “C64-Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi pT2N1Mx mərhələ lll.” diaqnozu ilk dəfə xx.xx.2008-ci il tarixdə qoyulmuşdur. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən “uşaqlıqdan əlil”hesab edilməsi ilə əlaqədar müvafiq vəsiqə verilmişdir. Daha sonra iddiaçının 18 yaşı tamam olduqdan sonra sağlamlıq imkanları məhdudluğu müddəti başa çatmışdır. İş materiallarından görünür ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtinanın səbəbləri kimi “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Patohistoloji müayinənin nəticəsi göstərilməyib. Əsas xəstəlik və ağırlaşmaların ardıcıllığı aydın tərtib olunmayıb.” göstərilmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Həmin Əsasnamənin 2.1.7-ci bəndinə əsasən inkurabel onkoloji xəstəliklər (C00- C97) halında birinci dərəcə əlillik təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Məhkəmə qeyd edir ki, iddiaçının uşaqlıqdan əlil olması və hal-hazırda da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində qeydiyyatda olması, müvafiq müalicə alması və iddiaçının kənar şəxsin yardım və qulluğuna daimi ehtiyacın olması işin mübahisələndirilməyən hallarıdır. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının əsas diaqnozunun“C64-Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi pT2N1Mx mərhələ lll” olmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli X1 halda, müvafiq poliklinika tərəfindən onlayn şəkildə F-88 Tibbi Sosial Ekspert Komissiyasına natamam göndərilməsi nəticəsində iddiaçıya 1-ci dərəcə əlillik təyin edilməməsi qanuna ziddir və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xəstəliyi nəzərə alınaraq ona 1-ci dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı xəstəliyi nəzərə alınaraq ona 1-ci dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar