Məhkəmə qərarları › İş №2-1(112)-4905/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4905/2020

30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4905/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Dövlət X5 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “maddi-mənəvi ziyanın ödənilməsi”tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıcavabdehlər Bakı şəhəri Dövlət X5 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Bakı şəhəri Dövlət X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 6000 (altı min) manat mənəvi ziyan, 200 (iki yüz) manat maddi ziyan (110 manat vəkilə ödənilmiş hüquqi xidmət haqqı və 50 manat texniki baxış cəriməsi və 40 manat poçt xidməti xərcləri), cəmi 6200 (altı min iki yüz) manat ziyan tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx xxxxxxx 2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında cavabdehlər Bakı şəhəri Dövlət X8 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehlər qismində çıxış edən Bakı şəhəri Dövlət X8 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi təsnifata uyğun olaraq inzibati orqanlar hesab olunduğundan, hazırki iddiaya məhz inzibati qaydada baxılmalı və iddia tələbi təmin olunmalıdır. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İnzibati Xəta haqqında İXP ******* saylı xx.xx.2018-ci il tarixli protokol əsasən İddiaçı tərəfindən İXM-nin 327.2-ci madəsinə əsasən yolayrıcını keçmə qaydalarının pozulması halına (hallarına) yol verilmiş, nəticədə Azərbaycan Respblikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 İnzibati Tənbeh vermə haqqında ******* saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(009)-34/2019 saylı qərarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPİ-nin Dövlət X4 xx.xx.2018-ci il tarixli ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar və həmin qərarın hüquqi nəticələri ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-323/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X4 xx.xx.2018-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və həmin qərarın hüquqi nəticələrinin ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 3(009)-34/2019 saylı qərarına əsasən, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ inzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin inspektoru polis mayoru X1 tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və başlanmış inzibati xətalara dair iş üzrə icraata xitam verilmiş. Bakı şəhər Baş Polis İdarəsinin DYPİ inzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin inspektoru polis mayoru X1 tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş Dövlət X3 Mərkəzi İnformasiya sistemində İddiaçı barəsində yerləşdirilmiş inzibati cərimənin silinməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1267/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin İddiaçı haqqında xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, işin sənədlərindən və iddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçıbarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış, həmin icraatın nəticəsi olaraq iddiaçı inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 60 manat məbləğində cərimə tətbiq olunmuşdur. Lakin müəyyən prosessual hərəkətlər olunduqdan sonra, inzibati xəta haqqında protokol əsasında açılmış inzibati xəta haqqında işə məhkəmə tərəfindən xitam verilmişdir. İddiaçı hazırda hüquqlarının pozulduğuna əsaslanaraq, Bakı şəhəri Dövlət X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 6000 (altı min) manat mənəvi ziyan, 200 (iki yüz) manat maddi ziyan (110 manat vəkilə ödənilmiş hüquqi xidmət haqqı və 50 manat texniki baxış cəriməsi və 40 manat poçt xidməti xərcləri), cəmi 6200 (altı min iki yüz) manat ziyan tutularaq ona ödənilməsini xahiş etmişdir. Qeyd olunanlardan birmənalı olaraq göründüyü kimi, hazırki işin mübahisələndirilən halları cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun və onun əsasında açılmış inzibat xəta haqqında işin əsasında dəymiş maddi və mənəvi ziyanın tutulması ilə bağlıdır. Məhkəmə İPM-in 1.1-ci maddəsinin tələbi baxımından, inzibati qaydada qaldırılan iddianın ilkin mümkünlük şərti inzibati hüquq münasibətlərindən yaranmasıdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 saylı Qərarının 5 və 5.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Nazirliyin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri, inzibati orqanlar təsnifatına aid edilmişdir. İşin hallarından və iddia ərizəsinin məzmunundan aydın olunur ki, iddiaçının hazırki iddia ərizəsində cavabdehlər qismində göstərilən orqanlar, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Dövlət X7 təsnifat baxımından inzibati orqanlardır. Lakin həmin cavabdehlərin inzibati orqan olmaları, iddianın mahiyyəti baxımından baxılmasının məhz inzibati məhkəmənin səlahiyyətində olması kimi qiymətləndirilməməlidir. Belə ki, işin hallarından da göründüyü kimi, iddiaçı İPM-in 2.2.7-ci maddəsinə əsaslanaraq, hazırki iddianın baxılmasının inzibati məhkəmənin səlahiyyətində olduğunu bildirsə də, iddiaçı “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununu nəzərə almamışdır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən,fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin, ictimai və dövlət mənafelərinin pozulması hallarının vaxtında aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması məqsədilə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında qanunvericiliyin eyni cür və dürüst icrası dövlət tərəfindən qanunla nəzərdə tutulmuş qaydada təmin edilir. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə:1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinə əsasənBu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 3-cü abzasında göstərilənlərə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi haqqında Əsasnamənin 4.1.2-ci maddəsinə əsasən, Daxili İşlər Nazirliyi əməliyyat-axtarış, təhqiqat, ibtidai istintaq və kriminalistik tədqiqat fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hüquqları həyata keçirir. Göründüyü kimi, inzibati xəta haqqında işə xitam verildikdə, fiziki şəxsin təhqiqat orqanı tərəfindən vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ yaranır. Həmin növ mübahisələrə baxılması isə mülki qanunvericiliyin tələbləri əsasında həyata keçirilir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, cavabdeh qismində çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 inzibati orqan olmaqdan savayi, həmçinin inzibati xəta haqqında işdə təhqiqat orqanıdır. Məhkəmə həmçinin, qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 təhqiqat orqan kimi qəbul edildiyindən və hazırki iddianın əsasında duran inzibati xəta haqqında işə xitam verildiyindən, iddiaçıya vurulmuş zərərin dövlət tərəfindən ödənilməsinə baxılması müvafiq olaraq qanunvericiliyin tələbləri baxımından ümumi məhkəmənin səlahiyyətlərinə aiddir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Məhkəmə həmçinin izah edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti,dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ilə aidiyyəti üzrə müvafiq olaraq ümumi məhkəməyə müraciət etməlidir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçıcavabdehlər Bakı şəhəri Dövlət X5 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “maddi-mənəvi ziyanın ödənilməsi”tələbinədair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar