Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4907/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: “Azərbaycan Karlar Cəmiyyəti” İstehsalat Birliyi) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 303,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24.01.2022-ci il tarixli qərardadı ilə “Azərbaycan Karlar Cəmiyyəti” İstehsalat Birliyinin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 303,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi icra sənədinin icrası ilə əlaqədar olaraq borcun əvəzi kimi iddiaçıya təklif olunmuş, əmlakın əvvəlki mülkiyyətçinin və iddiaçının razılığı ilə həmin əmlakın iddiaçıya verilməsi icra məmurunun qərarı ilə qərara alınmışdır. İddiaçı qeyriyaşayış sahəsinə çıxarışın alınması məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətə əlavə edilmiş icra məmurunun qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsində hüquqmüəyyənedici sənəd kimi nəzərdə tutulmamışdır. Həmçinin, müraciətə əlavə edilən Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-363/2019 nömrəli, 29.07.2019-cu il tarixli və 2(009)-2638/2019 nömrəli, 02.12.2019-cu il tarixli icra vərəqələri İdarəyə rəsmi qaydada daxil olmamış və öhdəlik qoyulmamışdır. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 303,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin mülkiyyətindədir. -Bakı şəhər Yasamal rayon İcra Şöbəsinin təklif məktubundan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə “Azərbaycan Karlar Cəmiyyəti” İstehsalat Birliyinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 303,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə həbs qoyulmuşdur. (məhkəmə qərardadı ilə) “İcra haqqında” Qanunun 53.1-ci maddəsinin tələbləri baxımından tərəflərin razılığı ilə əmlak qalıq 694832 manat borca əvəz olaraq tələbkar İddiaçı təklif edilmişdir. -Bakı şəhər Yasamal rayon İcra Şöbəsinin qərarı ilə mübahisə predmetini təşkil edən əmlakın icra sənədində nəzərdə tutulmuş borcun əvəzi olaraq İddiaçı verilməsi qərara alınmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 303,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, həmin əmlak ona icra sənədində nəzərdə tutulmuş borcun əvəzi olaraq verildiyindən, onu həmin əmlak üzərində mülkiyyət hüquqları yaranmış olur. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan və etiraz ərizəsinin surətindən görünür ki, iddiaçının müraciətinə qiymət verilərkən aşağıdakiları əsas götürülmüşdür. -İcra məmərunun qərarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində hüquqmüəyyənedici sənəd kimi nəzərdə tutulması; -Mülki məhkəmə qətnamələri əsasında verilmiş icra vərəqələrində İdarəyə öhdəlik qoyulmamasıdır. İşin qeyd olunan faktiki hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməsi zərurəti ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı ilə əhatə olunur. Təkzib olunmaz haldır ki, həqiqətən də qanunvericilikdə icra məmurunun qərarı şəxsin əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi göstərilməmişdir. Lakin, məhkəmənin hesab edir ki, cavabdeh inzibati orqanın bu əsasa görə iddiaçının müraciətindən imtina etməsi formal xarakter daşıyır. Çünki, icra məmurunun qərarı məhz mülki məhkəmə qətnaməsinin icrası ilə əlaqədar qəbul edilmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessua Məcəlləsinin, “İcra məmurları haqqında” və “İcra haqqında” Qanunun tələbləri ilə əsaslandırır. Belə ki, Mülki Prosessual Məcəlləsinin: -15.1.Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. -15.2.Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. -234.1.Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunun: -1.İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər. -5-ci maddəsinin 6-cı hissəsinə əsasən icra məmurlarının fəaliyyətinin əsasları Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Cinayət-Prosessual Məcəllə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir. -7 maddəsinə əsasən İcra xidmətinin icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək vəzifəsinə malikdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: -3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. -6.1.1.Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi hesab olunur. -43.1.1.Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. -45.1.Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. -50.1.İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. -53.1.Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. -53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Yuxarıda göstərilən qanunvericiliyin müddəalarının təməl prinsipi odur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Həmçinin normaların mənası ona da əhatə edir ki, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Hətta belə, təqsirkar şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi onun məhkəmə aktını icra etmək vəzifəsindən azad etmir. İcra sənədinin icra edilməsi anlayışı mahiyyəti etibarı ilə məhkəmə qətnaməsinin (qərarının) icrasına yönəlmiş tədbirdir. Əlbəttə ki, bu istiqamətdə icra hərəkətlərini davam etdirmək, müvafiq olaraq zəruri məcburi icra tədbirlərini görmək icra məmurunun səlahiyyətləri çərçivəsində həyata keçirilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik icra sənədi üzrə borcun təmin edilməsi məqsədi ilə borcun digər əmlaka yönəldilməsini istisma etməmişdir. Bu zaman ilkin tənzimləmə olaraq borclunun mülkiyyətində əmlak olarsa, həmin əmlak tələbkara təklif olunur, tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, icra sənədi üzrə borcun əvəzinin əmlak ilə ödənilməsi üçün müvafiq prosesedurlar həyata keçirilir ki, bu zaman icra məmuru ilkin olaraq əmlakı hərraca çıxarmazdan öncə tələbkara təklif edir. Hazırki iddia üzrə də iddiaçı əmlak üzərində hüquqları məhz icra şöbəsinin qərarı əsasında əldə etmişdir. Belə ki, işin faktiki hallarına nəzər yetirdikdə məlum olur ki, iddiaçının mübahisə predmetini təşkil edən əvvəlki mülkiyyətçisi “Azərbaycan Karlar Cəmiyyəti” İstehsalat Birliyi arasında mülki mübahisələri olmuşdur ki, həmin mübahisələr nəticəsində X2 və İddiaçı dəymiş ziyanın əvəzinin “Azərbaycan Karlar Cəmiyyəti” İstehsalat Birliyi tərəfindən ödənilməsi barədə qətnamələr qəbul edilmişdir. Həmin qətnamələrin icrası ilə əlaqədar icra sənədi verilmiş və icra edilməsi üçün İcra Şöbəsinə göndərilmişdir. Sonuncu məhkəmə qətnamələrinin icrası ilə əlaqədar ilkin olaraq Yasamal rayon məhkəməsinə təqdimat ilə müraciət etmiş və Yasamal rayon məhkəməsinin 15.11.2021-ci il tarixli qərardadı ilə Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-363/2019 nömrəli, 29.07.2019-cu il tarixli və 2(009)-2638/2019 nömrəli, 02.12.2019-cu il tarixli icra sənədlərinin icrasının təmini məqsədi ilə, borclu “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 303,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulması qərara alınmışdır. Bundan sonra, Yasamal rayon İcra Şöbəsi müvafiq olaraq qətnamələrdə nəzərdə tutulmuş borca əvəz olaraq mübahisə predmetini təşkil edən əmlakı İddiaçı verilməsi ilə bağlı təklif etmiş, təklif əsasında icra sənədi üzrə həm borclu həm də tələkbar əmlakın borc əvəzi olaraq verilməsinə razı olmuşdurlar. Bunun əsasında Yasamal rayon İcra Şöbəsi tərəfindən 02.12.2021-ci il tarixdə qərar qəbul edilərək icra sənədlərinin icrası ilə əlaqədar “Azərbaycan Karlar Cəmiyyəti” İstehsalat Birliyinin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 303,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi qalıq borcun tam ödənilməsi hesabına İddiaçı verilməsi və onun adına rəsmiləşdərilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, əmlakın əvvəlki mülkiyyətçisi “Azərbaycan Karlar Cəmiyyəti” İstehsalat Birliyi məhkəmə qətnamələrinin icrası ilə əlaqədar borcun əvəzi olaraq əmlakın İddiaçı verilməsini öz iradə ifadəsi ilə nümayiş etdirmiş, bununla yanaşı isə həmçinin İddiaçı məhkəmə qətnaməsində nəzərdə tutulmuş borcun əmlak ilə əvəz olunması ilə bağlı icra məmurunun təklifini qəbul etmişdir ki, bu da hazırki iş üzrə iddiaçı və üçüncü şəxsin əmlaka münasibətdə qarşılıqlı razılıq əldə etdiklərini göstərir. Məhkəmə icra sənədlərinin icrası ilə bağlı icra məmuru tərəfindən qəbul edilmiş qərarın əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün mötəbər əsas olduğunu hesab edir. Çünki, hər nə qədər də icra məmurunun qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində hüquqmüəyyənedici sənəd kimi göstərilməsə də, iddiaçı əmlak üzərində hüquqlarını məhz mülki məhkəmə qətnamələri ilə nəzərdə tutulmuş borcun əvəzi olaraq əldə etmişdir ki, məlum olduğu kimi məhkəmə qətnaməsi və onun əsasında verilmiş icra sənədi hər bir tərəf üçün məcburidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, icra məmuru əmlakı hərraca çıxarmaz əvvəl, ilkin olaraq əmlakı tələbkara (hazırki iddiaçıya) təklif etmişdir ki, bu da “İcra haqqında” Qanunun 53.1ci maddəsində nəzərdə tutulmuşdur. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçının əmlak üzərində hüquqlarının yaranmasının əsasında icra məmurunun qərarı olsa da, həmin qərar məhz mülki məhkəmə qətnaməsinin icrasının təmin edilməsinə yönəlmiş qərar olduğundan, həmçinin həm iddiaçı həmçinin də əmlakın əvvəlki mülkiyyətçi olan üçüncü şəxs əmlak ilə bağlı razılıq əldə etdiyindən, o cümlədən əmlakın məhkəmə qətnaməsində nəzərdə tutulmuş borcun əvəzi olaraq iddiaçıya verilməsini təmin edən Yasamal rayon İcra Şöbəsinin 02.12.2021-ci il tarixli qərarı mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan, iddiaçının sözügedən əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını istisna edən hər hansı bir hal mövcud deyildir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi digər əsasa münasibətdə bildirir ki, həmin əsas formal xarakter daşıyır və əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması üçün maneə yaratmır. Nəzərə alınmalıdır ki, icra vərəqəsində cavabdeh ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəliyin qoyulması mümkün olmazdır. Çünki, mülki mübahisə zamanı gedən məhkəmə icraatında tərəflər qismində iddiaçı və üçüncü şəxs, tələb isə dəymiş zərərin ödənilməsi təşkil edirdi. Hazırki iddia üzrə iddiaçı isə müvafiq olaraq borcun əvəzi olaraq əmlakı əldə etmişdir ki, bu da həmin əmlakın yalnız məhkəmə qətnamələri qəbul edildikdən sonra məhz icra hərəkətləri nətəcisində meydana gəldiyini göstərir. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdehin irəli sürdüyü bu dəlil də hər hansı mötəbər əsasa söykənmir və mübahisənin həllində əhəmiyyət kəsb etmir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 303,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən 303,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov