Məhkəmə qərarları › İş №2-1(112)-4907/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4907/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4907/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cərimənin silinməsi, avtomobilin texniki baxışdan keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Mercedes Benz” markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobilinə qarşı cavabdeh tərəfindən 12-xx.xx.2023-cü il və xx.xx.2024cü il tarixlərdə yazılmış 3 ədəd 84 manat məbləğində qanunsuz cərimə borclarının silinməsi və xx.xx.2024-cü ildə avtomobillərin texniki-baxış məntəqəsində onun “Mercedes” markalı **-SP-*** nömrə nişanlı avtomobilinin texniki-baxışdan keçirilərək qəbz əsasında 61 manat dövlətə rüsum pulunun ödənilməsini nəzərə alıb, avtomobilinin texniki baxış qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Mersedes Benz 240 markalı **- SP-*** dövlət nömrə nişanlı avtmobilinə sürmək üçün verdiyi etibarnamə əsasında X1 adına 2018-ci ildən hər il avtomobilinin texniki baxışdan keçrilməsinə az müddət qalmış cərimə borcları yazılır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Baş Dövlət yol Polisi İdarəsi tərəfindən iddiaçının bu barədə şikayətlərinə əhəmiyyət verilməmişdir. Hər il iddiaçı avtomobilini texniki baxışdan keçirən zamanlarda məcburiyyət qarşısında həmin qanunsuz cərimə borclarını ödəyir. Bu vaxta qədər heç bir geri ödənişləri olmayıb. Avqust 2024-cü ilə qədər iddiaçıya ünvanlanmış heç bir cərimə bildirişi olmamışdır, bu barədə nə mobil telefona, nə də ev ünvanına məktub bildiriş göndərilməmişdir. 1-ci dəfə iddiaçının avtomobilinə B.Şahvəliyevin adına xx.xx.2024-cü ildə 27 manat cərimə borcunun olduğunu ünvanlamışlar. Həmin cərimə borcunu ödəyən zaman DYP-də yoxlatmış və saytda başqa heç bir cərimə borcu olmamışdır. xx.xx.2024-cü ildə il tarixdə 27 manat məbləğində həmin cərimə borcunu ödəmişdir. xx.xx.2024-ildə avtomobilinin texniki baxışdan keçməsinə 20 gün qalmış cərimə məlumatı göndərilmişdir. Ümumilikdə, 84 manat cərimə borcu yazmışlar. İddiaçı bütün baş verənlər barədə izahat formasında Azərbaycan Respublikası DİN-ə sübut və faktlarla poçt vasitəsi ilə bildirişli şikayət ərizəsini ünvanlamışdır. Bir ay müddət ötsə də cavab verilməmişdir. xx.xx.2024-cü ildən bu günə kimi 12 dəfə elektron poçt Gmail və Mail.ru saytları vasitəsi ilə 11 dəfə yazılı, 102 və 902 qaynar xətlərə isə 12 dəfə zəng edib olanlar barədə məlumatlar versə də, bütün müraciətlərinə xx.xx.2024-cü il tarixdə elektron poçt saytına AR DİN-n, BPİDYP-nin “10 gün müddətinə işin araşdırılarq Sizə məlumat veriləcək” cavabını ünvanlamışlar, 20 gün ötsə də, cavab verilməmişdir. 102 və 902 Qaynar xətlərə müraciətlərinə xx.xx.2024-cü ildə elektron poçtuna A-75/72-2-saylı cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddianın mümkünlük məsələsinin müzakirə edilməsi üçün məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və İPM-inn 13-ü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi marağına uyğun müvafiq hüquqi təkliflər verilmiş, iddiaçının fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında iddia tələbini olduğu kimi müdafiə edərək, tələbə mahiyyəti üzrə baxılmasını və təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.1-2.1-ci bəndlər). Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarət olmaqla aşağıdakılardan ibarətdir:

1. Ona məxsus “Mercedes Benz” markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobilinə yol hərəkəti qaydalarının pozulması ilə bağlı tətbiq edilmiş cərimələrin silinməsi;

2. Qeyd olunan avtomobilin texniki baxışdan keçirilməsi. Məhkəmə iddiaçının 1-ci tələbi ilə bağlı qeyd edir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. Həmçinin, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 7.2-ci bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, inzibati icraat haqqında qanunvericilik inzibati orqanların inzibati xətalara dair işlər üzrə qanunsuz qərarları və hərəkətlərinə şamil olunmur və bu iddialara baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdir. İddiaçının tələbi cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə bağlıdır və iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Ona görə də iddiaçının cərimə borclarının silinməsi ilə bağlı cavabdehə qarşı tələbi inzibati məhkəmə icraatının predmeti ola bilməz. İddiaçının ehtimal etdiyi hüquqlarının pozulması ilə əlaqədar müvafiq tələblə aidiyyəti ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iddianın ikinci hissəsinə münasibətdə (nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi) bildirir ki, həmin tələb birinci hissədə göstərilən tələbin nəticəsindən asılıdır. Yəni iddiaçı ilk növbədə, inzibati xəta haqqında iş üzrə tətbiq edilən cəriməni aidiyyəti ümumi məhkəmədə mübahisələndirməli, daha sonra nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin Vİ-İ hissəsinə əsasən, nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 4) dövlət rüsumunun, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqının, bu Qanunun 30-cu maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan inzibati cərimənin, verginin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi; Həmin maddənin Vİİİ hissəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir. Göründüyü kimi müvafiq qanunvericilik nəqliyyat vasitəsi barəsində inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə mövcud olduğu halda həmin nəqliyyat vasitəsinə texniki baxış keçirilməsini istisna edir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmır. Həmçinin iddiaçı müvafiq hissədə göstərilən tələblə bağlı cavabdeh inzibati orqana ilkin müraciətini təqdim etməmişdir. Halbuki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar