Məhkəmə qərarları › İş №2-1(112)-4908/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4908/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4908/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “avtomaşınının gömrük rəsmiləşdirilməsinin yenidən hesablanması və artıq ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması” tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, avtomobilə görə gömrük rəsmiləşdirilməsinin yenidən hesablanması və artıq ödənilmiş 1500 manat məbləğində gömrük ödənişlərinin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İtaliya Respublikasının Roma şəhərində magistr pilləsində təhsil almışdır. Diplom işini hazırlamaq üçün Azərbaycan Respublikasına qayıtmış və öz şəxsi istifadəsi üçün Koreya Respublikasından Hundai Avante (VİN kodu- KMHD741DBHU334436) avtomaşın sifariş etmişdir. O, avtomaşını alarkən orada yoxlama keçirtmiş və müəyyən etmişdir ki, avtomaşının arxa yük yeri qəzalı olduğu üçün təmir işləri aparılmış və mühərrikində nasazlıq vardır. İddiaçı firma nümayəndəsi ilə sövdələşmə aparmış və avtomaşını 4450 dollar məbləğinə, üstəlik Poti şəhərinə daşınma xərci olaraq əlavə 900 dollar ödənişlə əldə etməyə razılaşmışdır. Amrah Bank vasitəsilə KJ Trading firmasından aldığı invoice əsasında 5350 dollar ödəniş etmişdir. Avtomaşın Poti şəhərinə gəldikdən sonra iddiaçı Gürcüstan Respublikasının ərazisində fəaliyyət göstərən, qismən tanıdığı firmaya 220 dollar nağd pul ödəmişdir. O, ödənişi etdikdən sonra həmin firma avtomaşını 1 iyun 2020-ci ildə Azərbaycana gətirilməsini təmin etdi. Ümumilikdə aldığı avtomaşına 5570 dollar pul ödəmişdir. Gömrük rəsmiləşdirilməsində Nicat adlı əməkdaş avtomaşının qiymətini ümumilikdə 9000 dollar hesablayaraq, Gömrük Komitəsinə 7370 manat pul ödəməyinə tapşırıq vermişdir. O, ona bir neçə dəfə gömrük rəsmiləşdirilməsini düzgün aparmadığını söyləsə də, əhəmiyyət verməmişdir. Bundan sonra iddiaçı bir neçə dəfə Gömrük Komitəsinin ünvanına məktub yazsa da, ona yalnız 2 fevral 2021-ci ildə cavab verilmişdir. İddiaçıın hesabladığına görə, aldığı avtomaşına hesablanan gömrük tarifi 1500 manat artıq olaraq hesablanmışdır. İddiaçı Böyük Vatən müharibəsində topçu vəzifəsində iştirak etmiş və hal-hazırda da xidmətini davam etdirir. Ölkə rəhbərliyi tərəfindən müharibədə fəal iştirakına görə medal və fəxri fərmanlarla təltif olunmuşdur. Ondan alınan 1500 manat əlavə ödənişə hazırda ehtiyacı olduğu üçün həmin məbləğ ona geri ödənilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, inzibati orqanda aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Koreya Respublikasının Seoul şəhərinin “KJ TRADİNG CO./LTD” şirkətindən idxal etdiyi mənşə ölkəsi Koreya Respublikası olan, 2016-cı il buraxılışlı, mühərrikinin həcmi 1591 sm3, şassi/ban nömrəsi KMHD741DBHU334436 olan “HYUNDAİ AVANTE” markalı minik avtomobilinin gömrük rəsmiləşdirilməsi üçün 02.06.2020-ci il tarixdə **********5420 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********5420 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 5350,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 14960,00 manat, 46-cı qrafasında statistik dəyəri 8800,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 ehtiyat üsul seçilərək İddiaçı tərəfindən bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 120,00 manat, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı 30,00 manat, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımı 10,00 manat, mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu 3245,64 manat, aksiz vergisi 477,3C manat, əlavə dəyər vergisi 3391,73 manat, nəqliyyat vasitəsinin ekspertizasına görə 30,00 manat texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsinə görə 20,00 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 30,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi 5,40 manat, cəmi 7360,07 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərək 03.06.2020-ci il tarixdə nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı **********5420 sorğu nömrəli gömrük bəyannaməsilə bağlı İddiaçı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Dövlət Gömrük Komitəsinin X4 Baş Gömrük İdarəsi arasında heç bir mübahisə olmamışdır. Bunu iddiaçının həmin vaxt ərzində gömrük orqanına və ya məhkəməyə bu məsələ ilə bağlı hər hansı bir müraciətinin olmaması sübut edir. Buna rəğmən iddiaçı öz iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi, gömrük ödənişlərini ödəyərək gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxıldıqdan sonra şübhə altına almış, gətirdiyi nəqliyyat vasitəsi gömrük rəsmiləşdirilməsindən keçirilib sərbəst dövriyyəyə buraxıldıqdan təxminən 2 ay sonra, yəni 29.07.2020-ci il tarixdə elektron poçt vasitəsilə göndərdiyi ərizə ilə Dövlət Gömrük Komitəsinə, eyni zamanda 29.01.2021-ci il tarixdə Dövlət Gömrük Komitəsinin X4 Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək gömrük orqanını gömrük ödənişlərini artıq tutmaqda ittiham etmiş və həmin pulun geri qaytarılmasını tələb etmişdir. Ərizə gömrük orqanı tərəfindən əsaslı olmadığı üçün təmin edilməmişdir. Lakin İddiaçı vaxtında həmin hüququndan istifadə etməmiş, **********5420 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini 03.06.2020-ci il tarixdə başa çatdırmış və nəqliyyat vasitəsi onun sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi, gömrük rəsmiləşdirilməsi zamanı İddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. İddiaçı idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyərini bəyannamədə göstərmiş, gömrük orqanı da həmin bəyannamədə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmişdir. İddiaçı **********5420 sorğu nömrəli gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və nəqliyyat vasitəsi 03.06.2020-ci il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Göründüyü kimi İddiaçı elektron formada təsdiqləyərək təqdim etdiyi **********5420 sorğu nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün İddiaçı təsdiqlədiyi **********5420 sorğu nömrəli gömrük bəyannaməsində göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 153.2.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir. Qeyd olunan müvafiq bəndlərində və yuxarıda qeyd edilən digər müvafiq qanunvericilik aktlarında göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır. İş üzrə şifahi məhkəmə baxış iclası 02 iyun 2021-ci il tarixə təyin edilmiş, həmin iclasda hər iki tərəf iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun həmçinin əlavə izahat verərək bildirmişdir ki, **********5420 sorğu nömrəli gömrük bəyannaməsini təsdiqləsə də, prosedurdan əvvəl invoys dəyəri kimi 5350 ABŞ dolları olduğu halda tərtib edilmiş gömrük bəyannaməsi qəbul edilməmiş, gömrük orqanının əməkdaşı tərəfindən statistik dəyər qrafasında onların qeyd etdiyi məbləğin yazılmalı olduğu bildirilmiş, daha sonra avtomobilin saxlancda qalmaması, əlavə saxlanc haqqının yığılmaması üçün tələb olunan məbləği göstərdikdən sonra gömrük bəyannaməsini təsdiq etmişdir. Halbuki, avtomobilin sövdələşmə qiyməti var, invoys inzibati orqana da təqdim edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X6 oğlu təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu, iddiaçı tərəfindən müvafiq gömrük bəyannaməsinin təsdiq edildiyi bildirildi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan sənədlərdən görünür ki: Satıcı KJ Trading Co., LTD –nin 27 fevral 2020-ci il tarixli invoysda “Hyundai Avante” 2017-ci il istehsalı avtomobilə görə 5.350 ABŞ dollar ödəniş edilməsi qeyd edilmişdir. 27 fevral 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Maksim oğlu tərəfindən KJ Trading Co., LTD Şirkətinin bank hesabına 5.350 ABŞ dolları ödəniş edilmişdir. **********5420 sorğu nömrəli gömrük bəyannaməsində 2016-cı il istehsallı KMHD741DBHU334436 şassi/ban nömrəsi olan “Hyundai Avante” minik avtomobilinin invoys dəyəri 5.350, gömrük dəyəri-14960,00 statistik dəyəri isə 8800,00 ABŞ dolları göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanının 08.02.15258.20 nömrəli 01 iyun 2020-ci il tarixli texniki eyniləşdirmə şəhadətnaməsinə əsasən 2016-cı il istehsallı mühərrik həcmi 1591 sm3, KMHD741DBHU334436 şassi/ban nömrəsi olan “Hyundai Avante” minik avtomobil AZS ***-**** Ekoloji sinif 5 normativ sənədlərin tələbinə uyğundur. Orqana –hesab-faktura, xarici sertifikat, şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. **********5420 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən malların gömrük rəsmiləşdirilməsinə görə-120 manat; Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə-30 manat; idxal gömrük rüsumu-3245.64 manat; aksiz- 477.30 manat; əlavə dəyər vergisinə görə-3391.73 manat; malların gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyətli olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına görə -30 manat; idxal edilən avtonəqliyyat basitələrinin AVRO standartlarına uyğunluğu barədə sənədin verilməsinə görə-20 manat; elektron gömrük xidməti haqqı-30 manat; elektron gömrük xidməti üzrə ƏDV-5.40 manat, cəmi 7360.07 manat ödənişlər edilmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, İddiaçı tərəfindən Koreya Respublikasının Seoul şəhərinin “KJ Trading CO. LTD” şirkətindən idxal etdiyi mənşə ölkəsi Koreya olan, 2016-cı il buraxılışlı, mühərrikinin həcmi 15914 sm3, şassi/ban nömrəsi KMHD741DBHU334436 olan “Hyundai Avante” markalı minik avtomobilinin gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına 02.06.2020-ci il tarixdə **********5420 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmiş, həmin gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 870323 9040, 42-ci qrafasında invoys dəyəri 5350,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 14960,00 manat, 46-cı qrafasında statistik dəyəri 8800,00ABŞ dolları, 43cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6-ehtiyat üsul seçilərək İddiaçı tərəfindən bəyan olunmuşdur. Hal-hazırda iddiaçı gömrük ödənişinin artıq ödənildiyini, invoys dəyəri əsas götürülməklə gömrük dəyərinin müəyyən edilməli olduğunu iddia edərək artıq ödənilmiş hissənin geri qaytarılmasını xahiş edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, gömrük orqanı tərəfindən inzibati icraatın düzgün aparılıb-aparılmaması müəyyən edilməlidir. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddianın mahiyyəti: İddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilsə də, mahiyyət baxımından iddia əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan zəruri inzibati icraat aparmışdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. Həmin Məcəcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitlərini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsinə yardım göstərmək vəzifələri vardır. Həmin Məcəcəllənin 152.3-cü maddəsinə əsasəntəsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəcəllənin 153.4-cü maddəsinə əsasəngömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqdəsi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanuna müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasənbəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır (11.1-ci maddə). Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır (11.2-ci maddə). Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır (11.3-cü maddə). Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur (11.4-cü maddə). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrininbəyan edilməsi Qaydaları”nın 1.1.-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra — Gömrük Məcəlləsi) 146.3-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra — gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir. Həmin Qaydaların 2.2-ci maddəsinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Həmin Qaydaların 2.3-ci maddəsinə əsasən elektron formada təqdim edilən gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannaməsi bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. Həmin Qaydaların 2.4-cü maddəsinə əsasən malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan kağız üzərində yazılı və ya elektron formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların şifahi, kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Beləliklə, işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı Əhmədov **********5420 sorğu nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. Gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. Belə ki, Gömrük Məcəlləsinin 299.3-cü maddəsinə əsasən fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq olunur. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; malların gömrük dəyərinin təyin olunması; malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi məqsədilə gömrük ekspertizası aparılır. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Həmin Məcəllənin 322.3-cü maddəsinə əsasən gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciətiolduqda da aparılır. Göründüyü kimi, iddiaçı gömrük ekspertizasınnı aparılmasına dair hüququndan da istifadə etməmiş, gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini başa çatdırmış və nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxılmışdır. Beləliklə də, Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyərini bəyannamədə göstərmiş, gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və gömrük orqanı da həmin bəyannamədə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmiş, gömrük ödənişləri həyata keçirildikdən sonra 03.06.2020-ci il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunazidd deyildir, iddiaçının hüquqlarınınn pozulmasına səbəb olan hal kimi qiymətləndirmir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı avtomobilə görə gömrük rəsmiləşdirilməsinin yenidən hesablanması və artıq ödənilmiş 1500 manat məbləğində gömrük ödənişlərinin ona geri qaytarılması iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı avtomobilə görə gömrük rəsmiləşdirilməsinin yenidən hesablanması və artıq ödənilmiş 1500 manat məbləğində gömrük ödənişlərinin ona geri qaytarılmasına dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar