Məhkəmə qərarları › İş №2-1(112)-4908/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4908/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4908/2022 22.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “”Azərişıq” ASC-nin məsul işçilərinin cərimə olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz hərəkətlərə yol verdiyinə görə cavabdeh "xxxx" ASC-nin əməkdaşları barədə cərimə tətbiq edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Göradil Bağlar massivində bir sahədə oğlunun və onun adına ayrı-ayrı müvafiq sənədlərlə bağ sahəsi vardır. Həmin yerlərdə ayrıayrılıqda iki bağ evləri tikilib və 20 ildən artıq müddətdir ki, o evlərdə yaşayırlar. Lakin ilk gündən işıq, su qaz xətləri bir sayğaca quraşdırılmaqla ayrı-ayrı evlərə quraşdırılıb. Kommunal xərclərini ailə başçısı ödəyirdi. Son illər kommunal xərclərin artırıldığı səbəbindən maddi çətinliklər yarandığı üçün kommunal xərcləri ayrı-ayrılıqda ödəmək məqsədi ilə 2020-ci ilin avqust ayında Həsən Əliyev küçəsində olan 1 saylı Asan Xidmət Mərkəzinə müraciət etdi ki, yaşayış evlərinin sayğacları ayrılsın. Asan Xidmət tərəfindən tələb olunan sənədlər və onların verdikləri bildiriş əsasında dövlət rüsumunu vaxtında ödəyib. Su və qaz xətləri ayrılmaqla sayğac quraşdırıldı. Lakin işıq xəttinin ayrılması üçün Asan Xidmət əməkdaşları heç bir əsas olmadan yalan bəhanələrlə, yəni Bələdiyyə tərəfindən verilən arayışın nüsxə olması, xəritələrin düzgün çəkilməməsini səbəb göstərməklə məcbur olub iki dəfə bələdiyyə idarəsindən eyni ilə arayış və xəritə alıb təqdim edib və 3-cü dəfə Bələdiyyə idarəsi yenidən xəritə verməkdən imtina etdi. Hətta bir sənədi bələdiyyə sədri ikinci sənəddə isə bələdiyyə sədrinin müavini imza etdiyini bəhanə etdilər. O, 14 ay ərzində təxminən 16 dəfə Asan Xidmətdə olmaqla 7 dəfə şikayətlər və təkliflər jurnalında xahiş və narazılığını bildirib, 5 dəfə Asan Xidmətin rəisi Ü.Mehdiyevin adına ərizə yazıb və onun qəbulunda olmaq məqsədi ilə 3 dəfə müraciət edib, qəbula dəvət etmədilər. Lakin 8 dəfə ərizə ilə müraciətlərinə cavab olaraq qeyd edirlər ki, işin icra olunması Azərişıq ASC-yə tapşırılıb. Azərişıq ASC ona ünvanladığı 6 cavab məktubunda qeyd edilir ki, koordinatlar düz gəlmədiyi üçün iş icra olunmur. Lakin qaz və su sayğaclar quraşdırıldı. Buna baxmayaraq işıq idarəsindən 6 dəfə ayrı-ayrı tarixlərdə və ayrı-ayrı mütəxəssislər onunla telefon əlaqəsi saxlayaraq və o, şəhər evində olmağına baxmayaraq, koronavirus xəstəliyinin olmasını, maddi çətinliyi nəzərə almadan taksi xidmətindən istifadə etməklə onların çağırışına vaxtında gedib, onlarda sayğacın yerini müəyyən etməklə yanaşı, onda olan sənədləri yoxlayıb hətta telefona çəkiblər. 13.10.2021-ci ildə gələn mütəxəssis sənədləri yoxladıqdan sonra deyib ki, Asan Xidmət Dövlət rüsumunu düzgün hesablamayıb, çünki onun torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu üçün dövlət rüsumu 160 manat deyil, 680 manat olmalıdır. Qeyd etdiyi hərəkətlər azmış kimi işıq idarəsindən ona telefonla zəng edib deyiblər ki, bağda olsun, 30 dəqiqədən sonra onlar ora gəlirlər. O məcbur olub taksi xidməti ilə bağ evinə gedir, axşama kimi onları gözləyir, gələn olmur, o həmin nömrəyə zəng edəndə isə ya cavab verilmir, ya da deyilir ki, nömrəni düz yığmır. Onu ən çox narahat edən ona qarşı edilən ədalətsizlik deyil, siravi vətəndaşlara qarşı edilən ögey münasibətdir. O bu ilin oktyabr ayının 24-də Asan Xidmətin işıq şöbəsində oldu və oradakı işçilərinə də öz narazılığını bildirib. Nəhayət oktyabr ayının 29-da işıq idarəsindən mütəxəssislər gəldilər və təxminən 1 saat ərzində iş icra olundu.

3. İddiaçının çoxsaylı müraciətlərinə cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki: - təqdim etdiyi koordinat sənədləri ilə bağ sahənizin yerləşmə ünvanında uyğunsuzluq olduğu üçün müraciətiniz təmin edilməmiş və Sizin tərəfinizdən ödənilən məbləğin geriyə qaytarılması üçün “ASAN xidmət” mərkəzinə müraciət edilmişdir; -ünvana texniki baxış keçirilən zaman evin müraciət zamanı təqdim olunan sənədlərdə qeyd olunan koordinatları (x- 49.83336; y- 40.55113) ilə evin faktiki yerinin koordinantlarının (x- 49.829838; y- 40.552555) üst-üstə düşmədiyi aşkarlanmışdır. Odur ki, evin yerləşdiyi ünvanın faktiki koordinatlarını göstərməklə “ASAN Xidmət" mərkəzinə yeni sənəd təqdim etməyi lazımdır; -Əməkdaşları tərəfindən təqdim etdiyi sənədlərə əsasən ünvanına baxış keçirilən zaman, sözügedən ünvanın fotogörüntüsündə göstərilən koordinatlar ilə bağ sahəsinin yerləşdiyi ünvanın koordinatlarının uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən bağ sahənizin enerji təhizatı şəbəkəsinə qoşulması, ünvanın düzgün koordinatlarının qeyd olunduğu sənəd təqdim edildikdən sonra mümkün olacağı ona bildirilmişdir. Nəzərinizə çatdırılmışdır ki, ilkin müraciət zamanı onun tərəfindən ünvana baxış keçirilmədən qoşulma haqqı məbləği ödənilmişdir. Ödənilən qoşulma haqqı məbləğinin geri qaytarılması mərhələli şəkildə həyata keçirildiyi üçün təqdim etdiyi sənədlər əsasında qısa zaman ərzində məbləğ hesabına köçürüləcəkdir;

4. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən bildirilmişdir ki, Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən, dövlət adından yaradılan publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirir. “ASAN xidmət” və “ASAN Kommunal" mərkəzlərində xidmətlərin dövlət qurumları, idarə, müəssisə və təşkilatlar tərəfindən göstərildiyi nəzərə alınaraq, müraciətinizin xidmətlə bağlı hissəsi baxılması üçün aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir. Eyni zamanda, əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinə müraciətiniz zamanı müşahidə etdiyiniz digər hal ilə bağlı əməkdaş təlimatlandırılmış, vətəndaşlarla diqqətli və nəzakətli davranılması, xidmətin keyfiyyətinin yüksəldilməsi üçün Mərkəz rəhbərliyinə və xidmət prosesində iştirak edən əməkdaşlara müvafiq tapşırıqlar verilmişdir.

5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.12.2021-ci il tarixli qərardadına əsasən (iş nömrə 2(006)-7181/2021) İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “öhdəliyin icrası, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə icraata xitam verilmiş; iddiaçıya izah edilmişdir ki, o, tələblə əlaqədar müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir.

6. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddia tələbinin aydın olmadığı bildirilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, iddia tələbinin dəqiqləşdirilməməsinin onun mümkünsüzlüyünə səbəb olması izah edilmişdir.

7. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iddiaçı iştirak edərək iddia tələbini müdafiə etdi və bildirdi ki, ona hər hansı məbləğdə pul ödənilməsini istəmir, qanunsuz hərəkətlərinə görə "xxxx" ASC-nin əməkdaşları qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə edilməlidirlər.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, iddiaçının çoxsaylı müraciətləri aydın olmadığından müraciətlərinin vaxtında təmin edilməsi mümkün olmamışdır.

II. İddianın mümkünlüyü

9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... ...4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... ...6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... ...16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər...

12. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Bununla bağlı iddiaçıya hüquqi marağını müəyyən etməklə ona uyğun iddianın dəqiqləşdirilməsi ilə bağlı təkrarən hüquqi yardım göstərilməsinə baxmayaraq, iddia tələbi dəqiqləşdirilməmişdir. Məhkəmə iddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının ona mənəvi zərərin ödənilməsi ilə bağlı cavabdeh quruma müraciəti də mövcud deyil. İddiaçının cavabdeh quruma müraciətləri cavabdeh qurumun əməkdaşlarının cəzalandırılması ilə bağlı olmuşdur.

13. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, şəxsin inzibati orqanın əməkdaşları barəsində cərimə edilməsini və ya intizam tənbeh tədbiri tətbiq edilməsini tələb etmək hüququ olmadığı üçün həmin hüququn məhkəmə müdafiəsi yoxdur, iddiaçının müraciətlərinə verilən cavabların forma və məzmunu onun qanunla qorunan hüquqlarına xələl gətirmir, nəticə etibarilə iddiaçının hüquqi müdafiəyə ehtiyacı yoxdur. Müvafiq əsaslar olduqda işçisinin barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi işəgötürənin səlahiyyətidir. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar