Məhkəmə qərarları › İş №2-1(112)-4908/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4908/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4908/2023 15.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması”tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən “1106k” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən ərazidə yerləşən bağ sahələrinin hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığı üçün göstərilən torpaq sahəsinin “1106k” saylı bağ sahəsinə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsinin perimetrik ölçüləri arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağın icarəyə verilməsi haqqında 22945 saylı xx.xx.1999-cu il tarixli müqavilə əsasında qanuni istifadəsinə verilmiş 0,12 ha sahəsi olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1106K nömrəli bağ sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən 1106K saylı bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə bağlanmış 22945 saylı xx.xx.1999-cu il tarixli müqavilə əsasında onun qanuni istifadəsinə ayrılmışdır, fasiləsiz olaraq istifadəsindədir. Hüquqların dövlət qeydiyyatına alınması məqsədilə xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh təşkilata müraciət etmiş, lakin imtina verilmişdir. Bu imtina əsassızdır. Əgər sxematik xəritəyə görə hasarlama işlərinin düzgün aparılmadığını müəyyən etmək mümkün olmuşdursa, düzgün hasarlama işləri aparılmalı sərhədlər müəyyən edilmişdir. Düzgün hasarlama işləri aparılmalı olan sərhədin hansı bağ sahəsinə aid olduğu da sxematik xəritəyə görə aşkar olmalıdır. Bunun ziddinə olaraq, göstərilən torpaq sahəsinin "1106k” saylı bağ sahəsinə aid olub-olmadığını müəyyən etməyin mümkün olmadığı bildirilir. Sahənin "1106k” saylı bağ sahəsinə aid olub-olmadığını müəyyən etmək mümkün deyilsə, cavabdeh sərhədi hansı parametrlərlə müəyyən etmişdir? Bu məqamlardan aydın olur ki, cavabdeh təşkilat daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasından imtina edilməsi məqsədilə yalnız əsassız bəhanələr gətirir və sadaladığı səbəblərin birbirini təkzib etməsini belə nəzərə almır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən ərazidə yerləşən bağ sahələrinin hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığı üçün göstərilən torpaq sahəsinin “1106k” saylı bağ sahəsinə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsinin perimetrik ölçüləri arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********48 saylı cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - 396425 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 və X4 xx.xx.1993-cü ildə nikah bağlamış, nikahdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir. - Novxanıdakı 1106k nömrəli bağ barədə arayışdan görünür ki, 0,12 ha torpaq sahəsi olan bu bağ birliyin sərbəst fondundadır. X4 xahiş edir ki, uzun müddət istifadə etdikləri həmin bağ sahəsini onun adına təhkim etsinlər. 1106k nömrəli bağdan istifadə edilir. S.C.Şərifovanın bu bağdan uzun müddət istifadə etməsini bağ qonşuları və sahə mühəndisləri tərtib etdikləri sənədlərdə təsdiq edirlər. Novxanıdakı 1106k nömrəli bağın S.C.Şərifova yoldaşın adına təhkim edilməsindən ötrü sənədlər Bakı şəhər İcra hakimiyyəti aparatının komissiyasında baxılmasına göndərilir. - Həmin arayışa 1106k saylı bağ sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, vətəndaşlara bağ sahəsi ayrılması barədə” xx.xx.1999-cu il tarixli 919 nömrəli sərəncamından çıxarışdan görünür ki, vətəndaşların adlarına aşağıdakı bağ sahələri sənədləşdirilmişdir: 1.58. Novxanıdakı 1106k nömrəli bağ - X3. - Bağın icarəyə verilməsi haqqında 22945 nömrəli xx.xx.1999-cu il tarixli müqavilədən görünür ki, Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1999cu il tarixli 919 saylı Sərəncamı əsasında Novxanı qəsəbəsində 0,12 ha sahəsi olan 1106k saylı bağ sahəsi X2 icarəsinə verilmiş, müqavilənin müddəti xx.xx.2009-cu il tarixədək müəyyən edilmişdir. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, sahəsi 0,12 ha olan 1106k saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ona ayrılmasına dair sərəncam və icarə müqaviləsini təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 1106k saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, İcarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar Bağlar təsərrüfatının inkişafı və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Həmin Əsasnamənin 4-cü hissəsinə əsasən rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı şəhər İcra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0, 12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adına təhkim edilir. İşin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, 1106k saylı bağ sahəsi iddiaçının istifadəsində olmuş, iddiaçı bağ sahəsinin ona verilməsi ilə bağlı müraciət etmiş, həmin müraciətə Bakı şəhər İcra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılaraq 1106k saylı bağ sahəsinin ona ayrılması barədə sərəncam qəbul edilmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlər mötəbər olmuşdur və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyinə deyil, bağ sahəsinin yerləşmə yerinə istinad etmişdir. Belə ki, cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilən torpaq sahəsinin “1106k” saylı bağ sahəsinə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmadığını və torpaq sahəsinin perimetrik ölçülərinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyini göstərmişdir. Eyni zamanda daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, göstərilən sahə 3 tərəfi hasar olan ümumi sahədən (2 tərəfinə) beton bloklar düzülərək ayrılmışdır (ayrılmış 1262.kv.metr sahənin 2 tərəfi hasar, 2 tərəfinə beton blok düzülərək sərhədlənmişdir). Sahədə tikili yoxdur. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və ölçüləri arxiv cizgisində göstəriləndən fərqlidir. Göründüyü kimi, cavabdeh iddiaçının naturada göstərdiyi bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini göstərsə də, ilk əvvəl həmin ərazidə hasarlama işlərinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığı üçün göstərilən torpaq sahəsinin “1106k” saylı bağ sahəsinə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmadığını bildirmiş, daha sonra isə xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan hissədə sxematik xəritədə bağ nömrəsi göstərilməmişdir. Sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Arxiv cizgisində göstərilən sahənin sözügedən sahə olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin digər fiziki şəxsin müraciəti yoxdur. Məhkəmə qeyd edir ki, İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırda cavabdeh iddiaçının hüququnu qeydiyyata almaqdan imtina edərkən sxematik xəritə ilə uyğunsuzluğa istinad etsə də, iddiaçının göstərdiyi torpaq sahəsinin “1106k” saylı bağ sahəsinə aid olub-olmadığını müəyyənləşdirə bilməmişdir. Bu isə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin “1106k” saylı bağ sahəsinə uyğun gəlmədiyini demək üçün əsas olduğu qədər, həm də uyğun gəldiyini demək üçün əsasdır. Yəni konkret halda iddiaçı istifadəsində olan torpaq sahəsinin 1106k saylı bağ sahəsinə uyğun gəldiyin iddia edir, cavabdeh isə üzərinə düşən vəzifəni, yəni bu halın əksini sübuta yetirə bilmir. Həmçinin cavabdehin təqdim etdiyi 1106k saylı bağ sahəsinin yerini müəyyən etməyə imkan verən sənədlər bir-biri ilə ziddiyyətlidir. Belə ki, işdə olan 1106k saylı bağ sahəsinin yerləşmə cizgisində onun 1106j və 1106q saylı bağ sahələri ilə qonşu olduğu göstərilsə də, sxematik xəritədə 1106 k saylı bağ sahəsinin 1113e, 1106p və 1106r saylı bağ sahələri ilə qonşu olduğu göstərilmişdir. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, ancaq bir-biri ilə ziddiyyətli sənədlərə əsasən iddiaçının naturada göstərdiyi bağ sahəsinin sxematik xəritəyə uyğunsuzluq təşkil etməsinə istinad edilərək şəxsin qanunla yaranan hüququnun qeydə alınmasından imtina edilməsi mövcud qanunvericiliyə uyğun hesab edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququna qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı faktiki istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ masivində yerləşən sahəsi 0,12 ha olan “1106k” saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar