Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4909/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokuroruna qarşı “cavabdehin hərəkətsizliyindən müdafiə” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokuroruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən maliyyə fırıldağları edilməsinə dair məlumatlandırılmasına baxmayaraq cavabdehin hərəkətsizliyinin qanuna zidd əməl hesab edərək hüquqlarının müdafiə olunması və cavabdehin hərəkətsizliyinə son qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq, iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iş üzrə məhkəmə iclasında mümkünlük məsələsinin araşdırılacağını bildirmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evinin ölçüsünə uyğun olaraq “Ağ şəhər” layihəsində mənzillə təmin olunmağına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il taarixli, 2-1(82)-4290/2017 saylı qərardadı ilə onun “mənzillə təmin olunma tələbinə dair” iddiası mümkün sayılmamışdır. Həmçinin, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(103)-2644/2017 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il taarixli, 2-1(82)-4290/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-1(102)-2478/2017 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Eləcə də, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti tərəfindən dağıdılmış əmlakın əvəzi olaraq 240.000 manat ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-1773/2018 saylı qərarı ilə İddiaçı iddiası təmin edilməmiş, həmin qərardaddan İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti də, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-2457/2018 saylı qərarı ilə təmin edilməmişdir. Həmçinin, Xətai rayon İcra Hakimiyyətinin rayon prokurorluğuna daxil olmuş xx.xx.2019-cu il tarixli, 1558 nömrəli məktubunda göstərilmişdir ki, ərizəçi İddiaçı qeyd edilən özbaşına tikilmiş təmirsiz və şəraitsiz vəziyyətdə olan 53.4 kv.m yaşayış sahəsi üçün 53.400 manat, eyni zamanda 28.37 kv.m tikili olan köməkçi sahə üçün 24.277 manat 50 qəpik (cəmi 76.677 manat 50 qəpik) hesablanmaqla komissiya tərəfindən razılaşma aktı tərtib edilərək qeyd olunan pul vəsaiti 14 saylı notariat kontorunun “xxxxxxxxx” ASC-nin 5 saylı şöbəsində olan İddiaçı depozit hesabına köçürülmüşdür. Ərizəçi, ona məxsus qeyri-yaşayış sahəsi ilə bağlı Turşu küçəsi, 12 ünvanındaki yaşayış binasının yarım zirzəmisində 40.1 kv.m əsas sahəsi olan istifadəsiz qeyri-yaşayış sahəsinə 33.0 kv.m sahəsi olan əlavə yardımçı tikiliyə görə hesablanmış 64.850 manat məbləğində kompensasiya ilə razılaşaraq komissiyanın tərtib etdiyi razılaşma aktını imzalamış və həmin məbləği “xxxxxxxxxxx” ASC-nin Xətai filialından qəbul etmişdir. Ərizəçinin qeyd etdiyi X1 verilməsi ilə bağlı isə bildirilmişdir ki, Səfa Məmmədova məxsus özbaşına tikilmiş yaşayış evi də köçürülmə zonasına düşmüş və yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən yaşayış sahəsi 191.5 kv.m üçün 191500 manat, köməkçi sahəsi 48.7 kv.m olan sahəsinə isə 36525 manat ödənilməklə Bakı şəhəri 14 saylı Notariat kontoru tərəfində təsdiq edilən alqı-satqı müqaviləsi əsasında köçürülmüşdür. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai rayon prokurorluğu tərəfindən İddiaçı onun tərəfindən verilmiş şikayətin mülki xarakter daşıdığı bildirilməklə məhkəməyə şikayət etmək hüququnun olması barədə yazılı izah verilmişdir. Həmçinin bildirilir ki, İddiaçı Baş Prokurorluğuna daxil olmuş “Ağ şəhər” layihəsinin inşası ilə əlaqədar olaraq ona məxsus dair qeyri-yaşayış sahəsinin və fərdi yaşayış evinin sökülməsi, bunun qarşılığında kifayət qədər kompensasiya ala bilməməsi barədə çoxsaylı şikayət ərizələrinə baxılmış, ona Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanununda nəzərdə tutulmuş qaydada və müddətlərdə, onun tərəfindən verilmiş şikayətlərin mülki xarakter daşıdığı bildirilməklə məhkəməyə müraciət etmək hüququnun olmasə barədə yazılı izahlar verilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən və iddia ərizəsinin məzmunundan görünür ki, hazırki iddia tələbi ilə iddiaçı Azərbaycan Respublikasının Baş Prokuroruna qarşı iddia qaldırmışdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsində göstərilmiş Azərbaycan Respublikasının Baş Prokuroru inzibati orqan deyildir. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh Azərbaycan Respublikasının Baş Prokuroru inzibati orqan kimi müəyyən olunmamışdır. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokuroru inzibati orqan olmadığını və tərəflər arasında inzibati hüquqi münasibətdən irəli gələn mübahisənin olmadığını nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə inzibati icraat qaydasında baxıla bilməz. Həmçinin, Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 122.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə, cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokuroruna qarşı “cavabdehin hərəkətsizliyindən müdafiə” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4909/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4909/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver