Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4909/2021 16.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Xidməti və Cavabdeh2 Məhəmmməd oğluna qarşı “icarə müqaviləsinin ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Xidməti və Cavabdeh2 Məhəmmməd oğluna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixli 397/11231 saylı icarə müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası xx xxxxx 2021ci il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək hazırki mübahisənin inzibati mübahisə olduğunu, mübahisəyə inzibati məhkəmə icraatında baxılaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Məhəmmməd oğlu iddianın mümkünlük məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh X2 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdeh X2 Xidmətinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş “İcarəyəverən” adlandırılacaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinin rəsi müavini E.Yusubovun şəxsində bir tərəfdən və digər tərəfdən bundan sonra “İcarəçi” adlandırılacaq Cavabdeh2 arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli, 397/11231 saylı icarə müqaviləsinə görə “İcarəyə verən” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Xidməti ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 256.8 kv.m. təşkil edən Azərbaycan Respublikası Təhsil Nazirliyi, İddiaçı balansında olan qeyri-yaşayış sahəsini “İcarəçi”nin müddətli istifadəsinə verir. Hazırki iddia tələbi üzrə iddiaçı Azərbaycan Dövət Neft və Sənaye Universiteti həmin qeyri-yaşayış sahəsinin balansaxlayıcısı olduğunu və adı çəkilən icarə müqaviləsinin onun razılığını almadan bağlanıldığını əsas gətirərək müqavilənin ləğv edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə ilk öncə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, xx xxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (bənd 3.1). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (bənd 5.1). Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır (bənd 5.2). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli 10 nömrəli Qərarının 23-cü bəndində göstərilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Həmin Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. “İcarə haqqında” Qanunun 1-ci maddəsinə görə icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən icarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Həmin Qanunun 3-cü maddəsinə əsasən icarəyə xalq təsərrüfatının bütün sahələrində yol verilir və o, mülkiyyətin bütün formalarının və növlərinin əmlakı barəsində tətbiq edilə bilər. Həmin Qanunun 7.1-ci maddəsinə görə icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər Göründüyü kimi hazırki iş üzrə mübahisə predmeti olan icarə müqaviləsi üzrə tərəflərdən biri dövlət hakimiyyəti orqanı olsa da mübahisə bilavasitə müqavilə münasibətlərindən yaranan mülki hüquq xarakterlidir. Belə ki, müqavilə tərəfi olan X2 Xidməti dövlət əmlakının idarəedicisi kimi daşınmaz dövlət əmlakını icarəyə vermiş, müqavilə üzrə tərəflər mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilə azadlığı prinsiplərinə uyğun olaraq mülki münasibətlərin iştirakçıları olmuşlar. X2 Xidməti icarə müqaviləsi üzrə bilavasitə hakimiyyət səlahiyyətini tətbiq edən inzibati orqan statusunda deyil, mülki dövriyyənin bərabər hüquqlu subyekti statusunda çıxış etmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisə publik hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır.(Qərar 15.2-ci bənd) Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərar 15.3-cü bənd) Qeyd edilənlərə əsasən məhkəmə iddianın məhkəmə aidiyyatı üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçının hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Xidməti və Cavabdeh2 Məhəmmməd oğluna qarşı “icarə müqaviləsinin ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi,540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4909/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4909/2021
16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver