Məhkəmə qərarları › İş №2-1(112)-491/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-491/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-491/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əmək pensiyasının yenidən hesablanması və əmək haqqının 85%-nin ona pensiya olaraq təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ilə qədər 33 il, 2006-2017-ci illərdə 11 il işləmişdir. Cəmi 43 il işləmişdir. Bütün bu illər ərzində Kasparda və Neft İdarəsində işləmiş və həmişə gəmilərdə olmuşdur. 43 ilin 2 ili hərbi xidmət ilə bağlı olub, 41 il isə Neft İdarəsində gəmidə çalışması ilə bağlı olmuşdur. Beləliklə, bütün bu illər ərzində iddiaçı zərərli işdə işləmişdir. 2009-cu ildə, daha dəqiq desək 57 yaşı tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, iddiaçıya cəmi 150 manat məbləğində pensiya təyin edilmişdir. Halbuki, iddiaçı pensiya 85%-lə verilməli idi. İddiaçı hesab edir ki, onun pensiyası yenidən hesablanmalı və zərərli işə görə əmək haqqı 85%-i verilməlidir. Qeyd olunanlarla bağlı iddiaçı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciəti üzrə cavab verməmişdir. Bu səbəblə iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi güzəştli şərtlərlə pensiyanın əməkhaqqına əsasən hesablanması xx.xx.2010-cu il tarixədək pensiyaya çıxmış şəxslərə şamil olunur. Həmin tarixdən sonra pensiyaya çıxmış şəxslərə isə yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı pensiya işinə dair sənədlərə əsasən ona Fondun Suraxanı rayon şöbəsi tərəfindən 24 fevral 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məlum olduğu kimi, həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən əmək pensiyaları respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqı əsasında hesablanırdı. Yəni, qeyd edilən dövrdə sığorta stajına görə əmək pensiyasının hesablanması qaydası mövcud deyildi. "Əmək pensiyaları haqqında" Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyasının məbləği hal hazırda xx.xx.2024-cü il tarixindən 634,52 manat təşkil edir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AZE № 00****** seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. -DSMF Suraxanı rayon Şöbəsinin xx.xx.2011-ci il tarixli, 33 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. -“Azərbaycan X3” QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13-3/3-9-58/2024 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.2005-ci ildən (xx.xx.2005-ci il tarixli 27/k nömrəli əmr) xx.xx.2016-cı ilə kimi (xx.xx.2016-cı il tarixli 5/k nömrəli əmr) Azərbaycan Dövlət X3nin tərkibində olan X4 İdarəsinin “Abşeronskaya-4”, “Smeley”, “Mühəndis B.Məmmədov”, “Mühəndis X.Muradov”, “Narva", “Bakinskaya-3”, “Abşeronskaya-8”, “Cəsur” gəmilərində böyük mexanik-kapitan, 2-ci mexanik, 3-cü mexanik, 4-cü mexanik, kapitanın 2-ci köməkçisi, kapitanın böyük köməkçisi, növbə köməkçisi, 16.01,2016-cı ildən (xx.xx.2016-cı il tarixli 59/k nömrəli əmr) xx.xx.2016-cı ilə kimi (xx.xx.2016-cı il tarixli 851- k nömrəli əmr) Azərbaycan Dövlət X3nin “Mühəndis X.Muradov” gəmisində bagermeyster vəzifəsində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə aiddir və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. İddiaçı gəmiçilikdə üzən heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 10 il 05 ay 16 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.2 bəndinin (dəniz və çay donanması) “b” (üzən heyət) yarımbəndinə (dəniz donanmasının gəmi heyəti) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X3 Azərbaycan Dövlət X3 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X3nin və X5 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X3” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. -“Azərbaycan X3” QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13-3/3-9-59/2024 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.2005-ci ildən (xx.xx.2005-ci il tarixli 27/k nömrəli əmr) xx.xx.2016-cı ilə kimi (xx.xx.2016-cı il tarixli 5/k nömrəli əmr) Azərbaycan Dövlət X3nin tərkibində olan X4 İdarəsinin “Abşeronskaya-4”, “Smeley”, “Mühəndis B.Məmmədov”, “Mühəndis X.Muradov”, “Narva”, “Bakinskaya-3”, “Abşeronskaya-8”, “Cəsur” gəmilərində böyük mexanik-kapitan, 2-ci mexanik, 3-cü mexanik, 4-cü mexanik, kapitanın 2-ci köməkçisi, kapitanın böyük köməkçisi, növbə köməkçisi, xx.xx.2016-cı ildən (xx.xx.2016-cı il tarixli 59/k nömrəli əmr) xx.xx.2016-cı ilə kimi (xx.xx.2016-cı il tarixli 851- k nömrəli əmr) Azərbaycan Dövlət X3nin “Mühəndis X.Muradov” gəmisində bagermeyster vəzifəsində işləmişdir. Onun 2005-ci il üzrə orta aylıq əmək haqqısı (2.406.200 manat – iyul –dekabr ayları); 2006-2009-cü illər üzrə 15.374,91 manat; 2010-2015-ci illər üzrə 35.303,16 manat təşkil etmişdir. -xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-87044/2024 nömrəli xidməti məktubdan görünür ki, xx.xx.2006-cı il tarixindən sonra “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri əsasında əmək pensiyası əmək haqqı əsasında müəyyən edilərkən həmin Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixindən əvvəlki əmək pensiyasının axırıncı 24 ayına (2004-2005-ci illər) və ya əmək fəaliyyətinin 01 yanvar 2006-cı il tarixdən əvvəlki hər hansı ardıcıl gələn 60 ayına aid orta aylıq əmək haqqı əsasında hesablanması nəzərdə tutulmuşdur. “Vətəndaşlarin pensiya təminatı haqqında” Qanunun 72-ci maddəsinin 2-ci hissəsi (Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir) adıçəkilən şəxsin pensiyasının hesablanması zamanı tətbiq edilə bilməz. Çünki İddiaçı 2006-cı ildən öncə 24 aydan çox 33 il 23 gün ümumi iş stajı var. Beləliklə, iddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı təyin olunan pensiya məbləği ilə narazı olmuş və əmək pensiyasının əmək haqqının 85 % olmaqla yenidən hesablanmasına nail olmaq istəmişdir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciəti üzrə rəsmi cavab verməmiş, məhkəmə icraatı zamanı iddiaçının tələbinin təmin edilməsinin mümkünsüz edən əsasları bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 17. Yaşa görə pensiyaların məbləği Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu müddəalar şamil edilir. Maddə 72. Orta aylıq əmək haqqının müəyyən edilməsi Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanundan: -9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -27. Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması (ilkin redaksiyada). 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 27.2. Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli Qanunu ilə 27.2-ci maddədə «müəyyən edilir» sözlərindən sonra «və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir» sözləri əlavə edilmişdir (2007-ci il 1 yanvar tarixdən qüvvəyə minmişdir); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 2009-cu il 27 oktyabr tarixli Qanunla 27-ci maddə aşağıdakı redaksiyada verilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. (Bu Qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minir). 2011-ci il 17 may tarixli Qanunla 27-ci maddə aşağıdakı redaksiyada verilmişdir: 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 27.2. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. 27.3. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür.” 2017-ci il 10 mart tarixli Qanunla 27-ci maddənin adında "Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri "Qazanılmış” sözü ilə əvəz edilmiş, 27.1-ci maddənin birinci cümləsində "Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri "Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində "170” rəqəmi "306” rəqəmi ilə əvəz edilmiş və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilmişdir: “Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır”; Həmin Qanunla 27.2-ci və 27.3-cü maddələr ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2009-cu il tarixdən təyin olunduğundan, ona təyin edilmiş pensiyanın yenidən hesablanması tələbi “Əmək pensiyaları haqqında“ Qanunun 27.2-ci maddəsinin həmin tarixdə qüvvədə olan redaksiyası nəzərə alınmaqla baxılır. Həmin Qanunun 27.2-ci maddəsinin o tarixdə qüvvədə olmuş redaksiyasına əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci və 71-ci maddəsinə görə, pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının tələbi və hüquqi marağı ona artıq təyin olunmuş əmək pensiyasının konkret illər (pensiya təyin olunan müddətdən əvvəl) üzrə əmək haqqına əsasən yenidən hesablanmasına nail olmaqdan ibarətdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 17-ci və 71-ci maddələrin tətbiqi üçün vətəndaş ya xx.xx.2006-cı il tarixindən əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına (2004-2005) və ya əmək fəaliyyətinin 01 yanvar 2006-cı il tarixdən əvvəlki hər hansı ardıcıl gələn 60 ayına aid orta aylıq əmək haqqı əsasında hesablanmanın aparılmasını tələb edə bilər. Hər bir halda əgər şəxs axırıncı 24 ayına dair hesablamanın aparılmasını arzulayırsa bu zaman, o, ardıcıl gələn 24 ayının əmək haqqı cədvəllərini təqdim etməlidir. Beləliklə istənilən halda ya axırıncı 24 ayın və ya istənilən ardıcıl 60 ayının əmək haqqı cədvəlləri təqdim edildikdə pensiya orta aylıq əmək haqqının 85 % ilə hesablanır. Lakin hazırki işin araşdırılan hallarından görünür ki, iddiaçının təqdim etdiyi əmək haqqı cədvəlləri 2005-ci ilin iyul ayından sonraki dövrləri (2005-ci ilin iyul ayından 2009-cu ilin fevral ayına kimi) əhatə edir ki, bu hal axırıncı 24 ayı və ya hər hansı ardıcıl gələn 60 ayı tamamlamır. Məhkəmə eyni zamanda onu da bildirir ki, hazırki vəziyyətdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 72-ci maddəsinin 2-ci abzasının da iddiaçıya tətbiqi istisna olunur. Çünki, normanın məzmununa görə pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. Lakin hazırki halda iddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı 33 il 23 gün (mübahisələndirilməyən) olduğundan, həmin norma iddiaçıya tətbiq edilə bilməz. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqının 85 % müəyyən edilməklə hesablanmasını tələb etmək hüququ yaranmamışdır. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar