Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4912/2020 29.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «hərbi xidmətlə bağlı elektron arayışın verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «hərbi xidmətlə bağlı elektron arayışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxx 2020-ci il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzinə ümumvətəndaş pasportunun əldə edilməsi üçün müraciət etmişdir. Müraciət edərkən o, hərbi bileti təqdim etmədiyindən, Xidmətin “Hərbi qeydiyyatlar” bölməsinə müraciət edərək hərbi xidmət keçməsi barədə elektron arayış verilməsini xahiş etmişdir. Lakin qaldırılan məsələnin həllindən imtina olunmuşdur. Gəncə “ASAN Xidmət” mərkəzinin Hərbi qeydiyyatlar bölməsində vətəndaşlara xidmət göstərən şəxs ona hərbi xidmət keçməsi barədə elektron arayış verməmişdir. Daha sonra o, Gəncə “ASAN Xidmət” mərkəzinin daxilindəki kompyuterin və digər qurğuların köməyi ilə Elektron Hökumət sistemindən onun hərbi xidmət keçməsi barədə arayış alınaraq, həmin arayış notarial qaydada təsdiqləndikdən sonra həmin arayışla Gəncə “ASAN Xidmət” mərkəzinin ümumvətəndaş pasportlarının verilməsi bölməsinə müraciət etmişdir. Onun müraciəti qəbul olunmuşdur. O, Gəncə “ASAN Xidmət” mərkəzinin Hərbi qeydiyyat bölməsinin ona hərbi xidmət keçməsi barədə arayış vermədiyi üçün Gəncə “ASAN Xidmət” mərkəzinin rəhbərliyinə və daha sonra AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Müraciətlə bağlı Gəncə “ASAN Xidmət” mərkəzi bu məsələnin həmin quruma aidiyyəti olmadığını bildirmişdir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin onun hərbi xidmət keçməsi barədə elektron arayış verilməsindən imtinasının qanunsuz sayılmasına dair qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsinin məhkəməyə təqdim edilmiş yazılı münasibətində (etirazında) İPM-in 1.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2ci maddəsinə istinad olunaraq aşağıdakılar bildirilmişdir: - “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2012-ci il tarixli 706 nömrəli Fərmanında xx xxxxxxx 2018-ci il tarixdə 313 nömrəli Fərmanla dəyişiklik edilərək “ASAN Xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı hərbi qeydiyyatla bağlı aşağıda qeyd xidmətlərin həyata keçirilməsinin təmin edilməsi tapşırılmışdır: yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda şağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması, vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın verilməsi, vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə dair arayışın verilməsi, həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi, vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsi. Xidmət tərəfindən Fərmanda qeyd olunmuş tapşırıqlar icra olunmuş və “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşlar tərəfindən vətəndaşlara xidmətlər göstərirlər. “ASAN Xidmət”in rəsmi internet saytında ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi həyata keçirilərkən zəruri olan sənədlərin siyahısında “18 – 35 yaş hədlərində hərbi vəzifədən azad edilmə barədə hərbi biletin surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə)”nin olması qeyd edilmişdir. Belə ki, ümumvətəndaş pasportunun əldə olunması üçün Gəncə “ASAN Xidmət” mərkəzinə iddiaçı müraciət etdiyi zaman mərkəzdə fəaliyyət göstərən Xidmətin nümayəndəsi tərəfindən ümumvətəndaş pasportlarının verilməsinin və dəyişdirilməsinin yalnız hərbi qeydiyyat sənədi əsasında aparılmasını əsas gətirərək müraciətinə imtina verilmişdir. Vətəndaşlar “həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında arayış”ı AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər. Bundan başqa, vətəndaşlar he bir yerə getmədən həmin arayışı “online” qaydada elektron hökumət portalından əldə edə bilərlər. İddia ərizəsində göstərilmişdir ki, hərbi xidmətkeçmə haqqında arayışı e-gov.az portalından əldə etmişdir. Belə olan halda, iddiaçı həmin arayışı elektron qaydada əldə etdiyindən, hazırkı iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə və İPM-in 58.7, 67.3, 68.2-ci maddələrinə əsaslanaraq, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 593 nömrəli xx xxxxxx 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Məhkəmə qeyd edir ki, formalaşmış inzibati praktikaya görə iddiaçının qaldırdığı məsələ, yəni hərbi xidmət keçməsi barədə elektron arayışın verilməsi müvafiq elektron vasitələrlə (portal vasitəsilə) mümkündür, eləcə də onun həm də yazılı formada özünə aid müvafiq məsələlər üzrə müraciətlərinin cavablandırılması AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin deyil, Xidmətin yerli qurumlarının səlahiyyətindədir. Belə olan halda, məhkəmənin qənaətinə görə qaldırılan məsələ ilə bağlı cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumuna müraciəti olmadığından (bu barədə iddia ərizəsində bildirilməmişdir), İPM-in 13-cü maddəsi baxımından cavabdehin dəyişdirilməsi ilə bağlı ona tövsiyə verilməsi məqsədəuyğun deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4912/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4912/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver