Məhkəmə qərarları › İş №2-1(112)-4912/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4912/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4912/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan pensiyanın təyin olunması, 2022-ci ilin avqust ayından əvvəlki üç ilə qədər verilməmiş pensiyanın hesablanması, 57 yaşdan bu günə qədər əmək fəaliyyətini davam etdirməyinə görə şəxsi hesabında yığılmış sığorta kapitalı nəzərə alınmaqla veriləcək pensiyasının yenidən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 57 yaşdan pensiyanın təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə anadan olmuşdur. 1976-1978-ci illərdə Sovet ordu sıralarında xidmət etmiş, xx.xx.1978-ci il tarixdən Azərbaycan Respublikası Tikinti Sənaye Nazirliyinin nəzdində olan 4 saylı MASsın 43 saylı Tikinti İdarəsində (SU 43) dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1982-ci il tarixdə Bakı baş tikinti idarəsinə dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru vəzifəsində işə başlamış, xx.xx.1987-ci il tarixdən iş icraçısı (sahə üzrə baş usta) vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə quraşdırıcı sahənin prorabı vəzifəsinə keçirilmiş və həmin vəzifədə xx.xx.2008-ci il tarixinədək davam etdirmişdir. xx.xx.2008-xx.xx.2010-cu il tarixlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin işində satıcı vəzifəsində işləmiş, xx.xx.2010-cu il tarixdən bu günə kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçının 05 yanvar 2015-ci il tarixdə onun 57 yaşı tamam olmuşdur. 2022-ci ilin avqust ayında o, xüsusi şərtlərlə pensiyaya çıxmaq üçün DOST xidmətinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 18 oktyabr 2022-ci il tarixdə ona imtina məktubu verilmişdir. İmtinada əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə istinad olunaraq 12 il 6 ay ağır və zərərli işlərdə işləməyi və ümumi olaraq 25 il sığorta stajının olması tələb olunduğu göstərilərək onun həmin stajın toplamadığı qeyd olunmuşdur. Cavabdehin ona xüsusi şərtlərlə pensiyanın təyin edilməsində imtinası tamamilə əsassızdır. Belə ki, əmək kitabçasında onun əvvəlki işlərdə yəni, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək Xüsusi quraşdırma trestində (SU 43) dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sadəcə su basma nəticəsində idarənin arxivə verdiyi sənədlər məhv olunmuşdur. Bu səbəbdən ona verilmiş arxiv ayrayışında xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək olmuş əmək fəaliyyəti əks olunmamışdır. Eyni zamanda Arxiv arayışında xx.xx.1982-ci il tarixdən işləməyi barədə arxivə təhvil verilmiş illər və aylar üzrə hesabatların (xx.xx.1982xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1992-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1994-cü il, xx.xx.1984-xx.xx.1994-cü il) olması qeyd olunsa da həmin dövrlər arasındakı aylar (xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1994xx.xx.1994-cü il), xx.xx.1994-xx.xx.2008-ci il üzrə isə dövrü üçün məlumatların ümumiyyətlə qeyd olmadığını görmək olar. Arxiv arayışında xx.xx.1994-cü il tarixinədək aylar arasındakı qeyd olunmayan tarixlər, o tarixlər ki, əmək kitabçasında müddəti kəsilməyən iş kimi göstərilmişdir 1 il təşkil edir. Əlavə olaraq xx.xx.1994-xx.xx.2008-ci il üçün əmək kitabçasında qeyd olunan əmək faliyyəti isə 14 ildir. Arxivdə həmin dövrə dair məlumatın olmaması qeyd olunan illərdə onun ağır və zərərli işlərdə işləməməyi anlamına gəlmir ki, buna görə o, xüsusi şərtlərlə 57 yaşdan pensiyaya çıxmaq hüququndan məhrum edilməməlidir. Həmçinin qeyd etmişdir ki, 57 yaşı tamam olduğu vaxtdan o, əmək fəaliyyətini davam etdirir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, qanunun normalarına əsasən iddiaçıya münasibətdə minimum 12 il 06 ay güzəştli iş stajı, azı 25 il ümumi iş stajı tələb olunur. Cavabdeh orqanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməkdən imtinasının səbəbi iddiaçının qanunvericiliklə tələb olunan yetərli güzəştli iş stajına malik olmamasıdır. Cavabdeh orqana təqdim edilən sənədlərdə xx.xx.1982- xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində BBTİ 2 saylı Ev Tikmə kombinatında iddiaçının beton məmulatları quraşdırıcısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya dair 26 iyul 2019-cu il tarixli V-325 nömrəli arayışında 1990-cı ilin fevral ayı, 1991-ci ilin may və avqust ayları, 1992-ci ilin avqust, oktyabr, noyabr ayları, 1994-cü ilin avqust, oktyabr, noyabr, dekabr ayları və 1995-2000-ci illər üzrə arxiv sənədlərinin əmək haqqı cədvəllərində iddiaçının əmək haqqı almağı barədə heç bir məlumat olmadığı qeyd edilmişdir. Bundan başqa, cavabdeh orqan tərəfindən aparılan araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Göstərilən səbəblərdən də iddiaçıya əməkhaqqının ödənilməyən və məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi, iddiaçının işləmədiyi müddətləri iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 21 gün (xx.xx.1982-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991 -xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qanunvericiliyin tələbinə görə həm xx.xx.2006-cı il tarixədək, həm xx.xx.2006-cı il tarixdən sonra yalnız məcburi dövlət sosial sığorta haqları ödənilmiş dövrlər sosial sığorta stajına daxil edilir. Bu məsələnin tənzimlənməsi nəinki qanunvericiliyin tələblərindən, eləcə də formalaşmış məhkəmə təcrübəsindən irəli gəlir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun çıxış edərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1958-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin 18 oktyabr 2022-ci il tarixli və 30 noyabr 2023-cü il tarixli imtina məktublarında etirazda göstərilən əsaslar qeyd edilmişdir. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan Respublikası Tikinti Sənaye Nazirliyinin nəzdində olan 4 saylı MAS-ın 43 saylı Tikinti İdarəsində (SU 43) dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək BBTİ 2 saylı Ev tikmə kombinatında dəmir-beton məmulatlarının quraşdırıcıkonstruktoru, xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək həmin kombinatda quraşdırıcı sahənin tikinti ustası, xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək həmin kombinatda quraşdırıcı sahənin iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək sahibkar X2 mağazasında baş inzibatçı vəzifəsində işləmişdir. xx.xx.2010-cu il tarixdən hal-hazıradək fərdi sahibkar kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 avqust 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti, X1 Birliyi”nin 2 saylı Evtikmə Kombinatı xx.xx.2008-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, xx.xx.2013-cü ildə səhmləri 100% özəlləşdirilmişdir. Cəmiyyətin emissiya prospektində İddiaçı xx.xx.1982-ci il tarixdən iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, həqiqətən BBTİ 2 saylı Ev Tikmə kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında İddiaçı xx.xx.1982-ci il tarixli, 269-sk saylı əmrlə xx.xx.1982ci il tarixdən 3-cü dərəcəli dəmir beton məmulatları quraşdırıcısı vəzifəsinə işə qəbul olunması və 1990, 1991, 1992, 1993, 1994-cü illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. 1995- 2000-ci illərə dair arxiv sənədlərinin əmək haqqı cədvəllərində əmək haqqı alması barədə heç bir məlumat yoxdur. Həmin dövrlər üçün tərtib olunmuş əmək haqqı cədvəlindən görünür ki, iddiaçı 1990-cı ildə 11 ay, 1991-ci ildə 10 ay, 1992-ci ildə 9 ay, 1993-cü ildə 12 ay, 1994-cü ildə 8 ay işləmişdir. BBTİ 2 saylı Ev Tikmə kombinatının 2000-ci ildən sonrakı dövr üçün arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 24 may 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı Baş Tikinti İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə ləğv edilərək, tabeliyində fəaliyyət göstərən bütün trest, müəssisə və təşkilatlarla birgə yeni yaradılan Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyinə verilmişdir. Sonradan, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) xx.xx.2003-cü il tarixli, 001117 saylı şəhadətnaməsinə əsasən, Bakı Tikinti və Şəhərin İnkişafı İdarəsi (Departamenti) özəlləşdirildiyindən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxarılmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona 57 yaşdan pensiyanın təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Göründüyü kimi iddiaçı onun 57 yaşının tamam olduğu xx.xx.2015-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasında kişilər üçün güzəştli şərtlərlə pensiya yaşı 57 yaş müəyyən edilmişdir. Belə olan halda iddiaçıya xx.xx.2015-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün o, həmin tarixədək 25 il ümumi, 12 il 06 ay güzəştli stajı toplamalıdır. Cavabdehin etirazının əsası ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi sənədlərdə onun xx.xx.1982-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində BBTİ 2 saylı Ev Tikmə kombinatında iddiaçının beton məmulatları quraşdırıcısı vəzifəsində işlədiyi qeyd edilsə də, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya dair arayışında 1990-cı ilin fevral ayı, 1991-ci ilin may və avqust ayları, 1992-ci ilin avqust, oktyabr, noyabr ayları, 1994-cü ilin avqust, oktyabr, noyabr, dekabr ayları və 1995-2000-ci illər üzrə arxiv sənədlərinin əmək haqqı cədvəllərində iddiaçının əmək haqqı almağı barədə heç bir məlumat olmadığı göstərilmiş, həmçinin xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Qeyd edilənlərdən görünür ki, şəxsin xx.xx.2006-cı ilədək olan sığorta stajı onun əmək kitabçası və digər mötəbər sübutlar əsasında müəyyən edilir. Göründüyü kimi iddiaçının əmək kitbaçasına əsasən onun xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan Respublikası Tikinti Sənaye Nazirliyinin nəzdində olan 4 saylı MAS-ın 43 saylı Tikinti İdarəsində (SU 43) dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək BBTİ 2 saylı Ev tikmə kombinatında dəmir-beton məmulatlarının quraşdırıcı-konstruktoru, xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək həmin kombinatda quraşdırıcı sahənin tikinti ustası, xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək həmin kombinatda quraşdırıcı sahənin iş icraçısı vəzifəsində işlədiyi müəyyən edilir ki, həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bölməsinə uyğundur. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunda Bakı şəhər İcra Hakimiyyəti X1 Birliyi”nin 2 saylı Evtikmə Kombinatının xx.xx.2008-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrildiyi, xx.xx.2013-cü ildə səhmlərinin 100% özəlləşdirildiyi, cəmiyyətin emissiya prospektində ididaçının xx.xx.1982-ci il tarixdən iş icraçısı vəzifəsində işlədiyinin qeyd olunduğu bildirilmişdir. Yəni, iddiaçının xx.xx.2006-cı ildən sonrakı dövr üzrə olan güzəştli stajı nəzərə alınmasa belə onun həmin tarixədək güzəştli stajı mövcuddur. Belə olan halda iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsinə hər hansı maneə yoxdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (32.1-1.). İşdən göründüyü kimi iddiaçı iddia ərizəsində göstərilən tələblə xx.xx.2023-cü ildə cavabdehə müraciət etmişdir. Bu səbəbdən iddia ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi hisəssində qismən təmin edilməli, xx.xx.2023-cü ildən əvvəlki 3 il üçün ödənilməyən pensiya məbləği hesablanaraq yuxarıda göstərilən qaydada aylıq pensiya ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 05 yanvar 2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 27 oktyabr 2023-cü ildən əvvəlki 03 (üç) il üçün ödənilməyən əmək pensiyası fərqinin aylıq əmək pensiyası ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar