Məhkəmə qərarları › İş №2-1(112)-4913/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4913/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4913/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə müraciət etmişdir. Lakin DSMF-nin Şirvan şəhər şöbəsi onun əmək pensiyasının yenidən hesablanmasından imtina etdiyi üçün o, iddia tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2- 1(086)-406/2019 saylı qərarı ilə əmək pensiyası 01.07.2011-ci il tarixdən yenidən hesablanıb yaranmış fərqin ödənilməsi öhdəliyi DSMF-nin Şirvan şəhər şöbəsinə həvalə edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli 2(106)154/2018 saylı qərarı ilə DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. AR Ali Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2-1(102)1985/2019 saylı qərarı ilə DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli 2(106)154/2018 saylı qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 2- 1(106)184/2019 saylı qərarı ilə iddiaçının iddia tələbi qismən təmin edilərək, onun yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətinin yenidən araşdırılması DSMF-nun Şirvan şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 2-1(102)2210/2019 saylı qərarı ilə DSMF-nun Şirvan şəhər şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməkdən imtina edir. Ali Məhkəmənin qərarlarında sonra sonda iddiaçını müxtəlif bəhanələrlə aldadaraq icradan yayınmışlar. İddiaçının 85 yaşı var və 50 ildən çox neft mədənlərində müxtəlif vəzifələrdə çalışmışdır. 2021-ci ilin yanvar ayının 01-nə qədər aldığı pensiya 332 manat 93 qəpik olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Məhkəmə iddiaçıya iddia ərizəsində yol verilən formal xətanın (iddia ərizəsi qanunla nəzərdə tutulmuş tələblərə cavab vermədiyindən ) aradan qaldırılması üçün 08 aprel 2021-ci il tarixli məktubu ilə ona 10 gün müddət təyin etmişdir. İşin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, yol verilən formal xətanın aradan qaldırılmasında iddiaçıya yardım etmək məqsədi ilə 08 aprel 2021-ci il tarixində keçirilmiş hazırlıq iclasında, məhkəmə iddiaçıya formal xətanın aradan qaldırılmasının zəruri olduğunu bir daha izah etmiş, və bunun üçün müddət təyin etmişdir. İddiaçı 16 iyun 2021-ci il tarixli məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri məhkəməyə bildirməmiş, iddia ərizəsində yol verilən xətaları aradan qaldırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi tələblə cavabdehə müraciət etməmişdir. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır.52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində göstərilən tələblə məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış hazırkı tələblə bağlı ərizənin cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sübut məhkəmə təqdim edilməmişdir. Bununla da iddiaçının iddiası mümkünlük şərtinə əməl edilməməklə qaldırılmış sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia ərizəsi mümkün sayılmamalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia ərizəsi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar