Məhkəmə qərarları › İş №2-1(112)-4913/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4913/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4913/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 mart 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqəsin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə müraciət etsə də, cavabdeh iddiaçının X2nın qeydiyyatının ünvan 1 ünvanında olduğunu əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Sözügedən hüquqlarından yararlanmaq məqsədi ilə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 01/5654 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə imtina edilmişdir. Cavabdehin etirazı: İş üzrə cavabdeh iddiaya dair etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə övladı İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə daxil olmuş müraciəti Komitənin 2022-ci il 14 oktyabr tarixli 01/5654 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. X1 qeydiyyatı ünvan 1 ünvanında olduğundan istəyinin müsbət həlli imkan xaricindədir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; Nəzərov X7 rayonu, Xanlıq ərazi dairəsi, Xanlıq kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; İddiaçı X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; X6 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı X2nın yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından – “Bakı şəhərinin Sabunçu rayonu” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”ın 4.1.6-cı yarımbəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İ seriyalı 728454 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2006-cı ildə doğulmuş, atası – Qanuni nümayəndə, anası – X4r; “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı dair əldə olunmuş məlumatlardan görünür ki, o, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2ində qeydiyyatdadır; xx.xx.2004-cü il tarixli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Nəzərov X7 rayonunu 1993-cü ildə tərk edib, cavabdehin xx.xx.2004-cü il tarixli qərarına əsasən məcburi köçkün statusuna malikdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Xanlıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Xanlıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatda olan xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkündür, 60 manat aylıq müavinət alır. Atası Qanuni nümayəndə məcburi köçkündür, 60 manat aylıq müavinət alır, Qubadlı rayon Xanlıq kənd qeydiyyatındadır. X2 məcburi köçkün deyil, statusu yoxdur. Bakı şəhərində qeydiyyatındadır; Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 27 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2023-cü illəri əhatə edən elektron məlumat bazasında müraciət adları qeyd olunan Qanuni nümayəndə və X5 “məcburi köçkün” statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi barədə heç bir qeyd aşkar edilməmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü X6 xx.xx.2014-cü il tarixdən ünvan 4 ünvanında, xx.xx.2014-cü il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. xx.xx.1972-ci il təvəllüdlü Qanuni nümayəndə xx.xx.2002-ci il tarixdən Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatdadır. Tətbiq edilən hüquq: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. ... Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. ... Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: ... 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. ... Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”: 1.1. Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra -qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3.1. Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşdən görünür ki, iddiaçı 2006-cı ildə doğulmuşdur və məcburi köçkün kimi aylıq müavinət almışdır. Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara. Beləliklə, sadalanan normalardan görünür ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutumamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir (Məcburi köçkün” statusu və həmin statusu təsdiq edən sənədin verilməsi 2004-cü il 16 iyul tarixdə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Kollegiyası tərəfindən qəbul edilmiş “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair Qaydalar”a əsasən tənzimlənməyə başlamışdır ki, bu Qaydalar iddiaçı doğulduqdan sonra qəbul edilmiş, habelə həmin qaydalarda iddiaçıya məcburi köçkün statusunun verilməsini istisna edən halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir). Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlar bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. İddiaçının anasının məcburi köçkün olmaması işin mübahisəsiz haldır. Buna baxmayaraq iddiaçının hazırda məcburi köçkün üçün müavinət alması cavabdehin özü tərəfindən ona sonradan qəbul edilən aktları tətbiq etmədiyini, xx.xx.2002-ci il tarixli Təlimata əsasən yemək xərci ödədiyini göstərir. Əks halda cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarına istinad edərək iddiaçıya müavinət ödənilməsini dayandırmalı idi. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, oxşar mövqe yuxarı instansiya məhkəmələrinin qərarlarında da (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-618/2020 saylı, 2-1(102)- 652/2022 saylı qərarları) ifadə olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar