Məhkəmə qərarları › İş №2-1(112)-4917/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4917/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4917/2022 04.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə qarşı (üçünçü şəxslər X2 və X3) “töhmət xarakterli intizam məsuliyyətinə cəlb edilmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə qarşı (üçünçü şəxslər X2 və X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sübutların olmadığı halda inzibati tənbeh haqqında qərar qəbul etmiş polis kapitanı X2 və polis leytenantı X1 töhmət xarakterli intizam məsuliyyətinə cəlb edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, 09.04.2020-ci il tarixində saat 11:47-də Afiyəddin Cəlilov küçəsi ilə İzzət Orucova küçələrinin kəsişməsində **-YP- *** nömrəli DYP avtomobilini idarə edən polis əməkdaşı guya ona yol vermədiyinə görə onu saxlayaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə ona protokol yazmışdır. Protokola onun deyil, onların yol hərəkəti qaydalarını pozduqlarını qeyd etmişdir. Ona bildiriş göndərmədən yazılmış protokol əsasında polis kapitanı X2 işi araşdırmadan inzibati tənbeh haqqında qərar qəbul etmişdir. Həmin inzibati tənbehi nəyin əsasında verdiyini soruşduqda o, videogörüntünü əsas gətirsə də ona təqdim etməmişdir. O, qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qarşı tərəf məhkəmə zalına gəlməmiş və bununla bağlı sübutları məhkəməyə göndərməmişdir. Hakim sübutların olması ehtimalına görə işi qismən təmin edərək qərarı ləğv edib Baş X6 İdarəsinə göndərmişdir. İkinci dəfə isə ona bildiriş göndərmədən polis leytenantı X3 inzibati tənbeh haqqında qərar qəbul etmişdir. O, qərarın ləğvi ilə məhkəməyə təkrar müraciət etmişdir. Qarşı tərəf məhkəmə zalına yenə gəlməmiş və bununla bağlı sübutları məhkəməyə göndərməmişdir. Hakim sübutların olması ehtimalına görə işi təkrar Baş X6 İdarəsinə göndərmişdir. Bu məsələ sonsuz olaraq təkrarlanmasın deyə o, sonuncu məhkəmə qərarından apellyasiya şikayəti verərək qərarın birdəfəlik ləğv olunmasını istəmişdir. Qarşı tərəf məhkəmə zalına yenə gəlmədi və hakim sübutların olmamasına görə onun iddiasını tam təmin etmişdir. Beləliklə, ona yazılan protokol nəhayət tamamilə ləğv edilmişdir. Bütün bu proseslər iki ilə yaxın çəkmiş və ona dəymiş maddi ziyan və mənəvi zərər mülki qaydada indi də davam edir. Sonuncu məhkəmənin qərarına əsasən onun qayda pozmadığı halda qanunsuz cərimə olunduğu üçün adları çəkilən polis əməkdaşlarının töhmət xarakterli intizam məsuliyyətinə cəlb olunması ilə bağlı DİN Baş X6 İdarəsinin rəisinə sorğu ilə müraciət etmişdir. Cavab məktubunda DYP əməkdaşlarının cəzalandırılması barədə məhkəmənin xüsusi qərardad qəbul etməməsi əsas gətirilmişdir. Protokolun qərarı apellyasiya məhkəməsində ləğv edildiyindən, maddi və mənəvi ziyanın ödənilməsi isə mülki qaydada həll olunduğundan polis əməkdaşlarının da intizam məsuliyyətinə cəlb olunmaları inzibati məhkəmə qaydasında həyata keçirilməlidir. Sonuncu məhkəmə qərarına əsasən inzibati xətanın ləğvi sübutların olmaması ilə əsaslandırılmışdır. Deməli hər iki qərar polis əməkdaşları tərəfindən sübutlarsız verilmişdir. Ona yazılmış cavab məktubunun məzmununda "ehtimal olunan qayda pozuntusu" yazılmaq əvəzinə "qaydasını pozduğunuza görə protokol tərtib edilmişdir" sözləri yazılmışdır. Belə yanaşma səhvdir. Çünkü o, qayda pozuntusu ilə ilk gündən razı deyildir. Onların bu məktubuna görə o, hələ də qayda pozmuşdur, sadəcə «məhkəmə ləğv etmiş deyə, cəriməni silmək məcburiyyətində qalmışlar» təəssüratı yaradır. Halbuki, məhkəmənin qərarı DYP idarəsinin bütün qərarlarından üstündür. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 03.12.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin, barənizdə əsassız inzibati xəta haqqında protokolla bağlı qərar qəbul etməsi haqda Facebook sosial şəbəkəsi vasitəsi ilə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığınız müraciətə iştirakınızla tərəfimizdən baxılmışdır. Bildiririk ki, Siz 09.04.2020-ci il tarixdə Mercedes markalı **-UC- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İ.Orucov və A.Cəlilov küçələrinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq yolayırıcını keçmə qaydasını pozduğunuza görə qeyd olunan ərazidə xidmət aparan YPX baş inspektoru tərəfindən saxlanılaraq barənizdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Siz barənizdə qəbul edilmiş qərarlardan Bakı Apellasiya Məhkəməsinə şikayət vermiş və Məhkəmənin 26.10.2020-ci il tarixli qərarı ilə inzibati tənbeh vermə haqqında qərara xitam verilmişdir. Nəzərinizə çatdırırıq ki, DYP əməkdaşlarının cəzalandırılmaları barədə məhkəmə xüsusi qərardad qəbul etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddiaçı cavabdehin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Lakin məhkəmə qeyd edir ki, inzibati orqanın əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi inzibati orqanın səlahiyyətlərinə aiddir və bu, xidmətkeçmə haqqında müvafiq normalarla tənzimlənir. İddiaçı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Bundan başqa, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Hazırki halda iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Göstərilənlərə əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar