Məhkəmə qərarları › İş №2-1(112)-4918/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4918/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4918/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən azad olunduqdan sonra onun təqaüdünün lazımi qaydada rəsmiləşdirilməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulması və onun Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında göstərdiyi xidmətlə əlaqədar sənədlərin cavabdehdən araşdırılması üçün tələb edilməsi barədə barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun vəzifəsi təyyarə bort mexanik göstərilməklə yeni məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.1956-cı il anadan olmuş, 1985-ci ildə Zabitlər məktəbini bitirmişdir. SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 2001-ci ildə “Hərbi xidmət keçilməsi barədə” Azərbaycan Respublikası Qanununun 156-cı maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən azad edilmiş, lakin ona xidməti dövründə yazılan təqaüd lazımi qaydada rəsmiləşdirilməmişdir. Ümumilikdə onun əmək stajı onun azad olunmasının rəsmiləşdirilməsi zamanı lazımi qaydada əks olunmamışdı ki, bu da təqaüdün rəsmiləşdirilməsinin obyektivliyinə təsir etməyə bilməzdi. Beləki, o, rəsmi olaraq aviabazanın vertolyot eskadrilyasının vertolyot və mühərriklər xidməti qrupunun texnikiv əzifəsini tutsa da, əslində təyyarə bort mexaniki vəzifəsini icra etmişdir. Ona görə də məlumat vərəqində təyyarə bort mexaniki vəzifəsi göstərilməlidir. Bununla əlaqədar o, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən azad olunduqdan sonra onun təqaüdünün lazımi qaydada rəsmiləşdirilməsi predmeti üzrə əvvəlki rəhbərliyinə müraciət etmişdir. Lakin onun müraciəti təmin olunmadan saxlandı, belə ki, heç bir cavab almamışdır. Bununla əlaqədar o, cavabdehin hərəkətlərini qanundan kənar hesabedir, bu hərəkətlər “Hərbi xidmətçilərin statusu barədə” Azərbaycan Respublikası Qanununa zidd olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasına da ziddir. Lakin o,hesab edir ki, kadr siyasətindəki səhvlər onun qanuni hüquq və maraqlarında heç bir halda əks olunmamalıdır.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı xx xxxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək və xx xxxxxxxx 1984-cü il tarixdən xx xxxxxxxx 1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx xxxxxx 1992-ci il tarixdən xx xxxxxx 2001-ci il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri təqvimlə - 18 il 11 ay 11 gün,xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 08 il 09 ay 25 gün, ümumi xidmət illəri isə - 27 il 09 ay 06 gün təşkil edir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və X5 Qoşunları komandanının 041gm nömrəli xx xxxx 2001-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "A" bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Aviasiya bazasının vertolyot eskadrilyasının vertolyot və mühərriklər qrupunun texniki vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissə komandirinin N nömrəli xx xxxxxx 2001-ci il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından silinmişdir. Bu səbəbdən də, onun adına tərtib olunmuş 52950 nömrəli “Məlumat vərəqi"ndə onun hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə, yəni Aviasiya bazasının vertolyot eskadrilyasının vertolyot və mühərriklər qrupunun texniki vəzifəsi üzrə, aldığı təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 idarəsinə təqdim edilmişdir və pensiyasının yenidən hesablanması məqsədi ilə adı çəkilən idarəyə yeni “Məlumat vərəqi" tərtib olunaraq cavabdeh tərəfindən göndərilməsi qanunamüvafiq deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, təqdim olunmuş məlumat vərəqində sonuncu vəzifə qeyd olunur. Məlumat vərəqində qeyd olunan məlumatlar əsasında pensiya hesablanır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barəd qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 12/927 saylı məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığınız ərizənizə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsində tərəfimizdən təkrarən baxılmışdır.Bir daha bildiririk ki, Sizə təyin olunmuş pensiyanızın düzgünlüyünü yoxlamaq məqsədi ilə şəxsi (pensiya) işinizə tərəfimizdən yenidən baxılmış və məlum olmuşdur ki, pensiyanızın hesablanmasında heç bir səhvə yol verilməmişdir.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə ‘Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” təsdiq edilmişdir. Bu Qaydaların 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən {büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir.Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır.Məlumat üçün bildiririk ki, Siz xx xxxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək və xx xxxxxxxx 1984-cü il tarixdən xx xxxxxxxx 1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx xxxxxx 1992-ci il tarixdən xx xxxxxx 2001-ci il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmusunuz.Sizin xidmət illəriniz: təqvimlə - 18 il 11 ay 11 gün. xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 08 il 09 ay 25 gün, ümumi xidmət illəri isə - 27 il 09 ay 06 gün təşkil edir.Siz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və X5 Qoşunları komandanının 041gm nömrəli xx xxxx 2001-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "A" bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Aviasiya bazasının vertolyot eskadrilyasının vertolyot və mühərriklər qrupunun texniki vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissə komandirinin N nömrəli xx xxxxxx 2001-ci il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından silinmisiniz.Bu səbəbdən də, adınıza tərtib olunmuş 52950 nömrəli “Məlumat vərəqi"ndə Sizin hərbi xidmətdən buraxıldığınız günə tutduğunuz sonuncu vəzifə üzrə, yəni Aviasiya bazasının vertolyot eskadrilyasının vertolyot və mühərriklər qrupunun texniki vəzifəsi üzrə, aldığınız təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 idarəsinə təqdim edilmişdir və pensiyanızın yenidən hesablanması məqsədi ilə adı çəkilən idarəyə yeni “Məlumat vərəqi" tərtib olunaraq tərəfimizdən göndərilməsi qanuna müvafiq deyildir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdəngörünür ki, İddiaçı xx.xx.2001-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş İddiaçı barəsində 52950 nömrəli Hərbi qulluqçu haqqında məlumat vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «a» bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən tərxis olunmuş, onun təqvim xidmət illəri 18 il 11 ay, 11 gün, güzəştli xidmət illəri 08 il 09 ay 25 gün, cəmi iş stajı və xidmət illəri 27 il 09 ay 06 gün təşkil edir. Hərbi rütbəsi gizir, vəzifəsi Aviabazanın vertolyot eskadrilyasının vertolyot və mühərriklər xidməti qrupunun texniki vəzifəsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır; 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı hərbi qulluqçu olmuşdur, o, xx.xx.2001-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «a» bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən tərxis olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş İddiaçı barəsində 52950 nömrəli Hərbi qulluqçu haqqında məlumat vərəqəsində tərxis olunan tarixə vəzifəsi Aviabazanın vertolyot eskadrilyasının vertolyot və mühərriklər xidməti qrupunun texniki vəzifəsi göstərilmişdir. İddiaçı rəsmi olaraq aviabazanın vertolyot eskadrilyasının vertolyot və mühərriklər xidməti qrupunun texniki vəzifəsini tutsa da, əslində təyyarə bort mexaniki vəzifəsini icra etdiyini, ona görə də məlumat vərəqində təyyarə bort mexaniki vəzifəsinin göstərilməli olduğunu iddia etsə də, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim olunmuş məlumat vərəqində şəxsin sonuncu tutduğu vəzifə göstərilməlidir. İddiaçının izahatından, iş materiallarından da görünür ki, onun sonuncu vəzifəsi Aviabazanın vertolyot eskadrilyasının vertolyot və mühərriklər xidməti qrupunun texniki vəzifəsi olmuşdur və həmin vəzifə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş məlumat vərəqində göstərilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar