Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4918/2021 31.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişikliklərin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamədə “soyad” qrafasında “Kasumov”, “ad” qrafasında “Velli” qeydlərin aparılması vəzifəsinin Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, 04 oktyabr 1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. 1975-ci ildə Gəncə şəhərinin 39 №-li orta məktəbinə daxil olmuş, səkkizinci sinfi bitirdikdən sonra ailəsi ilə birlikdə Xarkov şəhərinə yaşamağa köçmüşdür. Xarkov şəhərində 1983-cü ildə idman məktəbinə daxil olmuş, məktəbi bitirdikdən sonra 1986-cı ildə hərbi xidmətə çağırılmış və Sovet Ordu sıralarında qulluq etmişdir. 1984-cü ildə on altı yaşı olduqdan sonra Xarkov şəhərində ona pasport verilmişdir. Pasport verilərkən “soyad” qrafasında “Kasumov”, “ad” qrafasında “Velli” qeydləri aparılmış və bundan sonra ona aid olan bütün sənədlərdə - əmək kitabçasında, xarici pasportda, əmək müqaviləsində və s. sənədlərdə soyadı “Kasumov”, adı “Velli” kimi qeyd olunmuşdur. 2008-ci ilə qədər o, Rusiya, İspaniya ölkələrində yaşamış və işləmişdir. Ona Rusiya pasportu verilmiş və soyadı “Kasumov”, adı “Velli” kimi qeyd olunmuşdur. Bu müddət ərzində bir neçə dəfə Azərbaycan Respublikasının futbol üzrə yığma komandasına oynamağa dəvət olunmuş, Azərbaycanda ona xarici pasport verilmişdir və orada da soyadı “Kasumov”, adı “Velli” kimi qeyd olunurdu. 2008-ci ildə Azərbaycana yaşamağa və işləməyə gəlmişdir. Həmin müddətdən ona xarici vətəndaş kimi müvəqqəti yaşamaq üçün Respublika Miqrasiya Xidməti tərəfindən icazə vəsiqəsi verilmiş və yuxarıda qeyd olunduğu kimi soyadı, adı “Kasumov Velli” kimi qeyd olunmuşdur. 07 iyul 2011-ci il tarixdə X1 ilə Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş və 07 may 2012-ci il tarixdə Murad adlı oğlu doğulmuşdur. Həm nikah haqqında şəhadətnamədə, həm oğlunun doğum haqqında şəhadətnaməsində adı, soyadı “Kasumov Velli” kimi qeyd olunmuşdur. 19 noyabr 2020-ci il tarixli Respublika Miqrasiya Xidmətinin qərarı ilə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılması imtina olunmuşdur. Bir neçə dəfə şəhərdən şəhərə köçməyi ilə əlaqədar olaraq doğum haqqında şəhadətnaməni itirdiyi üçün doğum haqqında şəhadətnamənin dublikatı verilmiş, bundan sonra ona şəxsiyət vəsiqəsi verilmiş və soyadı qrafasında “Qasımov”, ad qrafasında “Vəli” qeydləri aparılmışdır. Hazırda aldığı şəxsiyyət vəsiqəsi ilə sistemdə nə evliliyi, nə də oğlunun olması, nə işləməyi və s. qeydlər göstərilmir. Bu hal böyük çətinliklər yaradır. Ona görə də, o doğum haqqında şəhadətnamədə soyad və ad qrafasında dəyişiklərin aparılması üçün Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən ona imtina məktubu verilmiş və məhkəməyə müraciət etməyi etməyi tövsiyə olunmuşdur. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, doğum haqqında akt qeydinin “soyad” qrafasında “Kasumov”, “ad” qrafasında “Velli” qeydlərinin aparılması vəzifəsinin Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 31.05.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Səbail Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, 31 may 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında işə Səbail Rayon Qeydiyyat Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Səbail Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Gəncə şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatdadır; AZ-İV 401793 nömrəli 03 dekabr 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1968-ci ildə Gəncə şəhərində doğulmuş, atası kimi X6, anası kimi isə X3 qeyd edilmişdir; P4661108 nömrəli ümumvətəndaş pasportunun surətindən görünür ki, iddiaçının soyadı və adı Kasumov Vəli kimi qeyd edilmişdir; AZ-İ 682300 nömrəli 07 iyul 2011-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1968-ci il təvəllüdlü X4 ilə 06 iyul 1974-cü il təvəllüdlü X1 arasında 07 iyul 2011-ci il tarixdə nikahları bağlanmışdır; AZ-İİ 909703 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 may 2012-ci il təvəllüdlü X2, atası kimi X4, anası kimi X1 göstərilmişdir. MYİ seriyalı ******* nömrəli, MYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin surətindən görünür ki, iddiaçının adı və soyadı İddiaçı kimi qeyd edilmişdir; DYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, iddiaçının adı və soyadı İddiaçı kimi qeyd edilmişdir; ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçının adı və soyadı Kasumov Velli kimi qeyd edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Səbail Rayon Qeydiyyat Şöbəsinin 05.02.2021 nömrəli, 05/q-171/15-cu il tarixli imtina məktubunda doğum haqqında akt qeydində soyadının Qasımovdan Kasumova, adının Vəlidən Veliyə düzəliş edilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, doğum haqqında akt qeydində düzəliş edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin 01 aprel 2021-ci il tarixli 05/Q-417/13 nömrəli məktuba əlavə edilmiş, İddiaçı Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, uşaq haqqında məlumatların “soyadı” qrafasında “Qasımov”, “adı” qrafasında “Vəli” qeyd edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 aprel 2021-ci il 0125462-1221 nömrəli məktubuna əsasən xx.xx.1968-ci ildə Gəncə şəhərində doğulmuş İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08 aprel 2021-ci il tarixli 06/20 nömrəli məktuba əsasən Azərbaycan Respublikası vətəndaşı xx.xx.1968-ci il təvəllüdlü (FİN xxxxxxx) İddiaçı xarici ölkələrdən deportasiya olmasına dair məlumat Dövlət Miqrasiya Xidmətində mövcud deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 05 aprel 2021-ci il tarixli 018-4124-1221 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1968-ci ildə Gəncə şəhərində anadan olmuş İddiaçı ilk dəfə 10.12.2020-ci il tarixdə aldığı AA******* nömrəli şəxxsiyyət vəsiqəsi ilə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı 26.08.2011-ci il tarixdə P4661108 nömrəli ümumvətəndaş pasportu almışdır. “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın “Sərhəd nəzarəti” altsisteminin məlumatına görə İddiaçı sonuncu dəfə 22.07.2016-cı ildə Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Vətəndaş İddiaçı barəsində BPQMİ-də digər məlumatlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsi hallarından biridir; 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biridir. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin və vəkilinin məhkəmə iclasındakı izahlarında görünür ki, iddia tələbinin faktiki əsasını iddiaçının adı və soyadının digər sənədlərində onun doğum haqqında akt qeydində qeyd ediləndən fərqli olaraq göstərilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydində və onun əsasında alınmış şəxsiyyət vəsiqəsində soyadı və adı “İddiaçı” kimi qeyd edilsə də, iddiaçının nikah haqqında şəhadətnaməsində, əmək kitabçasında və uşağının doğum haqqında şəhadətnaməsində “Kasumov Velli”, iddiaçının ümumvətəndaş pasportunda “Kasumov Vəli” kimi qeyd edilmişdir. Yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçının soyadının və adının doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) sonrakı sənədlər doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Həmin sonrakı sənədlər ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Bununla yanaşı məhkəmə izah edir ki, iddiaçı sonrakı sənədlərdə doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliklərin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququ vardır. Hüquqmüəyyənedici sənədlərlə bağlı isə qeyd edilməlidir ki, iddiaçı onları verən təşkilat tərəfindən sənəddə olan səhvlər aradan qaldırılmadığı halda, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi hüququna malıkdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, şəxsin sənədlərində göstərilən adı, atasının adı və ya soyadının onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə uyğunsuzluğunun doğum haqqında akt qeydinə dəyişiklik edilməklə aradan qaldırılması qanunvericilikdə nəzərdə tutulmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “doğum haqqında akt qeydində dəyişikliklərin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4918/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4918/2021
31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver