Məhkəmə qərarları › İş №2-1(112)-4918/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4918/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4918/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21 avqust 2023-cü il tarixli **********617400 nömrəli və xx.xx.2023-cü il tarixli **********489400 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin 12 dekabr 2023-cü il tarixli **********411800 nömrəli və 15 dekabr 2023-cü il tarixli **********989600 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh keçirdiyi kameral yoxlamaya əsasən 21 avqust 2023-cü il tarixli **********617400 nömrəli və xx.xx.2023-cü il tarixli **********489400 qərarlar çıxararaq İddiaçı MMC-yə 14551,4 (on dörd min beş yüz əlli bir manat qırx qəpik) manat məbləğində əlavə vergi hesablamışdır. İddiaçı MMC həmin qərardan narazı olduğu üçün yuxarı vergi orqanına şikayət vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfimizdən verilmiş şikayəti qismən təmin edərək 28 noyabr 2023-cü il tarixli **********503400 nömrəli qərarı ilə cavabdehin 21 avqust 2023-cü il tarixli **********617400 nömrəli və xx.xx.2023-cü il tarixli **********489400 nömrəli qərarları üzrə ümumilikdə hesablanmış 14551,4 (on dörd min beş yüz əlli bir manat qırx qəpik) manat vergi məbləğinin 6903,96 (altı min doqquz yüz üç manat doxsan altı qəpik) manat hissəsini ləğv etmiş, 7647,44 (yeddi min altı yüz qırx yeddi manat qırx dörd qəpik) manat hissəsini dəyişdirilmədən saxlamışdır. Ləğv edilməmiş 7647,44 (yeddi min altı yüz qırx yeddi manat qırx dörd qəpik) manat məbləğində vergi məbləği cavabdehin sonradan riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar çıxardığı iki vergi ödəyicisinin İddiaçı MMC-yə təqdim etdiyi e-qaimələrin ləğv edilməsi nəticəsində yaranmışdır. Halbuki həmin vaxt üçün qeyd edilən vergi ödəyiciləri riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Buna görə də, cavabdehin İddiaçı MMC-yə 7647,44 (yeddi min altı yüz qırx yeddi manat qırx dörd qəpik) manat məbləğində əlavə vergi hesablanması barədə 21 avqust 2023-cü il tarixli **********617400 nömrəli və xx.xx.2023-cü il tarixli **********489400 nömrəli qərarları tamamilə qeyri-qanuni və əsassız olmaqla həm qanunvericiliyin tələblərini və həm də hüquqlarını kobud şəkildə pozduğu üçün ləğv edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci il üçün hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalar üzrə 38237,2 manat xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Aşkar edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********015500 və xx.xx.2023-cü il tarixli **********783700 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubları göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2022-ci ilin Mənfəət vergisi bəyannaməsi üzrə 7634,55 manat əlavə vergi məbləği hesablanmışdır. Bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********989600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Araşdırma zamanı cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli EBCD seriyalı 222089 nömrəli, xx.xx.2022-ci il tarixli EBCD seriyalı 570613 nömrəli nömrəli elektron qaimə-fakturalarla (kombat şalvarlar, yaxa isimlikləri, kubokların hazırlanması, polo köynəklərin çapı və s.) X1 əldə edilməsi, 133 manat olan hissəsinin xx.xx.2022-ci il tarixli EBBY seriyalı 113823 nömrəli, xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 014856 nömrəli nömrəli elektron qaimə-fakturalarla (lanyardların hazırlanması) X5 əldə edilməsi, həmin vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə-fakturalarda qeyd olunan malların əldə etdikləri elektron qaiməfaktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları cəmiyyətə satdıqları müəyyən edilmişdir. Araşdırma zamanı X3 tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən "Kombat şalvarlar, yaxa isimlikləri" adlı mallar təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. Vergi ödəyicisinin qeydiyyata alınmış təsərrüfat subyekti (obyekti) və baza məlumatlarına əsasən işçisinin olmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən X2 riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022ci il tarixli **********350900 nömrəli Qərar qəbul edilmişdir. Araşdırma zamanı X11 tərəfindən xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərdə cəmi 15,9 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Smart termoslar, çimərlik çətirləri, tşörtlər və.s" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin, elektron qaimə-fakturalar üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən X7 riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2023-cü il tarixli **********346300 nömrəli Qərar qəbul edilmişdir. İnzibati araşdırma zamanı R.Nəzərov izahatında qeyd edilən malların ticarət mərkəzlərindən əldə etdiklərini, malların əldə olunması, saxlanılması, hazırlanması və daşınmasına dair heç bir təsdiqedici sənədinin olmadığını bildirmişdir. Uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən X3 və X6 elektron qaiməfakturalar əsasında 38 237,20 manat dəyərində əldə etdiyini iddia etdiyi malların, iş və xidmətlərin (kombat şalvarlar, yaxa isimlikləri, kubokların hazırlanması, polo köynəklərin çapı, lanyardların hazırlanması və s.) uçot-baza məlumatlarına əsasən X3 və X8 əldə etdiyi elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aklarına əsasən müəyyən edilmədiyini, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəf olan R.Nəzərovun inzibati araşdırmada iştirak etməsinə baxmayaraq, malların əldə edilməsini, saxlanmasını, hazırlanması, daşınmasını təsdiqedən heç bir sənəd təqdim edə bilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş həmin elektron qaiməfakturanın riskli əməliyyat olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə Qərar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da Cəmiyyətin kameral vergi yoxlaması zamanı əmtəəsiz əməliyyat olaraq qiymətləndirilən 38 237,20 manat xərci nəzərə alınmamalıdır. Digər tərəfdən xx.xx.2023-cü il tarixli **********411800 nömrəli qərar xx.xx.2023-cü il tarixli **********989600 nömrəli qərarla ləğv edildiyindən xx.xx.2023-cü il tarixli **********411800 nömrəli qərarın ləğv edilməsi hissəsində icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023cü il tarixli 2-1(102)-1212/2023 saylı qərarında sözügedən məsələyə göstərilən münasibəti nəzərinizə çatdırırıq: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərarlar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38). Belə ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə mübahisələndirmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********617400 nömrəli qərarından görünür ki, 2022-ci il hesabat dövrü ilə bağlı iddiaçı mənfəət vergisini -11938,71 manat bəyan etmiş, cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi -19586,15 manat olmuş, nəticədə iddiaçıya həmin hesabat dövrü üzrə 7647,44 manat əlavə vergi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 38237,2 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********489400 nömrəli qərarından görünür ki, 2022-ci il hesabat dövrü ilə bağlı iddiaçı mənfəət vergisini -19586,15 manat bəyan etmiş, cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi -26490,11 manat olmuş, nəticədə iddiaçıya həmin hesabat dövrü üzrə 6903,96 manat əlavə vergi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 38237,2 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən 2022-ci il ərzində əldə edilmiş elektron qaiməfaktura məbləği, idxal məbləği və alış aktı alış məbləğlərinin cəmi ilə təqdim edilmiş 2022ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində qeyd olunan "Əsas vəsaitlərin dəyəri" sətrinin " Dövr ərzində daxil olmuşdur" məbləğindən " Kapitallaşma üçün aktivlər & quot; sətrinin " Təqdim edilmişdir" " Silimnişdir", " Ləğv edilmişdir " məbləğlərinin cəmi çıxılmaqla və " Ehtiyatlar" sətrinin " Dövr ərzində daxil olmuşdur" məbləğinin toplanması nəticəsində yaranan məbləğ arasında 54245,3 manat fərq yaranmışdır. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 28 noyabr 2023-cü il tarixli **********503400 nömrəli qərarından görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********617400 nömrəli və xx.xx.2023-cü il tarixli **********489400 nömrəli qərarları üzrə ümumilikdə hesablanmış 14 551,40 manat vergi məbləğinin 7 647,44 manat hissəsi dəyişdirilmədən saxlanılmış, 6 903,96 manat hissəsi isə ləğv edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, “uçot-baza məlumatına əsasən Cəmiyyətin xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, həmin tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı və ərizəsinə əsasən əsas fəaliyyətinin “reklamların yaradılması və afişa sütunlarında, reklam lövhələrində, afişa və elan çərçivələrində, vitrinlərdə, nümayiş zallarında, avtomobillərdə və avtobuslarda yerləşdirilməsi” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci il üçün hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalar üzrə 38237,2 manat xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Cəmiyyət tərəfindən 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-faktura məbləği, idxal məbləği və alış aktı alış məbləğlərinin cəmi ilə Cəmiyyət tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində qeyd olunan "Əsas vəsaitlərin dəyəri" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğindən "Kapitallaşma; üçün aktivlər" sətrinin "Təqdim edilmişdir", "Silinmişdir","Ləğv edilmişdir" məbləğlərinin cəmi çıxılmaqla və "Ehtiyatlar" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğinin toplanması nəticəsində yaranan məbləğ arasında fərq yaranması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********015500 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab verilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci il üçün mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********617400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla 7 647,44 manat, xx.xx.2023-cü il tarixli **********489400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla 6 903,96 manat olmaqla, ümumilikdə 14 551,40 manat əlavə vergi məbləği hesablanaraq vergi ödəyicisinə göndərilmişdir... Şikayətlər üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə vergi qanunvericiliyinin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayətləri qismən təmin edilməlidir. Belə ki, Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu tətbiq edilməklə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin “Hesabat dövrünün gəlirləri” bölməsində 1 385 411,40 manat ümumi gəlirlər (çıxılmalardan sonra), “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” bölməsində 1 325 717,86 manat ümumi gəlirdən çıxılan xərc və “Hesabat dövrü üçün verginin hesablanması” bölməsində isə 59 693,54 manat mənfəət, 11 938,71 manat mənfəət vergisi bəyan edilmişdir. Kameral vergi yoxlaması zamanı 2022-ci ilin mənfəət vergisi bəyannaməsində “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” bölməsinin “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” sətrində qeyd olunan 447 081,23 manat məbləğin 13 694,79 manat məbləğində olan hissəsi uçotbaza məlumatlarına əsasən sənədlərlə öz təsdiqini tapmadığı üçün, 38 237,20 manat məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı və bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirildiyi üçün, “Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri” sətrində qeyd olunan 20 825,0 manat məbləğlə bağlı əsaslandırılmış sənədlər təqdim edilmədiyi üçün kameral vergi yoxlaması zamanı ümumilikdə 72 756,99 manat məbləğ gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 14 551,40 manat əlavə vergi məbləği hesablanmışdır... G.Adiyeva verdiyi izahatda riskli vergi ödəyiciləri ilə aparılan əməliyyatlarla bağlı mal aldıqları dövrdə qarşı tərəflər X3 (VÖEN: **********) və X8 (VÖEN: **********) riskli vergi ödəyiciləri qrupuna daxil edilmədiyini, riskli əməliyyatlar apardıqları barədə məlumatlarının olmadıqlarını, elektron qaimə-fakturanın isə həmin vergi ödəyiciləri tərəfindən təqdim edildiyini, dəyərinin ödənildiyini, təsdiqini tapmayan xərclər ilə bağlı bir qisminin Azərbaycan Dövlət Reklam Agentliyinə icazə ilə bağlı edilən rüsum ödənişləri olduğunu və bir qisminin isə AMEA-nın iqtisadiyyat İnstituna “kitabın çapa hazırlanması, o cümlədən məqalələrin redaktəsi və korrektəsi” ilə bağlı bank hesabından edilən ödənişlər olduğunu və 20 842,0 manat ezamiyyə xərcləri ilə bağlı müvafiq təsdiq edici sənədləri elektron qaydada təqdim edəcəyini bildirmiş, əlavə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixli **********633900 nömrəli məktubla Azərbaycan Dövlət Reklam Agentliyinə icazə ilə bağlı edilən rüsum ödənişləri ilə bağlı sənədlər, xx.xx.2023-cü il tarixli **********465000 nömrəli məktubla AMEA-nın İqtisadiyyat İnstitutu ilə bağlanmış müqavilə, akt və ödəniş tapşırıqları, xx.xx.2023-cü il tarixli **********768200 nömrəli və 20.11,2023-cü il tarixli **********870400 nömrəli məktublarla ezamiyyə ilə bağlı təsdiqedici sənədlər və müvafiq izahat elektron qaydada araşdırmaya təqdim edilmişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci il ərzində 1 155 846,4 manat dəyərində elektron qaimə-fakturalar əldə edilməsi, bundan 38 104,21 manat olan hissəsinin xx.xx.2022-ci il tarixli EBCD seriyalı 222089 nömrəli, xx.xx.2022-ci il tarixli EBCD seriyalı 570613 nömrəli nömrəli elektron qaimə-fakturalarla (kombat şalvarlar, yaxa isimlikləri, kubokların hazırlanması, polo köynəklərin çapı və s.) X1 əldə edilməsi, 133 manat olan hissəsinin xx.xx.2022-ci il tarixli EBBY seriyalı 113823 nömrəli, xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 014856 nömrəli nömrəli elektron qaimə-fakturalarla (lanyardların hazırlanması) X5 əldə edilməsi, həmin vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə-fakturalarda qeyd olunan malların əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları Cəmiyyətə satdıqları müəyyən edilmişdir. Həmçinin, araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci il ərzində 1 384 610,4 manat məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, 1 155 846,4 manat məbləğində elektron qaimə-fakturaların əldə etdiyi müəyyən edilmişdir. Elektron qaiməfakturaların araşdırılması zamanı, Azərbaycan Gimnastika Federasiyası İctimai Birliyinə (VÖEN: **********) 179 099,0 manat, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (VÖEN: **********) 120 000,0 manat, "X15 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN: **********) 100 923,73 manat məbləğində olmaqla, ümumilikdə Cəmiyyət tərəfindən 53 vergi ödəyicisinə 1 384 610,4 manat məbləğində müxtəlif adda mal, iş və xidmətlərlə bağlı (reklam işlərinin görülməsi, işıqlı reklam qurğularının 12 aylıq sənədləşməsi, tədbirlərin təşkil olunması, dekor xəttlərinin hazırlanması və montajı (30x60x40mm ölçüsündə, göy rəngdə, boyalı, plexiglass və polistirol material), kataloq və s.) elektron qaimə-fakturaların təqdim edildiyi, həmçinin Cəmiyyət tərəfindən 2022-ci il ərzində "CN Poliqraf' Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 87 446,99 manat, "X10 ve Reklamcılık Sanayi Ticaret Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialından (VÖEN: **********) 78 486,19 manat məbləğində olmaqla, ümumilikdə 90 vergi ödəyicisindən 1 155 846,4 manat məbləğində müxtəlif adda mal, iş və xidmətlərlə bağlı (çay dəstinin qutularının hazırlanması, termoslar üzərinə çap, montaj işlərinin görülməsi və s.) elektron qaimə-fakturaların alındığı müəyyən edilmişdir. Araşdırma zamanı X3 tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən "Kombat şalvarlar, yaxa isimlikləri" adlı mallar təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. Vergi ödəyicisinin qeydiyyata alınmış təsərrüfat subyekti (obyekti) və baza məlumatlarına əsasən işçisinin olmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən X2 riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********350900 nömrəli Qərar qəbul edilmişdir. Araşdırma zamanı X11 tərəfindən xx.xx.2022 - 15.11 2022-ci il tarixlərdə cəmi 15,9 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Smart termoslar, çimərlik çətirləri, tşörtlər və.s" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin, elektron qaimə-fakturalar üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən X7 riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2023cü il tarixli **********346300 nömrəli Qərar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə Cəmiyyətin qarşı tərəfi olan riskli vergi ödəyicilərinə “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********990000 nömrəli məktub göndərilmiş, fərdi sahibkarlar (və ya səlahiyyətli nümayəndələri) xx.xx.2023-cü il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş və inzibati araşdırma üçün müvafiq təsdiqedici sənədlər istənilmişdir. Qeyd edilmiş vaxtda X11 həm öz adından, həm də etibarnamə ilə səlahiyyətli nümayəndə kimi həyat yoldaşı olan X3 adından araşdırmada iştirak etmişdir. R.Nəzərov izahatında qeyd edilən malların ticarət mərkəzlərindən əldə etdiklərini, malların əldə olunması, saxlanılması, hazırlanması və daşınmasına dair heç bir təsdiqedici sənədinin olmadığını bildirmişdir. Beləliklə, uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən X3 və X6 elektron qaimə- fakturalar əsasında 38 237,20 manat dəyərində əldə etdiyini iddia etdiyi malların, iş və xidmətlərin (kombat şalvarlar, yaxa isimlikləri, kubokların hazırlanması, polo köynəklərin çapı, lanyardların hazırlanması və s.) uçot-baza məlumatlarına əsasən X3 və X8 əldə etdiyi elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aklarına əsasən müəyyən edilmədiyini, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəf olan R.Nəzərovun araşdırmada iştirak etməsinə baxmayaraq, malların əldə edilməsini, saxlanmasını, hazırlanması, daşınmasını təsdiqedən heç bir sənəd təqdim edə bilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş həmin elektron qaiməfakturanın riskli əməliyyat olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə Qərar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da Cəmiyyətin kameral vergi yoxlaması zamanı əmtəəsiz əməliyyat olaraq qiymətləndirilən 38 237,20 manat xərci nəzərə alınmamalı, Cəmiyyətin təsdiqini tapmayan xərclərin Azərbaycan Dövlət Reklam Agentliyinə icazə ilə bağlı edilən rüsum ödənişləri və AMEA-nın iqtisadiyyat instituna “kitabın çapa hazırlanması, o cümlədən məqalələrin redaktəsi və korrektəsi” ilə bağlı bank hesabından edilən ödənişlər olduğunu bildirdiyini, Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixli **********633900 nömrəli məktubla Azərbaycan Dövlət Reklam Agentliyinə icazə ilə bağlı edilən rüsum ödənişləri ilə bağlı sənədlər, xx.xx.2023-cü il tarixli **********465000 nömrəli məktubla AMEA-nın İqtisadiyyat İnstitutu ilə bağlanmış müqavilə, akt və ödəniş tapşırıqları, xx.xx.2023-cü il tarixli **********768200 nömrəli və xx.xx.2023-cü il tarixli **********870400 nömrəli məktublarla ezamiyyə ilə bağlı təsdiqedici sənədlər və müvafiq izahat elektron qaydada araşdırmaya təqdim edildiyini nəzərə alaraq kameral vergi yoxlaması zamanı nəzərə alınmayan 34 519,79 manat xərci nəzərə alınmalı, Cəmiyyətin inzibati şikayətləri qismən təmin edilməli, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********617400 nömrəli və xx.xx.2023-cü il tarixli **********489400 nömrəli qərarları üzrə ümumilikdə hesablanmış 14 551,40 manat vergi məbləğinin 7 647,44 manat hissəsi dəyişdirilmədən saxlanılmalı, 6 903,96 manat hissəsi isə ləğv edilməli və Cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV və mənfəət vergisi bəyannamələrində bəyan edilmiş dövriyyə, gəlir və xərc məbləğlərinin, qeyd edilən ezamiyyə xərclərinin təyinatının, bank hesablarında aparılan əməliyyatların yoxlanılmalı olduğunu, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yerində yoxlanılması məqsədi ilə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilməlidir”. İşdə olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********411800 nömrəli qərarından görünür ki, 2022-ci il hesabat dövrü ilə bağlı iddiaçı mənfəət vergisini -11949,76 manat bəyan etmiş, cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi -26490,11 manat olmuş, nəticədə iddiaçıya həmin hesabat dövrü üzrə 14540,35 manat əlavə vergi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 14540,35 manat vergi məbləği azaldılmışdır. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********989600 nömrəli qərarından görünür ki, 2022-ci il hesabat dövrü ilə bağlı iddiaçı mənfəət vergisini -26490,11 manat bəyan etmiş, cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi -19584,31 manat olmuş, nəticədə iddiaçıya həmin hesabat dövrü üzrə 6905,80 manat əlavə vergi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, İnzibati şikyətin qismən təmin edilməsi haqqında **********503400 saylı müraciətə əsasən. İddiaçı hazırda cavabdehin qəbul etdiyi bu qərarları, yəni xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları mübahisələndirərək onlarınn ləğv edilməsini xahiş edir. Məhkəmə iddiaçının bu tələbi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçıya 2022-cü il üzrə əlavə mənfəət vergisi hesablayarkən riskli hesab edilən e-qaimələrə istinad etmişdir, hansı ki, həmin qaimələr 38 104,21 manat hissədə xx.xx.2022-ci il tarixli EBCD seriyalı 222089 nömrəli, xx.xx.2022-ci il tarixli EBCD seriyalı 570613 nömrəli nömrəli elektron qaimə-fakturalarla (kombat şalvarlar, yaxa isimlikləri, kubokların hazırlanması, polo köynəklərin çapı və s.) X1, 133 manat olan hissəsi isə xx.xx.2022-ci il tarixli EBBY seriyalı 113823 nömrəli, xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 014856 nömrəli elektron qaimə-fakturalarla (lanyardların hazırlanması) X5 əldə edilmişdir. Lakin işdən görünür ki, iddiaçının əməliyyat apardığı X3 (**********) vergi orqanının **********350900 nömrəli, xx.xx.2022-ci il tarixli, X11 (**********) isə **********346300 nömrəli, xx.xx.2023-cü il tarixli qərar ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaimə-fakturalar tərtib edilən zaman onun əməliyyat apardığı X3 və X7 riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı da həmin əməliyyatlar üzrə e-qaimələri xərc sənədi kimi nəzərə almış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur. VM-in 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh iddiaçı ilə X3 və X11 arasında əmtəəsiz əməliyyat olduğunu iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. O da qeyd edilməlidir ki, cavabdeh əməliyyatı əmtəəsiz hesab edərək iddiaçının 38 237,20 manat həcmində xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır. Belə ki, əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi qərarlar qanunsuz olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin etirzından görünür ki, xx.xx.2023-cü il tarixli qərarın xx.xx.2023-cü il tarixli qərar ilə ləğv edildiyini bildirmiş, buna görə də həmin hissədə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. İstinad olunan normalardan görünür ki, inzibati orqan qəbul etdiyi qanuni və ya qanunsiz inzibati aktı ləğv etmək səlahiyyətinə malikdir və bu zaman inzibati aktın ləğvi ilə bağlı yeni inzibati akt qəbul edir. İşdə olan xx.xx.2023-cü il tarixli **********989600 saylı qərarın 6-cı - həmin qərara əsasən ləğv edilmiş əvvəlki qərar barədə məlumat hissəsində xx.xx.2023-cü il tarixli **********411800 saylı qərar barədə məlumat göstərilmişdir. Lakin iş materiallarında həmin qərarın ləğv edilməsi barədə cavabdeh orqanın inzibati aktı mövcud deyil. Bundan əlavə, mübahisəli qərar xx.xx.2023-cü il tarixli deyil, xx.xx.2023-cü il tarixli olmuşdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləlikə, göstərilənlərə əsasən cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar iş materialları ilə təsdiq edilmədiyindən, cavabdeh bununla bağlı konkret faktları və bu faktları təsdiq edən sübutları təqdim etmədiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********411800 nömrəli və xx.xx.2023-cü il tarixli **********989600 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar