Məhkəmə qərarları › İş №2-1(112)-4919/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4919/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4919/2020 20.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı Aslanova (Zeynalova) Rəmziyyə Xəlil qızının Cavabdehnə qarşı «diplomun və ona əlavənin verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Aslanova (Zeynalova) Rəmziyyə Xəlil qızı Cavabdehnə qarşı «diplomun və ona əlavənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1998 – 2002-ci illər ərzində Cavabdeh Dilşünaslıq (ingilis dili üzrə tərcümə) fakültəsi üzrə əyani olaraq ödənişli əsaslarla təhsil almışdır. 1998-ci ildə Universitetə qəbul olunan zaman onunla Cavabdeh arasında təhsil haqqının ödənilməsi barədə müqavilə bağlanmışdır. Məcburi köçkün olması səbəbilə tələbəlik dövründə ailə üzvlərinin maddi sıxıntısı təhsil haqqını ödəməkdə çətinlik yaratmış və nəticədə Universitetə təhsil haqqı borcu (təxminən 3.700 ABŞ dolları) mövcud olmuşdur. Universiteti bitirməsinə baxmayaraq, təhsil haqqı borcunun qalması və hazırda da həmin borcu ödəyə bilməməsi səbəbi ilə Universitet tərəfindən diplom (həmçinin diploma əlavə) ona təqdim edilməmişdir. Məcburi köçkün kimi diplomun ona güzəştli şərtlərlə təqdim edilməsi üçün Universitetin aiddiyyəti şöbələrinin rəhbərliyinə, eləcə də Universitetin rektoruna dəfələrlə şifahi, həmçinin Təhsil Nazirliyinə yazılı müraciət etsə də, diplomun təhsil haqqı borcunun tam ödənildikdən sonra ona təqdim edilə biləcəyi və eyni zamanda qanunvericilikdə özəl təhsil müəssisələrində belə güzəştlərin olmadığı bildirilmişdir. Diplomu almaq onun yaxın gələcəkdə pedoqoji fəaliyyətlə məşğul olmağı üçün zəruridir. Diplomun ona təqdim edilməməsini aşağıda sadalanan qanunvericiliyin tələblərinə görə qanunsuz, əsassız hesab olunur. Belə ki, AR Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqıf icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi Cavabdeh (kreditor) iddiaçıdan (borclu) təhsil haqqının ödənilməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilməlidir. Belə ki, iddiaçı Universitetlə 1998ci ildə təhsil haqqının ödənilməsi barədə müqavilə bağlamış və həmin müqaviləyə əsasən 4 illik təhsil müddətinin sonuna kimi yəni 2002-ci ilə qədər borcunu ödəməli idi. Lakin bu müddət ərzində həm 1998-ci ildən 2002-ci ilədək həm də 2002-ci ildən sonrakı dövrdə də təhsil haqqı borcunu maddi çətinlik səbəbilə ödəyə bilməmişdir. Cavabdeh diplomunun ona təqdim edilməsini üzərinə öhdəlik kimi qoyduğu təhsil haqqı borcunun ödənilməsi tələbi ilə şərtləndirməsi qanunsuz, əsassız hərəkətdir. Çünki bu cür tələb qanunla müəyyən edilmiş müddət (18 il ötüb) keçdiyindən qüvvəsini itirmişdir. Göstərilənlərə və İPM-in 34-cü maddəsinə, AR Mülki Məcəlləsinin 550, 551-ci maddələrinə əsaslanaraq, iddiaçıya 2002-ci ildə əyani təhsil formasında olaraq Cavabdeh “dilşünaslıq, tərcümə (ingilis dili)” fakültəsi üzrə bakalavr dərəcəsinin verilməsini təsdiq edən diplomun və diploma əlavənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, iddiaçı ilə Cavabdeh arasında müqavilə bağlandığından, işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında onun Universitetdə ali təhsil alması ilə bağlı müqavilə bağlandığından, tərəflər arasında yaranmış mübahisə müqavilə münasibətlərindən törənən hal kimi qiymətləndirilir. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar