Məhkəmə qərarları › İş №2-1(112)-4919/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4919/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4919/2025 03.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinə qarşı “koordinatların müəyyən olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 15 avqust 2005-ci il tarixli 18/12 nömrəli qərarı ilə şəxsi mülkiyyətə verilmiş 0.5 ha torpaq sahəsi ilə əlaqədar qeyri-müəyyənliyin aradan qaldırılmasına və torpaq sahəsinin cizgi üzrə koordinatlarının müəyyən olunması öhdəliyinin cavabdeh Xocəsən Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edillməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 15 avqust 2005-ci il tarixli, 18/12 nömrəli Qərarı ilə Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 0.5 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı satqı yolu ilə X2 mülkiyyətinə verilmişdir. Qərardan əlavə torpaq sahəsinin yerləşdiyi ərazinin Cizgisi və digər sənədlərdə təqdim olunmuşdur. X5 xx.xx.2023-cü il taixli İlkin müqavilə əsasında Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 15 avqust 2005-ci il tarixli, 18/12 nömrəli Qərarı ilə onun mülkiyətinə verilmiş torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir. Müqavilə Bakı şəhəri 26 saylı notariat ofisində rəsmiləşdirilmişdir. Binəqədi rayonu Xocəsən bələdiyyəsinə xx.xx.2024-cü il tarixdə torpaq sahəsinin cizgi üzrə kordinatlarının dəqiqləşdirilməsi ilə bağlı müraciət olunmuşdur. Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 23 avqust 2024-cü il tarixli, 02-İ/48 nömrəli cavab məktubu ilə qeyd olunmuşdur ki, araşdırma zamanı cizgi əsasında göstərilən 0.5 ha torpaq sahəsinin koordinasiyası dəqiqləşdirilərkən qonşu olan torpaqlarla üst-üstə düşdüyü müəyyən edilmişdir. Təkrar olaraq Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə müraciət etmiş və ona cavab olaraq bildirmişlər ki, araşdırma zamanı ona məxsus torpaq sahəsi xx.xx.2007-ci il tarixli qərarı ilə X7 ayrılmış 1,5 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmin məsələnin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciə etməyi məsləhət görülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 18/12 nömrəli qərarına əsasən Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən 0,5 ha torpaq sahəsini təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqı-satqı yolu ilə vətəndaş X2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, X1 Rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 18/12 nömrəli qərarı ilə ona ayrılmış torpaq sahəsini İddiaçı satmışdır. Cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, araşdırma zamanı bələdiyyənin 18/12 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə ayrılmış 500 kv.m torpaq sahəsinin, bələdiyyənin 22/14 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə X6 adına ayrılmış 1,5 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bildiririk ki, yaranmış məsələnin həlli mübahisə predmeti olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı işin hallarından müəyyən olunur ki, Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 18/12 nömrəli qərarı ilə Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən 0,5 ha torpaq sahəsini təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqı-satqı yolu ilə vətəndaş X3 ayrılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair koordinatların müəyyən edilməsini tələb etsə də həmin torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd qismində çıxış edən Xocəsən Bələdiyyəsinin qərarını məhkəməyə təqdim etmişdir. Lakin, həmin bələdiyyə qərarı ilə torpaq sahəsinin iddiaçıya deyil, X3 ayrılması müəyyən edilir. Belə olan halda iddiaçının həmin ünvanda yerləşən torpaq sahəsinə dair koordinatların verilməsini tələb etməyə subyektiv hüququnun olduğu müəyyən olunmur. İddiaçı ilə X5 arasında bağlanılmış ilkin alqı-satqı müqaviləsi isə qeydiyyata alınmamış daşınmaz əmlaka dair hüququn ötürülməsini ifadə etmədiyindən həmin müqavilə iddiaçının iddia etdiyi əmlaka dair hüquqmüəyyənnedici sənəd qismində çıxış etmir. Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri (subyektiv hüquq) pozulmasını əsaslandıra bilmədiyindən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinə qarşı “koordinatların müəyyən olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar