Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-492/2021 15.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı 21.11.2019-cu il tarixli **********193723 nömrəli inzibati aktın ləğv edilməsi tələbinə dair inzibati işin materiallarına məhkəmə binasında açıq, məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra mətndə “xxxx” MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə (bundan sonra mətndə VCİABİ) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 21.11.2019-cu il tarixli **********193723 nömrəli inzibati aktın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC dövlət qeydiyyatına alınaraq sahibkarlıq fəaliyyətinə başlamış və qanunvericiliklə müəyyən olunmuş vergiləri həmişə vaxtı-vaxtında ödəmişdir. 21 noyabr 2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair” **********193723 Qərar qəbul edilmişdir. Cəmiyyət qərarla razılaşmır və qərar qanunsuz və əsassızdır. Çünki Səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş bu qərar nəticə etibarı ilə hər hansı faktiki sübut və dəlil əsasında deyil, güman və ehtimal əsasında qəbul edilmişdir. Hansı ki, şəxsin məsuliyyətə cəlb edilməsi kimi mühüm hüquqi inzibati akt kifayət qədər əsaslı və hər hansı şübhəyə yer qoymayan sübutlar və dəlillər əsasında qəbul edilməli olduğu halda, cavabdeh inzibati orqan hər hansı sübut və dəlil olmadan, sadəcə ehtimallar əsasında belə qərara gəlmişdir. 21.11.2019-cı il tarixli Qərarda 76.033,78 manat məbləğində əlavə hesablanmış vergi məbləği və buna uyğun 72.825.18 manat maliyyə sanksiyası hesablanması heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır və inzibati aktda (qərarda) göstərilənləri isbat edən heç bir hal mövcud deyildir. Cavabdeh VCİABİ-nin nümayəndəsi X1 məhkəməyə vəsatətlə müraciət edərək, iddiaçı “xxxx” MMC-nin iddia tələbləri üzrə məhkəmə baxışının həmin iş üzrə başlanmış cinayət işi üzrə icraat başa çatana kimi icraatın dayandırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdehin 07.06.2019-cu il tarixli qərarı ilə iddiaçının sahibkarlıq fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən (182980315 nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi 18.10.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, 21.11.2019-cu il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilən vergi yoxlaması ilə bağlı aşkar edilmiş faktlar ilə əlaqədar halhazırda VCİABİ-də ********* nömrəli cinayət işi üzrə cinayət mühakimə icraatı davam etdirilir. Cinayət işinin istintaqı zamanı Məhkəmə Ekspertizası Mərkəzinin 01.07.2020-ci il tarixli 5252 nömrəli rəyi ilə səyyar vergi yoxlaması zamanı müəssisəyə hesablanmış əlavə vergilər öz təsdiqini tapmışdır. Göstərilənlərə uyğun olaraq qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatda olan mübahisənin həllinə təsir etməsi halları mövcuddur və həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri- mümkündür. Belə ki, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq izahatlar əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. Məhkəmənin 30.09.2021-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh VCİABİ-yə qarşı 21.11.2019-cu il tarixli **********193723 nömrəli inzibati aktın ləğv edilməsi tələbi barədə 2-1(112)-2300/2020 saylı iş üzrə icraat VCİABİnin icraatında olan ********* nömrəli cinayət işi üzrə yekun qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2-1(103)-2043/2020 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2300/2020 saylı iş üzrə 30 sentyabr 2020-ci il tarixli qəradadının ləğv edilməsi, inzibati işin həmin məhkəməyə göndərilməsi, İddiaçı MMC-nin apellyasiya şikayətinin təmin olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 18.02.2021-ci il tarixli məktubu ilə 2-1(112)-492/21 saylı inzibati iş 22.02.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə geri qaytarılmışdır. İş məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə icraat 07.04.2021-ci il tarixə təyin edilmiş və 02.06.2021-ci il, 15.07.2021-ci il tarixlərə təxirə salınmış, iddiaçıya sonuncunun iddia ərizəsində qeyd olunmuş ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməklə məlumat verilmişdir. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, nə hazırlıq icraatı üzrə məhkəmə iclasına, nə də ki, şifahi məhkəmə baxış iclaslarına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişlər. VCİABİ-nin nümayəndəsi X5 izahatında iddiaçının inzibati aktın ləğv edilməsi tələbinə dair iddiasının geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsini etiraz etmədiyini bildirdi. İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İnzibati Prosessual Məcəllədə iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-nin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 49, 55 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı 21.11.2019-cu il tarixli **********193723 nömrəli inzibati aktın ləğv edilməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-492/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-492/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver