Məhkəmə qərarları › İş №2-1(112)-492/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-492/2023

03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-492/2023 03.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsininə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********9462 nömrəli qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9311 saylı, xx.xx.2021-ci il tarixli **********9384 saylı və xx.xx.2021-ci il tarixli **********9462 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların ləğv olunması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********7430 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi, “Zəngəzur” şadlıq evinin arxasında yerləşən mebel sexində operativ vergi nəzarəti tədbiri keçirilmiş, onun etiraz etməyinə baxmayaraq vergi əməkdaşları tərəfindən öz istəklərinə uyğun şəkildə əsassız xx.xx.2021ci il tarixli, 007958 saylı, xx.xx.2021-ci il tarixli, 004054 saylı və xx.xx.2021-ci il tarixli, 002108 saylı aktlar tərtib olunmuşdur və bundan sonra xx.xx.2021-ci il tarixli **********9311 saylı, xx.xx.2021-ci il tarixli **********9384 saylı və xx.xx.2021-ci il tarixli **********9462 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar qəbul olunmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli **********9311 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda qeyd olunmuşdur ki, guya o əhali ilə nəğd pul hesablaşmalarının aparılması qaydasını pozub və buna görə də 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilib qərara alınmışdır. Halbuki, nəinki operativ vergi nəzarəti aparılan günü, heç ondan əvvəlki aylarda da pandemiya ilə əlaqədar “Dülgər sexində” ümumiyyətlə satış olmamış və bu səbəbdən də NKA istifadə olunmamışdır. Vergi əməkdaşları isə akta bildirirlər ki, guya NKA nasaz olmuş və buna görə də çek çap edə bilməmişlər. Ona görə də hesab edirəm ki, həmin qərar əsassızdır. Bundan əlavə, xx.xx.2021-ci il tarixli **********9384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda qeyd olunmuşdur ki, guya mən 10 nəfər fiziki şəxsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişəm və buna görə də 20 000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməm qərara alınmışdır. Qeyd edirəm fiziki şəxslərin sayının aktda 11 nəfər, qərarda isə 10 nəfər olduğu göstərilmişdir. Halbuki onların sayı 9 nəfər olmuş və onu əlavə məsuliyyətə cəlb etmək məqsədilə fiziki şəxslərin sayı artırılmışdır. Hətta həmin gün onun yanına gələn dostunu da onlar işə cəlb olunmuş fiziki şəxslərin sırasına qatmışlar. Hesab edir ki, vergi orqanının bu hərəkəti də qanunsuzdur. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əməl olunması vəziyyətinin yoxlanılmasını ehtimal xarakterli hərəkətlərlə yox, qanunvericiliyin vergi orqanlarının əməkdaşlarına imkan verdiyi operativ və real üsullardan istifadə etməklə həyata keçirilməlidir. Buna baxmayaraq vergi orqanı real faktlar əsasında yoxlamanı həyata keçirməmiş və mənim müdafiəmi təşkil etmək cəhdlərimi mümkünsüz hala gətirmiş, vergi orqanı tərəfindən əlavə heç bir araşdırma aparılmadan hüquqlarımın təmin olunması da məhdudlaşdırmışdır. Həmçinin xx.xx.2021-ci il tarixli **********9462 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda qeyd olunmuşdur ki, guya “Dülgər sexində” olan malların alış qiyməti 76360 manat dəyərində qiymətləndirilmiş və buna görə də 7 636 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməm qərara alınmışdır. Halbuki aşkar olunmuş bütün malların alış sənədləri, qaimələri və meşə məhsullarına dair buraxılış orderləri vergi əməkdaşlarına təqdim olunarkən onlar bu sənədlər əsasında malların qiymətini hesablamaqdan imtina etmişlər və bildirmişlər ki biz bu malları öz metodumuzla hesablayacıq və əlavə məsuliyyət yaratmaq üçün qiymətləri şişirdilmiş qaydada hesablamışlar. Ona görə də hesab edir ki, həmin qərar əsassızdır.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı «Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.20210-ci il tarixli **********9311 saylı, xx.xx.2021-ci il tarixli **********9384 saylı və xx.xx.2021-ci il tarixli **********9462 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlarının ləğvi” tələbindən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9384 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğvi” üzrə icraat və xx.xx.2021-ci il tarixli **********9462 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğvi” üzrə icraat ayrılmışdır.

4. Hazırkı iş xx.xx.2021-ci il tarixli **********9462 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğvi üzrə icraatdır.

5. xx.xx.2021-ci il tarixli **********9462 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarına əsasən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********7430 nömrəli qərarına əsasən operativ vergi nəzarəti təyin olunmuş, vergi ödəyicisi tərəfindən malların alışını təsdiq edən sənədlər təqdim edilmədiyindən vergi ödəyicisinin məlumatlarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi Zəngəzur şadlıq evinin arxası ünvanında yerləşən “Dülgər Sexi” adlı obyektdə olan malların alış qiyməti 76360.00 manat dəyərində qiymətləndirmiş və vergi nəzarətinin nəticəsi xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilərək 7636.00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Bununla əlaqədar İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağh hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 7636.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

6. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda qeyd edilən hallar araşdırılmış və qiymət verilmişdir.

7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi mübahisələndirilən qərarın məzmununa uyğun izahat verməklə onun iddianın təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

8. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.

10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

12. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

13. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaiməfaktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir;

14. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi, Zəngəzurun arxasındakı fəaliyyət növü taxta-şalbanın kəsilməsi və yonulması, oduncağın hopdurulması olan VÖEN:********** üzrə İddiaçı məxsus dülgər sexində cavabdeh tərəfindən operativ vergi nəzarətinin təyinatı üçün əsas olaraq Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən məlumat qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Dövlət Vergi Xidmətinə göndərilən müraciət olmuşdur. Həmin müraciət iş materiallarına əlavə olunmuşdur. Odur ki, məhkəmə operativ vergi nəzarətinin təyin edilməsi zamanı vergi orqanı tərəfindən hüquqlarından sui-istifadə halını müəyyən etmir.

15. İddiaçıya aid sexdə aparılmış vergi yoxlaması zamanı tərtib edilmiş siyahıda iddiaçının sözlərinə əsasən cəmi dəyəri 76360 manat müəyyən edilən əmtəələr müəyyən edilmişdir. Malın adı Fərqləndirici miqdarı Bir vahidinin Cəmi əlaməti qiyməti məbləği fıstıq ağacı (eni 5 sm) 2 metrlik 20m3 440 8800 fıstıq ağacı (eni 5 sm) 1,30 metrlik 50m 3 440 22000 fıstıq ağacı (eni 5 sm) 2,5 metrlik 37m 3 440 16280 fıstıq ağacı (eni 5 sm) 1 metrlik 0,5m3 440 220 balyastr (8x8 ölçüdə) 1 metrlik 4m 3 440 1760 Ukrayna istehsalı göyüş ağacı (eni 2,8 metrlik 20m 3 700 14000 6sm) Ukrayna istehsalı göyüş ağacı (eni 3 metrlik 19m3 700 13300 6sm) 150,5 Cəmi 76360

16. İddiaçı tərəfindən təqdim edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarla bağlı məhkəmə qeyd edir ki, İPM-in 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, İPM-ə əsasən istintaq orqanının deyil, məhkəmənin cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

17. Qeyd edilən mövqe Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstıtusıya Məhkəməsı Plenumunun 25 mart 2004-cü il tarixli qərarında da ifadə edilib. Həmin qərardan: ...İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.

18. Qeyd edilən məsələyə münasibətdə həmin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda qeyd edilir ki, ...Vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması” haqqında 17 sentyabr 2021-ci il tarixli **********9462 nömrəli qərarından görünür ki, İddiaçı sexində aşkar edilmiş taxta məhsulları 76.360,00 manat qiymətləndirilsə də, həmin taxta məhsullarının hansı səbəbdən məhz həmin qiymətə qiymətləndirilməsi əsaslandırılmamış və buna baxmayaraq sonuncunun barəsində taxta məhsullarının 10% dəyərində, yəni 7636 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əksinə, cinayət işi üzrə verilmiş 17 fevral 2022-ci il tarixli 7/11256-9/8808 nömrəli kompleks məhkəmə bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinin əmtəəşünaslıq üzrə nəticə hissəsinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 21 avqust 2021-ci il tarixli 74841 nömrəli aktına əsasən, İddiaçı məxsus olan sexdə aşkar edilmiş 151,3 kub metr işkil taxta materiallarının dəyərinin 3 qatının 38.618,90 manat olması müəyyən edilmişdir.

19. İnzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müəyyən edilmiş verginin məbləği ilə cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş vergi məbləği arasında kəskin fərqin aşkarlanması ilə bağlı müraciətlə bağlı “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən ifadə edilən hüquqi mövqeyə əsasən preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur.

20. İddiaçı ona aid sexdə olan taxtanın həcminin 100-110 m3 olduğunu bildirsə də, həmin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda da İddiaçı məxsus olan sexdə aşkar edilmiş işkil taxta materiallarının 151,3 m3 olduğu müəyyən edilmişdir.

21. İddiaçıya aid sexdə aparılmış vergi yoxlaması zamanı tərtib edilmiş siyahıda göstərilən əmtəələrin 1m3-nin 2020-2021-ci illər üzrə alış qiymətləri barədə məlumatın təqdim edilməsi məqsədilə məhkəmə tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərilmiş, məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, 1 m3-lik Fıstıq və 1 m3-lik Göyrüc cinsli ağac materialının Azərbaycan Respublikası meşələrindən buraxılış qiyməti 2020-2021-ci illər üzrə Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 145 nömrəli qərarına əsasən 1 m3-lik Fıstıq cinsli material 49,69 manat və 1 m3-lik Göyrüc cinsli ağac materialı 64,60 manat təşkil edir.

22. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertə iddiaçıya aid sexdə aparılmış vergi yoxlaması zamanı tərtib edilmiş siyahıda göstərilən əmtəələrin 1m3-nin 2021-ci ilin sentyabr ayına olan alış qiymətlərinin müəyyən edilməsi həvalə edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

23. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən internet saytlarının məlumatlarına, Respublikada yerləşən ticarət mərkəzlərində və xüsusiləşmiş satış şəbəkələrində mövcud olan qiymətlərdən, məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış materiallardan istifadə etməklə qərardadda göstərilən ağacların 1m3-nin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunmuşdur. № Adı və markalanma göstəriciləri Miqdarı Ümumi qiymət 1 fıstıq ağacı (eni 5 sm) 2 metrlik 480 2 fıstıq ağacı (eni 5 sm) 1,30 metrlik 460 3 fıstıq ağacı (eni 5 sm) 2,5 metrlik 500 4 fıstıq ağacı (eni 5 sm) 1 metrlik 400 5 balyastr (8x8 ölçüdə) 1 metrlik 400 6 Ukrayna istehsalı göyüş ağacı (eni 2,8 metrlik 750 6sm) 7 Ukrayna istehsalı göyüş ağacı (eni 3 metrlik 750 6sm)

24. Məhkəmə qeyd edir ki, ağac materiallarının növləri üzrə 1m3-nin 2021-ci ilin sentyabr ayına ekspertiza tədqiqatı ilə müəyyən edilən orta bazar qiyməti və yoxlama zamanı vergi orqanı tərəfindən aktda iddiaçının sözlərinə əsasən göstərilən qiymətlər əsasən üst-üstə düşür. İddiaçı istintaqa verdiyi ifadəsində də fıstıq növündə olan ağacın 400 manata satın alınması üçün sövdələşdiyini bildirmişdir. Həmçinin qarşılıqlı ifadələrlə qeyd edilən dövrdə İddiaçı aid olan sexə işlik taxta materiallarının mütəmadi olaraq təchiz olunduğu və qiymətinin hər 1m3-nin təqribən 400 manat olduğu təsdiq edilmişdir. Məhkəmə nəzərə alır ki, qeyd edilən hissədə istintaq araşdırmasının predmeti məhz ağacların qanunsuz kəsilməsi halı ilə bağlı olmuş, Balakən rayon sakini X1 idarə etdiyi “Mercedes” markalı **- SH-*** dövlət nömrə nişanlı yük avtomobilində 20 avqust 2021-ci il tarixdə aşlar edilməklə həmin tarixli 71840 nömrəli aktda rəsmiləşdirilmiş 23,88 kub metr, habelə 21 avqust 2021ci il tarixdə İddiaçı aid olan sexdə aparılmış baxış zamanı aşkar edilmiş və 21 avqust 2021-ci il tarixli 71841 nömrəli aktla rəsmiləşdirilmiş 151,3 kubmetr işlik taxta materiallarının tədarükü, əldə edilməsi, hazırlanması, daşınma və saxlanılması qanunvericiliyin müvafiq tələblərinə riayət edilməklə həyata keçirildiyindən həmin xüsusatlar üzrə hər hansı şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259, 308 və 313-cü maddələrində, habelə həmin Məcəllənin digər maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən 212006162№-li cinayət işi üzrə icraata xitam verilmişdir.

25. Beləliklə, istintaq orqanı tərəfindən qeyd edilən xüsusatlar üzrə 151,3 kubmetr işlik taxta materiallarının tədarükünün qanunvericiliyin müvafiq tələblərinə riayət edilməklə həyata keçirildiyi, eləcə də qarşılıqlı ifadələrlə 1m3-nin təqribən 400 manat olduğu təsdiq edilmişdir. Belə olan təqdirdə, istintaq orqanı tərəfindən keçirilmiş kompleks məhkəmə bioloji və məhkəmə əmtəəşünaslıq rəyinin nəticə hissəsinə əsaslanmaqla işlik materialının müəyyən edilmiş dəyərini hazırkı iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmiş qiymətlərlə müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, ekspert rəyindəki işlik materialının 1m3 qiyməti operativ vergi nəzarəti tədbiri zamanı göstərilmiş qiymətlər, eləcə də istintaq zamanı iddiaçının və iş üzrə dindirilmiş digər şahidlərin verdiyi ifadələrlə üst-üstə düşməklə qiymətlər arasında əhəmiyyətli fərq yoxdur. Operativ vergi nəzarəti zamanı təqdim edilmiş meşə məhsulların buraxılış orderləri isə iddiaçının adına tərtib olunmadığı üçün cavabdeh tərəfindən nəzərə alınmamış, bununla bağlı vergi orqanının qənaətini məhkəmə əsassız hesab edə bilməz.

26. Odur ki, operativ vergi nəzarəti tədbiri nəticəsində cavabdeh tərəfindən Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya həmin Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmamasına görə 7636 manat maliyyə sanksiyasının tətbiq edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu məhkəmə araşdırması nəticəsində sübut edilmişdir.

27. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

28. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-492/2023 saylı inzibati iş üzrə ekspertiza xərci cəmi 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı: Adı: X2; kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********; hesab: AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar