Məhkəmə qərarları › İş №2-1(112)-4920/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4920/2021

15.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4920/2021 15.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********0 nömrəli, 18.01.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, iddiaçının 22 oktyabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin 10.01.2020-ci il tarixli 95 nömrəli arayışında 27.03.2014-19.11.2014-cü il tarixləri arasındakı dövr ərzində “Abşeronneft” NQÇİ-nin 1 saylı Neft və Qazçıxarma sahəsində, 20.11.2014-cü il tarixindən bugünədək isə həmin İdarənin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən idarədə 27.03.2014-cü il tarixindən bugünədək iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı onun laboratoriya şəraitində hazırda istismar olunan quyular üzərində ölçülərin aparılması, təzyiqin yoxlanılması və temperatura nəzarət işlərini yerinə yetirərək elmi-tədqiqat işləri ilə məşğul olduğunu və istehsalat prosesində iştirak etmədiyi müəyyən edilmişdir. İddiaçının gördüyü işlər elmi tədqiqat işlərinə aid olduğundan onun güzəştli iş stajı yoxdur. Qeyd edilən faktlar “Abşeronneft” NQÇİ tərəfindən 12 yanvar 2021ci il tarixli Akt ilə təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı 05.03.2019-cu il tarixindən etibarən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13.10.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı 05.09.2019-cu il tarixindən etibarən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmənin 13.10.2021-ci il tarixli, 2-1(112)-4920/2021 tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 22 iyun 2020-ci il tarixli, № M-286 saylı arxiv arayışından da göründüyü kimi iddiaçı 26.07.1982-ci il tarixli, 106a saylı əmrlə 26.07.1982-ci il tarixindən N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin 6-7 saylı sexinə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən 3-cü dərəcəli «формировщица» vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya məxsus güzəştli şərtlərlə əmək pensiyası hüququ verən bu vəzifə ilə bağlı sığorta stajı qəbul edilmiş, mübahisələndirilməmişdir. “Abşeronneft" NQÇİ tərəfindən tərtib edilmiş 10 yanvar 2021-ci il tarixli, arayışdan da göründüyü kimi iddiaçının arayış tərtib edilən tarixə “Abşeronneft" NQÇİ-də 05 il 09 ay 13 gün güzəştli şərtlərlə əmək pensiyası hüququ verən sığorta stajı mövcuddur. Qeyd edilən bu arayış “Abşeronneft” NQÇİ tərəfindən DSMF-yə təqdim edilməsi üçün tərtib edilmişdir. Cavabdehin istinad etdiyi akt isə birtərəfli qaydada onun əməkdaşları tərəfindən qərəzli şəkildə tərtib edildiyindən ciddi şübhələr doğurur. Digər tərəfdən, iddiaçı ilə eyni staja malik, eyni vəzifəni icra edən bir çox iş yoldaşı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən yaşa çatdığı zaman güzəştli şərtlərlə əmək pensiyasına çıxmışlar. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi və vəkili T.Kərimov etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur:

1. 55 yaşın tamam olması;

2. azı 20 il sığorta stajına malik olması;

3. 20 il sığorta stajının azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;

4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin, ИТ-l №0895185 nömrəli əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuş, 26.07.1982-01.04.1987-ci illərdə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 3-cü dərəcəli fomalaşdırıcı (“формировшица”) işləmiş, 02.04.1987-ci ildə Artyom adasında Tikiş fabrikində 1 saylı sahəyə 4-cü dərəcəli tikişçi vəzifəsinə qəbul edilmiş, 04.03.1994-cü ilədək orada nəzarətçi, usta, mühəndis texnoloq vəzifələrində işləmişdir. 09.03.1994-cü ildə “Abşeronneft” Neftqazçıxarma idarəsinə 2 saylı neftqazçıxarma sexinə anbardar vəzifəsinə qəbul edilmiş, 26.09.1994-cü ildə kadr hazırlığı üzrə mühəndis, 01.06.1997-ci ildə kadrlar şöbəsinə rəis müavini, 05.06.2009-cu ildə kadrlar şöbəsinə 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, 01.10.2009-cu ildə kadrlar şöbəsinə rəis müavini vəzifəsinə təyin edilmiş, 01.09.2010-cu ildə 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir. 03.10.2011-ci ildə İdarəetmə aparatının Əsaslı tikinti şöbəsinə 11-ci dərəcəli mühəndis vəzifəsinə, 27.03.2014-cü ildə 1 saylı neft və qazçıxarma sexinə 4-cü dərəcəli quyuların tədqiqi üzrə operator peşəsinə, 20.11.2014-cü ildə isə elmi tədqiqat və istehsalat işləri sahəsinə 4-cü dərəcəli quyuların tədqiqi üzrə operator vəzifəsinə keçirilmişdir və hazırda həmin vəzifədə işləyir. Beləliklə, işin sadalanan hallarından görünür ki, iddiaçının ona pensiya təyin edilməsini xahiş etdiyi 05.09.2019-cu il tarixdə 55 yaş altı ayı (55,5 yaş) tamam olmuş, həmin tarixə onun 37 il 1 ay 8 gün ümumi sığorta stajı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının 55 yaşı 05.03.2019-cu ildə tamam olmuşdur, lakin o hazırda güzəştli stajının tamam olduğu 05.09.2019-cu il tarixdən, 55,5 yaşından ona pensiya təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, qanunverici qadınlara münasibətdə minimum norma kimi 55 yaşı müəyyən etdiyindən və güzəştli stajın tamam olduğu tarixdə şəxsin yaşının minimum normadan çox olduqda pensiya təyin edilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən etmədiyindən, əks mövqenin zərərli şəraitdə işləyən şəxslərin daha tez pensiya almaq imkanını məhdudlaşdırmaqla bu zaman qanunvericinin güddüyü məqsədə uyğun gəlmədiyindən idddiaçı zəruri olan yaş və ümumi sığorta stajı tələbini ödəyir. İddiaçının həmin tarixə xüsusi sığorta stajı məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, bu zaman iki dövr fərqləndirilməlidir: 1. 26.07.1982-01.04.1987-ci illərdə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 3-cü dərəcəli formalaşdırıcı işlədiyi dövr; 2. 27.03.2014-05.09.2019-cu illərdə “Abşeronneft” Neftqazçıxarma idarəsində quyuların tədqiqi üzrə operator vəzifəsində işlədiyi dövr. İddiaçının 26.07.1982-01.04.1987-ci illərdə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 3-cü dərəcəli formalaşdırıcı (“формировшица”) işlədiyi dövr üzrə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının işlədiyi müəssəsisə tərəfindən müvafiq arayışın verilməsi məqsədilə məhkəmə tərəfindən aidiyyəti qurumlara sorğu verilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30.03.2021-ci il tarixli məktubu ilə arxiv sənədlərində N.Nərimanov adına Bakı Trikotaj Dövlət İstehsalat Birliyinin 20.04.1995-ci il tarixdə D-357 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olduğu, İstehsalat Birliyinin 2004-cü ildən hazırkı dövrədək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etmədiyi bildirilmişdir. İddiaçının işlədiyi müəssisə hazırda fəaliyyət göstərmədiyindən oxşar müəssisə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müvafiq sorğu ünvanlanmış, ASC-nin 20.09.2021-ci il tarixli 44 nömrəli cavab məktubunda iddiaçının işlədiyi vəzifənin hazırda qəlibləyici adlandırıldığı, həmin vəzifə üzrə işçinin əmək funksiyasının zərərli boyaq maddələrindən çıxmış yaş corabların 280-300 dərəcə olan isti qəliblərə bir-bir keçirilib formalaşdırılması, qurudulması, corabların 7-8 dəqiqə isti formada qaldığı və sonra isti formadan bir-bir corabların çıxarılaraq nəzarətçiyə verildiyi, iş prosesi gedərkən - yəni corablar quruyarkən çıxan parın zərərli boyaq maddələrindən yarandığı göstərilmişdir. Göründüyü kimi, ASC formalaşdırıcı vəzifəsinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarında bilavasitə hansı koda uyğun gəldiyini göstərməsə də, həmin peşə üzrə əmək funksiyasının zərərli olması və bunun əsaslarını konkret göstərmişdir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin həmin qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın kod 22100000 - XX. Yüngül sənaye bölməsi üzrə - corab və əlcək məmulatlarının formalaşdırılması ilə məşğul olan trikotaj məmulatlarının formalaşdırıcılarının (kod 220200b—19373) güzəştli şərtlərlə pensiya hüququ təsbit edilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 26. Yüngül sənaye bölməsində corab və əlcək məmulatlarının formalaşdırılması ilə məşğul olan trikotaj məmulatlarının formalaşdırıcıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifəyə aid edilmişdir. Həm iddiaçının əmək kitabçasında göstərilən vəzifə adı, həm məşğul olduğu istehsalat sahəsi 2 nömrəli siyahıda (həmçinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda) nəzərdə tutulan vəzifəyə (kod 220200b—19373) uyğun gəldiyindən (iş materiallarına iddiaçının bilavasitə istehsal prosesindəki fotoşəkilləri də əlavə edilmişdir) məhkəmə hesab edir ki, iddiaçının 26.07.1982-01.04.1987-ci illərdə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 3-cü dərəcəli formalaşdırıcı (“формировшица”) işlədiyi müddət (4 il 8 ay 7 gün) onun güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi sığorta stajına daxil edilməlidir. Məhkəmə bu zaman onu da nəzərə alır ki, cavabdeh bu halı təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının 27.03.2014-05.09.2019-cu illərdə “Abşeronneft” Neftqazçıxarma idarəsində quyuların tədqiqi üzrə operator vəzifəsində işlədiyi dövr üzrə: İşdə olan “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin 10.01.2020-ci il tarixli 95 saylı arayışından görünür ki, iddiaçı 27.03.2014-cü ildən 19.11.2014-cü il tarixədək «Abşeronneft» NQÇİ-nin 1 saylı Neft və Qazçıxarma sahəsində quyuların tədqiqi üzrə operator peşəsində, 20.11.2014-cü ildən 10.01.2020-ci il tarixədək «Abşeronneft» NQÇİnin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləmişdir, güzəştli əmək pensiyası stajı 5 il, 9 ay,13 gündür. Məhkəmə tərəfindən “Abşeronneft” Neft və Qazçıxarma idarəsinə verilmiş sorğuya cavab olaraq həmin müəssisə tərəfindən verilmiş R.Q-03/118 nömrəli 01.04.2021-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı 27.03.2014-cü il tarixindən 19.11.2014-cü il tarixədək “Abşeronneft” NQÇİ-nin 1 saylı Neft və Qazçıxarma sahəsində, 20.11.2014-cü il tarixindən hazırkı dövrə qədər “Abşeronneft” NQÇİ-nin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləyir. İddiaçı neft və qazçıxarma sahələrində (mədənlərdə) dərinlik bucurğadı vasitəsilə quyunun dərinliyinin ölçülməsi, mayenin səviyyəsi və su-neft ayırıcı səviyyəsinin ölçülməsi, neft quyularının istismar kəmərinin şablonla yoxlanılması və dibinin dərinliyinin müəyyən edilməsi, quyularda neft və qazın hasilatının ölçülməsi, dinamometrlə nasosun işinin tədqiq edilməsi, dərinlik cihazları ilə tədqiqat işlərinin aparılması, tədqiqat cihazlarının və dərinlik bucurğadının profilaktik yoxlanılması, hazırlıq və son əməliyyatın aparılması işlərini həyata keçirir. Yuxarıda göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2 bölməsinə aiddir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə iddiaçının yerinə yetirdiyi əmək funksiyasını göstərməklə, həmin vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən Siyahıda təsbit olunduğunu göstərmişdir. Lakin cavabdeh bu arayışı qəbul etməmiş, iddiaçının həmin dövrdə işlədiyi stajı xüsusi staja aid etməkdən imtina edərkən iddiaçının laboratoriya şəraitində istismar olunan quyular üzərində ölçülərin aparılması, təzyiqin yoxlanılması və temperatura nəzarət işlərini yerinə yetirərək elmi-tədqiqat işləri ilə məşğul olmasını və istehsalat prosesində iştirak etmədiyini qeyd etmiş və 12.01.2021-ci il tarixli akta istinad etmişdir. Cavabdehin mütəxəssisləri Kamran Cümşüdlü və Eyvaz Əhmədov, həmçinin “Abşeronneft” NQÇİ-nin Personalın uçotu şöbəsinin rəisi Sulhiyyə Nuriyevanın iştirakları ilə tərtib edilmiş həmin aktdan görünür ki, iş yerinə baxış zamanı aydın olmuşdur ki, iddiaçı laboratoriya şəraitində hazırda istismar olunan quyular üzərində ölçülərin aparılması, təzyiqin yoxlanılması və temperatura nəzarət işlərini yerinə yetirir. Bu peşələr elmi tədqiqat işləri ilə məşğuldur və istehsal prosesində iştirak etmir. Qeyd olunanlar nəzərə alınsa, laboratoriyada çalışan işçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. “Abşeronneft” NQÇİ tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavabla cavabdehin istinad etdiyi aktda göstərilənlərin fərqli olduğunu nəzərə alaraq məhkəmə məsələ ilə bağlı həmin müəssisəyə sorğu göndərmiş, müəssisə tərəfindən sorğuya verilmiş 29.07.2021-ci il tarixli R.Q-02/284 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı 27.03.2014-cü il tarixdən 19.11.2014-cü il tarixədək 1 saylı Neft və qazçıxarma sahəsində və 20.11.2014-cü il tarixdən 10.01.2020-ci il tarixədək isə Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2. Neft, qaz və qaz kondensatının hasilatı bölməsinə aiddir. Bu peşə hansı sahədə işləməsindən asılı olmayaraq “quyuların tədqiqatı üzrə operator” qeyd olunan siyahıya aiddir. 12.01.2021-ci il tarixli AKT-da isə işçinin iş vaxtı ərzində gördüyü işlər, yəni quyular üzərində ölçülərin aparılması, təzyiqin yoxlanılması və temperatura nəzarət işləri qeyd edilmişdir ki, bu işlər istismar olunan quyular üzərində aparılır. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 19 iyun 1998-ci il tarixli 13-5 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası”nın “Neft və X3-ixtisas xüsusiyyətləri” bölməsinin 18-ci bəndinə əsasən quyuların tədqiqi üzrə operator işinin xüsusiyyəti - İstismar və vurucu quyularda dib və lay təzyiqinin ölçülməsi, Exolot və dalğaölçən vasitəsilə quyuda mayenin səviyyəsinin ölçülməsi, səviyyənin bərpa olunmasının (düşməsinin) izlənməsi, neft və qazın ölçülməsi və qaz faktorunun müəyyən edilməsi, Məsafədən ölçən cihazlarla (hasilat ölçən, sərf ölçən, termometr, nəmlik ölçən, manometr, qaz analizatoru) tədqiqatlar aparılmasında iştirak etmək, Tədqiqat işlərinin nəticələrinin müəyyən edilməsi, Avtomaşın və yaxud traktorun idarə olunması, Avadanlıq və cihazların cari təmirinin aparılmasından ibarətdir. Beləliklə, həm iddiaçının işlədiyi müəssisənin arayışlarından, həm də Vahid Tarif- İxtisas Sorğu kitabçasından görünür ki, quyuların tədqiqi üzrə operator öz əmək funksiyalarını istismar olunan quyu üzərində aparır və həmin işlərin laboratoriya şəraitində aparılması qeyri-mümkündür (məhkəmə iclasında iştirak edən iddiaçı fəaliyət göstərdiyi müəssisədə, ümumiyyətlə, laboratoriya olmadığını bildirdi). Belə olan halda, iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifəyə aid olmasını müəyyən edən kifayət qədər əsas olduğundan yalnız cavabdehin əməkdaşlarının tərtib etdiyi akta istinadən iddiaçıya imtina verilməsi əsaslı hesab oluna bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının “Abşeronneft” NQÇİ-də xüsusi iş stajı 5 il 5 ay 10 gün, ümumilikdə isə onun 55, 5 yaşının tamam olduğu 05.09.2019-cu il tarixə xüsusi iş stajı 10 il 1 ay 17 gün təşkil edir. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi barədə tələbə gəldikdə, cavabdeh bu halı mübahisələndirməmiş, məhkəməyə təqdim etdiyi çıxarışda tələb olunan minimum məbləğ 40.500 manat olduğu halda iddiaçının fərdi hesabının sığorta hissəsində 55647.11 manat vəsait toplandığı təsbit olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslıdır, buna görə də təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı : İddia təmin edilsin. İddiaçı 55,5 yaşının tamam olduğu 05.09.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar