Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4921/2021 04.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, iddiaçı X1, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluğu stajının müəyyən edilərək dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ona məxsus əmək kitabçasında göstərilən 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində və 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X7 Xidmətinin aparatında işlədiyi dövrü dövlət qulluğu stajına daxil edilməklə, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə Özbəkistan Respublikası Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində başlayaraq 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər həmin idarədə xidmət keçib. Sonradan, yəni 22 noyabr 2005-ci il tarixdən 20 may 2009-cu il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aparatında işləmişəm. Sonradan, yəni 25 iyun 2012-ci il tarixdən 18 may 2015-ci il tarixə qədər Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin aparatında, 2 may 2016-cı il tarixdən 9 yanvar 2017-ci il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Dənizkənarı Bulvar İdarəsinin aparatında, 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X7 Xidmətinin aparatında dövət qulluğu vəzifələrində işləyib. Odur ki, 01 aprel 2020-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün mənim qulluq stajım 15 ilə qarşı 20 il 10 ay təşkil edir. Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2 dəfə ərizə ilə müraciət edib. Həmin ərizələrə bütün lazımi sənədlərin əlavə edilməsinə baxmayaraq, cavabdeh onun xahişini təmin etməyərək, guya ki, dövət qulluğu stajının 15 il əvəzinə, 6 il 11 ay olduğunu bəhanə gətirməklə, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və bu barədə 12 vevral 2021-ci il tarixli imtina məktubu göndərmişdir. Cavabdehin imtinasını əsassız hesab edir, ona görə ki, mənim 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Daxili İşlər İdarəsində, 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X7 Xidmətinin aparatında işlədiyi dövr qanunazidd olaraq dövət qulluğu stajına daxil edilməmişdir. Bununla əlaqədar məcburiyyət qarşısında qalaraq, əmək kitabçasında göstərilən 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Özbəkistan Respublikası Daşkent Şəhər İcraiyyə Komitəsinin Baş Daxili İşlər İdarəsində, 22 noyabr 2005-ci il tarixdən 20 may 2009-cu il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aparatında, 25 iyun 2012-ci il tarixdən 18 may 2015-ci il tarixə qədər Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin aparatında, 2 may 2016-cı il tarixdən 9 yanvar 2017-ci il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Dənizkənarı Bulvar İdarəsinin aparatında, 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X7 Xidmətinin aparatında dövət qulluğu vəzifələrində işlədiyi iş illərinin dövət qulluğu stajına daxil edilərək, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsini məhkəmədən xahiş edir.
3. Məhkəmə əvvəlki iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini və dövlət qulluğu stajının müəyyən edilərək əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmənin hazırki iş üzrə 07.05.2021-ci il tarixli qərardadı ilə iddianın tələbinin İddiaçı əmək kitabçasında göstərilən 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində və 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X7 Xidmətinin aparatında işlədiyi dövrü dövlət qulluğu stajına daxil edilməklə, dövlət qulluqçusu kimi 01 aprel 2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
5. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı 10 fevral 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (6 il 11 ay (22.11.2005-20.05.2009-cu, 17.08.2012-18.05.2015-ci, 02.05.2016- 09.01.2017-ci illər)) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazı müdafiə edərək onun məzmununa uyğun izahat verdi. İzahata əlavə olaraq bildirdi ki, 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində qulluq daxili işlər orqanlarında xidmət hesab olunduğuna görə dövlət qulluğu stajı kimi nəzərə alına bilməz.
7. İddiaçı tərəfindən cavabdeh quruma 28.08.2020-ci il tarixdə və 10.02.2021-ci il tarixlərdə müraciət edilmiş, cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 15.09.2020-ci il tarixli və 12.02.2021-ci il tarixli cavab məktublarında iddiaya yazılı etirazda göstərilmiş dəlillər əsas gətirilərək dövlət qulluqçusu kimi pensiyanın hesablanmasından imtina edilmişdir. İddaçı 10.03.2021-ci il tarixdə qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, iddianın növü “iş stajının müəyyən edilməsi” hissəsində müəyyən etmə və tanınma, “pensiyanın təyin edilməsi” hissəsində öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.5 və 2.2.3-cü maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında: (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) və (2.2.3.) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
9. Pensiyanın təyin edilməsi tələbi zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
11. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
12. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
14. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
15. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
16. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçıya yaşa görə pensiya artıq təyin olunub, qərar icra olunduğu təqdirdə həmin pensiya yenidən hesablanacaqdır.
III. Məhkəmənin mövqeyi
17. “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
19. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
20. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
21. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi” Qaydalarından:
7. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır: dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı; dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı; məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü; dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti; dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət; əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; ödənişli məzuniyyət dövrləri. Bu bənddə nəzərdə tutulmayan digər fasilələr dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
8. Dövlət qulluqçusunun qulluq stajının hesablanması onun qulluq etdiyi dövlət orqanı tərəfindən həyata keçirilir.
9. Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
10. Dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir.
11. Bu Qaydaların 7-ci və 9-cu bəndlərinin tətbiqi zamanı yaranmış fikir ayrılığı Azərbaycan Respublikasının Dövlət X3 tərəfindən aradan qaldırılır.
22. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının 22 noyabr 2005-ci il tarixdən 20 may 2009-cu il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aparatında, 17 avqust 2012-ci il tarixdən 18 may 2015-ci il tarixə qədər Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin aparatında, 2 may 2016-cı il tarixdən 9 yanvar 2017-ci il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Dənizkənarı Bulvar İdarəsinin aparatında 6 il 11 ay (22.11.2005-20.05.2009-cu, 17.08.2012-18.05.2015-ci, 02.05.2016- 09.01.2017-ci illər) işlədiyi dövr dövlət qulluğu stajı kimi nəzərə alınmışdır.
23. İddiaçı Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin aparatında 25.06.2012-ci il tarixdən 17 avqust 2012-ci il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq işlədiyi 1 ay 22 günün dövlət qulluğu stajına daxil edilməsini tələb etmir (həmin dövrü mübahisələndirmir).
24. Mübahisələndirilən dövr 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində (mübahisələndirilən İ dövr) və 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X7 Xidmətinin aparatında işlədiyi dövrdür (mübahisələndirilən İİ dövr).
25. Mübahisələndirilən İ dövrlə bağlı araşdırma:
26. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti üzrə verilmiş 17.03.2018-ci il tarixli əmrlə Xidmətin Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini İddiaçı dövlət qulluğu stajına 11 il 5 ay daxil edilmiş və 2008-ci il 1 yanvar tarixindən tətbiq edilmişdir (Əsas: Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin Daşkənd şəhərinin Baş Daxili İşlər İdarəsinin 2007-ci il 22 oktyabr tarixli 27/6-2079 nömrəli məktubu, arxiv arayışı, Azərbaycan Respublikasının Prezidenti yanında X4 üzrə Komissiyasının 2007ci il 28 dekabr tarixli 01/07/1005-DQ-S nömrəli məktubu və Xidmət rəisinin dərkənarı).
27. Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin Daşkənd şəhərinin Baş Daxili İşlər İdarəsinin 2007-ci il 22 oktyabr tarixli 27/6-2079 nömrəli məktubuna əsasən, iddiaçı müvafiq xidmətdən Daşkənd şəhər İcraiyyə Komitəsinin 03 fevral 1990-ci il tarixli əmri ilə azad edilmişdir. Beləliklə, həmin dövrdə daxili işlər idarəsinin İcraiyyə Komitəsinin tabeliyində olduğu müəyyən edilir (Управление Внутренного Отдела Ташгорисполкома). Qeyd edilən məktuba əsasən, Daşkənd İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin adı 29 mar 1993-cü ildə Daşkənd şəhərinin Daxili İşlər İdarəsinə dəyişdirilmişdir.
28. Azərbaycan Respublikasının Prezidenti yanında X4 üzrə Komissiyasının 2007-ci il 28 dekabr tarixli 01/07/1005-DQ-S nömrəli məktubuna əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazisindən kənarda 1978-1990-cı illər ərzində işlədiyi dövr dövlət qulluğu stajına daxil edilə bilər.
29. Məhkəmənin sorğusuna cavab olaraq X5 04.05.2021-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalan”nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmət keçmə bu orqanlarının funksiya, vəzifə və hüquqlarını öz peşə fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Yuxarıda qeyd edilən hüquqi aktlara əsasən daxili işlər orqanlarında xidmət keçmə dövlət qulluğunun xüsusi növü hesab edildiyi üçün iddiaçının Özbəkistan SSR-in X8 Baş İdarəsində xidmət keçdiyi dövr dövlət qulluğunun xüsusi növündə qulluq stajına daxil edilir.
30. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunundan: 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. 23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunundan: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
32. Odur ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə müəyyən edir ki, dövlət qulluqçusunun qulluq stajının hesablanması onun qulluq etdiyi dövlət orqanı – Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında X4 üzrə Komissiyasının 2007-ci il 28 dekabr tarixli 01/07/1005-DQ-S nömrəli məktubu əsasında müəyyən edilərək həmin 11 il 5 ay xidmət dövrü əmək kitabçasına daxil edilmişdir. Odur ki, qeyd edilən halın məhkəmə qaydasında yenidən müəyyən edilməsinə ehtiyac yoxdur, həmin hissədə cavabdeh qurumun imtinası qanunsuz olmuşdur.
33. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Odur ki, 64 il 6 ayının tamam olduğu 01.04.2020-ci il tarixdən yaşa görə pensiya təyin olunması hüququ yaranmışdır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün minimum 15 il qulluq stajı qulluq stajı qarşılığında 18 il 4 ay qulluq stajı var (6 il 11 ay + 11 il 5 ay). Eyni zamanda müəyyən edilir ki, həmin tarixdən iddiaçıya yaşa görə pensiya təyin edilmişdir, odur ki, qeyd edilən tarixdən (01.04.2020-ci il) iddiaçının dövlət qulluqçusu kimi pensiyasının yenidən hesablanması cavabdeh qurumun üzərinə qoyulmalıdır.
34. Mübahisələndirilən İİ dövrlə bağlı araşdırma:
35. İddiaçı 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X7 Xidmətinin aparatında işləmişdir. Belə ki, iddiaçı 10.01.2017-ci il tarixdə 3 ay müddətinə Bakı şəhər X7 Müfəttişliyinə baş məsləhətçi vəzifəsinə qəbul edilmiş, 10.04.2017-ci il tarixdən əmək müqaviləsi müvəqqəti uzadılmış, 19.04.2018-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən azad edilmiş; 19.04.2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müvəqqəti olaraq Baş X7 Xidmətinin Hüquq, insan resursları və kargüzarlıq sektorunun müdiri vəzifəsinə təyin eidlmiş, 13.06.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
36. Məhkəmənin sorğusuna cavab olaraq X5 04.05.2021-ci il tarixli məktubunda bildirilir ki, Baş X7 Müfəttişliyi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu”nda nəzərdə tutulmuşdur. Sözügedən Sərəncama Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2018-ci il tarixli 3872 nömrəli Sərəncamı ilə edilmiş dəyişikliyə əsasən Baş X7 Müfəttişliyi sözləri Baş X7 Xidməti sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlan”nda Kənd Təsərrüfatı Nazirliyinin Baş X7 Xidmətinin Aparatı, habelə onun tabeliyində olan regional bölmələr nəzərdə tutulmuşdur. Lakin təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı H.l.Əzimov dövlət orqanında inzibati dövlət qulluğu vəzifəsini dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqə (test imtahanı və müsahibə) yolu ilə yox, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən müddətli əmək müqaviləsi bağlamaq yolu ilə tutmuş və bununla əlaqədar olaraq dövlət qulluqçusu statusuna malik olmamışdır. İddiaçı dövlət qulluğu vəzifəsini dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq tutmadığı və bu səbəbdən dövlət qulluqçusu statusuna malik olmadığı üçün onun Baş X7 Müfəttişliyində (Baş X7 Xidmətində) işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır.
37. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunundan (qeyd edilən dəyişiklik 31 may 2016-cı il tarixli 267-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilmişdir, yəni artıq iddiaçı ilə 10 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X7 Xidmətinin aparatında əmək münasibətləri rəsmiləşdirilərkən həmin norma qüvvədə olmuşdur): 28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. 28.5. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28.6. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir. Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır. Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
38. Odur ki, mübahisələndirilən İİ dövtə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı dövlət qulluğu vəzifəsini dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq tutmadığı və bu səbəbdən dövlət qulluqçusu statusuna malik olmadığı üçün onun Baş X7 Müfəttişliyində (Baş X7 Xidmətində) işlədiyi müddətin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmamasına dair imtinası qanunauyğun olmuş, həmin hissədə iddia əsaslı hesab edilə bilməz.
39. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
40. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia tələbinin İddiaçı əmək kitabçasında göstərilən Özbəkistan SSR-in X9 İdarəsində (Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində) 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər keçdiyi xidmət dövrün dövlət qulluğu vəzifəsi kimi nəzərə alınaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 01 aprel 2020-ci il tarixdən yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi təmin edilməsi iddiaçının niyyətinə, hüquqi marağına və iddia tələbinin məzmununa uyğun olmaqla ondan kənara çıxma kimi qiymətləndirilməməlidir.
42. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı əmək kitabçasında göstərilən Özbəkistan SSR-in X9 İdarəsində (Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində) 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990cı il tarixə qədər keçdiyi xidmət dövr dövlət qulluğu vəzifəsi kimi nəzərə alınaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 01 aprel 2020-ci il tarixdən yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Həmin hissədə cavabdehin imtinası qanunsuz hesab edilsin. İddia tələbi qalan hissədə, yəni 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X7 Xidmətinin aparatında işlədiyi dövrün dövlət qulluğu vəzifəsi kimi müəyyən olunması hissəsində təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva