Məhkəmə qərarları › İş №2-1(112)-4921/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4921/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4921/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Nümayəndə1, üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “torpaq sahəsinə dair cizginin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli 511 saylı sərəncamına əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün iddiaçıya verilmiş torpağın yerləşmə cizgizinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin sorğusuna əsasən inzibati iş üzrə məhkəmə icraatına Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli 511 saylı sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın arxiv arayışıda mövcuddur. Hazırkı vaxta kimi həmin torpaq sahəsinə torpaq vergisi ödəyir və həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Hal-hazırda həmin torpaq sahəsinə ev tikmək istəyir. Həmin torpağa dair cizginin alınması üçün Cavabdehnə rəsmi olaraq müraciət etmişdir. Qaradağ Rayon İcra Hakimiyətinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişlər ki, ona ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid olub-olmamasının müəyyənləşdirildikdən sonra onun ərizəsinə baxılacaqdır. Həmin torpaq sahəsi 2000-ci il tarixdə ona ayrılmışdır. Əgər həmin torpaq sahəsi Neft Şirkətinə məxsus olsaydı sərəncam verilməzdi. Həmin torpaq sahəsi ona qanuni sərəncamla verilmişdir.

4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının icra hakimiyyətinə torpaq sahəsinin yerləşmə cizgisinin verilməsinə dair müraciətinə cavab olaraq, 5-13/1-D- 8/2-091/2/2024 nömrəli, 25 noyabr 2024- cü il tarixli məktubda da qeyd olunmuşdur ki, vətəndaşa ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) aid olub-olmaması ilə bağlı 5-13/2-1334/2024 saylı, 25 noyabr 2024-cü il tarixli sorğu verilmişdir. Etiraza əlavə olunmuş sorğunun surətindən də görünür ki, hazırki günədək həmin sorğuya cavab verilməmişdir. Hesab edir ki, ilk öncə həmin faktın aydınlaşdırılması məqsədəmüvafiqdir və məhkəmə tərəfindən qeyd olunan orqana sorğu verilməlidir. İddiaçının qeyd etdiyi torpaq sahəsi "xxxx"-Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan ərazinin daxilindədirsə, rayon icra hakimiyyətinin öz balansında olmayan torpaq sahəsinə dair yerləşmə cizgisi verməsi mümkün deyildir. Rayon icra hakimiyyətləri yerləşmə cizgilərini yalnız öz balansında olan torpaq sahələrinə verə bilər. Bundan əlavə olaraq, Azərbaycan Respublikası “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərində torpaq sahələri üzrə yerləşmə cizgisi yerli icra hakimiyyəti orqanları tərəfindən verilmir. Belə ki, hazırki qanunvericiliyin tələbi ilə bu yerləşmə cizgisi artıq, texniki pasport şəklində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra: AR İN yanında ƏMDK DƏDKR) tərəfindən verilir və bununla bağlı vəzifə öhdəliyi daşıyır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə»də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, "müvafiq icra hakimiyyəti orqan"-nın səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"-nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Qeyd olunan icra hakimiyyəti başçısının sərəncamı sözügedən qanunvericilik norması qüvvəyə mindiyi dövrdən sonra verildiyindən həmin torpaq sahəsinə yerləşmə cizgisi verilməsi qanuna ziddir. Hazırda baza məlumatları da yalnız AR İN yanında ƏMDK DƏDKR publik hüquqi şəxsində olmasından koordinatları müəyyən etmək qeyri-mümkündür və qanunvericiliklə hazırda bununla bağlı yüklülük həmin orqanın üzərindədir. Həmçinin iddiaçının idda ərizəsindən də görünür ki, sözügedən torpaq sahəsində bugünkü gün belə hər hansı tikili başa çatdırılmamış və sərəncamın verilməsindən artıq, 24 il müddət ötmüş və vətəndaş həmin vaxt tikilini vaxtında yerinə yetirmədiyi üçün həmin sərəncamın qüvvəsi itmişdir. Hüquqi qüvvəsini itirmiş inzibati aktın icrası və həmin akta dair hər hansı prosessual hərəkətlərin edilməsi mümkün deyil. Həmin akt 3 il müddətində tikintinin başa çatdırılmaması nəticəsində öz hüquqi qüvvəsini itirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra hakimiyyəti başçısının 05 iyun 2000-ci il tarixli, 511 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi tələbinə dair iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsi xahiş edilir.

5. Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Bakı Filialı tərəfindən 18 dekabr 2024-cü il tarixli 3-48-2F/2-2614/2024 saylı məktubla Qaradağ RİH-nin arxiv fondu üzrə xx.xx.2000ci il tarixli, 511 saylı sərəncamının təsdiq edilmiş ksero surəti 1 (bir) vərəqdən ibarət məhkəməyə təqdim edilmişdir. Sərəncama heç bir sənəd əlavə edilməmişdir.

6. Cavabdeh Başçısının 511 nömrəli, 05 iyun 2000-ci il tarixli sərəncamından arxiv çıxarışına əsasən Lökbatan qəsəbəsi Ç.Hacıbəyov küçəsi ev 15-də yaşayan İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsincən 600.0 kv.m. torpaq sahəsi ayrılmışdır.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

10. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

14. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

15. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. İddia tələbi Cavabdeh Başçısının 511 nömrəli, 05 iyun 2000-ci il tarixli sərəncamı ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlıdır.

18. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

19. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir

20. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

21. İşin faktiki hallarına əsasən, iddiaçıya Cavabdeh Başçısının 511 nömrəli, 05 iyun 2000-ci il trixli sərəncamı ilə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Sözügedən sərəncamın mövcudluğu məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv arayışı ilə təsdiqlənir. Həmin arxiv arayışı ilə təqdim edilmiş sərəncamın surətindən görünür ki, sərəncama heç bir sənəd (sxem, təhkim aktı, ayrıc aktı və ilkin baş plan) əlavə edilməmişdir.

22. Məhkəmə cavabdehin torpaq sahəsinin "xxxx"-ın balansında olan ərazinin daxilində yerləşməsi iddiasına münasibətdə qeyd edir ki, nə cavabdeh icra hakimiyyəti, nə də üçüncü şəxs Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən buna dair sübut təqdim edilmişdir, beləliklə cavabdehin imtinaya əsas kimi göstərdiyi dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Eyni zamanda qeyd edilməlidir ki, torpaq sahəsi Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisi daxilindədir.

23. Odur ki, məhkəmə hesab edir ki, torpaq sahəsi icra hakimiyyətinin balansında olan torpaq sahəsidir və iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi hazırlanılaraq təqdim edilməmişdir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

25. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, cavabdeh imtinasında haqlı olmamış, iddiaçı müvafiq öhdəliyin qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

26. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 600 kv.metr torpaq sahəsinə dair cizginin (ayrıc aktının) hazırlanaraq İddiaçı verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Cavabdeh Başçısının 511 nömrəli, 05 iyun 2000-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış Qaradağ rayonu, Lökbatan qəsəbəsində 600 kv.metr torpaq sahəsinə dair cizginin (ayrıc aktının) hazırlanaraq İddiaçı verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar