Məhkəmə qərarları › İş №2-1(112)-4922/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4922/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4922/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkil X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli, 3-17-112-ə- 247526/2023 saylı məktubunun əsassız hesab edilməsi, ona xx.xx.2023-cü il tarixdən, yəni 60 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə onun 60 yaşı tamam olmuşdur. 22 may 2006-cı il tarixədək onun 25 ildən artıq ümumi, 19 il 8 ay 11 gün güzəştli iş stajı var. Belə ki, xx.xx.1981-ci ildən 15 iyun 1983-cü ilədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cü ildən 22 may 2006-cı ilədək fasiləsiz “Xəzərdənizneft” İB-nin 5 saylı Tikinti-Quraşdırma İdarəsində, həmin İdarə “Xəzərdənizneftsosialtikinti” trestinin tabeliyinə verildikdən sonra həmin idarəyə, sonra isə trestin struktur bölməsi bazasında yaradılan "xxxx" ASC-də rəngsaz işləmişdir. İşlədiyi vəzifə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq Siyahılara daxil edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun ümumi iş stajı 25 ildən azdır, habelə işlədiyi rənglərin tərkibi məlum olmadığından güzəştli iş stajı da qanunla tələb olunan 12 il 6 aydan azdır. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının və hərbi biletin surətinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajı mövcud deyildir. İddiaçı xx.xx.2006-ci il tarixədək 12 il 06 ay güzəştli iş stajı daxil olmaqla 25 il ümumi iş stajını toplamasa da, xx.xx.2017-ci il tarixədək bu stajı toplaması, aşağıdakı şərtlər də ödənildiyi halda, “Əmək pensiyaları haqqında” Qanunun 9.1- ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən, 3 şərtin ödənilməsi tələb olunur: 1) xx.xx.2017-ci il tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixədək azı 25 il ümumi; 3) azı 12 il 6 ay xüsusi iş stajına malik olması. İş üzrə icraat materiallarına əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1963-ci il tarixdə doğulmuşdur. Yəni, iddiaçının xx.xx.2020-ci ildə 57 yaşı tamam olmuşdur. Qeyd olunan tarixədək iddiaçının ümumi stajı qanunvericiliklə tələb olunan 25 il tələbini qarşılamır. İddiaçının güzəştli iş stajına daxil edilməsini tələb etdiyi illər ИT-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində “Dövlət Metallurgiya” şirkətində və "xxxx" ASC-də xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək “Azərdənizneftinşaat” trestinin 5 saylı tikinti quraşdırma idarəsində rəngsaz peşəsində işlədiyi illərdir. Qeyd olunan dövrlərə münasibətdə bildirilmişdir ki, xx.xx.2006xx.xx.2006- cı il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib-işləməməsinə dair əsaslı şübhələr yaranıb. Buna görə də xx.xx.2003xx.xx.2006-cı il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Qeyd olunan dövrlərdə İddiaçı əməkhaqqısından məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müəyyən edilməmişdir. "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 01/38 nömrəli arayışında xx.xx.1983-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Azərdənizneftinşaat” trestinin 5 saylı tikinti quraşdırma idarəsində rəngsaz peşəsində işlədiyi qeyd edilmişdir. Lakin, həmin arayışda rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi haqqında hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən də xx.xx.1983-xx.xx.2003-cü il tarixləri arasındakı dövrü güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajının olubolmamağını müəyyən etmək mümkün deyil. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21183,84 manat təşkil edir. Odur ki, hazırki iş üzrə iddiaçı iş yerinə dair arayış təqdim etsə də, həmin arayışla rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi haqqında hər hansı məlumat göstərilməmiş, eyni zamanda xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib-işləməməsinə dair əsaslı şübhələr yaranmışdır. Həmçinin, iddiaçının qanunvericiliklə tələb olunan ümumi iş stajı 25 ildən azdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddiaçının ümumi iş stajı tələb olunan 25 ildən, xüsusi stajı isə tələb olunan 12 il 6 aydan azdır. Bu səbəbdən nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1981-cı ildə hərbi xidmətə çağrılmış, 07 iyun 1983-cü il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.1983-cü il tarixdə hərbi qeydiyyata götürülmüşdür. ИТ-İ № ******* nömrəli, 21 noyabr 1983-cü il tarixli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1983-cü ildə "Azərdəniznefinşaat" trestinin 5 sayl Tikinti Quraşdırma İdarəsinə 1-ci dərəcəli fəhlə peşəsi üzrə işə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdə o, 2-ci dərəcəli rəngsaz vəzifəsinə keçirilmişdir. xx.xx.1990-cı ildə "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin və Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin 15 yanvar 1990-cı il tarixli 12/35-10d saylı Əmr-Qərarına əsasən -"Azərdənizneftinşaat" trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi yeni yaradılan "Xəzərdənizneftsosialtikinti" trestinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən "Xəzərdənizneftsosialtikinti" trestinin və onun struktur bölmələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. İddiaçı xx.xx.2003-cü il tarixdə işdən azad edilmişdir.İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Dövlət Metallurgiya şirkəti hesablama mərkəzində rəngsaz vəzifəsində işləmişdir. Azərbaycan Respublikası "xxxx" ASC-nin 01/38 nömrəli, xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.1983-cü ildə "Azərdəniznefinşaat" trestinin 5 sayl Tikinti Quraşdırma İdarəsinə 1-ci dərəcəli fəhlə peşəsi üzrə işə qəbul edilmişdir (əmr 104/ş, xx.xx.1983). xx.xx.1990-cı ildə "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin və Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin 15 yanvar 1990-cı il tarixli 12/35-10d saylı Əmr-Qərarına əsasən -"Azərdənizneftinşaat" trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi yeni yaradılan "Xəzərdənizneftsosialtikinti" trestinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən "Xəzərdənizneftsosialtikinti" trestinin və onun struktur bölmələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin "a" bəndi ilə (öz xahişi) işdən azad edilmişdir (əmr 79/ş, xx.xx.2003). İşlədiyi peşə üzrə sosial və güzəştli sığorta (və ya iş) stajı- 19 (on doqquz) il, 08 (səkkiz) ay, 11 (on bir) gün təşkil edir. İşlədiyi peşə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" qərarının kod 22900000, XXVİİ bəndinin ( "Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri") -RƏNGSAZ-(2290100a-13450) müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Cavabdehin 23 oktyabr 2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 fevral 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Xidmətin arxivində “Dövlət Metallurgiya” şirkətinə dair heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, həmin Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə 12 il 6 ay stajı olan kişilərin yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə pensiyaya çıxmaq hüquqları vardır. İddiaçı onun 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdın ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Belə olan halda onun həmin tarixədək 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı olmalıdır. İddiaçının xx.xx.1981-cı ildən 07 iyun 1983-cü il tarixədək hərbi xidmətdə olduğu dövr, həmçinin xx.xx.1983-cü ildən “Azərdəniznefinşaat” trestinin 5 sayl Tikinti Quraşdırma İdarəsində və "xxxx" Açıq Səhmdar Cəmiyyətində, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Dövlət Metallurgiya şirkəti hesablama mərkəzində işlədiyi dövrlər hesablanarsa, iddiaçının ümumi iş stajı cəmi 24 il 07 ay 06 gün təşkil edir. Göründüyü kimi iddiaçının xx.xx.2023-cü ilədək olan ümumi iş stajı ona qanunvericilikdə nəzərdə tutulmuş pensiya hüququ verən iş stjından azdır. Belə olan halda iddiaçının həmin tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb etmək hüququ yoxdur. Cavabdeh tərəfindən iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən stajı da bəzi hissələrdə mübahisələndirilsə də, məhkəmə bununla bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Çünki iddiaçının ümumi iş stajının 25 ildən az olması ona pensiya təyinindən imtina edilməsi üçün əsasdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar