Məhkəmə qərarları › İş №2-1(112)-4922/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4922/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4922/2025 20.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X10 “fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X10 üçüncü şəxs qismində cəlb edilməklə) ”fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X7 məxsus olmuşdur. Evə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarziyası və qiymətləndirilməsinə aid” Texniki Pasport tərtib edilmişdir. Həmin texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 842 kvadrat metr göstərilmişdir. Bakı şəhəri 7 saylı Notariat Ofisinin notariusu D.M.Mirəhmədov tərəfindən təsdiqlənmiş 5 sentyabr 1972-ci il tarixli Müqaviləyə əsasən, satıcı X11 tərəfindən ünvan 1 ünvanında yerləşən 400 kvadrat torpaq sahəsi və ümumi sahəsi 17 kv.m. olan fərdi yaşayış evi alıcı X1. Müqavilə reyestrdə 8339 nömrəsi ilə təsdiq edilmişdir. X13 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, x/o /14/23 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən, həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına vərəsəsi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət daşınmaz əmlak daxildir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi ünvanında yerləşən 7 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin mərhum atası X9 məxsus olması barədə arayış verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, təqdim olunmuş və idarənin arxivində mövcud olan texniki pasport digər şəxsin adınadır. 400 kv.m torpaq sahəsi və “A” fərdi yaşayış evinin mərhum X2 dair surəti təqdim olunmuş xx.xx.1972-ci il tarixli müqavilənin qüvvədə olması ilə bağlı Dövlət Notariat Arxivindən arayış əlavə edilməmişdir. Bundan başqa, texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur və sənəd üzrə torpaq sahəsinin 427 kv.m hissəsi qonşunun istifadəsindədir, həmin hissəyə və “B” fərdi yaşayış evinə texniki baxış keçirilməsi üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 400 kv.m torpaq sahəsində yerləşən 17 kv.m fərdi yaşayış evinin X3 mülkiyyətində olan fərdi yaşayış evi ilə üst-üstə düşən sahə istisna olmaqla mülkiyyət hüququ üzrə mərhum atası X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini mərhum atası X13 05 sentyabr 1972-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X4 almışdır. Evə dair texniki pasport alqı-satqı müqaviləsinin tərtib edilməsindən əvvəl X8 adına tərtib edilmişdir. 1972-ci ildən hal-hazırkı vaxtadək həmin ev onların istifadələrində və sahibliklərindədir. Fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, həmin torpaq sahəsinə dair çıxarış almaq istəyir. Həmin fərdi yaşayış evinə dair istifadə və sahiblik hüququ vardır. Fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədləri əsilləri onda mövcuddur. Cavabdeh ondan tələb etsəydə o sənədlərin əsillərini təqdim edə bilərdi. Eyni zamanda texniki pasportda evlə yanaşı, torpaq sahəsi də qeyd olunduğundan həm evin, həm də evin yerləşdiyi torpaq sahəsinin qeydiyyata alınması zəruridir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X7 məxsus olmuş, sonuncu ilə iddiaçının atası X13 arasında Bakı şəhəri 7 saylı Notariat Ofisin bağlanmış 5 sentyabr 1972-ci il tarixli Müqaviləyə əsasən 400 kvadrat metr torpaq sahəsi və üzərində olan 17 kv.metr fərdi yaşayış evi iddiaçının atasına satılmışdır. X13 fərdi yaşayış evinə dair mülkiyyət hüququnu qeydə almadan ölmüşdür. İddiaçı X6 qızı - qanun üzrə birinci növbəli vərəsəsidir. İddiaçı həmin fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnun atasına şəxsə məxsus olmasına dair arayışın verilməsi bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Belə ki, mübahisə predmeti təşkil edən evin və torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin sahib olduğu hüquqmüəyyənedici sənəd Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarziyası və qiymətləndirilməsinə aid” Texniki Pasport olmuş, evin mülkiyyətçisi həmin sənəd əsasında iddiaçı ilə torpaq sahəsinin bir hissəsinin (400 kvadrat metr) və həmin hissədə yerləşən 17 kvadrat metr fərdi yaşayış evinin alqı-satıqınsa dair notarial qayadad təsdiq edilmiş müqavilə bağlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr. Sadalanan normaların məzmununa əsasən, mərhum S.Mustafayev mübahisələndirilən fərdi yaşayış evini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Belə ki, cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddia tələbinin rədd olunmasının xahiş edir: 1) təqdim olunmuş və idarənin arxivində mövcud olan texniki pasport digər şəxsin adınadır. 2) 400 kv.m torpaq sahəsi və “A” fərdi yaşayış evinin mərhum X2 dair surəti təqdim olunmuş xx.xx.1972-ci il tarixli müqavilənin qüvvədə olması ilə bağlı Dövlət Notariat Arxivindən arayış əlavə edilməmişdir. 3) texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur; 4) sənəd üzrə torpaq sahəsinin 427 kv.m hissəsi qonşunun istifadəsindədir. Məhkəmə cavabdehin birinci imtina dəlili ilə bağlı qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X7 məxsus olmuş, sonuncu ilə iddiaçının atası X13 arasında Bakı şəhəri 7 saylı Notariat Ofisin bağlanmış 5 sentyabr 1972-ci il tarixli Müqaviləyə əsasən 400 kvadrat metr torpaq sahəsi və üzərində olan 17 kv.metr fərdi yaşayış evi iddiaçının atasına satılmışdır. İddiaçı hüquqmüəyyənerdici sənəd kimi, evin ilkin mülkiyyətçisi ilə arasında bağlanmış notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə istinad edir. Ona görə də, İdarənin arxivində evin ilkin hüquqmüəyyənedici sənədinin, yəni evə dair texniki pasportun X5 adına olması iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas deyildir. Məhkəmə cavabdehin ikinci dəlili ilə bağlı qeyd edir ki, məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş Bakı şəhəri 7 saylı dövlət notariat ofisində 5 saylı sentyabr 1972-ci il tarixdə 8339 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin təsdiq edilmiş surəti məhkəmə təqdim edilmişdir. Təqdim edilən notariat işində müəyyən edilir ki, qeyd olunan müqavilə ilə bağlı notariat hərəkətləri aparılmış, alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilmiş, həmçinin müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Göründüyü kimi, müqavilənin hazıradək dəyişdirilməsi və ya ləğv edilməsi barədə məlumat daxil olmamışdır. Məhkəmə cavabdehin üçüncü dəlili ilə bağlı qeyd edir ki, texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olması iddiaçının məsuliyyət sferasına aid məsələ deyil və hüququn qeydə alınmasından imtinaya əsas deyildir. Digər tərəfdən iddiaçı fərdi yaşayış evinin yerini bilməklə, torpaq sahəsinin koordinatları əlavə olunmuş müayinə aktı cavadeh tərəfindən təqdim edilmişdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Məhkəmə cavabdehin 4-cü dəlili ilə bağlı qeyd edir ki, cavabdeh sənəd üzrə sahənin 427 kv.metr-in qonşunun istfadəsində olmasını qeyd edərkən, evin ilkin hüquqmüəyyənedici sənədi olan Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarziyası və qiymətləndirilməsinə aid” Texniki Pasportu nəzərdə tutur. Həmin texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 842 kvadrat metr göstərilmişdir. Hazırda iddiaçı torpaq sahəsinin mərhum atasına satılmış və iddiaçının faktiki sahiblik və istifadəsində olan hissəsinə, yəni 400 kvadrat metr hissəyə (cavabdehin müayinə aktında “A” tikilisi kimi qeyd edilən) iddia edir. Cavabdehin istinad etdiyi digər hissə, yəni “B” tikilisi torpaq sahəsinin iddiaçının atasına satılan hissə deyil, torpaq sahəsinin qalan hissəsidir ki, iddiaçının həmin sahəyə hər hansı bir iddiası yoxdur. Bundan başqa iddiaçı məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək X3 mülkiyyətində olan fərdi yaşayış evi ilə üst-üstə düşən sahə istisna olmaqla hüququn qeydə alınmasını tələb etmiş, məhkəmə tərəfindən tələbin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Göründüyü kimi, iddia tələbinin təmin olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı imtina əsası yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızıdır və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi və üzərində yerləşən 17 kv.m fərdi yaşayış evinin X3 mülkiyyətində olan fərdi yaşayış evi ilə üst-üstə düşən sahə istisna olmaqla mülkiyyət hüququ üzrə mərhum X9 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar