Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4923/2020 20.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində 100 kv.m anbar binasına çıxarış və 2.05 ha torpaq sahəsinə istifadə hüququ barədə çıxarış və texniki pasport verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində 100 kv.m anbar binası və 2.05 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Bakı şəhəri Suraxanı rayonu Rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2004-cü il tarixli 1243 nömrəli sənədi ilə İddiaçı təsisçisi vətəndaş X2 adına ayrılmışdır. Torpaq sahəsinin situasiya planı təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzin 31 yanvar 2020-ci il tarixdə iddiaçının istifadəsində olan torpaq sahəsinə yerquruluşu planını tərtib elmiş və təsdiq etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 08 yanvar 2018-ci il tarixli məktubu əsasında 2.05 ha torpaq səhəsinin "xxxx" MMC-nin ayrılmasına etiraz etməmişlər. İddiaçı dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********10 nömrəli imtina məktubu verilmişdir. İmtinada əsas kimi gösdərilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir, torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz, əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardan biri təqdim edilməmişdir. Bundan əlavə, göstərilən əraziyə digər şəxslərin müraciətləri olmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən qeydiyyat orqanına hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim edilməlidir. Belə ki, sonradan iddiaçı tərəfindən 03 iyunda sənədlərin əsli ilə birlikdə yenidən müraciət olunsada sənədləri götürməkdən imtina elmişlər. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçının təsisçisi Y.Ə.Süleymanova ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə keçiriləcək məhkəmə iclaslarına onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardan hər hansı biri təqdim edilməmişdir. Bundan əlavə, göstərilən əraziyə digər şəxsin müraciəti olmuşdur. Belə ki, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən 1000 kv.m torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə X1 ərizəsi İdarəyə daxil olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil **********10 saylı, xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Qeyri-yaşayış binasına (anbar) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, ərazidə göstərilmiş 100.0 kv.m-lik qeyri-yaşayış binası (anbar) mövcud deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.9cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2 çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, 8.0.10 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) huququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.2-ci maddəsinə əsasən torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. 19.3-cü maddəsinə əsasən binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarım isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci məddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyata alınmışdır. Təsisçi kimi X4 göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək, xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir: “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində istifadə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizənizə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardan biri təqdim edilməmişdir. Bundan əlavə, göstərilən əraziyə digər şəxslərin müraciətləri olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən qeydiyyat orqanına hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim edilməlidir.” İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 7-5381/16 nömrəli xx.xx.2004cü il tarixli məktubunda göstərilmişdir: “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində, vət. X4 yuxarıda göstərilən ünvanda istifadəsində olan 2.05 ha torpaq sahəsini şəxsi vəsaiti hesabına tullantılardan təmizləyərək abadlaşdırıb, istifadəyə yararlı hala gətirdiyini və həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 100 kv.m anbar binası tikməsi üçün Suraxanı rayon İcra Hakimiyyətindən müvafiq sənədlərin verilməsi barədə ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi ARDNŞ-nin balans torpağıdır. Yuxarıda qeyd olunanlarına əsasən, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində vət. X2 yuxarıda göstərilən ünvanda istifadəsində olan 2.05ha torpaq sahəsini şəxsi vəsaiti hesabına tullantılardan təmizləyərək abadlaşdırıb, istifadəyə yararlı hala gətirdiyini və həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 100 kv.m anbar binası tikintisi üçün öncədən ARDNŞ-nin razılıq məktubu alındıqdan sonra, müvafiq sənədləşdirilmə işlərinin aparılmasında köməklik göstərməyinizi sizdən xahiş edirəm.” İş materiallarından görünür ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının X3 ünvanladığı 1/243 nömrəli xx.xx.2004-cü il tarixli məktubunda göstərilmişdir: “Vət. X4 25 mart 2004-ci il tarixli ərizə ilə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək, Yeni Ramana qəsəbəsində istifadəsində olan 2,05 ha torpaq sahəsini şəxsi vəsaiti hesabına tullantılardan təmizləyərək abadlaşdırıb, istifadəyə yararlı hala gətirdiyini və həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 100 kv.m anbar binası tikintisi üçün Suraxanı rayon İcra Hakimiyyətinin memarlıq şöbəsində eskiz layihəsinin razılaşdırılmasını xahiş etmişdir. Bakı Şəhəri İcra Hakimiyyətinin 15 mart 2004-cü il tarixli, 7-5384/16 saylı məktubuna əsaslanaraq istifadənizdə olan 2,05 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 100 kv.m anbar binası tikintisi üçün tərəfinizdən təqdim olunmuş eskiz layihəsinin razılaşdırılması və tikinti işləri aparılmasına etiraz etmir. Lakin, ARDNŞ-nın razılıq məktubu alındıqdan sonra müvafiq sənədləşdirilmə işlərinin aparılması həyata keçirilə bilər.” İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir: “İddiaçı ünvanladığı “Suraxanı rayonu, Ramana qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2,05 ha torpaq sahəsinin ayrılması barədə” xx.xx.2017-ci il tarixli 05 nömrəli məktubuna Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, SOCAR-ın cizgisi bu məktuba əlavədə verilmiş 2,05 ha torpaq sahəsinin yuxarıda qeyd olunmuş məqsədlər üçün İddiaçı MMC-nin istifadəsinə ayrılmasına etirazı yoxdur.” Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan torpaq sahəsi olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilir. İş materiallarından görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində Təsərrüfat hesablı Layihə-Smeta Bürosu tərəfindən hazırlanmış Suraxanı rayonu, Ramana qəsəbəsində 100 kv.m anbar binasının layihəsi Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Suraxanı, Yeni Suraxanı qəsəbə ərazisində yerləşən İddiaçı faktiki istifadəsində olan 2.05 hektar torpaq sahəsinin yerquluşu planı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan Bakı şəhəri, Suraxanı, Yeni Suraxanı qəsəbə ərazisində yerləşən 2.05 hektar torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı MMC-nin faktiki istifadəsinə ayrılmasına etirazının olmaması və həmin torpaq sahəsinin yerquluşu planının Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təsdiq edilməsi, həmçinin 100 kv.m anbar binasının eskiz layihəsinin Suraxanı Rayon İcra Hakimiyyəti ilə razılaşdırılması, həmçinin qeyd edilən anbar binasının tikilməsinə Suraxanı Rayon İcra Hakimiyyətinin etirazının olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, Bakı Şəhəri İcra Hakimiyyətinin və Suraxanı Rayon İcra Hakimiyyətinin məktublarında göstərildiyi kimi İddiaçı faktiki istifadəsində olan 2,05 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ARDNŞ-nın razılıq məktubu alınmış və 100 kv.m anbar binasının tikintisi üçün eskiz layihəsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və istifadə hüququ dövlət qeydiyyatına alınır. İş materiallarından görünür ki, cavabdeh orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardan hər hansı biri təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) razılıq məktubu nəzərə alınaraq Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının 1/243 nömrəli xx.xx.2004-cü il tarixli məktubu İddiaçı faktiki istifadəsində olan 2,05 ha torpaq sahəsinə dair istifadə hüququnun qeydiyyata alınması üçün əsas hesab edilir. Cavabdeh orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını həmçinin onunla əsaslandırmışdır ki, göstərilən əraziyə digər şəxsin müraciəti olmuşdur. Belə ki, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən 1000 kv.m torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə X1 ərizəsi İdarəyə daxil olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Suraxanı, Yeni Suraxanı qəsəbə ərazisində yerləşən İddiaçı faktiki istifadəsində olan 2.05 hektar torpaq sahəsinin yerquluşu planından görünür ki, qeyd edilən torpaq sahəsi digər şəxslərin istifadəsində və ya mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan torpaq sahəsi olduğundan və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) həmin torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair xx.xx.2018-ci il tarixdə razılıq məktubu verdiyindən, xx.xx.2019-cu il tarixdə X1 qeyd edilən ərazidə yerləşən 1000 kv.m torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsinə dair müraciəti etməsi üçün subyektiv hüququnun olmasına dair cavabdeh tərəfindən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin, cavabdeh orqan tərəfindən X1 İddiaçı faktiki istifadəsində olan 2,05 ha torpaq sahəsinin hüdudlarında yerləşən torpaq sahəsi ilə bağlı müraciətinin olmasını, həmçinin həmin torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsini və çıxarışın verilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını həmçinin onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, ərazidə göstərilmiş 100.0 kv.m-lik qeyri-yaşayış binası (anbar) mövcud deyil. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən İddiaçı faktiki istifadəsində olan 2,05 ha torpaq sahəsində 100.0 kv.m binaya (anbara) dair müvafiq sənədlər təqdim edilmişdir, lakin cavabdeh orqan tərəfindən mübahisə predmeti olan binanın (anbarın) mövcud olmamasına dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 7-5381/16 nömrəli xx.xx.2004-cü il tarixli məktubundan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının 1/243 nömrəli xx.xx.2004-cü il tarixli məktubundan da görünür ki, mübahisə predmeti olan torpaq sahəsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək, yəni 29 iyun 2004-cü il tarixədək İddiaçı faktiki istifadəsində olmuşdur. Beləliklə də, həmin dövr qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün həmin daşınmaz əmlakın istismara qəbul edilməsi tələbi nəzərdə tutulmamışdır. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan Bakı şəhəri, Suraxanı, Yeni Suraxanı qəsəbə ərazisində yerləşən 2.05 hektar torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı MMC-nin faktiki istifadəsinə ayrılmasına etirazının olmaması və həmin torpaq sahəsinin yerquluşu planı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təsdiq edilməsi, həmçinin 100 kv.m anbar binasının eskiz layihəsinin Suraxanı Rayon İcra Hakimiyyəti ilə razılaşdırılması, həmçinin qeyd edilən anbar binasının tikilməsinə Suraxanı Rayon İcra Hakimiyyətinin etirazının olmaması iş materialları ilə öz təsdiqini tapdığından,Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının 1/243 nömrəli xx.xx.2004-cü il tarixli məktubu İddiaçı MMC-nin faktiki istifadəsində olan 2.05 hektar torpaq sahəsinə dair istifadə hüququnun qeydiyyatı üçün əsas hesab edildiyindən, mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüquqlarının və həmin torpaq sahəsində yerləşən 100 kv.m anbar binasına dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidr. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçınə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində 100 kv.m anbar binası üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarış və 2.05 ha torpaq sahəsinə istifadə hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış və texniki pasport verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçınə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində 100 kv.m anbar binası üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarış və 2.05 ha torpaq sahəsinə istifadə hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış və texniki pasport verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4923/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4923/2020
20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver