Məhkəmə qərarları › İş №2-1(112)-4923/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4923/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4923/2024 04.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə Tərəflərin və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X7 cəlb olunmaqla) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai RPİ-yə qarşı X3 yaşayış sahəsindən qeydiyyatdan çıxarılması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai RPİ-yə ərizə ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 113 saylı evin 82 saylı mənzilindən X3 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Xətai RPİ ərizənin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, adıçəkilən şəxsin qeydiyyatdan çıxarılması «‘Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin tələbinə əsasən yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həyata keçirilir. Halbuki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 113 saylı evin 82 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Məznil üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X7 həmin ünvanda qeydiyyatdadır. Lakin adıçəkilən şəxs həmin ünvanda qeydiyyata düşdüyü vaxtdan heç vaxt yaşamamışdır. O, uzun müddətdir ki, başqa ünvanda qeydiyyatda olan valideyinlərinin, yəni Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayır, həmin ünvandan məktəbə gedir, poliklinikada qeydiyyatdadır və lazım olan arayışlar həmin rayondan alınır. Belə olan halda iddiaçı hesab edir ki, X7 ona məxsus mənzilə istifadə hüququ olmayan şəxsdir və buna görə də onun həmin mənzildən qeydiyyatına xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq, X3 Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsi, 113 saylı evin 82 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 22 dekabr 2020-ci il tarixli (********** qeydiyyat nömrəli) “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin 82 saylı mənzili İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən ASAN 6 Xidmət Mərkəzi vasitəsilə alınmış “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 24 sentyabr 2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, X7 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin 82 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin hazırkı İddiaçı ünvanlanmış 21 oktyabr 2023-cü il tarixli məktubunda bildirilir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən; öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı biri təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər, əks təqdirdə müraciətdə adları qeyd olunan vətəndaşların qeydiyyatdan çıxarılması RPİ tərəfindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvqafiqdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon MKTB-nin 97 saylı MKİS-in müvafiq sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş 30 yanvar 2024-cü il tarixli 109 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən də, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin 82 saylı mənzilində yaşayır və qeydiyyatdadır və həmin ünvanda ailə üzvləri X5 (atası), X1 (anası), X14 (qızı), X8 (oğlu), X4 (oğlu), X2 (həyat yoldaşı) ilə birlikdə yaşayırlar, X9 (qardaşı oğlu) həmin ünvanda qeydiyyatdadır, lakin yaşamır. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 30 yanvar 2024-cü il tarixli məktubunda bildirilir ki, X3 adına sənədləşən fərdi uçot kartoçkası Xətai RPİ-nin arxivində məlumat aşkarlanmadı, eyni zamanda qeyd edilir ki, X7 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin 82 saylı mənzilində 2 iyun 2017-ci il tarixdən qeydiyyatdadır. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 23 fevral 2024-cü il tarixli məktubunda bildirilir ki, X3 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin 82 saylı mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmin ünvanda yerləşən mənzil İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Hazırkı məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin 82 saylı mənzilindən X3 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhəri Xətai RPİ-yə müraciət etdiyindən, cavabdeh tərəfindən isə, həmin məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarına əsasən hazırda Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin 82 saylı mənzilinə sahiblik, istifadə və sərəncam hüquqları mülkiyyətçi kimi hazırkı İddiaçı məxsusdur. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X3 iddiaçının mülkiyyətindəki həmin mənzilə dair hər hansı hüququnun mövcudluğu ilə bağlı nə cavabdeh inzibati orqan, nə də həmin şəxs özü hər hansı sübut, dəlil təqdim etməmişlər. Nəzərə alınmalıdır ki, məhkəmə icraatı üzrə ona ünvanlanmış məhkəmə bildirişləri X3 qeydiyyatda olduğu ünvana göndərilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə X7 İddiaçı məxsus mənzildə yaşamadığından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), eləcə də onun həmin mənzilə hər hansı hüququ qeydiyyata alınmadığından cavabdeh Bakı şəhəri Xətai RPİ tərəfindən həmin mənzilin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxsin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin 82 saylı mənzilindən X3 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin 82 saylı mənzilindən X7 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar