Məhkəmə qərarları › İş №2-1(112)-4925/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4925/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4925/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X20 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X3, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işə cəlb edilməklə siyahıya daxil edilmə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, 17.10.1992-ci il tarixdə ölmüş və Zaqatala rayonu Dardoqqaz kənd qəbirstanlığında dəfn olunmuş qardaşı X10 şəhid statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 mart 1974-cü il tarixdə Zaqatala rayonu Dardoqqaz kəndində doğulmuş, şəhid olmuş X13 onun doğma qardaşıdır. O, 17 oktyabr 1992-ci il tarixdə Qubadlı rayonu Bəşarət kəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olaraq, vətən uğrunda şəhid olmuşdur. O, Zaqatala rayonu Dardoqqaz kəndinin qəbirstanlığında dəfn olunmuşdur. Zaqatala rayonu Sumaylı kənd orta məktəbi qardaşı Mömin Həsənovun adını daşıyır. Rayonun Şəhidlər Xiyabanın lövhədə onun şəkli və adı yazılmışdır. Onun şəhid olması ilə əlaqədar atasının şəhid ailəsi olmasına dair şəhid vəsiqəsi də, verilmişdir. X18 da, vəfat etmişdir. Hazırda Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış fərman və sərəncamlara əsasən şəhid ailələrinə veriləcək kompensasiyanı almaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat ona imtina cavabı verərək, qardaşına şəhid stausunun verilməsinin mümkün olmadığını bildirmişdir. Belə ki, cavabdeh hər-hansı bir əsası olmayan məktuba əsaslanır, lakin, hərhansı bir məktub isə qanun qüvvəsinə malik deyildir. Onun qardaşının şəhid olması bir dəfə sübuta yetirilib, X1 adı vardır. Qəbirstanlıqda baş daşında qeyd olunmuşdur və atasına şəhid ailəsi kimi vəsiqəsi verilmişdir. Bundan başqa məhkəməyə bildirmişdir ki, cavabdeh təşkilat və şəhidlik statusunun verilməsi ilə bağlı məşğul olan müvafiq icra hakimiyyətləri (müdafiə nazirliyi, səfərbərlik idarələri və s.) qəsdən şəhid ailələrinə problem yaradır, süründürməçilik edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanı ilə müəyyən edilmiş şəhid ailələrinə veriləcək birdəfəlik yardımları almasınlar. Onların hərəkətlərini aşağıda sadalayır: 1. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin rəisi Rəşad Qənbərovun imzası ilə 18 fevral 1999-cu il tarixli, 9/2-1999 saylı məktubda yazılır ki, döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətin siyahısı qovluğunda Zaqatala RHK-dan çağırılmış 1974-cü il təvəllüdlü sıravi X7 18.10.1992-ci il tarixdə Göyəm kəndində dəfn olunması barədə məlumat vardır. 2. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi Rasim Əliyevin imzaladığı 30.05.2019-ci il tarixli, 1/71-7408 saylı məktubda yazılır ki, Müdafiə Nazirliyi Təşkilat Səfərbərlik İdarəsi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçular barədə göndərilən siyahıda mərhum qardaşı X7 adı qeyd edilmişdir və o, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə bilər. Göründüyü kimi, Müdafiə Nazirliyindən 2 müxtəlif cavablı məktublar verilmişdir. Bu məktubları aldıqdan sonra cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat isə ona belə imtina cavabı yazıb vermişdir ki, qardaşının hansı hərbi hissədə xidmət keçməsi, həmçinin hansı səbəb və şəraitdə həlak olması qeyd edilmədiyinə görə ona “şəhid” statusunun verilməsi mümkün deyildir. Göründüyü kimi, onlar məntiqsiz cavablar verərək şəhid ailələrini süründürürlər. Cavadeh təşkilatın rəisi bilmir ki, qardaşının Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması, onun müharibə şəraitində ölməsini və müharibədə ölməsi də, düşmən gülləsi səbəbindən ölməsini sübut edir. Qaldı ki, hansı hərbi hissədə xidmət keçməsinin şəhid olmasına heç bir aidiyyatı yoxdur və onun vəzifəsi deyildir ki, onlara sübut etsin ki, hansı hərbi hissədə qulluq keçmişdr. Bundan başqa, cavabdeh təşkilatın rəisinin onu qəsdən süründürdüyü açıq aydın görünür. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1219/2019 saylı, 24.110.2019-cu il tarixli qərardadına əsasən iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-677/2019 saylı, 18.12.2019-cu il tarixli qərardadı ilə İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2-1(84)-1219/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-665/2020 saylı, 03 iyun 2020-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)- 677/2019 saylı, 18 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-337/2020 saylı, 11.09.2020-ci il tarixli qərardadı ilə İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2-1(84)-1219/2019 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı 17.10.1992-ci il tarixdə həlak olmuş 28.03.1974-cü il təvəllüdlü qardaşı X7 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılaraq, baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. 28.10.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh kimi işə cəlb edilməsini və 17 oktyabr 1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş, 28 mart 1974-cü ildə doğulmuş, qardaşı X7 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu Siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən dəqiqləşdirilmiş ərizə protokol qərardad ilə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1495/2020 saylı, 28.10.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 17 oktyar 1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş, 28 mart 1974-cü ildə doğulmuş, qardaşı X7 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanın icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə baxılması üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-534/2020 saylı, 23.11.2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1495/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki İnzibati Məhkəməsindən iş adiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4925/2021 saylı, 08.09.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında “ Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli Fərmanına əsasən, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 1-ci hissəsinə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilsin. Həmin Fərmanın 2-ci hissəsinə əsasən, birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Həmin Fərmanın 5-1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən İddiaçı mərhum X7 vərəsəsi olması (vərəsəlik şəhadətnaməsi olmadığından) müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Əlavə olaraq bildirirlər ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 18.02.2019-cu il tarixli, 9/2-1999 nömrəli məktubunda və Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən daxil olan “1997-ci ilin avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda Həsənov Mömin (Mömin) Ömər oğlunun hansı hərbi hissədə xidmət keçməsi, həmçinin hansı səbəb və şəraitdə həlak olması qeyd edilməmişdir. Buradan da, görünür ki, mərhum Həsənov Mömin (Mömin) Ömər oğlunun hərbi qulluqçu statusuna malik olması müəyyən edilmir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada lazımi şəkildə məlumat verilməsinə baxmayaraq, iddiaçı, onun vəkili və digər 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili elektron məhkəmə sistemi vasitəsilə ərizə ilə müraciət edərək, işə onların iştirakları olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının, onun vəkilinin və digər 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İİ-ЖГ seriyalı, 385923 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 28.03.1974-cü il tarixdə Zaqatala rayonunda andan olmuşdur. Ata qrafasında X14, ana qrafasında X12 qeyd olunmuşdur. İşdə olan İV-ЖГ seriyalı, 288290 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 17.10.1992-ci il tarixdə Qubadlı rayonu Bəşarət kəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. İşdə olan İ-ИЕ seriyalı, 674394 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 31.08.1958-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. Ata qrafasında X14, ana qrafasında X12 qeyd olunmuşdur. İşdə olan Zaqatala rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən iddiaçının mərhum qardaşı X7 atası X11 verilmiş 002161 nömrəli, 24 avqust 1994-cü il tarixli vəsiqənin surətindən görünür ki, o, şəhid ailəsinin üzvüdür. İşdə olan Azərbaycan Respublikasının Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi tərəfindən X11 verilmiş 10 aprel 2001-ci il tarixli, Ş 002322 nömrəli vəsiqədən görünür ki, X2 Şəhid ailəsi olmaqla vəsiqənin sahibi statusu üzrə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan AZ-İ seriyalı, 099517 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 08.03.2002-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən Cavabdeh rəisinə ünvanlanmış 18.02.2019-cu il tarixli, 9/2-1999 nömrəli məktubun surətindən görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanlanmış 11.02.2019-cu il tarixli, 149 nömrəli sorğusuna cavab olaraq bildirilmişdir ki, Təşkilat Səfərbərlik İdarəsindən daxil olmuş “Döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətinin siyahısı” qovluğunda (əsas: 1994, səh-250, sıra- 70, məlumatda həlak olduğu yer və tarix göstərilməəmişdir) Zaqatala RHK-dan çağırılmış, 1974-cü il təvəllüdlü, sıravi X7 18.10.1992-ci il tarixində Göyəm kəndində dəfn olunması barədə məlumat vardır. Qeyd: “Döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətinin siyahısı” qovluğunda (əsas:1994, səh-250, sıra – 70) nə vaxt, hansı qaydada sığorta alınıb (8-ci qrafada) qrafasında sıravi X7 adının qarşısında 100000 rəqəmi yazılmışdır. N nömrəli hərbi hissə komandirinin 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən iddiaçıya ünvanlanmış 30.05.2019-cu il tarixli, 1/H-7408 nömrəli məktubun surətindən görünür ki, Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsi tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçular barədə göndərilən siyahıda mərhum qardaşı X7 adı qeyd edilmişdir. Odur ki, ərizəsində qeyd edilən məsələnin həlli ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi məqsədəuyğundur. İşdə olan Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 10.07.2019cu il tarixli, 612 nömrəli məktubdan görünür ki, qardaşı X17 oğluna şəhid statusunun verilməsi ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinə müraciətinə əsasən sənədləri ona şəhidlik statusunun verilməsi məsələsinə baxılması və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 ömrəli Fərmanının icrası ilə əlaqədar tərtib olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı”na əlavə olunması üçün 24.04.2019-cu ildə, 370 nömrəli məktubla Xidmətin Aparatına təqdim edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 22.05.2019-cu il tarixli 3078 nömrəli cavab məktubunda Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 18.02.2019-cu il tarixli, 9/2-1999 saylı məktubunda və Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsndən daxil olan “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda Həsənov Momin (Mömin) Ömər oğlunun hansı hərbi hissədə xidmət keçməsi, həmçinin hansı səbəb və şəraitdə həlak olması qeyd edilmədiyi üçün ona “şəhid” statusunun verilməsi və adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı”na əlavə edilməsi hazırda mümkün deyildir qeyd edilmişdir. İşdə olan məhkəmənin sorğusuna Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş cavab məktubu və ona əlavə edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 17.10.1992-ci il tarixdə X7 ölümü ilə bağlı 18.11.1992-ci il trixdə atası X8 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik işinə dair sənədlər Qeydiyyat və Notariat Baş İdarəsinin arxivində saxlanılır. Qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Zaqatala şəhərində, 18.11.1992-ci ildə, Zaqatala Dövlət Notariat Kontorunun dövlət notariusu təsdiq etmişdir ki, Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsassən 17.10.1992-ci ildə ölmüş X7 əmlakının vərəsələrindən biri X14 bərabər hissədə irs almalıdır. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşağıdalardan ibarətdir: şəhid üçün müəyyən edilmiş 100000 manat sığorta pulu. İşdə olan məhkəmənin sorğusuna əsasən Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim edilmiş X7 ölüm haqqında akt qeydlərinin surətindən görünür ki, X13 17.10.1992-ci il tarixdə Qubadlı rayonu, Bəşarət kəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hazırki iş üzrə 2-1(102)- 665/2020 saylı, 03 iyun 2020-ci il tarixli qərarında hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur: İş materiallarında olan yuxarıda qeyd edilən və digər sənədlərlə, o cümlədən işin həqiqi halları ilə mərhum X7 17 oktyabr 1992-ci il tarixdə Qubadlı rayonunun Bəşarət kəndinin ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənsitan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə həlak olaraq vətən uğrunda Şəhid olması müəyyən edilir. İddiaçının qardaşı X7 17 oktyabr 1992-ci il tarixdə şəhid olması mübahisə doğurmur. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən verilən 11.000 manat birdəfəlik ödəmənin alınmasından ibarətdir. Sözügedən Fərmandan göründüyü kimi, Fərmanla nəzərdə tutulmuş 11.000 manat məbləğində birdəfəlik ödəmə 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrə verilir. İşdən görünür ki, 17.10.1992-ci il tarixdə ölmüş X7 ölümü ilə bağlı 18.11.1992ci il tarixdə atası X8 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçının atasının adına verilmiş vərəsəlik şəhadətnaməsində vərəsəlik əmlakın sığorta pulu olduğu qeyd edilmişdir. Məhkəmə tərəfindən vərəsəlik şəhadətnaməsində qeyd edilən əmlakının alınması yoxlanılmamışdır. Apellyasiya instansiya məhkəməsi iddiaçının atasının adına verilən vərəsəlik hüququ haqqında şəhadətnamədə iddiaçının adının vərəsə olmadığını qeyd etmiş, lakin, iddiaçının atası vəfat etdikdən sonra iddiaçının mərhum qardaşının vərəsəsi olmasını mülki qanunvericiliyə uyğun müyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1-i bəndinə istinad edərək iddiaçının şəhid ailəsi statusu olmadığını bildirmişdir. 61 yaşlı iddiaçı iddia ərizəsində mərhum şəhid qardaşının ailə üzvü olması barədə mübahisə açsa da, apellyasiya şikayətində məhkəmənin Mülki Məcəllənin qanun üzrə vərəsəliyə dair müddəalarının düzgün tətbiq edilmədiyini bildirmiş, şikayətin bu dəlilinə münasibət bildirilməmişdir. Məhkəmələr haqlı olaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrin əedən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1-ci bəndinə istinad edərək iddiaçının şəhid ailəsinin üzvü hesab edilmədiyi nəticəsinə gəlmişlər. Lakin, yuxarıda adı çəkilən Prezident Fərmanında birdəfəlik ödəmənin şəhidin ailə üzvlərinə deyil, onların Mülki Məcəlləyə uyğun olaraq müəyyən edilən vərəsələrinə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Fərmanın bu bəndinə uyğun olaraq iddiaçının mərhum qardaşının Mülki Məcəllə ilə müəyyən edilmiş vərəsəsi olmasını aydınlaşdırmamışdır. Fərmanın 3-cü bəndində birdəfəlik ödəmənin edilmsəi üçün hansı sənədlərin təqdim edilməsi sadalanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilən hüquqi mövqelər nəzərə alınaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018ci il tarixli Fərmanının 3-cü bəndinə uyğun olaraq iddiaçının mərhum qardaşının Mülki Məcəllə ilə müəyyən edilmiş vərəsəsi olmasının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq, natamam faktiki məlumatların dəqiqləşdirilməsi məqsədilə iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış, iddiaçı tərəfindən məhkəməyə ünvan ünvanlanmış 644 nömrəli, 03 iyun 2021-ci il tarixli məktub təqdim edilmiş, həmin məktubda göstərilmişdir ki, İddiaçı 2019-cu ilin fevral ayında onlara şifahi müraciət edərək, bildirmişdir ki, mərhum qardaşı X7 adına olacaq müvafiq sığorta puluna vərəsəlik şəhadətnaməsi almaq istəyir. Həmin müraciətlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet ünvanında “birdəfəlik ödəmənin axtarış bölməsinə daxil olarkən mərhumun Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilən vərəsələrinin birdəfəlik ödəməni almaq hüququnun olmadığı onlara məlum olmuşdur. Ona görə də, onlar mərhum Həsənov Möminin vərəsələrinə müvafiq sığorta puluna vərəsəlik şəhadətnaməsi verə bilməmişlər. Beləliklə, İddiaçı Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən mərhum – Həsənov Möminin vərəsəsidir. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet ünvanında yerləşdirilmiş siyahıda şəhid hərbi qulluqçunun adı olmadığına görə birdəfəlik ödəməni almaq hüququna dair vərəsəlik şəhadətnaməsini vermək mümkün olmamışdır. Eyni zamanda, iddiaçının mərhum atasına verilmiş vərəsəlik şəhadətnaməsində qeyd edilən vərəsəlik əmlakının alınmasının yoxlanılması məqsədilə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sorğu göndərilmiş, məhkəmə sorğusu sonuncu tərəfindən 27 oktyabr 2021-ci il tarixli, 03/289 nömrəli məktubla cavablandırılaraq bildirilmişdir ki, şəhid X7 vərəsələrinə (X11 və ya qeyrisinə) Şirkət tərəfindən hər-hansı sığorta ödənişi edilməmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən; 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra -hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi qeyd edilmişdir.

2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

3. Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir: 3.1.hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə; 3.2.hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; 3.3.birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; 3.4.birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış.

4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir. Beləliklə məhkəmə araşdırması zamanı işin faktiki və hüquqi hallarına əsasən, iddiaçının mərhum qardaşının şəhid olması, iddiaçının yuxarıda qeyd edilən Fərmanda nəzərdə tutulmuş Mülki Məcəllə ilə müəyyən edilmiş mərhum qardaşının vərəsəsi olması, eləcə də, iddaçının mərhum qardaşına görə əvvəllər sığorta ödənişinin verilməməsi öz təsdiqini tapdığından, bununla da, iddiaçı Fərmanın tələblərinə əsasən birdəfəlik ödəməni almaq hüququna malik olan şəxs olduğundan, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinin 1-ci hissəsin əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. 28 mart 1974-cü il tarixdə doğulmuş, 17 oktyabr 1992-ci il tarixdə şəhid olmuş, X7 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar