Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4926/2022 12.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «əmək müqavləsinə xitam verilmiş hesab olunması və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin cavabdehə həvalə olunması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əmək müqavləsinə xitam verilmiş hesab olunması və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin cavabdehə həvalə olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, 1 avqust 2005-ci il tarixdə iddiaçının son iş yeri olan "xxxx" MMC-yə mühəndis vəzifəsinə, 26 noyabr 2014-cü tarixdə isə, həmin cəmiyyətin direktoru vəzifəsinə təyin olunmuşdur. Bundan sonra o, 1 iyul 2015-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Onun "xxxx" MMC-də əmək fəaliyyəti ilə rəsmi olaraq məşğul olmağı əmək kitabçasında qeyd edilmişdir. İddiaçı "xxxx" MMC ilə əmək müqaviləsini ləğv etdikdən sonra əmək kitabçasını cəmiyyətdən ala bilmişdir. Bundan sonra o, başqa müəssisəyə işə düzəlmək istəyərkən, onun əvvəlki iş yerindən əmək müqaviləsinin ləğv olunması barədə bildirişin elektron informasiya sisteminə göndərilmədiyi bildirilmişdir. Bu səbəbdən də o, hazırda əmək fəaliyyəti ilə məşğul olması kimi qəbul olunur. İddiaçı əmək müqaviləsinin ləğv olunması barədə bildirişin elektron informasiya sisteminə göndərilməsi ilə əlaqədar "xxxx" MMC-yə müraciət etmək istədikdə, həmin cəmiyyətin fəaliyyətinin dayandırıldığını müəyyən etmişdir. Belə olduğu halda, əmək müqaviləsinin ləğv olunması barədə bildirişin elektron informasiya sisteminə göndərilməsi mümkünsüz olur. Qeyd olunan məsələ ilə əlaqədar o, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinə müraciət etmişdir. Həmin müraciətdə "xxxx" MMC tərəfindən onun əmək müqaviləsinə xitam verilməsini və həmin cəmiyyətin fəaliyyətinin dayandırılmasını nəzərə alaraq, müvafiq elektron informasiya sistemində düzəlişin aparılması (Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə daxil edilməsi) barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 15 noyabr 2021-ci il tarixli **********0 saylı məktubunda Xidmətin onun əvvəl işlədiyi "xxxx" MMC-yə məktubla müraciət etdiyi və həmin cəmiyyət tərəfindən məktuba cavab gəlmədiyi qeyd edilmişdir. Həmçinin qeyd olunan məktubda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Xidmətin səlahiyyəti xaricində olduğunu bildirməsinə baxmayaraq, yekunda onun qeyd olunan mübahisənin məhkəmədə Xidməti müstəqil tələb irəli sürməyən şəxs qismində işə cəlb edərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X5 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması barədə tələblə əlaqədar onun iddia qaldırması qeyd olunur. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddiaçının "xxxx" MMC ilə bağlanılmış əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin cavabdeh X5 Xidmətinə həvalə edilməsi barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. Cavabdeh iddia ilə bağlı məhkəməyə ünvanlanmış 28 yanvar 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən mərkəzləşdirilmiş elektron informasiya sistemində aktiv əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi mövcuddur. Belə olan halda, iddiaçı əmək müqaviləsinin xitamı ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün ilk növbədə işəgötürənə, sözügedən bildiriş işəgötürən tərəfindən daxil edilmədiyi halda aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməlidir. Buna baxmayaraq, əmək münasibətləri ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı inzibati məhkəməyə müraciət etmiş, bununla da, məhkəmə aidiyyəti normaları pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin birinci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Digər bir məsələ isə, iddiaçının öz iddia tələbində X5 Xidmətini cavabdeh kimi göstərərək, işəgötürənlə arasında bağlanmış əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbidir ki, qeyd olunan tələb maddi normalara ziddir və əsassızdır. X5 Xidmətinin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələblər Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında» Əsasnaməyə əsasən X5 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla yanaşı iddia tələbi ilə bağlı araşdırma aparılan zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində hüquqi şəxs "xxxx" MMC-nin aktiv vergi ödəyicisi olduğu və qanuni təmsilçisinin X6 olduğu müəyyən edilmişdir. Belə olan halda İddiaçı ilk növbədə əmək müqaviləsinə xitam verilməsi və elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılması tələbi ilə bağlı hüquqi şəxsə və ya hüquqi şəxsin fəaliyyət göstərmədiyi təqdirdə hüquqi şəxsin qanuni təmsilçisinə müraciət etməlidir. Göstərilənlərə və İPM-in 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 49-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı qərarı ilə təsdiq edilmiş «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ın 3.2, 3.4-cü bəndlərinə əsaslanaraq və iddiaçının tələbinin Cavabdeh səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X7 iddia ərizəsində göstərilənləri təsdiqlədiyi bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ilə razılaşmadığını bildirdi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə görə əmək müqaviləsi bildirişi – bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69-cu maddəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik inzibati məhkəmə icraatında əmək mübahisələrinə (dövlət qulluğu sahəsi istisna olmaqla), o cümlədən əmək müqaviləsinə xitam verilməsi məsələlərinə baxılmasını nəzərdə tutmur. Hətta iddiaçının “əmək müqaviləsinə xitam verilməsi” tələbi ilə məhkəmə çıxış etməsi mümkün olsa da, bu tələb inzibati məhkəmə icraatı qaydasında inzibati orqan Cavabdehnə qarşı irəli sürülə bilməz. İddiaçının ikinci – “əmək müqaviləsi bildirişinin mərkəziləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi” tələbinə gəldikdə isə, məhkəmə vurğulayır ki, qanunvericilik əmək müqaviləsinə xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının (hazırkı cavabdehin) mərkəzləşdirilmiş elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsini işəgötürənənin vəzifəsi kimi müəyyən etmişdir. Belə səlahiyyət hazırkı cavabdehə aid edilmədiyindən, işin hallarından asılı olmayaraq, müvafiq öhdəlik onun üzərinə qoyula bilməz. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4926/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4926/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver