Məhkəmə qərarları › İş №2-1(112)-4926/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4926/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4926/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Xəzri” bağçılıq yoldaşlığı tərəfindən xx.xx.1990-cı ildə 4/145 saylı qərarla ayrılmış 21 saylı 0,06 ha bağ sahəsinin üzərində naturada mövcud olan ölçülərdə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Şimali DRES qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi olan 21 saylı bağ sahəsi xx.xx.1990-cı ildə 4/145 saylı qərarla iddiaçıya ayrılmışdır. Hazırki iddia ərizəsinə surəti əlavə edilən üzvlük kitabçasından (bileti) da görünür ki, iddiaçı 13 iyun 1990-cı ildən “Xəzri” Bağçılıq yoldaşlığının üzvü olmuşdur və üzvlük haqqı ödəmişdir. Torpaq sahəsi ona ayrılan gündən bu günədək qeyd edilən bağ sahəsi onun sahibliyində və istifadəsindədir. İddiaçı həmin bağ sahəsində özünə istirahət bağı saldığından bu sahə üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını zəruri hesab etmirdi, lakin, hazırda iddiaçı öz mülkiyyət hüquqlarının qeydə alınması qərarına gəlmişdir. Bu məqsədlə cavabdeh inzibati orqana ərizə ilə müraciət etdi. Hazırki iddia ərizəsinə surəti əlavə edilən cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-M0976/2-8/20 **********26 saylı imtina məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsini naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmədiyi məlum olmuşdur. Həmçinin göstərilən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən heç bir bağçılıqyoldaşlığın ayrıc Aktı daxilində yerləşmir. Lakin iddiaçı cavabdehin bu imtinası ilə razı deyil, düşünür ki, cavabdeh bilərəkdən belə əsassız iddia ilə onun hüquqlarını pozmaqdadır. Belə ki, artıq 34 ildir ki iddiaçı sözügedən bağ sahəsinə sahiblik edir, bağ sahəsindən istifadə edir. Düşünür ki, cavabdehin öz imtinasında əsaslandığı elektron kadastr düzgün tərtib edilməmiş, və bağçılıq- yoldaşlığın balansında olan torpaq sahəsi bilərəkdən ayrıc Aktına düz daxil edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı İdarəyə iki dəfə müraciət etmiş və hər müraciət zamanı fərqli sahə və konfiqurasiya göstərmişdir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd olunsa da, faktiki olaraq 483 kv.m təşkil edir və göstərilən bağ sahəsi qonşu torpaqla ümumi hasar daxilindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən isə ilk müraciətdə göstərilən torpaq sahəsinin 68 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd olunsa da, faktiki olaraq 441 kv.m təşkil edir və bağ sahəsi hasarlanıb. Hər iki müraciəti zamanı göstərilən torpaq sahələri heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmir və torpaq sahələrinin yerləşmələri bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 4/145 saylı qərarına əsasən Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/145 saylı Qərarı ilə bağçılıq yoldaşlıqların və s. məqsədlərlə torpaq sahələrinin ayrılması qərara alınmış, o cümlədən “Azərbbıttexnologiya” müəssisəsinin 43 nəfər işçisinə Bakı şəhəri, Xəzər rayonu, Şimali DRES ərazisində torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “Xəzri” Bağçılıq yoldaşlığı tərəfindən verilmiş Bağçının üzvlük kitabçasından görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarına əsasən İddiaçı 600 kv.m olan 21 nömrəli bağ sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********40 nömrəli məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Şimali DRES ərazisində yerləşən “Xəzri” Bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısının və ayrıc aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********43 nömrəli məktubunda bildirilmişdir ki, “Xəzri” Bağçılıq yoldaşlığının Bakı şəhəri, Xəzər rayonu, Şimali DRES (Şüvəlan bağ massivi) ərazisində yerləşən 21 saylı bağ torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********35 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Sənəd üzrə 0.06ha, faktiki sahəsi 0.0441ha təşkil edir. Torpaq sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın sxeminə uyğun gəlmir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi hər hansı bir ayrıc aktı daxilinə düşmür. Tikilinin qeydiyyatı barədə məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsində yerləşən 21 saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə -0.06 ha, faktiki 0.0483ha. Bağ sahəsi qonşu torpaqla ümumi hasar daxilindədir, ara sərhəd 3 sıra mişar daşı ilə hasarlanıb. Qonşu torpağa dair sənəd təqdim edilməyib. Bağ sahəsində A-1 mərətbəli bağ evi və 1 qazanxana var. Bağ sahəsinin naturada yerləşməsi bağçılıq – yoldaşlığının bölgü sxeminə uyğun gəlmir. Həmçinin bağ sahəsi bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir. Şimal tərəfdən yüksək gərginlikli elektrik xətti keçir-110kV. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsində yerləşən 21 saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə -0.06 ha, faktiki 0.0441ha. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Təkrar baxış zamanı məlum oldu ki, bağ sahəsinin sərhədləri dəqiqləşdirilərək mişar daşı ilə hasarlanıb. Faktiki olaraq göstərilən sahə yüksək gərginlikli elektrik xəttinin mühafizəsinə düşmür. Bağ sahəsində A-1 mərətbəli bağ evi və 1 qazanxana var. Bağ sahəsinin naturada yerləşməsi bağçılıq – yoldaşlığının bölgü sxeminə uyğun gəlmir. Həmçinin bağ sahəsi bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsində yerləşən 21 saylı torpaq sahəsinin ətrafında olan 1361, 1323 və 1334 saylı bağ sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir: -X1 və istismarı Birliyi ilə A.V.Namazov arasında bağlanmış xx.xx.2007-ci il tarixli 34624 nömrəli müqaviləyə əsasən Şüvəlan ərazisində 1323 nömrəli 0.12 ha bağ sahəsi icarəçinin istifadəsinə verilir. -X1 və istismarı Birliyi ilə Ə.A.Mustafayev arasında bağlanmış xx.xx.2007-ci il tarixli 34624 nömrəli müqaviləyə əsasən Şüvəlan ərazisində 1361 nömrəli 0.12 ha bağ sahəsi icarəçinin istifadəsinə verilir. -Bağlar Təsərrüfatının İdarəsinin 94 nömrəli orderinə əsasən Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK tərkibində 0.12 ha ölçüdə 1334 nömrəli bağ sahəsi Ə.H.Əmiraslanovun istifadəsinə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Xəzər rayonu, Şimali Dres qəsəbəsi “Xəzri” bağçılıq yoldaşlığına aid olan ayrıc aktı daxilində yerləşən ərazi və iddiaçının naturada 21 saylı bağ sahəsi kimi iddia etdiyi torpaq sahəsi göstərilməklə müqayisəli ortofoto görüntüsü məhkəməyə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023cü il tarixli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmədiyi məlum olmuşdur. Həmçinin, göstərilən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.06 ha, faktiki 0.0441 ha təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüququn dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfat idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsində yerləşən 21 saylı bağ sahəsi ilə bağlı yalnız Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/145 saylı Qərarının surətini və bağçılıq üzvlük kitabçasının surətini təqdim etmişdir. İş üzrə müəyyən olunur ki, iddiaçının adı arxivdə saxlanılan və məhkəmə sorğusu ilə əldə edilmiş Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/145 saylı qərarı ilə təsdiq edilmiş “Azərbbıttexnologiya” MBON işçilərindən ibarət 43 nəfər bağçılıq yoldaşılığın üzvlərinin adlı siyahısında nəzərdə tutulmamışdır. Həmin siyahı “Azərbbıttexnologiya” MBON baş direktorunun imza və möhürü ilə təsdiq edilmişdir. Halbuki, yuxarıda qeyd olunan qanun normasından da müəyyən olunur ki, üzvlük kitabçası yalnız bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda hüquqmüəyyənedici sənəd qüvvəsinə malik hesab olunur. Bundan əlavə, məhkəmə sorğusu əsasında Xəzər rayonu, Şimali Dres qəsəbəsi “Xəzri” bağçılıq yoldaşlığına aid olan ayrıc aktı və həmin ayrıc aktı daxilində yerləşən ərazi ilə iddiaçının naturada 21 saylı bağ sahəsi kimi iddia etdiyi torpaq sahəsi göstərilməklə müqayisəli ortofoto görüntüsünün müqayisəli təhlilindən müəyyən olunur ki, iddiaçı tərəfindən “Xəzri” Bağçılıq birliyinin ayrıldığını iddia etdiyi 21 nömrəli bağ sahəsi bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir, habelə həmin bağ sahəsi hər bağçılıqyoldaşlığın ayrıc aktı daxilində deyil. Xəzri bağçılıq yoldaşlığa aid qeydiyyatdan keçmiş bağ sahələri 4, 9, 10, 11 və 12 nömrəli bağ sahələri olmaqla iddiaçı tərəfindən iddia olunan ərazidən kənarda yerləşir. Məhkəmə sorğusu əsasında əldə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsində yerləşən 21 saylı torpaq sahəsinin ətrafında (qonşuluğunda) olan 1361, 1323 və 1334 saylı bağ sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətlərindən müəyyən edilir ki, həmin bağ sahələrinin heç biri Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/145 saylı Qərarı ilə “Azərbbıttexnologiya” müəssisəsinin 43 nəfər işçisinə ayrılan “Xəzri” bağçılıq yoldaşlığına aid bağ sahəsi olmamaqla həmin bağçılığa aid ayrıc aktı daxilində yerləşmir. Həmin bağ sahələri hər hansı bağçılıq yoldaşlıq idarələri tərəfindən deyil, X1 və istismarı Birliyi tərəfindən istifadəyə verilmiş bağ torpaq sahələridir. Beləliklə, iddia olunan bağ sahəsinə hüquqmüəyyənedici sənədlərinin olmaması ilə yanaşı həmin sahənin bağçılığa aid ərazi daxilində yerləşmədiyi də müəyyən olunmuşdur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı icraatın nəticəsi olaraq iddiaçının təqdim etdiyi sənədlər mübahisəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər qismində qəbul edilmədiyindən məhkəmə sözügedən bağ sahəsinin elektrik xəttinin mühafizəsində yerləşməsi ilə bağlı cavabdehin digər imtina dəlilinə hüquqi qiymət verilməsini zəruri hesab etmir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar