Məhkəmə qərarları › İş №2-1(112)-4927/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4927/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4927/2021 07.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili X6 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X2 Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məhkəmədən 31 dekabr 2020-ci il tarixinə fasiləsiz olaraq 10 ildən yuxarı ikinci dərəcəli əlillik təyin olunduğunu nəzərə alaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə üzərinə həmin tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi 2006-cı il tarixdən başlayaraq 30 dekabr 2015-ci il tarixinədək fasiləsiz olaraq 10 il müddətinə ildə bir dəfə müayinədən keçməklə ikinci dərəcə əlil hesab edildiyini, 30 dekabr 2015-ci il tarixdən isə əlillik müddətinin 5 il müddətinə artırıldığını, nəticədə fasiləsiz olaraq ikinci dərəcə əlilliyinin 10 ildən artıq davam etdiyini iddiaçı hesab edərək ona ikinci dərəcə əlilliyinin müddətsiz təyin edilməli olduğunu bildirmişdir. Cavabdehin məhkəmə daxil olmuş etirazından göründüyü kimi cavabdeh hesab edir ki, iddiaçının əlilliyiniin növbəti dəfə qiymətləndirilməsinin qanunvericiliyin tələbinə uyğundur və cavabdeh tərəfindən əlilliyin təyin edilməsinə imtina verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçıya əlillik təyin edilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. Əlilliyin təyin olunduğu vaxt qüvvədə olan qanunvericiliyin tələbindən göründüyü kimi ikinci dərəcə əlillik hər dəfə bir il müddətinə təyin edilmiş və fasiləsiz olaraq ikinci dərəcə əlillik on il təyin edildiyi hallarda müddətsiz olaraq təyin edilmiş hesab edilirdi. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 6.1-ci bəndinə görə bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. Göründüyü kimi ikinci qrup əlilliyin müddətsiz müəyyən edilməsi müəyyən şərtlərdən asılı edilmişdir ki, burada müəyyən edilən şərt isə əlilliyin fasiləsiz olaraq 10 il təyin olunması ilə bağlıdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçıya 2006-cı il 08 fevral tarixindən ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan arayışlardan da göründüyü kimi həmin əlillik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edildiyi günədək, yəni 2015-ci il 30 dekabr tarixədək hər dəfə bir il müddətinə artırılmışdır. Həmin tarixdən sonra isə adıçəkilən Əsasnamənin şərtlərinə uyğun olaraq iddiaçının ikinci əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılmışdır. Göründüyü kimi iddiaçının əlillik müddəti ümumilikdə 10 ildən artıq müddətə təyin edilmiş və həmin vaxt ərzində hər hansı fasilə də yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 31 dekabr 2020-ci il tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar