Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4927/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi, Vəkil, cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası X4 cəlb olunmaqla) “etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2012-ci il tarixdən İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi arasında etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinin tələbinə əsasən 1 il staj müddəti müəyyən edilməklə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinə 4-cü ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmiş xx.xx.2013-cü il tarixdə Komitə rəhbərinin eyni tarixli 95 nömrəli əmrinə əsasən Komitəyə daimi dövlət qulluğuna qəbul edilməklə İddiaçı 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, daha sonra Komitə daxilində bir neçə inzibati vəzifələrə təyin edilməklə xx.xx.2016-cı il tarixdə Komitə sədrinin müvafiq əmrinə əsasən ona 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, lakin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən xx.xx.2019-cu il tarixdə ona növbəti dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilməli olduğu halda bu günə qədər həmin dərəcə ona verilməmiş, verilməmənin səbəbi olaraq X4 tərəfindən Komitəyə ünvanlanan məktublarda qanunvericiliyin tələbləri pozularaq dövlət qulluğuna qəbul edilən şəxslərə ixtisas dərəcəsinin verilməməsinin məqsədə müvafiq olduğu bildirilmişdir. AR DİM-nə xx.xx.2022ci il tarixdə 302/22 saylı məktubla İddiaçı Azərbaycan Respublikasının X4 tərəfindən “Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemində” şəxsi kartlar bölməsində adının inzibati vəzifə üzrə qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilən şəxs kimi qırmızı rənglə qeyd edilib edilməməsi barədə müraciət olunmuş lakin bu günə qədər məktublara hər hansı cavab verilməmişdir. İddiaçıyla cavabdeh Komitəylə aralarında etibarlı dövlət qulluğu münasibətləri müəyyən edilmədiyi üçün o daha yuxarı ixtisas dərəcəli vəzifəyə keçirilə eyni zamanda digər dövlət orqanlarında müvafiq vəzifələrə qəbul edilə və ona verilməli olan növbəti dövlət qulluğu ixtisas dərəcəsini ala bilmir. İddiaçı qeyd edir ki, dövlət qulluğuna dair məlumatlar iddiaçının işlədiyi orqan tərəfindən Dövlət qulluqçularının informasiya sisteminə daxil edilmiş eyni zamanda İddiaçı işlədiyi müddətdə ödənilən vəzifə maaşının tərkibində dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr nəzərə alınaraq ödənilmiş, iddiaçı il ərzində dövlət qulluqçuları üçün ödənilən mükafatlarla təmin edilmişdir. Göründüyü kimi cavabdeh Komitə İddiaçı xx.xx.2012-ci il tarixdən dövlət qulluqçusu vəzifəsinə təyin etməklə onu həmin tarixdən dövlət qulluğu haqqında qanunveriçiliklə nəzərdə tutulmuş təminatlara uyğun olaraq təmin etmiş, ona müvafiq ixtisas dərəcəsi,tutduğu vəzifəyə uyğun olaraq ixtisas dərəcəsinə, qulluq stajına əlavələr və.s ilə birlikdə dövlət məvacibini ödəməklə bilavasitə iddiaçıya münasibətdə dövlət qulluqçusu münasibətini sərgiləmişdir. Hazırki halda iddiaçı barədə məlumatların Komitə tərəfindən dövlət qullquçularımn reyestrini aparan quruma təqdim edildiyi və sonuncu tərəfindən həmin məlumatların qəbul edilməsi kimi qiymətləndirilməlidir. İddiaçı artıq 10 ildir ki, cavabdeh Komitədə inzibati vəzifə üzrə dövlət qulluğunda işləyir və həmin münasibətlərə əsasən İddiaçı dövlət qulluqçusu olaraq inzibati orqanla arasında publik hüquq münasibətləri olmuşdur beləliklə inzibati orqanla cavabdeh Komitə arasında publik münasibətlər tanınmalıdır. İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1, 17.1, 17.3-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası X4 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh və üçüncü şəxsə göndərilmişdir İddiaçının nümayəndəsi və vəkili sonradan məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, İddiaçıla Komitə arasında həqiqətən dövlət qulluğu münasibətləri hüquqi və faktiki baxımdan mövcud olmuş, İddiaçı Komitəni xarici ölkələrdə təmsil etmiş dövlət qulluqcularına aid olan ixtisas dərəcələri verilmiş əmək haqqı və əlavələr ödənilmişdir.Yalnız 2018-ci il tarixdə DİM tərəfindən Komitəyə daxil olmuş və hazırda iş materiallarında olan məktubda İddiaçı qulluğa qanuna müvafiq qaydada qəbul edilmədiyi bildirilmiş və Komitə bundan sonra sözügedən məktuba istinad edərək İddiaçı dövlət qulluqçusu kimi verilməli olan növbəti ixtisas dərəcəsini verməmiş nəticədə İddiaçı dövlət qulluqcuları üçün nəzərdə tutulan əmək haqqını və əmək haqqına əlavələri ala bilməmiş və dövlət qulluqcusu üçün nəzərdə tutulan digər maddi imtiyazlardan (ezamiyyə xərcləri,mükafatlar və.s) məhrum olmuş Komitənin sözügedən hərəkətləri nəticəsində onun həm hüquqi həm iqtisadi maraqlarını əhatə edən hüquqları pozulmuşdur. Bununla bağlı nümayəndə qeyd edir ki, İddiaçı 2011-ci il tarixdə Komitədə dövlət qulluğuna qəbul edilmiş ona müvafiq ixtisas dərəcələri verilmiş və İddiaçı dövlət qulluqcusu kimi işə qəbul edilməsinə dair məlumatlar Komitə tərəfindən artıq 2015-ci il tarixdən qeyd edilmişdir (Komitə tərəfindən məhkəməyə ünvanlanan 1.may.2023-cü il tarixli,3-31/2-436/2023-saylı məktubda müəyyən olunmuşdur). İddiacı İddiaçı Komitə tərəfindən artıq 2011-ci ildə dövlət qulluğuna qəbul edilmiş müvafiq qaydada dövlət qulluğu andı icmiş və 2015-ci il tarixdə dövlət qulluqcularının müvafiq reyestrinə daxil edilmişdir və mahiyyətcə Komitə İddiaçı qulluğa qəbul edən zaman artıq qanunvericliyin tələblərini pozmaqla qulluğa qəbul etdiyini bilirdi və İddiaçı dövlət qulluğuna qəbulu qanunsuz inzibati akt əsasında olmuşdursa belə İnzibati İcraat Haqqında qanunun 67.1-ci maddəsinə əsasən 1 il ərzində dövlət qulluğuna xitam verilməli idi ki İddiaçı qulluğa qəbulundan 12 il müddətin keçməsinə baxmayaraq onun qulluğuna xitam verilməmiş və artıq onun qulluğa qəbul edilməsinə dair akt qanunsuz olmuşdursa belə İnzibati İcraat Haqqında qanunun 67.1-ci maddəsində nəzərdə tutulan 1 illik müddət otdüyündən artıq həmin aktın ləğv edilməsidə mümkünsüzdür və hətta cavabdeh Komitənin nümayəndəsi dəfələrlə məhkəmə iclaslarında İddiaçı öz peşəsində peşəkar mütəxəssis olduğu bildirilmiş və onun dövlət qulluğa xitam verilməsində maraqlı olmadıqlarını qeyd edilmişdir....Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, 2011-ci il tarixdə Komitə İddiaçı quluğa qəbul edərkən bunun qanuna müvafiq olmadığını artıq bilirdi və həminki dövrdə bir cox şəxs sözügedən formada praktiki olaraq qulluğa qəbul edilirdi və həmin formada kütləvi şəkildə ayrı-ayrı şəxslərin qulluğa sözügedən formada qəbulu İddiaçı Komitənin qərarına etimadının yaranmasına səbəb olmuşdur. Eyni zamanda 12 ildir ki, tərəflər arasında faktiki olaraq dövlət qulluğu münasibətləri mövcud olmuş, qeyd edilən halı təsdiq edən əmr, qərar, ezamiyyə vərəqi və.s sənədlər məhkəməyə təqdim edilmiş və Komitə tərəfindən hazırda İddiaçı dövlət qulluğuna xitam verilməsidə mümkünsüz olduğundan iddia tələbi əsaslıdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia müəyyən etmə və ya tanınma haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətin in mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixində Komitə Aparatında dövlət qulluğuna qəbul edilmiş və hazırda 3-cü Ərazi şöbəsinin (Amerika ölkələri, Böyük Britaniya və İsrail) böyük məsləhətçisi vəzifəsini icra edir. İddiaçı diasporla iş sahəsindəki təcrübəsini və biliyini nəzərə alaraq Komitədə fəaliyyətini davam etdirməsi tərəfimizdən məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının X4 tərəfindən Komitəyə ünvanlanan məktublarda qanunvericiliyin tələbləri pozularaq dövlət qulluğuna qəbul edilən şəxslərə ixtisas dərəcəsinin verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının vətəndaşlarının dövlət qulluğuna qəbulunun qanunvericiliyin tələblərinə uyğun olub-olmamasının yoxlanılması və Dövlət Qulluqçulannın Reyestri İnformasiya Sistemi"nə nəzarət DİM tərəfindən həyata keçirildiyi qeyd olunaraq yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə qanunvericiliyin tələbləri pozularaq dövlət qulluğuna qəbul edilmiş şəxslərlə bağlı DİM tərəfindən ünvanlanan məktubların konkret şəxslərə aid olduğu və konfıdensıal xarakter daşıdığını nəzərə alaraq, məlumatların əldə edilməsi ilə bağlı, o cümlədən İddiaçı etibarlı dövlət qulluğu münasibətlərinin və dövlət qulluqçusu statusunun tanınması üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı barəsində təqdim edilmiş sənədlər aşağıdakılardan ibarətdir: -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2012-ci il tarixli, 001/1k saylı əmrinə əsasən İddiaçı xx.xx.2012-ci il tarixdən Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin 4-cü Ərazi Şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2013-cü il tarixli, 001/1k saylı əmrinə əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin 4-cü Ərazi Şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2016-cı il tarixli, 090/1k saylı əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3 və 32-ci maddələrinə uyğun olaraq 1-ci Ərazi Şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir. - AR Diasporla iş üzrə Dövlət Komitəsinin işin təkmilləşdirilməsi məqsədilə ştat cədvəlində edilən kadr dəyişiklikləri ilə bağlı xx.xx.2018-ci il tarixli, 019/1k nömrəli əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.1, 29.2-ci maddəsinə uyğun olaraq 2-ci ərazi şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir. - AR Diasporla iş üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 72-k nömrəli əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3, 32-ci maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə Ərazi (Amerika ölkələri, Böyük Britaniya və İsrail şöbəsinin) böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir. -iddiaçının xx.xx.2008-ci il tarixdən doldurulmağa başlamış ******* №li əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 05 yanvar 2012-ci il tarixli, 001/1k saylı əmri ilə Komitənin 4-ci Ərazi şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixli, 001/1 k saylı əmrlə Dövlət Komitəsinin 4-ci Ərazi şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixdə 095/1 k №li Əmrə əsasən 2-ci dərəcəli ixtisas dərəcəsi verilmiş, xx.xx.2015-ci il tarixdə 090/1 k №li Əmrə əsasən 1-ci Ərazi şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə 102/2 ü №li Əmrə əsasən 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2018-ci il tarixdə 019/1 k №li Əmrə əsasən 2-ci Ərazi şöbəsinin böyük məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə 164-k №li Əmrə əsasən 2-ci Ərazi şöbəsinin böyük məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə 72-k №li Əmrə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3, 32-ci maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə Ərazi (Amerika ölkələri, Böyük Britaniya və İsrail şöbəsinin) böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanan 21 fevral 2023-cü il tarixli məktubda bildirilmişdir ki, Komitə Aparatının İİİ Ərazi şöbəsinin (Amerika, Böyük Britaniya və İsrail) böyük məsləhətçisi vəzifəsində dövlət qulluqçusu olaraq fəaliyyət göstərən İddiaçı fəaliyyəti müsbət qiymətləndirilir, İddiaçı inzibati işilə bağlı heç bir etirazı yoxdur. -Azərbaycan Rerspublikası X4 tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində inzibati vəzifələrdə....İddiaçı dövlət qulluğuna qanunvericiliyin tələbləri pozulmaqla birbaşa qəbul edilmələri barədə onların çalışdıqları dövlət orqanına X4 tərəfindən 2017-ci ilin noyabr ayında məlumat verilmişdir. Dövlət orqanı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı müvafiq tədbir görmədiyindən X4 əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış... 01/xx-xx/1323 nömrəli xx.xx.2018-ci il tarixli məktubda İddiaçı barədə müvafiq məlumatlar təqdim etmişdir. -Azərbaycan Rerspublikası X4 tərəfindən məhkəmənin İddiaçı haqqında məlumatların ilk dəfə dövlət qulluqçularının reyestrinə hansı vaxtdan daxil edilməsinə dair məlumatın təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 2017ci ilin fevral ayında “Dövlət qulluqçularının Reyestri" informasiya sistemi X4 tərəfindən əvvəlki Azərbaycan Respublikasının Prezidenti yanında X2 üzrə Komissiyadan təhvil alınarkən məlum olmuşdur ki, həmin dövrdə dövlət qulluqçuları haqqında məlumatların dövlət orqanları tərəfindən Reyestrə ilk dəfə daxil edilməsi tarixinin qeydiyyatı imkanı mövcud olmamışdır. İddiaçı 2017-ci ildən əvvəl dövlət qulluğuna qəbul edildiyinə görə onun barəsində məlumatların müvafiq dövlət orqanı tərəfindən “Dövlət qulluqçularının Reyestri" informasiya sisteminə ilk dəfə nə zaman daxil edilməsi ilə bağlı Mərkəzin verilənlər bazasında məlumat yoxdur. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanan 13 aprel 2023-cü il tarixli sorğuya cavab məktubunda aşağıdakılar qeyd edilmişdir: Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 3-cü bəndində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarının rəhbərlərinə Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması üçün lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilmişdir. Bununla əlaqədar olaraq Komitənin xx.xx.2011-ci il tarixli 049/1 ü nömrəli əmri ilə Komitənin Hüquq təminatı, ümumi və kadrlar şöbəsinin əməkdaşı dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilən məlumatların Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə təqdim edilməsi üçün təyin edilmişdir. Eyni zamanda, Komitənin xx.xx.2012-ci il tarixli 684/5-7 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Prezidenti Yanında X2 üzrə Komissiyaya müraciət olunmuşdur. Məktubda Komitədə çalışan dövlət qulluqçuları haqqında məlumatlarda baş vermiş dəyişikliklər haqqında Dövlət Reyestrini aparan dövlət orqanlarına hər ay rəsmi məlumat verildiyi, o cümlədən Komitədə kompüterlərin yenilənməsi ilə əlaqədar xüsusi proqramın (Sinam) yenidən yüklənilməsi zərurətinin yarandığı, Komitənin müvafiq şöbəsinin kompüterində xüsusi proqramın yenidən yüklənilməsi və məlumat bazasının bərpa edilməsi ilə bağlı köməklik edilməsi xahiş olunmuşdur. Sonralar Komitənin xx.xx.2015-ci il tarixli 051/1 ü nömrəli əmri ilə Komitənin Hüquqi təminat, ümumi və kadrlar şöbəsinin digər əməkdaşı “Dövlət Qulluqçularının Reyestrinin aparılması üzrə məsul şəxs” təyin edilmiş və məlumatlar mütəmadi Reyestrə işlənilmişdir. Reyestrdə məlumatların hansı tarixdə daxil edilməsi ilə bağlı məlumatverici funksiyanın olmamasına baxmayaraq, yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Komitənin İİİ Ərazi Amerika ölkələri, Böyük Britaniya və israil) şöbəsinin müdir müavini İddiaçı dair məlumatların həmin tarixlərdə Reyestrə işlənilməsi aydın olur. - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən verilən 01 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 3-cü bəndində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarının rəhbərlərinə Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması üçün lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilmişdir. Bununla əlaqədar olaraq Komitənin xx.xx.2011-ci il tarixli 049/1 ü nömrəli-əmri ilə Komitənin Hüquq təminatı, ümumi və kadrlar şöbəsinin əməkdaşı dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilən məlumatların Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə təqdim edilməsi üçün təyin edilmişdir. Eyni zamanda, Komitənin xx.xx.2012-cj il tarixli 684/5-7 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Prezidenti Yanında X2 üzrə Komissiyaya müraciət olunmuşdur. Məktubda Komitədə çalışan dövlət qulluqçuları haqqında məlumatlarda baş vermiş dəyişikliklər haqqında Dövlət Reyestrini aparan dövlət orqanlarına hər ay rəsmi məlumat verildiyi, o cümlədən Komitədə kompüterlərin yenilənməsi ilə əlaqədar xüsusi proqramın (Sinam) yenidən yüklənilməsi zərurətinin yarandığı, Komitənin müvafiq şöbəsinin kompüterində xüsusi proqramın yenidən yüklənilməsi və məlumat bazasının bərpa edilməsi ilə bağlı köməklik edilməsi xahiş olunmuşdur. Sonralar Komitənin xx.xx.2015-ci il tarixli 051/1 ü nömrəli əmri, ilə Komitənin Hüquqi təminat, ümumi və kadrlar şöbəsinin digər əməkdaşı “Dövlət Qulluqçularının Reyestrinin aparılması üzrə məsul şəxs” təyin edilmiş və məlumatlar mütəmadi Reyestrə işlənilmişdir. Reyestrdə məlumatların hansı tarixdə daxil edilməsi ilə bağlı məlumatverici funksiyanın olmamasına baxmayaraq, yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Komitənin İİİ Ərazi (Amerika ölkələri, Böyük Britaniya və israil) şöbəsinin müdir müavini İddiaçı dair məlumatların həmin tarixlərdə Reyestrə işlənilməsi aydın olur. Qeyd olunan məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında X2 üzrə Komissuyaya ünvanlanan 26 dekabr 2012-ci il tarixli məktubdan görünür ki, Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 2006-ci il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalarına əsas olaraq Komitədə çalışan dövlət qulluqçuları haqqında məlumatlarda baş vermiş dəyişiklər haqqında Dövlət Reyestrini aparan dövlət orqanlarına (Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı və Azərbaycan Respublikasının Prezidenti yanında X2 üzrə Komissiya) hər ay rəsmi məlumat verilirdi. Kompüterlərinin yeniləşməsi ilə əlaqədar xüsusi proqramın (Sinam) yenidən yüklənilməsi zərurəti yaranmışdır. Dövlət Komitəsinin müvafiq şöbəsinin kompüterinə xüsusi proqramın yenidən yüklənilməsində və məlumat bazasının bərpa edilməsində köməklik edilməsi üçün müvafiq göstərişin verilməsi xahiş edilmişdir. -DİM tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış 01/xx-xx/1323 nömrəli xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli eyni məzmunlu məktublardan görünür ki, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən X4 tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, 01 yanvar 2008-ci il tarixdən etibarən mərkəzi icra hakimiyyəti orqanları tərəfindən 97 nəfərin, 01 iyul 2010-cu il tarixdən etibarən məhkəmə orqanları tərəfindən 13 nəfərin dövlət qulluğuna qəbulu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin tələbləri pozulmaqla həyata keçirilmişdir. Həmin şəxslərin adlı siyahısı və dövlət orqanları üzrə sayı təqdim edilmişdir. İşin faktiki hallarından məlum olur ki, iddiaçı 2012-ci ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluqçusu kimi müxtəlif vəzifələrdə çalışmış, dövlət qulluqçularının reyestrinə daxil edilmiş, işlədiyi dövrdə dövlət qulluqçusunun hüquq və təminatlarından istifadə etmiş, ixtisas dərəcələri almış, vəzifələr daşımışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 2015ci il tarixdən onun barəsində məlumatlar Dövlət Qulluqçularının Reyestrinə daxil edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Həmin Qanunun 67.12-ci madddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2012-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 001/1k nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində qeyd edildiyi kimi iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olması barədə işdə hər hansı sübut yoxdur və bu halla bağlı cavabdeh mübahisə açmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı barəsində qəbul edilən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 001/1k nömrəli əmri qanunsuz əlverişli inzibati akt hesab olunsa da belə, həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə müvafiq məlumatların ilk dəfə 2015-ci ildə daxil edildiyi nəzərə alınarsa Dövlət Reyestrini aparan dövlət qurumu (keçmiş DQMK, hazırkı Azərbaycan Respublikasının X4) tərəfindən müvafiq əmrin ləğv edilməsini şərtləndirən hal 2015-ci ildə məlum idi və 2015-ci ildən başlayaraq 1 il ərzində həmin əmr ləğv edilə bilərdi. Lakin həmin müddətdə bu səlahiyyətdən istifadə edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı N.Salmanov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2012-ci ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlar əldə etmiş, müvafiq reyestrə daxil edilmiş, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı uzun müddət ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanında dövlət qulluqçusu kimi çalışdığından, onun maliyyələşdirilməsi də dövlətin bu məqsədə ayırdığı maliyyə vəsaiti hesabına cavabdeh təşkilat tərəfindən həyata keçirilmişdir. Mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifələrində 10 ildən artıq çalışır və bu dövr ərzində ona müvafiq ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr alır, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə edir, bu isə İddiaçı ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymətləndirilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Həmin Qanunun 17.3-cü maddəsinin 4-cü cümləsinə əsasən ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikasının X4 tərəfindən aparılır. Həmin Qaydaların 11-ci bəndinə əsasən Dövlət Reyestrindəki məlumatlar həmişəlik saxlanılır və heç bir halda məhv edilə bilməz. Həmin Qaydaların 12-ci bəndinə Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçının xx.xx.2012-ci il tarixdən hazırkı iş üzrə məhkəmə qərarı çıxarılan günədək cavabdeh Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi arasında etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi arasında etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğu xx.xx.2012-ci il tarixdən müəyyən edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4927/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4927/2023
13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver