Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4928/2022 08.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı MMC-dən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 04 avqust 2021-ci il tarixli, **********691800 nömrəli və 05 mart 2021-ci il tarixli, **********890100 nömrəli cavabdeh tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsi” barədə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı MMC-dən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 04 avqust 2021-ci il tarixli, **********691800 nömrəli və 05 mart 2021-ci il tarixli, **********890100 nömrəli cavabdeh tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 04 avqust 2021-ci il tarixli, **********691800 nömrəli və 05 avqust 2021-ci il tarixli, **********890100 nömrəli qərarlarla qanunsuz olaraq əlavə vergi və sığorta haqqı hesablanmışdır. İddiaçı MMC-yə 05 avqust 2021-ci il tarixli, **********890100 nömrəli qərarla tərəflərindən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və sığorta haqqı 27474,90 (iyirmi yeddi min dörd yüz yetmiş dörd manat, doxsan qəpik) manat təşkil etdiyi halda vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı isə 32742,10 (otuz iki min yeddi yüz qırx iki manat, on qəpik) manat hesablanmışdır. Qeyd olunan qərarla əlavə hesablanmış vergi və sığorta haqqının məbləği 5267,20 (beş min iki yüz altmış yeddi manat, iyirmi qəpik) manat təşkil edir. 05 avqust 2021-ci il tarixli, **********890100 nömrəli qərarla tərəflərindən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və sığorta haqqı-132.859,90 (mənfi bir yüz otuz iki min səkkiz yüz əlli doqquq manat, doxsan qəpik) manat təşkil etdiyi halda vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı isə 198475,72 (bir yüz doxsan səkkiz min dörd yüz yetmiş beş manat, yetmiş iki qəpik) manat hesablanmışdır. Qeyd olunan qərarla əlavə hesablanmış vergi və ya sığorta haqqının məbləği 331335,71 (üç yüz otuz bir min üç yüz otuz beş manat, yetmiş bir qəpik) manat təşkil edir. İddiaçı hesab edir ki, tərəflərindən vergi və sığorta haqları düzgün hesablanmışdır. Lakin vergi orqanı tərəfindən düzgün hesablama və araşdırma aparılmamış, səhv hesablamalar nəticəsində yalnış məbləğlər sözügedən qərarda qeyd olunmuşdur. Bu səbəbdən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə vəsatət təqdim edilərək, hazırda iddia predmeti üzrə mübahisənin olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan qərarlarla 2021ci ilin aprel və may ayları üzrə əlavə dəyər vergisi hesablanmışdır. 2021-ci il aprel ayı üzrə əlavə dəyər vergisi ilə bağlı iddiaçı tərəfindən 13.08.2021-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və 8929.95 manat vergi məbləği bəyan edilmiş, 14.09.2021-ci il tarixdə həmin məbləğ vergi orqanı tərəfindən qəbul edilmişdir. Həmçinin 2021-ci il may ayı üzrə əlavə dəyər vergisi ilə bağlı iddiaçı tərəfindən sonuncu dəfə 28.10.2021-ci il tarixdə dəqiqləşdirilmiş hesabat təqdim edilərək 23172.76 manat vergi məbləği bəyan edilmişdir. Bəyan edilmiş məbləğ 16.11.2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi iddia predmeti üzrə mübahisə hazırda mövcud deyildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən : 37.1.Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi Məcəllənin 72.5.-ci maddəsinə əsasən, bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı işin hallarınının və mübahisənin vəziyyətinin müzakirə (izah) etmək məqsədi ilə keçirilmiş 16 mart 2022-ci və 08 aprel 2022-ci il tarixli məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclaslarda iştirak etməsindən yayınmışdır. Görünür iddiaçının işə baxılmasında hüquqi marağı qalmamışdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsini, həmin bəyannaməlirin cavabdeh tərəfindən qəbul edilməsini, iddiaçı tərəfindən işə baxılmasında hüquqi maraqının olmamasının nümayiş etməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflər arasında olan vergi mübahisəsi həll olunmuşdur. İşin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ALMATROS” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı MMC-dən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 04 avqust 2021-ci il tarixli, **********691800 nömrəli və 05 mart 2021-ci il tarixli, **********890100 nömrəli cavabdeh tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsi” barədə iddiaya dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri. Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4928/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4928/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver