Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4928/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2018ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmsı barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq 2ci dərəcəli əlillik təyin edilmişdir. Həmin təyin edilmiş əlillik əsasında iddiaçıya cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən etibarən əlilliyə görə əmək pensiyası təyin edilmiş və onun ödənişinə başlanılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlillik xx.xx.2018-ci il tarixdə əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır. Daha sonra iddiaçı tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı ona təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa olunmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7591/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Adıçəkilən məhkəmə qərarı həmin Agentlik tərəfindən icra edilmiş və iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlillik altsistemdə dayandırıldığı tarixdən bərpa edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı tərixdən bərpa edilməsi, cari pensiya ilə yanaşı ödənilməmiş qalan məbləğlərin ödənilməsi xahiş edimişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qismən təmin edilmişdir. Belə ki, iddiaçıya əlilliyə görə təyin olunmuş cari pensiya, o cümlədən xx.xx.2020-ci il tarixdən etibarən ödənilməli olan pensiya məbləğinin ödənişinin həyata keçirilməsinə başlanmışdır. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin qimən təmin edilməsi əsassızdır. Belə ki, cavabdehin imtina məktubundan görünür ki, pensiya ödənişinin dayandırldığı tarixdən ödənilməməsi “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1.1-ci maddəsi ilə əsaslandırılmışdır. Halbuki hazırkı mübahisədə cavabdeh orqan bir məsələni nəzərdən qaçırmışdır. İddiaçı vaxtında ona pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş bir müddət həmin pensiyanı almaqda davam etmiş daha sonra Reabilitasiya Agentliyinin qanunsuz hərəkətləri nəticəsində onun əlilliyi etibarsız hesab edilmiş həmin hərəkətlərin qanunsuz olması məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə təsbit edilmiş və bundan sonra ödənişlər bərpa edilmişdir. İddiaçıın pensiyasının 3 il 3 ay ərzində dayandırılmasında onun hər hansı bir təqsiri mövcud olmamışdır. Bu əsasdan cavabdeh inzibati orqanın hazırkı mübahisəyə münasibətdə “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1.1-ci maddəsinə istinad etməsi məntiqli olmamışdır. Qeyd edilən faktlardan görünür ki, iddiaçıya ödənilməli olan pensiya məbləği xx.xx.2018-ci ildən ödənilməli olduğu halda xx.xx.2020-ci ildən ödənilməsinə başlanmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh orqan iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə əlilliyə görə əmək pensiyasının dayandırıldığı 2018-ci ilin Dekabr ayında yenidən hesablanıb ötən dövr üzrə vəsaitin ödənilməsi üçün cavabdeh orqana müraciət etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli SMS bildirişdə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına uyğun olaraq pensiyasının məbləğinin xx.xx.2023-cü il tarixdən 2504.52 manata çatdırılması, keçmiş dövr üzrə yaranmış fərq məbləğinin cari pensiyaya əlavə edilərək ödəniləcəyi bildirilmişdir. Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filial tərəfindən iddiaçıya ünvanlanmıı məktubda xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 65098.50 manat və 200 manat maddi yardım olmaqla cəmi 65298.50 manat keçmiş dövr üzrə fərq məbləği hesablandığı və ödənildiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası əlilliyin etibarsız hesab edilməsi səbəbəbindən xx.xx.2018-ci il tarixindən dayandırılsa da, həmin tarixdən sözgedən hal mübahisələndirilməmişdir. Bu baxımdan qanunverciliyin tələbləri nəzərə alınaraq cavabdeh orqan tərəfindən məhz 2023cü il tarixdən əvvəlki 3 il üzrə ödənişlər həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - ASAN3 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki İddiaçı xx.xx.1979-cu ildə Yardımlı rayonunda doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən müddətsiz olaraq ümumi xəstəlik-gözdən əlil səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Həmin əlillik qiymətləndirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixində “Əlillik altsistemi”ndə etibarsız hesab edilmiş, iddiaçı tərəfindən bununla bağlı olaraq məhkəmədə iddia qaldırılmış və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7591/2023 saylı qərarı ilə iddia tələbi təmin edilərək iddiaçının xx.xx.2018-ci ildə təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi agentliyin üzərinə qoyulmuşdur. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-B-208343/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarla iddiaçıya xx.xx.2020-ci il tarixdən ödənişin həyata keçirilməsi ilə əlilliyə görə əmək pensiyası təyin edilmiş və icrasına başlanılmışdır. - İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmiş, cavabdeh ona məktubla cavab verərək xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək keçmiş dövr üzrə fərq məbləğinin ödəniləcəyini bildirmişdir. Beləliklə işin faktiki hallarına əsasən, iddiaçıya ilk olaraq əlilliyə görə əmək pensiyası təyin edilmiş və onun ödənişi həyata keçirilmiş, daha sonra həmin əlillik qiymətləndirilməsi etibarsız hesab edilmişdir. Bundan sonra məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə əlillik qiymətlədirilməsi bərpa edilmişdir. Həmin haldan sonra cavabdeh tərəfindən iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənişi bərpa edilmiş, lakin keçmiş dövr üzrə ödənişlər son üç il ilə məhdudlaşdırılmışdır. Hazırda cavabdeh ona keçmiş dövr üzrə ödənişlərin tam şəkildə həyata keçirilməsini istəyir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 32.1-1-ci maddəsinə görə Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə cavabdehin imtina dəlili ilə bağlı bildirir ki, qeyd olunan maddənin məzmunu pensiya hüququ yaranan lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir. Halbuki hazırkı mübahisənin mahiyyətindən görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixdən müraciətini etmiş və onun müraciəti təmin edilmişdir. Daha sonra isə ona əlillik statusu vermiş inzibati orqan tərəfindən əsassız olaraq onun qiymətləndirməsi ləğv edilmiş, iddiaçı öz pozulmuş hüquqlarını məhkəkmə icraatı qaydasında bərpa etmiş və yenidən sosial təminat hüququnu bərpasına nail olmuşdur. Göründüyü kimi bu hadisələrdə iddiaçının hər hansı bir təqsiri olmamış onun hüquqları bərpa edildikdən sonra hzırkı cavabdeh tərəfindən də ona pensiya ödənişləri həyata keçirilməyə başlanılmışdır. Adıçəkilən norma hüquqların yaranmasını özündə ehtiva etsə də, bu mübhisə üzrə isə yaranmış hüquqlardan deyil pozulmuş hüquqların tam şəkildə bərpasından söhbət gedir. Bu halda isə idddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin təbiq edilməsi yolverilməzdir. Odur ki, məhkəmə cavabdehin bu arqumentini qəbul etmir və hesab edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası üzrə keçmiş dövrün fərq məbləğləri tam şəkildə ödənilməlidir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı, xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı, xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4928/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4928/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver