Məhkəmə qərarları › İş №2-1(112)-4929/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4929/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4929/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri 9-ce mkr., Cavadxan küşəsi ev 4, mənzil 74; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Mərkəzi Bankının hüquq departamentinin məsləhətçisi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdehlər - Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 20.02.2015-ci il tarixdən 21.02.2015-ci il tarixə keçən gecə Azərbaycan Respublikasında 33.6 % devolvasiya həyata keçirən qurumların bu devolvasiya nəticəsində iddiaçının ailəsinə vurulmuş 12.718 ABŞ dolları dəyərində maddi və 4000 ABŞ dolları dəyərində mənəvi zərərin ümumilikdəisə 16.718 ABŞ dolları və ya (kurs 1 dollar – 1.70 AZN olmaqla) 28.420 AZN dəyərində zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankın iddiaya qarşı yazılı etirazı (münasibəti) 09.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 08.0.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı 4 nəfərlik ailəsi ilə birlikdə 2005-ci ildən məcburi köçkün kimi məskunlaşmışdır. İddiaçı mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün ehtiyyatda olan 40 000 AZN pulu hər biri 20 000 AZN olmaqla həyat yoldaşı X2 və oğlu X3 adına Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərən “Unibank” Kommersiya Bankının 19-saylı filialına D002351 və D0002362 müqavilələri ilə (müddətli zəmanət) kimi depozitə qoymuşdur. 19.01.2015-ci il tarixdə bu 40 000 AZN manat ABŞ dollarla (kurs 1 dollar-0.789 AZN) 50 632 ABŞ dollarına bərabər olan bir vəsait olmuşdur. Lakin, Mərkəzi Bankın 20.02.2015-ci il tarixdən 21.02.2015-ci il tarixinə keçən gecə manatın məzənnəsi ilə bağlı verdiyi kəskin rəsmi dəyişikliklə əlaqədar olaraq, 50632 ABŞ dolları dəyərində olan zəmanət 37 914 ABŞ dolları səviyyəsinə endirilmişdir. 20.02.2015ci il tarixli devolvasiya əməliyyatından bir neçə gün keçməsinə baxmayaraq, bununla əlaqədar olan orqanlar vətəndaşlara heç bir izahat vermədilər. Bunun nəticəsində iddiaçı ailəsi ilə birlikdə mənəvi, psixoloji, təlaş halları yaşayaraq sarsıntılar keçirmişdilər. Bu sarsıntı vəziyyətinin onlara vurduğu mənəvi zərərə görə hər birinə 1 000 ABŞ dolları olmaqla cəmi 4 000 ABŞ dolları miqdarında mənəvi zərərə görə ödəniş etməlidirlər. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, hər bir ölkənin milli valyutası digər ölkələrin valyutasına nəzərən müəyyən dəyər daşıyıcısıdır və dövlətin məzənnə siyasəti çərçivəsində müəyyən olunur. Milli valyutanın xarici (sərbəst dönərli) valyutalara nisbətən məzənnəsi isə iqtisadi faktorlarla bağlıdır (ölkədə həyata keçirilən makroiqtisadi siyasət, ölkəyə daxil olan xarici valyutanın həcmi, xarici valyutaya tələb və təklifin nisbəti, ölkənin ticarət tərəfdaşlarının milli valyutasının məzənnəsi və s.) və bu səbəbdən dəyişikliyə (korreksiyalara) məruz qala bilir. Odur ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsində Mərkəzi Bank tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin mütəmadi olaraq müəyyən və elan edilməsi Mərkəzi Bankın funksiyalarından biri kimi göstərilir. Göründüyü kimi, Mərkəzi Bank qanunla ona həvalə edilmiş funksiyasına uyğun olaraq manatın məzənnəsinin dəyişdirilməsi ilə bağlı 21.02.2015-ci il tarixdə və 21.12.2015-cı il tarixdə müvafiq qərarlar qəbul etmişdir. Dünya bazarlarında neftin kəskin ucuzlaşması şəraitində ölkəyə xarici valyuta daxilolmalarının azalması, Azərbaycan ilə ticarət əlaqələrində olan bir çox ölkələrdə milli valyutanın devalvasiyaya uğraması və yaranmış şəraitdə xarici valyutaya tələbin təklifi üstələməsi manatın məzənnəsinin dəyişdirilməsi məsələsini gündəmə gətirsə də, bu prosesin tədricən həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin 2015-ci ilin 18-20 fevral tarixlərində valyuta spekulyantlarının bazarda aktivliyinin və əhalinin psixoloji təsir altında xarici valyutaya tələbatının həddən artıq artması müvafiq qərarın qəbul olunmasını zəruri etdi. Belə ki, yaranmış vəziyyət Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının həmin günlərdə kəskin azalmasına səbəb olmaqla Mərkəzi Bankın valyuta ehtiyatlarına qarşı təzyiqləri artırdı və manatın məzənnəsinin aşağı salınması barədə X7 Heyəti tərəfindən 21.02.2015-ci il tarixli qərar qəbul edildi. Yaranmış vəziyyətlə bağlı qəbul edilən X7 Heyətinin 21.02.2015-ci il tarixli qərarı son nəticədə ölkənin qeyrineft ixracını stimullaşdırmaq, bu əsasda ölkəyə valyuta axınlarını artırmaq, dövlətin valyuta ehtiyatlarının itkisinin qarşısını almaq, investorların xarici valyutada gəlirliyini artıraraq iqtisadiyyatı şaxələndirilmək məqsədi daşımışdır. Əlavə olaraq qeyd olunur ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə X7 Heyəti 21.02.2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etmişdir. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşması, Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununda və eləcə də digər qanunvericilik aktlarında X7 Heyəti tərəfindən qəbul ediləcək qərarlar barədə əvvəlcədən elan edilməsi tələbi mövcud deyil və İdarə Heyətinin kollegial orqan olmasını nəzərə alsaq, bu cür tələbin olması məntiqsiz olardı. Belə ki, kollegial orqan tərəfindən müzakirəyə çıxarılacaq məsələ ilə bağlı hansı qərarın qəbul olunacağını qəti olaraq müəyyən etmək mümkün deyildir. Mərkəzi Bankın məqsəd və funksiyaları “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunda manatın məzənnəsinin dəyişməsi ilə bağlı hüquqi və fiziki şəxslərin məruz qala biləcəyi maliyyə itkilərinin qarşısının alınması və ya əvəzinin ödənilməsi vəzifəsi müəyyən edilməmişdir. X7 Heyətinin 21.02.2015-ci il tarixli qərarından sonra xarici valyutada götürülmüş kreditlərin banklar tərəfindən restrukturizasiya olunması stimullaşdırılmış və dəstəklənmişdir. Belə ki, xarici valyutada kredit götürmüş borcluların kredit üzrə aylıq ödənişlərinin əvvəlki səviyyədə saxlanması üçün banklar kredit müqaviləsinin müddətinin uzadılması, faiz dərəcələrinin müəyyən qədər aşağı salınması, hətta bəzən müddətin uzadılması halında uzadılmış müddət üçün faizlərin hesablanmaması şərtlərini borc alanlarla razılaşdıraraq onlarla müvafiq müqavilələr bağlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi olsa da, işin müəyyən edilən hallarından görünür ki, iddiaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı maddi və ya mənəvi ziyan vurulduğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. Hazırkı iş üzrə məhkəmə araşdırılması ilə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsində cavabdehlərin hərəkəti nəticəsində sarsıntı keçirdiklərini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin maddi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, yuxarıda göstərilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 21 və 23-cü maddələri yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ona vurulmuş maddi və mənəvi zərər barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, beləliklə real zərərin mövcudluğu məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 20.02.2015-ci il tarixdən 21.02.2015-ci il tarixə keçən gecə Azərbaycan Respublikasında 33.6 % devolvasiya həyata keçirən qurumların bu devolvasiya nəticəsində iddiaçının ailəsinə vurulmuş 12.718 ABŞ dolları dəyərində maddi və 4000 ABŞ dolları dəyərində mənəvi zərərin ümumilikdəisə 16.718 ABŞ dolları və ya (kurs 1 dollar – 1.70 AZN olmaqla) 28.420 AZN dəyərində zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar