Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-493/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı adın dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2019-cu il təvəllüdlü, yetkinlik yaşına çatmayan X1 adının dəyişdirilərək, doğum haqqında şəhadətnamənin ad qrafasında “Abdullah” yazılmasına icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar xx xxx 2017-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Nikahları ASAN 1 xidmətin Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Birgə nikahdan xx xxxxxx 2019-cu il tarixdə anadan olmuş X3 adlı övladları anadan olmuşdur. Ailə olaraq uşağın adının “Abdullah” qoyulmasını razılaşdıqdan sonra doğum haqqında şəhadətnamə almaq üçün ASAN 2 xidmətinə müraciət etmişlər. Lakin ASAN 2 xidmətin qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə uşağın adı “Abdulla” kimi qeyd olunmuşdur. Belə ki, onlara bildirmişlər ki, “Abdullah” adını qoymaq olmaz. Onlar buna etiraz etdikdə bildirdirmişlər ki, rayon icra hakimiyyətinə müraciət etməli, uşağın adının dəyişdirilərək, doğum haqqında şəhadətnamənin ad qrafasında “Abdullah” yazılmasına icra hakimiyyətindən icazə verilsə uşağın adı dəyişdiriləcəkdir. Halbuki, “Azərbaycan Şəxs Adlarının İzahlı Lüğəti”ndə həm “Abdulla”, həm də “Abdullah” adları vardır və həmin adlar hətta ardıcıl qeyd olunmuşdur. Yəni hər iki adı istifadə etmək olar. “Abdullah” adının qoyulmasına qadağa heç bir sənəddə yoxdur. Hətta “Abdullah” adının qoyulması ilə bağlı Bakı şəhərinin bir neçə Rayon İcra Hakimiyyətləri tərəfindən müvafiq qərarlar qəbul edilmiş, o cümlədən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 110 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı vardır. Bütün bunlara baxmayaraq uşağın doğum şəhadətnaməsində adı “Abdulla” kimi qeyd olunmuşdur. Odur ki, onlar məcbur qalıb ərizə ilə Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Cavabdeh Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatından aldıqları 6/12-Ə-208-164 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə xahişləri təmin edilməmiş, səbəb olaraq qeyd olunmuşdur ki, “Abdullah” adı “Azərbaycan dilinin Böyük X4”ndə nəzərdə tutulan adlar siyahısında yoxdur. Bu səbəbdən də Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası uşağın adının “Abdulla” adından “Abdullah” adına dəyişdirilməsini məqsədəuyğun hesab etməmişdir. Cavabdehin bu qanunsuz və əsassız imtinası onların hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1980-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər qeydiyyat şöbəsinin AZ-İİ 202739 №-li, xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2017-ci il tarixdə nikahları bağlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər qeydiyyat şöbəsinin AZ-İİ 345361 №-li, xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası İddiaçı1 və anası İddiaçı2 qeyd edilmişdir. - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı1 ünvanlanan 6/12-Ə-208-164 №-li, xx.xx.2019-ci il tarixli məktubdan görünür ki, rayon İcra Hakimiyyətinə daxil olmuş, övladı X1 adının “Abdulla” adından “Abdullah” adına dəyişdirilməsinə kömək göstərilməsi barədə ərizəyə Səbai rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən baxılmışdır. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, “Abdullah” adı Azərbaycan dilinin Böyük X2 nəzərdə tutulan adlar siyahısında yoxdur. Bu səbəbdən də övladı X1 adının “Abdulla” adından “Abdullah” adına dəyişdirilməsini Komissiya məqsədəuyğun hesab etmir. Məhkəmə iddiaçıların izahatlarının dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası ailə və mülki qanunvericiliyinin qeyd edilən normalarından göründüyü kimi fiziki şəxsin adının və soyadının, atasının adının dəyişdirməsi (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) müvafiq qaydalarla müəyyənləşdirilir. Həmin qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”dır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar xx.xx.2019-cu il təvəllüdlü oğlulları Abdulla Əliyevin adının “Abdullah” adına dəyişdirilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, lakin həmin müraciəti ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh inzibati orqan tərəfindən tam aparılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 12.2-ci maddəsinin tələblərinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 28.1.1-ci maddəsinə əsasən iddiaçının ərizəsi inzibati icraatın başlanması üçün əsasdır. - 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. - 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. - 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən; tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; şahid ifadələrindən; müvafiq müayinələrin aparılmasından; ekspert rəylərindən; hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. - 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə iddiaçıların müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2yetkinlik yaşına çatmayan X1 adının dəyişdirilməsinə dair müraciətləri ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 yetkinlik yaşına çatmayan X1 adının dəyişdirilməsinə dair müraciətləri ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-493/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-493/2020
16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver