Məhkəmə qərarları › İş №2-1(112)-4932/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4932/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4932/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçı özünü İddiaçı kimi təqdim edən şəxsin iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadan iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadan iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı Əliyeva (Əsgərova) Sona Sabir qızı 28 avqust 1957-ci ildə Bakı şəhəri Suraxanı rayonunda, Suraxanı qəsəbəsində doğulmuşdur. Həmin qəsəbədə Sabir küçəsi ev 6-da böyümüşdür. 20 yaşında ailə həyatı quraraq Maştağa kəndinə gəlin köçmüşdür. 6 ayın gəlini olmuşdur. Atalıq soyadı Əsgərova idi. Ailə qurandan sonra həyat yoldaşının soyadı ilə-Əliyeva familyası daşımışdır. Həyat yoldaşı X2 elektrik vurması səbəbindən dünyasının dəyişdi. İddiaçı onun anası tərəfindən evdən çıxarılmışdır. Bu 1977- 1978-ci illərdə baş verib. İddiaçının şəxsi sənədlərinin nə vaxt, hansı şəraitdə itməsini bilmir və xatırlamır. Xeyirxah insanların evində və köməkliyi ilə yaşayır. Sənədləri olmadığı üçün həmişə çətinlik çəkmiş, savadı olmadığı üçün hara müraciət edəcəyini və hara qeydiyyata düşəcəyini bilməmiş, yenə də xeyirxah insanların köməkliyi ilə sənədlərini bərpa etmək istəyir. Təkrar doğum haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat İdarəsinə dəfələrlə müraciət etmiş, hazırda onlar yenə də imtina məktubu verdilər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/7-10- 2497/24 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın 1.7, 1.14, 9.7-ci, 9.8-ci bəndlərində göstərilmiş müddəalara əsasən, qeydiyyat şöbəsi doğum haqqında təkrar şəhadətnamənin verilməsisindən, iddiaçının şəxsiyyət vəsiqəsi olmadığından müraciətinin icra olunmasının mümkün olmadığı səbəbindən imtina edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Darisəi üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli 5-18-5/2-Ə-3S-151/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında Əliyeva(Əsgərova) Sona Sabir qızının qeydiyyatda olması barədə məlumat yoxdur Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 13-cü, 48-ci, 49-cu maddələrinə əsasən iddiaçıya yardım göstərmək, həmçinin işin hallarını və mübahisənin vəziyyətini tərəflərin iştirakı ilə müzakirə etmək məqsədi ilə məhkəmə iclası keçirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı şəxsiyyət vəsiqəsi olmadan iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir: “1.1.Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.” Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər (25.0.): fiziki və ya hüquqi şəxslər (25.0.1); dövlət orqanları və ya bələdiyyələr (25.0.2.) Həmin Məcəllənin 26-ci maddəsində göstərilmişdir: “26.1. İnzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində göstərilmişdir: “4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.” Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.-cü maddəsinə əsasən,bu Məcəllədə aşagıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.4. pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd; 3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.2.-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının : -1.7-ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlərin X1 Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. -1.14-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. - 9.7-ci bəndinə görə, yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. - 9.8-ci bəndinə əsasən, Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizənin verildiyi gün təqdim olunur, elektron sorğu əsasında şəhadətnamələr isə sorğunun daxil olduğu gün verilir. Məhkəmə iddia ərizəsinə və işdə olan sənədlərə əsasən müəyyən etdi ki iddiaçı onun şəxsiyyətini təsdiq edən sənədi (pasport və ya şəxsiyyət vəsiqəsini) təqdim edə bilmir. Belə ki, belə bir sənəd onda mövcud deyil. İddiaçının şəxsiyyətini müəyyən etmək mümkün olmadığından cavabdehin üzərinə ona aid sənədlərin verilməsi vəzifəsinin qoyulması mümkün deyil. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə sorğusu əsasında əldə edilmiş sənədlərdən də hazırda iddianı qaldıran şəxsin İddiaçı olması sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərt mövcud olmadığından, iddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyindən, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadan iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar