Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4934/2022 21.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sökərək yerində inşa etdiyi yeni fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən dövlət qeydiyyatına alınaraq bununla bağlı texniki pasportun tərtib edilməsi, habelə hüquqların dövlət qeydiyyatına alınması haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Rasim Muxtarov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin yaşayış evi köhnələrək yaşayışa tam yararsız olduğundan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək qeyd olunan evin sökülüb yerində yeni evin inşa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 19.01.2018-ci il tarixli məktubu ilə yeni evin inşa edilməsinə icazə verilmişdir. Müvafiq icazəni aldıqdan sonra qeyd olunan fərdi yaşayış evini sökərək yerində layihəyə uyğun olaraq zirzəmili, ümumilikdə 7 mərtəbəli yeni fərdi yaşayış evi inşa etmişdir. Bu səbəbdən də inşa etdiyi fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, layihəyə uyğun texniki pasportun tərtib edilməsini və çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh 07.05.2021-ci il tarixli məktubla binanın təmirinin başa çatmaması, qapı və pəncərələrin olmamasını əsas gətirərək daşınmaz əmlaka dair hüquqların qeydiyyatından imtina etmişdir. Cavabdehin imtinası tam əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sökərək yerində inşa etdiyi yeni fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən dövlət qeydiyyatına alınaraq bununla bağlı texniki pasportun tərtib edilməsi, habelə hüquqların dövlət qeydiyyatına alınması haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilərkən qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin söküldüyü, yerində zirzəmili, mansard mərtəbəsi olan 7 mərtəbəli yeni tikilinin inşa edildiyi məlum olmuşdur. Tikilinin təmiri və inşası tam başa çatdırılmamışdır, qapıları, pəncərələri qoyulmamış, yaşayışa yararsız vəziyyətdə olduğu aşkar olunmuşdur. Həmçinin yeni inşa edilən tikilinin bir hissəsinin texniki pasportunda qeyd edilən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilən əlavə torpaq sahəsinə və üzərində inşa edilən tikiliyə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı idarə tərəfindən iddiaçıya 07.05.2021-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 07.05.2021-ci il tarixli bildirişdə qeyd olunur: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, 27.04.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi sökülmüş, yerində zirzəmili, mansard mərtəbəsi olan 7 mərtəbəli yeni tikili inşa edilmişdir. Tikilinin təmir-inşası tam başa çatdırılmamışdır, qapıları, pəncərələri qoyulmamış, yaşayışa yararsız vəziyyətdə olduğu aşkar olunmuşdur. Həmçinin yeni inşa edilən tikilinin bir hissəsi texniki pasportunda qeyd edilən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilən əlavə torpaq sahəsinə və üzərində inşa edilən tikiliyə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələbələrinə cavab verməyən) ayrıca sahə başa düşülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsin əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli, 302 saylı qərar ilə tələb olunan «Tikinti obyektinin istismarına icazənin vahid forması» və Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli 349 nömrəli fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilmiş sənədlər toplusuna əlavə olunmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 19.01.2018-ci il tarixli məktubda qeyd edilir: Sizin mülkiyyətinizdə olan Rasim Muxtarov küçəsi, 17 saylı evin (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07.05.2014-cü il tarixli, ******* nömrəli çıxarış) sökülüb yenidən tikilməsi ilə bağlı müraciətinizə baxılmışdır. 01 yanvar 2013-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq inşa edilməsi təklif olunan yeni evinizin təqdim olunmuş fərdi layihə əsasında yenidən tikintisinə etiraz etmirik. Lakin bununla yanaşı bildiririk ki, tikinti zamanı razılaşdırılmış layihədən kənara çıxma halları tərəfimizdən aşkar olunarsa, inşaat işləri dayandırılacaq. İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə, həmçinin qüvvədə olan qanunvericiliyin digər tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 04.04.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 17 saylı fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 07.05.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Ümumi sahəsi 154.7 kv.m, yaşayış sahəsi 102.3 kv.m, yardımçı sahə 52.4 kv.m, yaşayış otaqlarının sayı 4. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evini sökərək yerində zirzəmili, 7 mərtəbəli yeni tikili inşa etmişdir. İddiaçı həmin tikili üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tikilinin təmir-inşasının tam başa çatdırılmaması, yaşayışa yararsız vəziyyətdə olması, yeni inşa edilən tikilinin bir hissəsinin texniki pasportda qeyd edilən torpaq sahəsindən kənarda yerləşdiyinin müəyyən edilməsi, qeyd edilən əlavə torpaq sahəsinə və üzərində inşa edilən tikiliyə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsini qeyd etməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökərək yerində inşa etdiyi yeni fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən dövlət qeydiyyatına alınaraq bununla bağlı texniki pasportun tərtib edilməsi və hüquqların dövlət qeydiyyatına alınması haqqında dövlət reyestrindən çıxarışın verilməsini tələb etsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həm tikilinin inşa edildiyi torpaq sahəsinə, həm də tikiliyə aid sənədləri (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə və s.) cavabdeh inzibati orqana və məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4934/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4934/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver