Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4935/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə (üçüncü şəxslər X18, X15, X19, X16, X20, X21, X5, X25 və X17) qarşı ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək X18, X15, X19, X16, X20, X21, X5, X25 və X6 Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış massivi ev 54 ünvanındakı 52 nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanını 27 fevral 2020-cı il tarixli alqı satqı müqaviləsinə əsasən X2 88000 manata alıb. Həmin alqı-satqıdan sonra o, qeyd edilən evə dair Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən 28 fevral 2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan elektron çıxarış alıb. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən, satıcı mənzildən qeydiyyatda olan şəxslərlə (X11, X7, X8, X12, X13, X14, X4, X22, X9) birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, lakin müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, həmin vəzifələr icra olunmamış, cavabdeh və onun ailə üzvləri bu günədək qeydiyyatdan çıxmamışlar. Maraqlı şəxslərin formal olaraq həmin evdə pasport qeydiyyatında qalmaları onun mülkiyyət hüquqlarını, o cümlədən sərəncam vermək hüququmu əsassız olaraq məhdudlaşdırır. Belə ki, o, həmin şəxslərə görə bəzi kommunal ödənişlər ödəyir, mülkiyyət hüququndan tam istifadə edə bilmir. Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu X23 tərəfindən verilmiş “Elektron notariat” X1 19.01.2021 - ci il tarixli çıxarışdan görünür ki, cavabdehlər sözü gedən mənzildə daimi qeydiyyatdadırlar. Həmin şəxslərin qeydiyyatdan çıxarılmaları üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Polis İdarəsinə 28.01.2021-ci il tarixdə rəsmi ərizə ilə müraciət edib. Suraxanı rayon Polis İdarəsi 16.02.2021- ci il tarixli cavab məktubunda vətəndaşların qeydiyyatdan çıxarılması onun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və doğulduğu yer üzrə qeydiyyatı haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinin müsbət həllinin mümkün olmadığını, aidiyyət üzrə məhkəmə orqanlarına müraciət etməli olduğu bildirilmişdir.
3. Məhkəmənin hazırliq icraatı üzrə keçirilən iclasında iştirak edən İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, həmin şəxslər mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvləridir, onlar həmin evdə yaşamırlar, hazırda mənzildəki qeydiyyatları formal xarakter daşıyır.
4. Cavabdeh Sabunçu rayon polis idarəsi tərəfindən məhkəməyə ünvanlanan 10.04.2021-ci il tarixli məktubunda məhkəmənin 26.02.2021-ci il tarixli sərəncamında qeyd edilən xüsusatlara (iddiaya qarşı öz münasibətinin (etirazının) yazılı şəkildə məhkəməyə bildirilməsi, həmçinin üçüncü şəxs X10 Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 54 saylı evin, 52 nömrəli mənzilinə qeydiyyata alınma tarixi barədə məlumatın və qeydiyyatına əsas olmuş sənədlərin təqdim edilməsi barədə) münasibət bildirmədən məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsi xahiş olunmuşdur.
II. İddianın növü və mümkünlüyü
5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
6. Məhkəmə qeyd edir ki, iddiaçı paylı mülkiyyətçidir, həmin evdə qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır.
7. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 16.02.2021-ci il tarixli cavabında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinadən həmin ünvan üzrə qeydiyyatdan çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkünlüyü qeyd edilmişdir.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
8. Məhkəmənin hazırki iş üzrə 11.03.2021-ci il tarixli qərardadı ilə X18, X15, X19, X16, X20, X21, X5, X25 və X17 üçüncü şəxs qismində cəlb olunmuşlar.
9. “Elektron notariat” X1 19.01.2021-ci il tarixli çıxarışdan görünür ki, 07.11.2009-cu il təvəllüdlü X18, 27.09.1981-ci il təvəllüdlü X15, 27.09.1981-ci il təvəllüdlü X19, 17.10.2011-ci il təvəllüdlü X16, 15.01.2013-cü il təvəllüdlü X20, 12.09.1976-cı il təvəllüdlü X21, 22.07.1949-cu il təvəllüdlü X5, 26.04.1943-cü il təvəllüdlü X25 və 14.08.1984-cü il təvəllüdlü X17 Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış massivi ev 54 ünvanındakı 52 nömrəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar.
10. Daşınmaz əmlakın dövlət reyestindən elektron çıxarışa əsasən, ünvan 4 ünvanındakı 52 nömrəli mənzil 28.02.2020-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi **********).
11. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21.04.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X3 adına Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 54, 52 nömrəli mənzil 29.01.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin 16 saylı DNK-nın 27.02.2020-ci il tarixli 4Ə-146 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən S.D.Hüseynova mənzili İddiaçı satmışdır və hazırda sonuncunun mülkiyyətindədir. Həmçinin bildirilmşdir ki, sözügedən ünvana X18, X15, X19, X16, X20, X21, X5, X25 və X6 istifadə hüququnun qeydə alınması ilə bağlı məlumatın aşkar edilməmişdir.
12. Məhkəmə tərəfindən üçüncü şəxslərə ünvanlanan məhkəmə aktı və bildirişlər geri qayıtmış, poçt zərfində “köçüb” qeyd edilmişdir. Məhkəmə iclasında üçüncü şəxslər iştirak etməmişlər.
13. Məhkəmənin sorğusuna cavab olaraq 16 saylı notariat ofisi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 54, 52 nömrəli mənzilə dair 27.02.2020-ci il tarixli 4Ə-146 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən notariat işi təqdim edilmiş, həmin notariat işinə əsasən, üçüncü şəxslərin alqı-satqı tarixinə həmin mənzildə qeydiyyatda olduqları və əvvəlki mülkiyyətçi ilə qohumluq əlaqəsində olduğu müəyyən edilir.
14. Məhkəmənin sorğusuna cavab olaraq Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 68 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən təqdim olunan 19.04.2021ci il tarixli arayışa əsasən, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 54, 52 nömrəli mənzildə yaşayır, X18, X15, X19, X16, X20, X21, X5, X25 və X17 qeydiyyatda olmalarına baxmayaraq, yaşamırlar.
IV. Məhkəmənin mövqeyi
15. İddiaçı ilə üçüncü şəxslərin qohumluq münasibətləri yoxdur, həmin ünvanda faktiki olaraq yaşamır, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
16. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
19. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
22. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X18, X15, X19, X16, X20, X21, X5, X25 və X6 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X18, X15, X19, X16, X20, X21, X5, X25 və X6 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva