Məhkəmə qərarları › İş №2-1(112)-4936/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4936/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4936/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı «borcun silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) sahibkar kimi icarəyə obyekt götürüb fəaliyyətə başladığı ərəfədə vergi orqanı əməkdaşları tərəfindən həmin təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Tədbir nəticəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması faktı aşkar edilmiş və bu barədə akt tərtib olunmuşdur. İddiaçı 1 aprel 2022-ci il tarixdə nəzarət kassa aparatı üçün "xxxx" şirkətinə müraciət etmişdir və “token”in alınması üçün onlar arasında müvafiq müqavilə bağlanmışdır. Həmin gün onun kassa alınması ilə bağlı müraciəti də vergi orqanında sistemə daxil edilmişdir. İddiaçı vergi qanunvericiliyinin tələblərini bilmədiyi üçün icarəyə götürdüyü obyektdə gələcəkdə işləyəcək işçiləri oraya dəvət etmişdir. Öncədən vergi orqanına müraciət edərək işçilərin qeydiyyata götürülməsi ilə bağlı yardım istəmişdir. Ona belə cavab verilmişdir ki, bu istiqamətdə məsələnin yerində həllinə kömək göstəriləcəkdir. Gələcək işçilər özləri ilə şəxsiyyət vəsiqələrini də gətirmişlər. Həmin gün vergi orqanı əməkdaşları obyektə gələrək iki işçinin müqavilə olmadan işə cəlb olunması və nəzarət-kassa aparatından istifadə edilməməsi ilə bağlı akt tərtib etmişlər. Ona bildirilmişdir ki, müvafiq sənədləşmənin aparılması üçün məlumatın ASAN Xidmət mərkəzinə və digər müvafiq mənbədən alınması mümkündür. İddiaçının bununla bağlı vergi orqanına və yuxarı orqana (apellyasiya şurasına) şikayətləri təmin edilməmişdir. Onun barəsində tərtib olunmuş aktda əks olunmuş cərimənin silinməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «9 iyun 2022-ci il tarixli **********1987 nömrəli və **********2017 nömrəli qərarların ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 23 fevral 2023-cü il tarixli məktubunda bildirilir ki, Baş İdarənin “Operativ vergi nəzarətinin həyata keçirilmısi haqqında” 27 aprel 2022-ci il tarixli **********895 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən “Trend Butik” adlı qadın geyim mağazasında operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Baş İdarənin əməkdaşları tərəfindən 29 aprel 2022-ci tarixdə saat 14:06-da həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 ədəd qadın geyimi üçün ödənilmiş 55 manat məbləğin nəzarət-kassa aparatının yaddaşına mədaxil olunmadığı, obyektdə nəzarət-kassa aparatının quraşdırılmadığının müəyyən edildiyi, operativ vergi nəzarəti tədbirinin nəticəsinin 29 aprel 2022-ci il tarixli DVX seriyalı 013902 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəşmiləşdirilmiş, vergi ödəyicisi tərəfindən akt imzalanmamış, lakin aktın nüsxəsini qəbul edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 iyun 2022-ci il tarixli **********1987 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə Baş İdarənin 9 iyun 2022-ci il tarixli **********944800 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərdə sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə 21 iyun 2022-ci il tarixdə saat 16:47-də oxunmuşdur. Bundan əlavə, qeyd olunan obyektdə operativ vergi nəzarəti tədbiri zamanı 1 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunaraq, 29 aprel 2022-ci il tarixli DVX seriyalı 006015 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı, lakin bir nüsxəsinin qəbul edildiyi, vergi ödəyicisi və aktda adı qeyd olunmuş şəxsin operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və ya xidmət müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini etiraf etdikləri müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 iyun 2022-ci il tarixli **********2017 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə Baş İdarənin 9 iyun 2022-ci il tarixli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərdə sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə 21 iyun 2022-ci il tarixdə saat 16:47-də oxunmuşdur. Vergi Məcəlləsinin 16.1.8 və 16.1.9-cu maddələrinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, qəbz, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olduğu halda, fərdi sahibkar İddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydaları pozulmuş, eləcə də Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddısinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, vergi ödəyicisi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 1 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış, operativ vergi nəzarəti tədbiri zamanı aktda adı qeyd olunmuş 1 nəfər şəxs və vergi ödəyicisi izahat verərək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyini etiraf etmiş və nəzarət tədbirindən sonra əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirmişdir. İşçi Əliyeva M.G. 29 aprel 2022-ci il tarixli etirafedici izahatında 1 gündür ki, İddiaçı tərəfindən satıcı vəzifəsinə işə götürüldüyünü, gündəlik əmək haqqının 10 manat olmaqla nağd şəkildə alındığını və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan tamamilə qanunvericiliyə uyğun həyata keçirilmişdir. Göstərilənlərə və Vergi Məcəlləsinin 231.1, 23.2, 24.0.1, 24.0.2, 36.2, 50.1.3, 50.1.7, 58.7, 58.10-cu maddələrinə, Əmək Məcəlləsinin 5-1, 7, 49-cu maddələrinə, Nazirlər Kabinetinin 6 iyjn 2014-cü il tarixli 183 nömrəli qərarına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci maddəsinə görə aşağıdakılar vergi ödəyicisinin vəzifələri sırasına daxildir: - (16.1.8) Məcəllənin 16.1.8.1 – 16.1.8.6-cı maddələrində göstərilən fəaliyyət növləri (qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda), kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti, qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı, elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti, bu Məcəllənin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti) istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək; - (16.1.9) lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən vergi prqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.3) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; - (50.1.7) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POSterminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: (58.7.1) təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində; (58.7.2) təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində; (58.7.3) təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş «Nəzarət-kassa aparatlarının istismarı Qaydaları»nın 2.3.3-cü bəndinə görə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş NKA çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən NKA əhali ilə hesablaşmaların aparılmasında istifadə edilə bilər. Həmin Qaydaların 8.3.16-cı bəndinə əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifəsi kimi təsbit edilmişdir. Göründüyü kimi, vergi qanunvericiliyi müvafiq fəaliyyət növləri üzrə təsərrüfat subyektlərində əhali ilə pul hesablaşmalarının aparılması qaydaları və müvafiq kateqoriya vergi ödəyicilərinə bu qaydalara riayət etməklə fəaliyyətini nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vəzifəsi müəyyən etmiş, bu qaydalara riayət etməyən vergi ödəyicilərinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunmasını nəzərdə tutmuşdur. Eləcə də vergi qanunvericiliyi ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur. Hazırkı iş üzrə məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı vergi orqanlarında vergi ödəyicisi kimi əsas fəaliyyət növü “qasın geyimlərinin pərakəndə satışı” olmaqla uçota götürülmüş və Bakı şəhəri, Azadlıq prospekti, 101 ünvanında olan obyekt onun təsərrüfat subyekti kimi qeydiyyata alınmışdır. Vergi orqanının 27 aprel 2022-ci il tarixli qərarı ilə iddiaçıya məxsus həmin təsərrüfat subyektində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Tədbirin nəticələri həmin tarixli DVX seriyalı 006015 nömrəli və DVX seriyalı 013902 nömrəli müvafiq aktlarla rəsmiləşdirilmişdir. Qeyd olunan aktlar əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 iyun 2022-ci il tarixli **********2017 nömrəli və həmin tarixli **********1987 nömrəli qərarlar qəbul edilmişdir. 27 aprel 2022-ci il tarixli DVX seriyalı 006015 nömrəli aktla vergi orqanı əməkdaşları onun müvafiq ünvandakı təsərrüfat subyektində sahibkarlıq fəaliyyəti üzrə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilə bağlanmadan işəgötürən kimi iddiaçı tərəfindən 1 nəfər fiziki şəxsin obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsi faktının aşkar olunduğu rəsmiləşdirilmişdir. 9 iyun 2022-ci il tarixli **********2017 nömrəli qərarla vergi ödəyicisi kimi hazırkı iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsi rərbər tutularaq 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eləcə də 27 aprel 2022-ci il tarixli DVX setiyalı 013902 nömrəli aktla vergi orqanı əməkdaşları iddiaçının həmin ünvandakı fəaliyyəti üzrə nağd pul hesablaşmaları qaydalarının tələblərinə riayət edilməməsi faktının aşkar olunduğunu rəsmiləşdirilmiş və bu akt əsasında 9 iyun 2022-ci il tarixli **********1987 nömrəli qərarla vergi ödəyicisi kimi hazırkı iddiaçıya Vergi Məcəlləsinin 58.7.1-ci maddəsi rərbər tutularaq 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı cavabdehin sözügedən 9 iyun 2022-ci il tarixli **********2017 nömrəli və **********1987 nömrəli qərarlarını mübahisələndirir. Məhkəmə inzibati orqanın 9 iyun 2022-ci il tarixli **********2017 nömrəli və **********1987 nömrəli qərarının qəbulu üzrə inzibati icraatda aşağıdakı xüsusatları müəyyən edir: - 9 iyun 2022-ci il **********2017 nömrəli qərarın əsas kimi çıxış edən 27 aprel 2022ci il tarixli DVX seriyalı 006015 nömrəli aktda adı göstərilən X4 həmin vaxt verdiyi izahatda onun vergi ödəyicisi İddiaçı məxsus təsərrüfat subyektində satıcı kimi işlədiyini bildirmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə icraatında iddiaçı mübahisənin bu hissəsi ilə bağlı fərqli mövqe bildirsə də, operativ vergi nəzarəti keçirilən zaman X1 dərhal alınan izahat hazırkı mübahisənin obyektiv həlli üzrə daha mötəbər sübut kimi qiymətləndirilməlidir, həmin izahatda isə onun obyektdə satıcı qismində işə cəlbi təsdiqlənir. X2 “əmək müqaviləsi bildirişi”nin 29 aprel 2022-ci il tarixinə təsadüf etməsi isə, onunla iddiaçının aralarındakı müqavilə (işçi və işəgötürən) münasibətlərinə əvvəlcədən niyyətli olduqlarına şübhələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, İddiaçı ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 101 ünvanında yerləşən qadın geyimləri mağazasında (təsərrüfat subyektində) nəzarət-kassa aparatı olmadan mal satışını özü də inkar etməmiş və NKA olmadan mal satışı halını 2022-ci ilin 1 aprel tarixində aidiyyəti təşkilat olan "xxxx" MMC ilə müqavilə bağlanması, lakin “token” olmaması səbəbindən NKA-nın quraşdırılmasının gecikdirilməsi ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı məxsus təsərrüfat subyektində mal satışı zamanı NKA ilə bərabər “aparılan əməliyyatların uçotu kitabı” da mövcud olmamışdır. İddiaçının dəlili isə, ona sahibkar kimi təsərrüfat subyektində mal satışını NKA olmadan həyata keçirməsinə əsas vermir. Məhkəmə iddaçının dəlillərini mübahisə predmeti olan 9 iyun 2022-ci il taroxli qərarların qanunsuz qəbulunu şərtləndirən hal kimi qəbul etmir və belə qənaətə gəlir ki, iddiaçıya münasibətdə əlverişsiz inzibati akt kimi cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məluliyyətə cəlb edilməsi haqqında” həmin qərarlar qanunsuz sayıla bilməz. Sözügedən 9 iyun 2022-ci il tarixli qərarlar qəbul edilərkən inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun və Vergi Məcəlləsinin müddəaları pozulmamışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar