Məhkəmə qərarları › İş №2-1(112)-4937/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4937/2020

23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4937/2020 23.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin özəlləşdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 24-cü km-də yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 0,6 ha (6000,9 kv.metr) torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011- 2015-ci il tarixinə qədər qüvvədə olan özəlləşmə norma və tariflərinə uyğun aparılması, torpağın hər 100 kv.metr sahəsini 1,0 əmsalını 400 miqdarında vurmaqla özəlləşmə həyata keçirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1999-cu il 03 iyun tarixli, 518 saylı sərəncamı ilə İddiaçı Müəssisəsinin istifadəsi üçün 0.6 ha torpaq sahəsi ayrılmışdır. Bu müəssisənin yerləşdiyi və istifadəsində olduğu torpaq sahəsinin ölçüsü 0.6 ha (6000 kv.metr) təşkil edir və həmin torpaq sahəsinin üzərində 0,00172 ha ümumi sahəsi 28,2 kv.metr olan və dövlət reyestrindən keçmiş tikili var. 2010cu il 10 avqust tarixində İddiaçı MMC-nin mülkiyyətində olan həmin tikili (çıxarış seriyası - MA № 0100108) xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçmişdir. İddiaçı MMC-nin istifadəsində olan 0,6 ha torpaq sahəsinə dair inşaat pasportu var. Müəssisənin mülkiyyətçisi İddiaçı MMC-nin istifadəsində olan 0,6 ha torpaq sahəsinin həmin müəssisəyə təhkim olunmaqla özəlləşdirilməsi məqsədilə dəfələrlə cavabdehə müraciət etsə də, onun müraciətinə heç bir cavab verilməmişdir. Müəssisə belə müraciətləri 2011-ci ildən başlayaraq 2015-ci ilin son ayına kimi davam etmişdir. Bu tarixdə cavabdeh təşkilata müraciət olunarkən müəssisənin rəhbərliyi mübahisəli torpaq sahələrinin məhz həmin zaman qüvvədə olan normativ aktlar və normalar əsasında, daha doğrusu qüvvədə olan Nazirlər Kabinetinin 1998-ci il tarixli 93 saylı qərarına və müvafiq Əsəsnaməyə uyğun özəlləşdirilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat iddiaçı müəssisəyə heç bir cavab verməmişdir. Bununla da cavabdeh orqan iddiaçının əsaslı müraciətini təmin etməməklə hərəkətsizlik etmişdir. Bu müraciətlərə də cavab gəlmədiyi üçün 2016-cı ilin yanvar ayında müəssisə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində iddiaçı tərəf cavabdeh tərəfə özəlləşdirmənin həyata keçirilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. Bu barədə məhkəmə prosesi keçirilmiş, lakin cavabdeh təşkilat məhkəmə prosesinə billə-bilə gəlməmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehlər torpaq sahələrinin özəlləşdirilməsinə dair yeni normativ norma gözlədiklərinə görə işi qəsdən uzadırlar. Növbəti məhkəmə prosesi zamanı cavabdeh təşkilatın nümayəndəsi ƏMDK tərəfindən məhkəməyə «özəlləşməyə razı olmaqlarına dair» 2 bildiriş təqdim etmişlər. Həmin bildirişlərdə onlar guya özəlləşdirməyə razı olduqlarını qeyd etmiş, lakin elə bir yeni qiymət göstərmişlər ki, həmin qiymət iddiaçının vəziyyətini qat-qat pisləşdirmiş olur. Cavabdeh təşkilatın proses zamanı məhkəməyə təqdim etdiyi xx xxxx 2017-ci il tarixli **********2 nömrəli bildirişdə heç bir normaya əsaslanmadan və hesablama aparılmadan müəssisə üçün formal və şişirdilmiş qiymətlər müəyyən edilmişdir. Həmin bildirişdə cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kbinetinin xx xxxxxxx 2016-cı il tarixli 377 saylı qərarına istinad edir. Yeni qiymətlərə görə İddiaçı MMC-yə məxsus sahəsi 0,6 ha təşkil edən torpaq sahəsini 300000 manata özəlləşdirməyə təklif olunurdu. Həmin bildirişdə isə Nazirlər Kabinetinin yeni qəbul etdiyi xx xxxxxxx 2016-cı il tarixli 377 saylı qərarına və Əsasnaməyə istinad olunurdu. Buna görə də həmin zaman məhkəmə belə hesab etmişdir ki, cavabdeh təşkilat artıq özəlləşdirməyə razılıq vermiş sayılır. Buna görə həmin mübahisə üzrə işin icraatına xitam verilmişdir. Bu isə iddiaçının mənafeyinə tam ziddir. Buna görə də iddiaçı bu qiymətlə razı olmadığı və qiymətləndirmənin torpağın əldə edildiyi zamanda qüvvədə olan normativ aktlar əsasında qiymətləndirməsinə dair ayrıca mübahisə qaldırmaq qərarına gəlmişdir. Buna görə də iddiaçı həmin qiymətləndirmə ilə razılaşmayaraq cavabdeh orqana yenidən müraciət etmiş və müsbət cavab almadığına görə ayrıca bir iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmin iddianı icraata qəbul edərək işə mahiyəti üzrə baxmışdır. Həmin iş bütün məhkəmə instansiyalarını keçərək Ali Məhkəmənin inzibati kollegiyası tərəfindən ləğv edilərək yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə hər iki müəssisənin cavabdehə qarşı iddiaları ayrı-ayrılıqda verilməlidir. Hazırkı iddia buna görə verilmişdir. Azərbaydan Respublikası Nazirlər Kabinetinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” xx xxxxx 1998-ci il tarixli 93 saylı qərarına əsasən Əsasnamə qəbul edilmişdir. Həmin əsasnamə və əsasnaməyə əlavə edilmiş qrafikdən məlum olur ki, Azərbaycan Respublikasında dövlətə məxsus torpaq sahələrinin özəlləşdirilməsi və yaxud icarəyə götürülməsinin həyata keçirmək üçün ərazidən asılı olaraq torpaq sahələri zonalara bölünür. Bu torpaq sahələrinin zonaları, əmsalları və bazis qiymətləri həmin torpaqın hansı qiymətlə özəllşdirilməsinə şərait yaratmalı idi. Məsələn, Bakı şəhərində 12 torpaq zonası var. Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri 12-ci zonaya aid edilir. Bu zonada yerləşən yerləşən həmin torpaqın hər 100 kv.metr bazis qiyməti 400 manat, əmsalı isə 0,1 təşkil edir. Belə halda bazis qiyməti olan 400-u 0,1 əmsala vurulur. Alınan məbləğ 100 kv.metr torpaq sahəsinin özəlləşmə qiyməti hesab olunur. Bu qayda «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus torpaq sahələrinin özəlləşməsi üçün əsas normadır. Bu torpaqlar məhz bu qaydalarla özəlləşdirilməlidir. Cavabdeh orqanın Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 377 saylı qərarına və Əsəsnaməsinə istinad edərək iddiaçıya məxsus 0.6 ha torpağın yeni qaydalarla özəlləşdirməsi tələbi onların vəziyyətini pisləşdirir. Onların vəziyyətini pisləşdirən əsas norma odur ki, 377 saylı qərarda belə bir yeni dəyişiklik var: 6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qərara edilmiş həmin bu 6-1 bəndindəki şərtlər onların vəziyyətini ağırlaşdırır. Qərarın ilkin variantında bu tip torpaq sahələrini özəlləşdirilməsi başqa qaydada həyata keçirilirdi. Təqribən aşağıdakı kimi: Məsələn cavabdeh iddiaçıya həmin torpaq sahələrini özəlləşdirmək istəməsi ilə əlaqədar rəsmi müraciət edən zaman, yəni 2011 və 2015-ci illərdə torpaq sahələrinin özəlləşdirilməsi norması və qiymətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli 93 saylı qərarı və həmin qərarda olan norma və tariflər qüvvədə idi. İddiaçının tələbi həmin torpaq sahələrinin məhz həmin normalar daxilində özəlləşməsi idi. Lakin iddiaçının tələbi həmin zaman vaxtında təmin edilməmiş və hüququ pozulmuşdur. Yalnız xx xxxxxxx 2016-cı il tarixindən sonra vəziyyəti pisləşdirən norma qəbul ediləndən sonra iddiaçıya məxsus torpaq sahələrini konkret qiymət göstərməklə özəlləşdirməyə «müsbət» cavab verildi. Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 377 saylı qərarı və yeni özəlləşmə tarixləri “xxxx” MMC-nin vəziyyətini pisləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının qanunun zamana görə qüvvəsi prinsiplərinə ziddir. Mülki Məcəllənin 7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndi: «Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu tip mübahisəyə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Z.S.Quliyev və G.Q.Cəbrayılovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə X6 Məhkəmə Kollegiyasının 2005-ci il 28 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında deyilir: «Məhz Konstitusiyanın bu müddəasına əsaslanaraq qanunverici Mülki Məcəllədə müəyyənləşdirmişdir ki, Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericillik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz (MM-in 7ci maddəsi). Bu qayda həmçinin Mülki Məcəllə ilə tənzimlənən iddia müddətlərinin tətbiqi ilə bağlı münasibətlərə də şamil edilir. Deməli bu özəlləşmə zamanı cavabdeh orqanın iddiaçıya təklif etdiyi kimi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus torpaq sahəsi Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 377 saylı qərarı ilə müəyyən edilmiş tarif və normalar tətbiq edilə bilməz. Bu norma son qərardan sonra yaranmış münasibətlərə aid edilir. Buna görə də iddiaçıya məxsus olan 0,6 ha (6000 kv.metr) torpaq sahəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli 93 saylı qərarının 2011 və 2015-ci ilə qədər qüvvədə olan norma və tariflərə uyğun özəlləşdirilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi, 24-cü km, 10 ünvanında yerləşən 6000 kv.metr torpaq sahəsinin özəlləşdirilməsi və ya satınalma hüququ ilə icarəyə götürülməsi xx.xx.2017-ci il tarixli, **********2 nömrəli bildirişlə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə təklif edilmişdir. İddiaçının həmin torpaq sahəsinin dəyərinin normativ qiymətlərə uyğun hesablanmasına dair tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 6-1-ci bəndinə əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqısatqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İddiaçı torpaq sahəsinin dəyərinin həmin torpaq sahəsinə istifadə hüququnun yarandığı zaman qüvvədə olan qanunvericiliyə uyğun müəyyən edilməsini tələb edir. Halbuki torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satıla bilər və həmin müqavilənin şərtləri alıcının torpağa istifadə hüququnun yarandığı zaman deyil, müqavilənin bağlanıldığı zaman qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qeyd edilən yeni norma qanunvericiliyə əsasən xx.xx.2016-cı il tarixdən sonra özəlləşdiriləcək bütün torpaq sahələrinə münasibətdə tətbiq olunmalıdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə istinad edərək, mülki qanunvericiliyin müddəalarının geriyə qüvvəsinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi, həmin aktın qəbul edilməsindən qabaq yaranmış hüquq münasibətinə tətbiq edilməsidir. İddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında torpaq sahəsinin alqısatqısı ilə bağlı hüquq münasibətinin yarandığı vaxt torpağa istifadə hüququnun yarandığı zaman deyil, alqı-satqı müqaviləsinin bağlanılacağı zamandır. Bu səbəbdən iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yaranacaq hüquq münasibətinə həmin münasibətin yarandığı zaman qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsinin qiymətləndirilməsinin hazırda qüvvədə olan qanunvericiliyə uyğun aparılması fiziki və ya hüquqi şəxsin vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi kimi təfsir edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırda iddiaçı ilə cavabdeh arasında mübahisə torpaq sahəsinin özəlləşdirilib-özəlləşdirilməməsi ilə deyil, özəlləşdirmə qiyməti ilə bağlıdır ki, bu mübahisə də iddiaçıya torpaq sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2017-ci il tarixli, **********2 nömrəli bildiriş göndərildikdən sonra yaranmışdır. Beləliklə tərəflər arasında torpaq sahəsinin dəyəri ilə bağlı mübahisə xx.xx.2017-ci il tarixindən sonra yaranmışdır və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə uyğun olaraq iddiaya mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilməklə baxılmalıdır. Bundan başqa dövlət əmlakının özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Xidməti ilə alıcılar arasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Bu baxımdan tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair bağlanacaq müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən həmin müqavilənin bağlandığı zaman qüvvədə olan hüquq normalarına uyğun olmalıdır. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmış xx.xx.2001-ci il tarixli, 1339 nömrəli nizamnaməyə əsasən İddiaçı MMC hüquqi şəxsdir. İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 1999-cu il tarixli, 518 saylı sərəncamından görünür ki, Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 5/166 saylı məktubu nəzərə alınaraq, Qaradağ rayonu, Dərin özüllər zavodunun şimalşərqində “xxxx” kiçik müəssisəsinə iş həyətinin layihələşdirilməsi və tikintisi üçün 0,6 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi, 24-cü km, 10 ünvanında yerləşən 2 mərtəbəli, 28,2 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2010-cu il tarixdə **********36-06301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2828 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyri yaşayış binasının tərkibi – gözətçi binası, sanitar qovşağı, transformator, generator, qurğular, yarımçıq tikili, su çəni, daş hasardan ibarət, cəmi 566,7 kv.metr tikinti altı sahədən ibarətdir. Torpaq sahəsinin ölçüsü 0,00172 ha, mülkiyyət növü – dövlət, hüququn növü istifadə göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçının direktoru X2 ünvanlanmış xx.xx.2011-ci il tarixli, **********58 saylı məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 10 ünvanında yerləşən və mülkiyyətində olan “xxxx” X3 və İddiaçı yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq müvafiq sənədlər təqdim edildikdən sonra müraciətdə qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi məsələsinə baxıla biləcəyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2017-ci il tarixli, **********02 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci ii tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satılır.Bununla əlaqədar bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 24-cü km 10 ünvanında tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 300.000 manat təşkil edən 6000.0 kv.metr torpaq sahəsi satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün müəssisəyə təklif olunur. Torpaq sahəsinin satın alınmasına və ya icarəyə götürülməsinə razılıq bildirdiyi halda onun satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcəkdir. Bildiriş təqdim edildiyi tarixdən 15 gün müddətində torpaq sahəsinin satın alınmasından və ya icarəyə götürülməsindən imtina edildikdə, habelə bu təkliflərə göstərilən müddətdə münasibət bildirilmədikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satılacaqdır. İşin hallarından görünür ki, iddiaçı qanuni istifadəsində olan 0,6 ha torpaq sahəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli 93 saylı qərarına uyğun norma və tarifləri əsasında torpaq sahəsinin hər 100 kv.metr sahəsini 400 bazis qiymətininin 1.0 əmsalına vurulmaqla əldə edilən məbləğin özəlləşmə qiyməti kimi müəyyən edilməklə özəlləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə iddiaçının aşağıda göstərilənlərə əsasən öz tələbində haqlı hesab etmir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0-cı maddəsinə əsasən bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; 1.0.2. dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı - dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır; 1.0.3. özəlləşdirmənin obyekti özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir; 1.0.4. (müəssisənin, obyektin) start qiyməti - qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiymətidir. Həmin Qanunun 8.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun 24-cü bəndinə əsasən özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Özəlləşdirmə prosesində qiymətləndirmənin beynəlxalq praktikada qəbul olunmuş üsullarından da istifadə edilə bilər. Həmin Qanunun 29.1-ci bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. Azərbaycan RespublikasıPrezidentinin xx xxxxxx 1997-ci iltarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir. Əsasnamənin 4-cü bəndinə əsasən özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. Həmin Əsasnamənin 10-cu bəndinə əsasən özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Həmin Əsasnamənin 13-cü bəndinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Eyni zamanda İqtisadi İnkişaf Nazirliyi imzalanmış müqavilənin surətini yerli icra hakimiyyəti orqanına göndərir. Torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli, 377 nömrəli Qərarına əsasən aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilmişdir: “6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”. Lakin iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli, 377 nömrəli Qərarının onun hüquqi vəziyyətini pisləşdirən normativ hüquqi akt olduğu, həmçinin onun torpaq sahəsinə hüququnun daha əvvəl yarandığına istinad edərək, qeyd olunan qərarın ona münasibətdə tətbiq edilməli olmadığı əsası ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi, həmin aktın qəbul edilməsindən qabaq yaranmış hüquq münasibətinə tətbiq edilməsidir. Məhkəmə araşdırması nəticəsində iş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, hazırda iddiaçının istifadəsində olan 0,6 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 518 saylı sərəncamına əsasən ona ayrılmışdır. Torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, lakin torpasq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadədədir. Torpaq sahəsinə dair iddiaçının istifadə hüququnun daha əvvəl yarandığı müəyyən edilsə də, lakin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 2011-ci il tarixdə torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilməmiş, müvafiq sənədlər təqdim edildikdən sonra müraciətinə baxıla biləcəyi göstərilmişdir. Bundan sonra tərəflər arasında torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin mübahisəyə mahiyyəti üzrə baxılmasına dair məhkəmə qərarı mövcud deyildir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə yenidən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı müraciət olunmuş, cavabdeh tərəfindən özəlləşdirilmənin aparılmasından imtina edilməmiş, hazırki qanunvericiliyin tələbləri nəzərinə çatdırılmaqla, iddiaçıya torpaq sahəsinin satın alınmasının təklif edilməsi barədə xx xxxx 2017-ci il tarixdə bildiriş göndərilmiş və dəyəri 300.000 manat təşkil edən 6000 kv.metr torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün iddiaçıya təklif göndərilmişdir. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə əsas və səbəb cavabdeh tərəfindən ona xx xxxx 2017-ci il tarixdə ünvanlanmış **********02 saylı bildirişdə torpaq sahəsinin satın alınmasına dair təklif edilmiş məbləğlə bağlı yaranmış narazılıq əsas olmuşdur. Bununla da tərəflər arasında hazırki mübahisə üzrə özəlləşdirilmənin aparılması ilə bağlı deyil, torpaq sahəsinin satış qiyməti ilə bağlı mübahisə mövcud olması müəyyən edilir. Yuxarıda qeyd edilən sərəncamdan göründüyü kimi iddiaçının torpaq sahəsinə dair 1999-cu il tarixdə istifadə hüququ yaransa da, lakin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı sonuncu müraciət 2017-ci il tarixdə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin özəlləşdirilməsindən imtina edilməmişdir. xx.xx.2016-cı il tarixdən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və torpaq sahəsinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiymətinin daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşkül tapan bazar dəyərindən aşağı olduqda həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilməsi müəyyən edilmişdir. Hazırki mübahisəyə münasibətdə isə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən qanunun geriyə qüvvəsi şamil edilə bilməz. Belə ki, hüquq münasibəti həmin aktın qəbul edilməsindən qabaq yarandığı halda normativ hüquqi akt qüvvəsi geriyə şamil edilə bilər. İddiaçı torpaq sahəsinə dair istifadə hüququnun onun vəziyyətini ağırlaşdıran normativ hüquqi akt qəbul edildikdən əvvəl yarandığına istinad edərək, qanunun geriyə qüvvəsinin ona şamil edilməsini tələb edir. İddiaçı qanunvericiliyə dəyişiklik edilməzdən əvvəl torpaq sahəsinə dair istifadə hüququ əldə etsə də, lakin torpaq sahəsinə dair istifadə hüququnun əldə edilməsi özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ verir və bu hüquqdan istifadə edilməsi iddiaçının səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsinin özəlləşdirilməsi aparılan zaman isə torpaq sahəsinə istifadə hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliyin normaları deyil, daşınmaz əmlakın satın alınması ilə bağlı təkliflər irəli sürülərkən, yəni iddiaçıya bildiriş göndərilərkən cavabdeh tərəfindən qüvvədə olan qanunvericilik normalarını istinad edilməsi əsaslı olmuşdur. Məhkəmə həmin mövqeyi düzgün hesab edir. Belə ki, “Z.S.Quliyev və G.Q.Cəbrayılovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə X6 Məhkəmə Kollegiyasının 2003cü il 20 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir: “Hüquqi müəyyənlik ən vacib hesab olunan ümumi hüquq prinsiplərindən biridir. Məzmun etibarilə şəxslərin hüquqi vəziyyətinin ağırlaşdırılmasına yönələn qanunvericilik aktlarının qüvvəsinin geriyə şamil olunmamasını nəzərdə tutan bu prinsip Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində də öz əksini tapmışdır. Həmin normaya əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhz Konstitusiyanın bu müddəasına əsaslanaraq, qanunverici MM-də müəyyənləşdirmişdir ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz (MM-in 7-ci maddəsi). Bu qayda, həmçinin MM ilə tənzimlənən iddia müddətlərinin tətbiqi ilə bağlı münasibətlərə də şamil edilir...«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2001-ci il 27 dekabr tarixli qərarında göstərilmişdir ki, qanunverici eyni məzmunlu mülki hüquq münasibətlərini tənzimləyən yeni normativ hüquqi akt qəbul etdikdə, əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir. Beləliklə məhkəmə hesab edir ki, torpaq sahəsinin dəyərinin müəyyənləşdirilməsi ilə bağlı mübahisə cavabdeh tərəfində iddiaçıya bildirişin göndərildiyi vaxt yaranmışdır, belə olan halda mübahisəli hüquq münasibətinin yarandığı zaman, yəni həmin bildirişin göndərildiyi tarixdə qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sahəsi 0,6 ha (6000 kv.metr) olan torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli 93 saylı qərarına uyğun norma və tariflər əsasında, 0,6 ha torpaq sahəsinin hər 100 kv.metr sahəsini 400 bazis qiymətinin 1.0 əmsalına vurulmaqla əldə edilən məbləğin özəlləşmə qiyməti kimi müəyyən edilməklə özəlləşdirilməsi hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə ziddi olduğundan, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar