Məhkəmə qərarları › İş №2-1(112)-4937/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4937/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4937/2023 05.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış obyektinin iddiaçının adına mülkiyyət hüquqları ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış obyektinin iddiaçının adına mülkiyyət hüquqları ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2210-cu məhəllədə ticarət cərgəsində yerləşən qeyri-yaşayış obyektinin iddiaçının adına mülkiyyət hüquqları ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbuledilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Firması hüquqi şəxs kimi nizamnaməsi ilə 1996-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 91 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə "Kasplay” Firmasına Bakı şəhəri, Nizami rayonu, Babək pr., 2210-cu məhəllədə ticarət cərgəsində ticarət və ictimai iaşə obyektinin tikintisinə icazə verilmiş, həmin obyekt Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.2000-ci ildə texniki pasport təsdiq edilərək verilmişdir. Artıq uzun illərdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək pr., 2210-cu məhəllədə ticarət cərgəsində yerləşən və İddiaçı Firmasına məxsus qeyri-yaşayış obyektindən iddiaçı istifadə edir. Qeyri-yaşayış obyektinin özəlləşdirilməsi üçün cavabdehə müraciət etmiş ,lakin imtina cavabı almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etmədiyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı firmasının direktoru X2 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2210-cu məhəllədə yerləşən qeyri- yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli və xx.xx.2022-ci il tarixli ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinin yerləşməsini müəyyən edən sənəd təqdim edilməmişdir. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının ümumi sahəsi faktiki olaraq 282.0 kv.m, ərazinin ümumi torpaq sahəsi isə faktiki olaraq 237.2 kv.m təşkil edir. Elektron kadastr məlumatına əsasən qeyd olunan qeyri-yaşayış binası "xxxx" İnkişaf Şirkətinə Bakı Ağ Şəhər layihəsi üçün ayrılmış ayrıc üzrə ərazinin daxilində yerləşir. Ərazi tam şəkildə qaz paylayıcı stansiyasının mühafizə zonasında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edirik.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdeh inzibati icraat zamanı iddiaçının müraciətini təmin etməkdən imtina edərək iddiaçıya xx.xx.2022-ci il tarixli məktub ünvanlamışdır. - İddiaçı firmasına məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2210-cu məhəllə, Ticarət cərgəsi ünvanında yerləşən torpaq sahəsinin və tikinti sahəsinin (mağazanın) xx.xx.2000-ci il tarixdə Texniki Pasportu tərtib edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalı tərəfindən məhkəməyə təqdim edilmiş Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 91 nömrəli Sərəncamı təqdim edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1099 saylı, xx.xx.1995-ci il tarixli sərəncamına uyğun olaraq, rayon icra hakimiyyətinin xx.xx.1997-ci il tarixli 409 saylı Sərəncamı ilə, Babək prospektindəki 2210-cu məhəllədəki ticarət cərgəsində “Delta” LTDyə məxsus 12,0x6,0 metr ölçüsündə torpaq sahəsi ayrılmışdır. “Delta” LTD və İddiaçı firmasının xahişini nəzərə alaraq, Babək prospektindəki 2210-cu məhəllədəki ticarət cərgəsində “Delta” LTD-yə məxsus 12,0x6,0 metr ölçüdəki torpaq sahəsi İddiaçı firmasına təhkim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə sorğuda qeyd edilən sənədlər məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən istifadəyə və icarəyə verilən torpaq sahəsinin 07/121 nömrəli 2007-ci il tarixli Ayrıc Aktına əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 262 saylı sərəncamı ilə Xətai rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllərdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları və ictimai iaişə obyektlərinin tikintisi üçün "xxxx" Azərbaycan İnkişaf Şirkətinə 221.4000 hektar torpaq sahəsi ayrılmışdır. - Məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 262 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1967 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində "xxxx" Azərbaycan İnkişaf Şirkətinin xx.xx.2007-ci il tarixli, 05/07-018 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli, 22-425 saylı, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, YT-34 saylı razılıq məktubları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2007-ci il tarixli, DEİ 775 saylı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2007-ci il tarixli AƏ- 01/97 saylı rəyləri nəzərə alınaraq, Xətai rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllərdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları və ictimai iaişə obyektlər massivinin layihələndirilməsi və tikintisinə "xxxx" Azərbaycan İnkişaf Şirkətinə icazə verilmişdir. - Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Elektron kadastr məlumatına əsasən aparılmış “Xüsusi qeydlərdən” görünür ki, İddiaçı şirkəti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, məhəllə 2210 ünvanında yerləşən daşınmaz əmlaka dair; kadastr sektoru tərəfindən aparılmış qeydlərdə - "xxxx" (Ağ Şəhər) layihənin salınması üçün ayrılmış Ayrıc aktı üzrə ərazinin daxilində, yerləşdiyi və dövlət mülkiyyəti torpaqlarıdır, hüquq şöbəsi tərəfində aparlmış qeydlərdə - hüquqmüəyyənedici səndlər təqdim edilmədiyi, sənədlərin ekspertiza sektoru tərəfindən aparılmış qeydlərdə isə - tam şəkildə qaz paylayıcı stansiyanın mühafizəsində yerləşdiyi qeyd edilib.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2210-cu məhəllədə ticarət cərgəsində yerləşən qeyri-yaşayış obyektinin iddiaçının adına mülkiyyət hüquqları ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi nail olmaqdan ibarətdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki tələb ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati icraat zamanı iddiaçının müraciətini təmin etməkdən imtina edərək iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********95 nömrəli xx.xx.2022-ci ıl tarixli məktubla cavab verilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, İddiaçı firmasına məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2210-cu məhəllə, Ticarət cərgəsi ünvanında yerləşən torpaq sahəsinin və tikinti sahəsinin (mağazanın) xx.xx.2000-ci il tarixdə Texniki Pasportu tərtib edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 91 nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1099 saylı, xx.xx.1995-ci il tarixli sərəncamına uyğun olaraq, rayon icra hakimiyyətinin xx.xx.1997-ci il tarixli 409 saylı Sərəncamı ilə, Babək prospektindəki 2210-cu məhəllədəki ticarət cərgəsində “Delta” LTD-yə məxsus 12,0x6,0 metr ölçüsündə torpaq sahəsi ayrılmışdır. “Delta” LTD və İddiaçı firmasının xahişini nəzərə alaraq, Babək prospektindəki 2210-cu məhəllədəki ticarət cərgəsində “Delta” LTD-yə məxsus 12,0x6,0 metr ölçüdəki torpaq sahəsi İddiaçı firmasına təhkim edilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə sorğuda qeyd edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən istifadəyə və icarəyə verilən torpaq sahəsinin 07/121 nömrəli 2007-ci il tarixli Ayrıc Aktına əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 262 saylı sərəncamı ilə Xətai rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllərdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları və ictimai iaişə obyektlərinin tikintisi üçün "xxxx" Azərbaycan İnkişaf Şirkətinə 221.4000 hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 262 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1967 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində "xxxx" Azərbaycan İnkişaf Şirkətinin xx.xx.2007-ci il tarixli, 05/07-018 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli, 22-425 saylı, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, YT-34 saylı razılıq məktubları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2007-ci il tarixli, DEİ 775 saylı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2007-ci il tarixli AƏ-01/97 saylı rəyləri nəzərə alınaraq, Xətai rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllərdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları və ictimai iaişə obyektlər massivinin layihələndirilməsi və tikintisinə "xxxx" Azərbaycan İnkişaf Şirkətinə icazə verilmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Elektron kadastr məlumatına əsasən aparılmış “Xüsusi qeydlərdən” görünür ki, İddiaçı şirkəti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, məhəllə 2210 ünvanında yerləşən daşınmaz əmlaka dair; kadastr sektoru tərəfindən aparılmış qeydlərdə - "xxxx" (Ağ Şəhər) layihənin salınması üçün ayrılmış Ayrıc aktı üzrə ərazinin daxilində, yerləşdiyi və dövlət mülkiyyəti torpaqlarıdır, hüquq şöbəsi tərəfində aparlmış qeydlərdə - hüquqmüəyyənedici səndlər təqdim edilmədiyi, sənədlərin ekspertiza sektoru tərəfindən aparılmış qeydlərdə isə - tam şəkildə qaz paylayıcı stansiyanın mühafizəsində yerləşdiyi qeyd edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. - 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İş materiallarından görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi 2013cü il tarixinədək inşa edildiyi üçün qeyd edilən münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsi ilə tənzimlənir. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2210-cu məhəllədə ticarət cərgəsində yerləşən ərazisində mövcud olan mübahisəli qeyri-yaşayış binasının tikintisinə icazə, müvafiq qaydada razılaşdırılmış layihə və istismara qəbul aktı olmadığından, iddiaçı mübahisəli tikiliyə mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı birini təqdim edə bilməmişdir. Belə ki, yuxarıda qeyd edilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən sənədlər əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia dəlili əsassızdır. Belə ki, hazırkı halda, iddiaçı öz tələbinin əsası kimi mübahisəli əraziyə dair “Babək prospekti 2210-cu məhəllədəki ticarət cərgəsində “Delta” LTD firmasına məxsus obyekti İddiaçı firmasına təhkim edilməsi haqqında” Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 91 nömrəli Sərəncamından başqa heç bir mötəbər sənəd əlavə edilməmişdir. Həmin sərəncamın məzmunundan göründüyü kimi isə torpaq sahəsi iddiaçının mülkiyyətinə deyil, istifadəsinə verilmişdir. Yəni, həmin akt müvafiq hüquqverici sənədin hazırlanması və təsdiq edilməsi ilə nəticələnməmiş, təhkim edilən torpaq sahəsinin ilkin torpaqayırma sənədləri (sxem, yerləşmə yeri, koordinatlar və s.) işlənməmişdir. Məhkəmə araşdırması zamanı, iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə hüquq müəyyənedici sənədi olsa da belə, həmin daşınmaz əmlakın müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi, tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktının olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Həmçinin məhkəmə iddiaçının qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsi dəlilinə münasibətdə bildirir ki, həmin sənəd daşınmaz əmlakın texniki göstəricilərini müəyyən edən sənəddir, qüvvədə olan qanunvericilikdə qeyd edilən sənəd mülkiyyət hüququnun qeydə alınması əsası kimi müəyyən edilməmişdir. Göründüyü kimi, İPM-in 14.3-cü maddəsinə uyğun olaraq hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi qeyriyaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilən əsasların mövcudluğu müəyyən edilmədiyindən, eyni zamanda hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya qanuni əsaslar olduğundan iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin : 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2210-cu məhəllədə ticarət cərgəsində yerləşən qeyri-yaşayış obyektinin iddiaçının adına mülkiyyət hüquqları ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar