Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4940/2023 06.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci ildə atası Astraxan şəhərində ezamiyyətdə olarkən orada anadan olmuşdur. Valideynləri Sumqayıt şəhərində yaşayıblar. Atası X1, anası X3 ilə xx.xx.1978-ci ildə Sumqayıt şəhərində ailə qurmuşlar. 1980-ci ildə atası Astraxan şəhərinə ezamiyyətə göndərilmiş, 2-3 aydan sonra Sumqayıt şəhərinə qayıtmışdır. İddiaçı Sumqayıt şəhərində bağçaya, daha sonra 1987-ci ildə 23 nömrəli orta məktəbdə 1-ci sinfə getmişdir. 1997-ci ilə kimi həmin məktəbdə orta təhsil almışdır. 1998-ci ildə Belqorod Dövlət universitetinin “maliyyə və kredit” fakültəsinə daxil olmuş, əyani təhsil almışdır. 2003-cü ildə universiteti bitirmişdir. 2010-cu ildə ailə həyatı qurmuşdur. İddiaçının 3 övladı var. ünvan 1 ünvanında yaşamışdır. xx.xx.2017-ci il tarixədək qeydiyyatı həmin ünvana olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Cavabdeh hesab edir ki, , Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). . Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-ci bəndi, 4.1.1-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Eyni zamanda, şəxs xx.xx.2022-ci il tarixdə yeni hal olmadan növbəti dəfə Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və ona xx.xx.2022-ci il tarixdə məktub göndərilmişdir. Beləliklə, şəxs qanunvericiliklə müəyyən olunmuş şikayət müddətini ötürdüyündən idda ərizəsinin baxılmasının mümkünsüz hesab olunmalıdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçıya məxsus RUS 75 ******* nömrəli Rusiya Federasiyasının vətəndaşının pasportunun surətindən görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. - İddiaçı xx.xx.2022-ci il tarixdə Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq, xx.xx.2022-ci il tarixli ******* nömrəli Arayış tərtib edilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanuna əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlığa mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsini rəhbər tutaraq İddiaçı barəsində digər növ hakimiyyət tədbiri olan arayış formasında dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati akt qəbul edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının vəkilinin (iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri olmadığı və hazırda Rusiya Federasiyası, Moskva şəhərində yaşadığı üçün) ünvan 2 ünvanda qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun (1998-ci il 30 sentyabr tarixdə qəbul edilmiş, 1998-ci il 7 oktyabr tarixdə qüvvəyə minmişdir): Maddə 1. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 6. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 1) ləğv edilib; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 №-li qərarı ilə təsdiq edilmişdir): 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); ... 3.4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: ... 3.4.3. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə); ...
4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar: 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. İşin araşdırılmış hallarına görə, İddiaçı xx.xx.2022-ci il tarixdə Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq, xx.xx.2022-ci il tarixli ******* nömrəli Arayış tərtib edilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı iddia ərizəsində təsdiq edir ki, atası X1 anası X3 ilə xx.xx.1978-ci ildə Sumqayıt şəhərində ailə qurmuşlar və onlar Sumqayıt şəhərində yaşayıblar. 1980-ci ildə atası Astraxan şəhərinə ezamiyyətə göndərilmiş, iddiaçı xx.xx.1980-ci ildə atası Astraxan şəhərində ezamiyyətdə olarkən orada anadan olmuşdur. Onlar 2-3 aydan sonra Sumqayıt şəhərinə qayıtmış və iddiaçı Sumqayıt şəhərində bağçaya, daha sonra 1987-ci ildə 23 nömrəli orta məktəbə getmiş və 1997-ci ilə kimi həmin məktəbdə orta təhsil almışdır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, sorğu edilən İddiaçı Azərbaycan Respublikasının ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlığa mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsini rəhbər tutaraq İddiaçı barəsində digər növ hakimiyyət tədbiri olan arayış formasında Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati akt qəbul edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tələbindən göründüyü kimi, həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin, Azərbaycan Respublikasının vətəndaşları sayılması üçün Azərbaycan Respublikasının vətəndaşı həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma əsas şərtdir. Eyni ilə, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə görə, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İddiaçı istinad edilən qanunvericiliyin normalarına əsasən və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin 2, 3 və 4-cü bəndlərində göstərilmiş şəxslər kateqoriyasına da aid deyil. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus RUS 75 ******* nömrəli Rusiya Federasiyasının vətəndaşının pasportunun surətindən görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan vətəndaşı xarici bir ölkənin vətəndaşlığını qəbul edərsə, bu hal, müvafiq qanuna əsasən, Azərbaycan vətəndaşlığından imtina edilməsi mənasına gəlir: "Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir". Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır (hazırda da vətəndaşı olmaqda davam edir) və bunu təsdiq edən rəsmi sənədlər, o cümlədən iddiaçıya aid pasport iş üzrə materiallara əlavə olunmuşdur. Yuxarıda qeyd edilən normalara, o cümlədən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə görə, Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması şərtilə Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan iddiaçının həmin dövrdə Rusiya Federasiyasında yaşadığı və qeydiyyatda olduğu müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). Beləliklə, məhkəmə müəyyən etmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı Azərbaycan SSR-in ərazisində doğulmuşdur və hazırda Rusiya Federasiyası vətəndaşıdır. 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Bununla bağlı olaraq, məhkəmə qeyd edir ki, Ali Məhkəmənin oxşar işlər üzrə qəbul etdiyi qərarlarında da mövqe eyni olmuşdur.( Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2- 1(102)-1415/2021, xx.xx.2023-cü il tarixli 2-1(102)-1252/3 nömrəli qərarları və s.) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən miqrasiya və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və qanunsuz sayıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev