Məhkəmə qərarları › İş №2-1(112)-4940/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4940/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4940/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət edərək, pensiyasının yenidən hesablanması zamanı yanlışlığa yol verilmişdirsə, bu yanlışlıqların aradan qaldırılması üçün müvafiq göstəriş verilməsini və pensiyasına əlavələrin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ona 6 sentyabr 2000-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmiş, o, əmək pensiyasının yenidən hesablanması ilə bağlı 7 aprel 2023-cü il tarixində müraciət etmişdir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 155184,49 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Mərkəzi Filiala müraciət etdiyi 7 aprel 2023-cü il tarixinə 155184,49 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 113 aya bölünməklə (155184,49:113 (65 il-61 il 7 ay=41 ay+72 ay (144 ay-72 ay)=1373,31 manat) həmin tarixədək mövcud olmuş əmək pensiyasının (585,19 manat) üzərinə əlavə edilərək pensiya məbləği 1958,50 (585,19+1373,31) manat müəyyən edilmişdir. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 1098,64 manat fərq məbləği cari ilin iyun ayında pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin müraciətinin təmin olunmasına dair 17 noyabr 2023-cü il tarixli 3-17-1/2- H-269296/2023 saylı imtina məktubunun qanunsuz hesab edilməsi və əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmamış illərin və hüququ yarandığı vaxtdan son üç il üçün ödənilməli olan məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi işlədiyi 2000-ci ilin avqust ayından 2007-ci ilin iyul ayınadək olan dövr üçün fərdi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqqı (54981463,50 AZN), pensiya kapitalı və onun 2024-cü ilin yanvar ayınadək olan dövrə indeksləşdirilməsi nəzərə alınmaqla əmək pensiyasına əlavələrin yenidən hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı (bundan sonra – üçüncü şəxs) iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2000-ci ilin avqust ayından Azərbaycan Respublikası DİN orqanlarından güzəştli şərtlərlə təqaüdə çıxmışdır və hazırda da pensiya alır. 2000-ci ilin sentyabr ayından 2021-ci ilin iyun ayınadək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin, Binəqədi rayon məhkəməsinin hakimi, Şuşa rayon məhkəməsinin hakimi və sədri vəzifələrində işləməklə DSMF-də olan fərdi hesabına əlavə kapital vəsaiti toplanmışdır. 2023-cü ilin aprel ayında Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına müraciət edərək əmək pensiyasına çıxdıqdan sonrakı dövr üçün, yəni 2000-ci ilin sentyabr ayından 2021-ci ilin may ayınadək olan dövr üçün Fərdi hesabında toplanmış kapitalın yenidən hesablanaraq pensiyasına əlavə edilməsini xahiş etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı tərəfindən 2023-cü ilin may ayından əmək pensiyasına əlavələr yenidən hesablanmaqla ödəniş həyata keçirilir. Lakin əmək pensiyasına əlavələr düzgün hesablanmamışdır. Ona görə də yenidən hesablanma zamanı onun üçün aydın olmayan məqamlara rəsmi açıqlama verilməsi üçün cavabdeh təşkilata 25 iyul 2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Qeyd edilənlər nəzərə alınmaqla cavabdeh təşkilatdan xahiş etmişdir ki, pensiyasının yenidən hesablanması zamanı yanlışlığa yol verilmişdirsə, qeyd etdiyi hallar nəzərə alınmaqla bu yanlışlıqlar aradan qaldırılsın və pensiyasına əlavələrin yenidən hesablanaraq tam ödənilməsi təmin edilsin. Ərizəsinin rəsmi qəbul edilməsinə baxmayaraq cavabdeh təşkilat nəinki pozulmuş hüquqlarını bərpa edərək pensiyasına əlavələrin yenidən hesablanmasını aparmamış, hətta vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun tələblərini kobud surətdə pozaraq ən çoxu 1 ay müddətində ona rəsmi cavab verməli olduqları halda 3 ay müddətində ərizəsinə cavab verilməmiş, 3 dəfə müraciəti olmasına baxmayaraq hər dəfə şifahi olaraq əlavə araşdırma aparıldığı bildirilmişdir. Nəhayət cavabdeh təşkilatın 17 noyabr 2023-cü il tarixli 3-17-1/2-H-269296/2023 saylı məktubu ilə müraciətinə cavab verilsə də, məktubda onun hüquqlarının bərpası üçün, araşdırılmasını tələb etdiyi məqamlara aydınlıq gətirilməmiş, cavab məktubu ilə ona ərizəsində göstərdiyi və araşdırma aparılarkən istinad etməli olduqları qanun normalarını tam köçürməklə nə sualları tam cavablandırmamışlar, nə də pozulmuş hüquqlarını bərpa etməmişlər. Cavabdehin cavab məktubunun qanunsuzluğu ondan ibarətdir ki, pensiyanın yenidən hesablanması zamanı ona pensiya təyin edildikdən sonrakı müddətin, yəni 2000-ci ilin sentyabr ayından 2021-ci ilin may ayınadək olan müddətin hamısının və ya bir hissəsinin nəzərə alınıb alınmaması məlum deyil. İmtina məktubunda yuxarıda qeyd etdiyi kimi yalnız göstərilmişdir ki, ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 155184,49 manat pensiya kapitalı qeydə alınıb. Lakin konkret olaraq hansı müddətin nəzərə alınması göstərilməmişdir. Tələbin bir hissəsi ondan ibarət idi ki, ilkin olaraq əmək pensiyası təyin edildikdən, yəni 2000-ci ilin sentyabr ayından sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə dedikdə konkret olaraq hansı illər nəzərə alındığı göstərilsin. Belə ki, cavab məktubunda göstərilir ki, 7 aprel 2023-cü il tarixinə fərdi hesabının sığorta hissəsində 155184,49 manat pensiya kapitalı qeydə alınıb. Lakin konkret göstərilməmişdir ki, 2023-cü ilin aprel ayında pensiyaya əlavələrin yenidən hesablanması zamanı hansı illər üçün toplanmış pensiya kapitalı nəzərə alınmışdır və hesablanma qaydası - düsturu necə olmuşdur. Bundan başqa, 2023-cü ilin aprel ayından pensiya yenidən hesablanarkən tam hesablanmamışdır. Belə ki, pensiyaya çıxdıqdan sonrakı illər ərzində işləyən pensiyaçının fərdi hesabında toplanmış pensiya kapitalının yenidən hesablanması və pensiyaya əlavə edilməklə ödənilməsi qaydası 2017-ci ilin iyul ayından yarandığından yenidən hesablanma zamanı sonuncu üç il (2018-ci ilin may ayından 2021-ci ilin may ayınadək olan müddət) nəzərə alınmamışdır. Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etiraz və etiraza əlavədə imtina məktubunda göstərilənlərə istinad edərək bildirmişdir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı onun xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində işlədiyi dövrdə fərdi hesabında toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasından ibarətdir. “Əmək pensiyaları haqqında” Qanununun 21.1-ci maddəsinin tələbi baxımından, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı ИТ-İ №0213196 nömrəli əmək kitabçasına əsasən iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim vəzifəsində işlədiyi qeyd olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi şəxsi hesabına 2007-ci ilin avqust ayından etibarən məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr ərzində sığortaedən tərəfindən İddiaçı münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən əmək kitabçasında qeyd olunan həmin dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji işlərlə bağlı iddiaçı X4 “əmək pensiyanın bütün əmək stajı nəzərə alınmaqla yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin düzgün indeksləşdirilməsi” tələbinə dair xx.xx.2024-cü il tarixli 2-1(102)-139/2024 nömrəli qərarı ilə də müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair xx.xx.2024-cü il tarixli 2-1(102)-474/2024 nömrəli qərarının 26cı bəndində də qeyd olunduğu kimi xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin həyata keçirildiyi müəyyən edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz etdi və tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan DİN seriyalı 1681 nömrəli hərbi qulluqçunun (xüsusi rutbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2000-ci ildə öz arzusu ilə Səbail rayon 8-ci polis bölməsinin rəis müavini vəzifəsindən tərxis olunmuş, xx.xx.2000-ci il tarixdə 22 il 5 ay 18 gün iş stajına görə əmək pensiyası təyin edilmişdir. İddiaçı məxsus xx.xx.1979-cu il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, o xx.xx.2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi təyin edilmiş, xx.xx.2007-ci il tarixdə bu vəzifədən azad edilmiş, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi, xx.xx.2010-cu ildə Şuşa Rayon Məhkəməsinin hakimi, xx.xx.2017-ci ildə həmin məhkəmənin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə hakimlik səlahiyyətlərinə müddətin qurtarması ilə bağlı xitam verilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, fərdi şəxsi hesabına yığılan vəsaitə əsasən pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-8900/2023 saylı qərarından görünür ki, iddiaçının müraciəti əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3-cü maddəsinə əsasən ona təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq 585.19 manatdan 1958.50 manata artırılmışdır. İddiaçı hazırda onun müraciəti əsasında əmək pensiyası yenidən hesablanarkən 2000-ci ilin avqust ayından 2007-ci ilin iyul ayınadək olan dövr üçün fərdi hesabında toplanmış pensiya kapitalının nəzərə alınmadığını bildirməklə həmin məbləğ əsasında pensiyasının yenidən hesablanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbini şərti olaraq iki hissəyə ayırmaq olar:

1. xx.xx.2006-cı il tarixədək olan dövrdə toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması;

2. xx.xx.2006-cı ildən xx.xx.2007-ci il tarixədək olan dövrdə toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması; İş materiallarına əsasən, 2023-cü ildə cavabdeh tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablanarkən qeyd edilən dövrlərə aid pensiya kapitalının nəzərə alınmaması öz təsdiqini tapır. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumatlarda İddiaçı fərdi şəxsi hesabında olan məlumatlara əsasən sığortaedən tərəfindən adıçəkilən şəxsə münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövr ərzində əmək kitabçasında qeyd olunan həmin dövrlər onun sosial sığorta stajına daxil edilməyib. Məhkəmə iddiaçının hazırkı tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. xx.xx.2006-cı il tarixədək olan dövrdə toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması xx.xx.2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: -maddə 71. Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. - maddə 72. Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. - maddə 112. Vətəndaşların əvvəllər təyin edilmiş pensiyaları bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq pensiya işində olan yaşa, staja, gəlirə dair və digər sənədlər əsasında yenidən hesablanır. Pensiyaçı sonralar bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq pensiyanın artırılmasına hüquq verən əlavə sənədlər (iş stajı, gəlir, ailə vəziyyəti və s. haqqında) təqdim edərsə, keçmiş .müddət üçün əlavə sənədlərin təqdim edildiyi gündən əvvəlki 12 aydan çox və Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq pensiya bu Qanunun normaları əsasında yenidən hesablanır. Bu Qanunla yenidən hesablanmış pensiyanın məbləği əvvəllər təyin edilmiş pensiyanın məbləğindən az olarsa, pensiya əvvəlki məbləğdə ödənilir. - maddə 113. Əvvəllər qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş pensiyalar pensiyaçıların arzusu ilə onların bu Qanun qüvvəyə minənədək, yaxud onlara pensiya təyin ediləndən əvvəlki 2 ilin və ya 5 ilin orta aylıq əmək haqqından, yaxud əvvəllər pensiyanın hesablanması üçün əsas götürülmüş əmək haqqından bu Qanunun 71—74, 78, 79-cu maddələri tətbiq edilməklə yenidən hesablanır. 1 yanvar 1993-cü il tarixdən əvvəlki dövrdə pensiya hesablanması üçün əsas götürülmüş əmək haqqı 1996-cı ilin yekununa görə respublika üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş orta aylıq əmək haqqı məbləğinin pensiya hesablanması üçün nəzərə alınmış əmək haqqının ödənildiyi ildə mövcud olmuş orta aylıq əmək haqqının məbləğinə olan nisbəti dəfə artırılır. Bu zaman rublla hesablanmış əmək haqqı bu Qanun qüvvəyə minən tarixə olan vəziyyətə elan edilmiş manata nisbətdə rəsmi kurs üzrə nəzərə alınır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. İstinad olunan normalardan görünür ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən şəxsə əmək pensiyası topladığı pensiya kapitalı əsasında deyil, orta aylıq əmək haqqından faiz əsas götürülməklə təyin edilir və yenidən hesablandırdı. Eyni zamanda xx.xx.2006-cı il tarixdən sonra qəbul edilmiş normalara əsasən şəxsin 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüququ onun barəsində ödənilmiş məcburi sosial sığorta haqları üzrə pensiya kapitalına əsasən deyil, iş stajının pensiya kapitalına çevrilməsi ilə fərdi şəxsi hesabında nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, xx.xx.2006-cı il tarixədək şəxsə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması pensiya kapitalı əsasında həyata keçirilməmişdir, iddiaçı əmək pensiyasının yenidən hesablanması zamanı həmin dövrdə ödənilən məcburi sosial sığorta haqları üzrə toplanmış pensiya kapitalının əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmasını tələb edə bilməz. xx.xx.2006-cı ildən xx.xx.2007-ci il tarixədək olan dövrdə toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması “Əmək pensiyaları haqqında” Qanuna (bundan sonra – ƏPQ) əsasən: - maddə 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; - maddə 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - maddə 1.0.9. fərdi şəxsi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; - maddə 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə - 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; İşdə olan iddiaçıya məxsus sığortaolunanın hesabından görünür ki, iddiaçının fərdi hesabında məcburi dövlət sosial sığorta haqları avqust 2007-ci ildən etibarən əks olunmuşdur. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı fərdi şəxsi hesabında 2006-cı ilin yanvar ayından 2007-ci ilin iyul ayınadək məlumat aşkar edilməmişdir. Üçüncü şəxs həmçinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı 2006-cı ilin yanvar-dekabr, 2007-ci ilin yanvar- iyul aylarında Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində (SUN: **********1; VÖEN: **********) hakim vəzifəsində çalışdığı dövr üzrə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunmaması məsələsinin araşdırılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə (SUN: **********7; VÖEN: **********) xx.xx.2024-cü il tarixində 3-17-1/2- 118414/2024 nömrəli məktub göndərilmişdir. Müvafiq cavab gəldikdən sonra əlavə məlumat veriləcəkdir. Sosial Sığorta Və Fərdi Uçot üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli məktubunda isə qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində 3-17-1/1-109600/2024 nömrə ilə qeydiyyata alınmış sığortaolunan İddiaçı (SSN: **********454) fərdi şəxsi hesabı ilə əlaqədar xx.xx.2024-cü il tarixli 2-1(112)-4940/2024 nömrəli sorğunuzla bağlı Bakı Apellyasiya Məhkəməsinin (SUN: **********7; VÖEN: **********) xx.xx.2024-cü il tarixli 3-6/2-390/2024 nömrəli cavab məktubuna baxılmışdır. Bakı Apellyasiya Məhkəməsi cavab məktubunda, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi (SUN: **********1; VÖEN: **********) tərəfindən 2006 və 2007-ci illər üçün “Məcburi dövlət sosial sığortası üzrə hesabat’lara (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilmədiyini bildirmiş və sözügedən illərə dair sübutedici sənədləri (Forma B1 hesabatlar) təqdim edərək qeyd olunan məsələnin həllində köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə, işin istinad olunan hallarından görünür ki, iddiaçının işlədiyi müəssisə tərəfindən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilmədiyindən hazırkı tarixə onun fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda isə aydın olur ki, nə qədər ki, həmin hesabat təqdim edilmədiyindən iddiaçıya qeyd edilən dövr üzrə nə qədər Məcburi dövlət sosial sığorta haqqı ödənilməsi, buna uyğun olaraq fərdi hesabının sığorta hissəsində hansı məbləğdə pensiya kapitalının toplanması barədə məluma mövcud deyil, cavabdehin iddiaçının əmək pensiyasını yenidən hesablayarkən həmin dövr üzrə toplanmış pensiya kapitalını nəzərə almaq öhdəliyi yaranmır. Çünki hazırkı cavabdeh sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsinə deyil, əmək pensiyasının təyin edilməsi və yenidən hesablanmasına münasibətdə cavabdehlik daşıyır, onun iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına, yaxud ona ödənilən məcburi dövlət sosial sığorta haqlarına müdaxilə etmək səlahiyyəti yoxdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olduğundan, hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından, iddianın təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırkı iş üzrə üçüncü şəxs qismində çıxış edən və 2006-2007-ci illərdə sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək vəzifəsi daşıyan, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət edərək, onun fərdi şəxsi hesabındakı məlumatların dürüstləşdirilməsini tələb edə, müraciəti təmin edilmədikdə isə məhkəməyə müraciət edə bilər. İddiaçının tələbi təmin edilərək ödənilən məcburi dövlət sosial sığorta haqları barədə məlumat onun hesabına daxil edildikdən sonra iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsinə istinad edərək, hazırkı tələblə yenidən cavabdehə müraciət etmək hüququ mövcuddur və hazırkı məhkəmə qərarı onun bu hüququna təsir etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar