Məhkəmə qərarları › İş №2-1(112)-4941/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4941/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4941/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqına və Azərbaycan Rəssamlar İttifaqının İstehsalat-Yaradıcılıq Kombinatına qarşı “pul vəsaitinin ödənilməsi” haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqına (bundan sonra mətndə ARİ) və ARİ-nın İstehsalat-Yaradıcılıq Kombinatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-ci il tarixindən ona ödənilməli olan 59.000 manat, üstəgəl 1 variant yeni layihə üçün 5000 manat, dizaynerlər Şərif Yolçuyev, Fərid Əlili və ona ümumilikdə 64.000 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, layihələri əsasında Pənahəli xanın abidəsinin Şuşa şəhərində ucaldılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilməsi vəzifəsinin sifarişçi Mədəniyyət Nazirliyinə həvalə edilməsi, ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilovun “Pənah xan” abidə layihələri üzrə hərəkəti və ARİ-nin Nizamnaməsini pozduğuna görə və MN-nin (keçmiş və indiki) “Pənah xan” abidəsi üzrə layihənin 2 №-li qəbul aktının gizlədilməsində iştirak edənlər haqda məsuliyyətə cəlb olunmaları barədə məhkəmə qərarının qəbul olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hələ 1989-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin 7 aprel tarixli 5 saylı Qərarına əsasən Şuşa şəhərində Pənah xana memorial abidə ucaldılması qərara alınmışdır. AR Mədəniyyət Nazirliyi ilə ARİ-nın İstehsalat-Yaradıcılıq Kombinatı (İYK) arasında 616 saylı, 1990-cı il tarixli müqavilə və 7 dekabr 1990-cı il tarixli 661778,14 rubl həcmində smeta sənədləri imzalanmışdır. Mədəniyyət Nazirliyinin təklifi ilə hazırladığı “Pənah xan” abidəsinin eskiz kompozisiyası bəyənildikdən sonra, İYK-ə onunla müəllif müqaviləsi bağlanması üçün yazılı müraciət edilmiş və İYK ilə onun arasında xx.xx.1991-ci il tarixli 71 saylı müəllif müqaviləsi bağlanmışdır. Abidənin əsas layihəsini hazırlamaq üçün ustad memar, akademik Mikayıl Hüseynova müraciət etmiş, yaratdığı - şahə qalxmış at belində, üzəngidə ayaq üstə kaman kimi gərilmiş, məğrur, zəhmli duruşunda sol qolunu gərmiş, beş barmaqları ilə şəhərə tərəf tuşlayaraq, sağ əlindəki səlahiyyət rəmzi “Xan toppuzu” (Tarix muzeyində qorunur) başı üstə yellədərək, sanki yağı düşmənlərə xəbərdarlıq kimi “Bu şəhərə, bu torpaqlara kəm baxanların analarını ağlar qoyaram” mesajı verən eskiz kompozisiyanı çox bəyənmişdir. Tapşırıq vermişdir ki, təcili Şuşaya ezamiyyətə gedib şəhər rəhbərliyi və ziyalılarla görüşərək “Pənah xan” abidəsinin ucaldılacağı yeri təyin edək, sonra layihə işinə başlasınlar. 1991-ci ilin avqust ayında Şuşada olmuşdur, icra başçısı və şəhərin ziyalıları ilə müzakirələrdən sonra “Gəncə qapısı’hnn bayır tərəfindən, “Xan qızı" bağının qala divarlarının önündə hündür postament kürsü üzərində şəhərin hər yerindən görünməsi nəzərdə tutulan layihənin hazırlanması tapşırılmışdır. O, Bakıya qayıdıb təklif olunan yerin fotoşəkillərini ustad memara təqdim etmişdir və tezliklə həcmli, möhtəşəm abidə layihəsi hazırlamağa başlamışdırlar. 10 metr hündürlükdə qala divarları istər-istəməz abidənin şəhər tərəfdən görünüşünü örtürdü. Təklif olunmuşdu ki, 7 metr hündürlüyündə atlı heykəli, 10 metr hündürlüyündə postament ilə birlikdə 3 metr hündürlüyündə nal şəkilli yarımzirzəmi-muzey qurulsun ki, muzeyin dam örtüyünə qaldırmaqla şəhər tərəfdən postamentin bir hissəsi ilə birlikdə heykəl görünə bilsin. Bununla belə, postamentin oturacağında nal şəkilli yarımçevrə yarımzirzəminin (muzeyin) enində, postamentin sol və sağ tərəfində 2 ədəd iri, qala divarlarından 1-2 metr hündür qranit üzlüklə (çəhrayı) üzlənmiş portal (baş tağ) qapılar açılaraq gələcəkdə şəhər sakinlərinin və qonaqların artmasını nəzərə alıb “Gəncə qapısı’’ın yükünün bir qismini öz üzərilərinə götürməklə, müasir milli memarlıq həllində layihələndirməklə, abidənin ümumi həcminə, möhtəşəmliyinə və monumentallığına yardım edər. Layihəni 3 noyabr 1991-ci ildə, vaxtından iki ay əvvəl tamamlayıb İYK-yə və Mədəniyyət Nazirliyinə təqdim etmiş, bəyənilmişdir, Bədii Şura və Nazirlik tərəfindən qəbul edilib 2№-li Aktla qeydə alınmaqla Mədəniyyət naziri tərəfindən AR Nazirlər Sovetinə hesabat-təqdimat göndərilmişdir. Tərəflərindən hazırlanmış “Pənah xan” abidəsinin polistiroldan 1:50 miqyasında maketin və heykəllərin 1:50 və h. 50 sm ölçülərdə, habelə (qala divarında asılacaq 5 ədəd qorelyef heykəllərin, tarixi döyüş səhnələri və s.) naturada 3 m. olacaq əsərlərin 1:10 miqyasında (30 sm) ölçüdə plastilində eskizlərininin qiyməti 9.000 manat və sonradan heykəlin 7 metr böyüdülməsi üçün 1.7 metr hündürlüyündə atlı heykəlin böyüdülmə modelinin qiyməti 50.000 manat olmaqla, qonorarın cəmi məbləği 59.000 manat, üstəgəl 1 ədəd yeni layihə (5000 manat) ümumilikdə 64.000 manat təşkil edir. Lakin həmin layihəyə görə nəzərdə tutulmuş qonarar ona ödənilməmişdir. Bununla bağlı dəfələrlə Nazirliyə və İYK-ya müraciət etsə də, 2 №-li Aktın tərtib olunmadığını bəhanə gətirərək qonorarın verilməsindən imtina etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı sonuncu məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Azərbaycan Rəssamlar İttifaqının İstehsalat-Yaradıcılıq Kombinatı tərəfindən təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, Mədəniyyət Nazirliyinin xx.xx.1990-cı il tarixli 1265/01-10 saylı və xx.xx-1990-cı il tarixli 1791/0111 saylı məktublarına əsasən Şuşa şəhərində qoyulması nəzərdə tutulan “Pənah Xan” abidəsinin hazırlanması üçün sifariş qəbul olunmuşdur. İddiaçı təqdim etdiyi görüləcək işlərin siyahısı əsasında smeta sənədləri hazırlanmışdır. Görüləcək işlərin müddəti İddiaçı tərəfindən təyin olunmuşdur. Mədəniyyət Nazirliyi ilə bağlanan 616 saylı xx.xx-1990 tarixli müqaviləyə əsasən İddiaçı ilə müəllif müqaviləsi bağlanmışdır. Bu sənədlər əsasında müəllif abidənin hazırlanması ilə əlaqədar hər bir mərhələni öz ərizəsi ilə bədii şuraya təqdim etməli idi. Rəssamlar İttifaqının bədii şurası əsəri qəbul etdikdən sonra, abidə dövlət sifarişi olduğu üçün müəllif Mədəniyyət Nazirliyinə müraciət edərək əsəri Dövlət Komissiyasına təqdim etməli idi. Yalnız bu orqanlar abidəni qəbul etdikdən sonra X2 işi texniki tərəfdən icra edə bilər. Heykəltəraş müəllif müqaviləsində nəzərdə tutulan işləri təyin olunmuş vaxtda yerinə yetirmədiyinə görə X2 müvafiq maliyyə sənədlərini sifarişçiyə təqdim edə bilməmişdir. İddiaçı iddiasında qöstərilən tələblər isə onun müəllif müqaviləsində nəzərdə tutulan və vaxtında yerinə yetirilməyən işlərin siyahısıdır. Müəllif müqaviləsi sadəcə müəyyən işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan tapşırıq sənədidir və qonorar ödənilməsi üçün əsas deyil. Müəllif müqaviləsində nəzərdə tutulan işlər bədii şura tərəfindən qəbul edilib qiymətləndirildikdən sonra iclas protokolundan çıxarış müqaviləsinə əlavə olunur. Yalnız bundan sonra heykəltəraşın müəyyən bir əsərin müəllifliyi rəsmi təsdiq olunur və müvafiq sənədlərin cəmində müəllif müqaviləsi qonorar ödənməsi üçün əsas olur. İddiaçı ilə bağlanan müqavilələrin müddəti Xİİ-1991, Xİİ-1992 və Хİİ-1993-cü illərdə bitmişdir. Abidənin tam hazırlanması üçün Mədəniyyət Nazirliyi ilə bağlanan müqavilənin müddəti xx.xx-1993-cü ildə bitmişdir. İddiaçı iddia ərizəsində göstərilən işlərin yerinə yetirilməsi ilə əlaqədar sənədlər (Bədii Şuranın protokolu, Dövlət Komissiyasının protokolu, akt forma № 2) Kombinatda yoxdur. Bütün bunları nəzərə alaraq müqavilə müddəti 30 il əvvəl bitmiş bu sifariş üzrə qonorar ödənilməsi iddiası rədd olunmalıdır. Yuxarıda göstərilən iddianı 1 saylı Bakı İnzibatı İqtisadi Məhkəməsi iki dəfə xx.xx.2018-ci il iş № 2-2(81)- 264/2018 saylı və № 2-2(81)-1701/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarla, Nəsimi Rayon Məhkəməsi isə xx.xx.2017-ci il iş 2(006)-4932/2017 saylı qərarla rədd etmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Cavabdehlər Azərbaycan Rəssamlar İttifaqına və Azərbaycan Rəssamlar İttifaqının İstehsalat-Yaradıcılıq Kombinatına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddanı müdafiə edərək və ərizəyə uyğun izahat verərək, iddianın mümkün sayılmaqla, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək, məhkəmədən iddianın mümkün sayılmamasını barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1701/2016 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı fərdi sahibkar X5 cavabdehlər Azərbaycan Rəssamlar İttifaqı X1 və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.1991-ci il tarixdə bağlanmış müqaviləyə əsasən tərəfindən hazırlanmış “Pənah xan” abidəsinin 1:50 miqyasında maketinin və qala divarında asılacaq 5 ədəd qorelyef heykəllərinin tarixi döyüş səhnələri, və s.) naturada d.3 m olacaq əsərlərin 1:10 miqyasında (30 sm) ölçüdə plastilində eskizlərin və sonradan heykəlin 7 m böyüdülməsi üçün 1.7 m hündürlüyündə atlı heykəlin böyüdülmə maketinin hazırlanmasına görə 50.000 manat məbləğində qonorarın cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1701/2016 saylı qətnaməsi ilə iddiaçı fərdi sahibkar X3 cavabdehlər Azərbaycan Rəssamlar İttifaqı X1 və Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyinə qarşı 50.000 manat məbləğində qonorarın ödənilməsinin cavabdehlərə həvalə edilməsinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4932/2017 saylı 18 iyul 2017-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, iddiaçı Azərbaycan Rəssamlar İttifaqının üzvü heykəltaraş-sənətşünas X5 cavabdehlər Azərbaycan Respublikası Bədii Fondu X1 və Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4932/2017 saylı 18 iyul 2017-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Rəssamlar İttifaqının üzvü heykəltaraş-sənətşünas X5 cavabdehlər Azərbaycan Respublikası Bədii Fondu X1 və Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Rəssamlar İttifaqı tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizim nazirinə ünvanlanmış 3523/01 saylı xx.xx.2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 1990-1993-cü illərdə Mədəniyyət Nazirliyi tərəfindən, heykəltaraş ARİ-nin üzvü X9 şəhərində qoyulacağı nəzərdə tutulmuş Pənah xanın heykəlinin hazırlanması ilə bağlı, xx.xx.1990-cı il tarixli 420 saylı sifariş edilmiş və xx.xx.1990-cı il tarixli 616 saylı Müqavilə bağlanmışdır. Heykəltaraş C.İbrahimov Akademik M.Hüseynova birgə layihə və heykəli hazırlanmışlar. Lakin, həmin illərin məlum hadisələri ilə əlaqədar işlər dayandırılmış və heykəltaraş gördüyü işə görə qonorar ala bilməmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 02/06-935/2022 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, müraciətində qeyd etdiyi Şuşa şəhərində yerləşən Pənahəli xanın memorial abidəsinin ucaldılması ilə bağlı AR Nazirlər Sovetinin 7 aprel 1985-ci il tarixli 5 saylı Qərarı artıq öz qüvvəsini itirmişdir. Tərəfindən irəli sürülmüş Şuşa şəhərində Pənahəli xanın abidəsinin quraşdırılması ilə bağlı təklif 11 mart 2022-ci il tarixində keçirilmiş “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə ekspert komissiyasının iclasında müzakirərə çıxarılmışdır. Mədəniyyət Nazirliyi tərəfindən sözügedən abidənin ucaldılması ilə əlaqədar müsabiqənin elan edildiyi təqdirdə bügünkü tələblər nəzərə alınmaqla yeni eskiz layihəsi ilə iştirak edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1 -ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 5.1 -ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 5.2-ci bəndində göstərilmişdir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı onunla cavabdeh inzibati orqan (Mədəniyyət Nazirliyi) arasında bağlanmış müqavilə əsasında ona ödənilməli olan görülmüş işlərin dəyərinin ödənilməsini tələb edir ki, qeyd olunan tələb üzrə işə qanunvericliyin qeyd olunan tələblərinə görə inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə araşdırması zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, iddia tələbinin və iddiaya cavab verməli olan inzibati orqanın (cavabdeh) dəqiqləşdirilməsinin təklif olunması barədə 04 aprel 2023-cü il tarixli məktub göndərilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində yol verilmiş xətalar aradan qaldırılmamışdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqına və Azərbaycan Rəssamlar İttifaqının İstehsalat-Yaradıcılıq Kombinatına qarşı “pul vəsaitinin ödənilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar